Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mənə elə gəldi ki, Xınalıq Perunun özüdür” - Luis Çanq Boldrini
Tarix: 09.08.2017 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

“Azərbaycana yeni gəlsəm də, əsl dost hesab edəcəyim yeni insanlarla tanış olmuşam”

Perunun ölkəmizdə yenicə səfirliyi açılıb və bu diplomatik korpusa müvəqqəti işlər vəkili Luis Çanq Boldrini rəhbərlik edir. Görüşüb söhbətləşmək, fərqli mədəniyyətli uzaq diyardan gəlmiş bu insanla tanış olmaq istədim. Sağ olsun, müraciət edən kimi “gəl” dedi.

Çox mehriban, səmimi, eyni zamanda, işini bilən, peşəkar diplomatdır. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün böyük planları var…
Oxucuları səbirsiz etməyim, bu gözəl insanla, buyurun, siz də tanış olun.

- Paytaxt Lima şəhərində doğulmuşam. Hüquq fakültəsində ali təhsil almışam. Amma həmişə diplomat olmaq istəmişəm və bu istəyə çatmışam. 1990-cı ildə Diplomatiya Akademiyasını bitirdim və artıq 28 ildir, Perunun xarici xidmət strukturlarında çalışıram. Hazırda Perunun diplomatik xidmət üzrə naziriyəm və ölkəmin Azərbaycanda açılmış səfirliyinin müvəqqəti işlər vəkiliyəm. Yeri gəlmişkən, sizin vasitənizlə Perunun xarici işlər naziri Rikardo Lunanin Azərbaycan hökumətinə və xalqına salamlarını çatdırmaq istəyirəm.

- Azərbaycandan əvvəl hansısa ölkədə işləmisiniz?

- Əlbəttə, 1992-ci ildən 4 il Rusiyada, 1999-cu ildən isə 5 il yarım Cənubi Afrika Respublikasında müxtəlif diplomatik vəzifələri icra etmişəm. Sonuncu diplomatik xidmətim isə ABŞ-da olub – 5 il işləmişəm burada.

- Peru səfirliyi yenicə açılıb və siz də ölkənizin burada ilk təmsilçisisiniz...

- Hə, səfirliyimiz bu il iyunun 1-də fəaliyyətə başlayıb. Yeri gəlmişkən, təmsil etdiyiniz “Həftə içi” qəzetinə və Hafta.az xəbər saytına Peru səfirliyinə göstərdiyi diqqət və maraqdan dolayısı təşəkkürümü bildirirəm. Səfirliyin açılması, hesab edirəm ki, Peru ilə Azərbaycan arasında turizm, mədəniyyət, ticarət, iqtisadi və siyasi sahələrdə əlaqələrin genişlənərək, inkişaf etməsi üçün çox əhəmiyyətlidir.

- Necə oldu ki, Azərbaycana təyinat aldınız?

- Mən keçən may ayında Perunun xarici işlər naziri Rikardo Lunanın Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarova ünvanlandığı və 2017-ci il iyun ayının 1-də səfirliyin açilacağını bildirən rəsmi məktubla müvəqqəti işlər vəkili olaraq bu vəzifəyə təyin edilmişəm. Səfirliyin açılması 2015-ci ildə Azərbaycanın Peruda səfirliyinin açması ilə eyni günə təsadüf edir. Ona görə də deyərdim ki, iyun ayı Peru və Azərbaycan üçün özəl aydır. Çünki 1996-ci ilin iyun ayında ilk dəfə olaraq Avstriyada səfirlərimiz tərəfindən diplomatik əlaqələrin qurulması ilə bağlı sənəd imzalanıb. Lakin bu, hələ açılmamıs səfirliklərin səviyyəsində baş tutub. Bu gün isə hər iki ölkə həm Limada, həm də Bakıda diplomatik missiyaya sahibdir. Həmin qeyd etdiyim sənəddə vurğulanır ki, millətlər arasında əməkdaşlıq, qarşılıqlı anlayış sülh və beynəlxalq təhlükəsizliyin ən yaxşı təminatçısıdır.

- Daha öncə ölkəmiz barədə məlumatınız vardı?

- Azərbaycan haqqında gənclik illərimdən məlumatlıyam. Ümumiyyətlə, tarix və coğrafiyaya böyük marağım böyükdür. Oxuduqlarımdan bilirəm ki, Qafqaz bölgəsi bəşər tarixində çox böyük əhəmiyyətə malik olub. Bura elə bölgədir ki, istər Avropa, istər Asiya, istərsə də bütünlüklə dünya üçün tarixi müstəvidə mühim məqamları ilə səciyyəvidir. Bölgənin vacib strateji mövqeyinin əhəmiyyəti elə böyükdür ki, II Dünya müharibəsi zamanı Almaniya da məhz Qafqazı tutmağa çalışırdı...

- Tək gəlmisiniz, yoxsa ailəniz də burdadır?

- Tək gəlmişəm, övladlarım Perudadır. İki övladım var. Böyüyü qızdır, kiçiyi oğlan. Qızımın 25 yaşı var, adı Danieladır. Ötən il Peru Katolik Universitetinin hüquq elmləri fakültəsini bitirib. Oğlum Xuan Pablonun isə 21 yaşı var, Tətbiqi Elmlər Universitetində dil və tərcüməçilik üzrə təhsil alır. Onu da deyim ki, övladlarımın ikisi də anam və qardaşımla birlikdə gələn ilin yayında Bakıya qonaq gələcəklər.

- Xoşunuza gəldimi Azərbaycanda gördükləriniz?

- Azərbaycanla bağlı ilk təəssüratım belədir ki, xalqınız çox nəzakətli və yardımsevərdir. Hiss olunur ki, siz azərbaycanlılar özünüzlə bağlı daima xoş təəssüratlar bağışlamaq istəyirsiniz. Buna misal olaraq azərbaycanlıların göstərdiyi qonaqpərvərliyi qeyd edə bilərəm. Siz bu xüsusiyyətinizə görə, haqlı olaraq öyünə bilərsiniz.

- Bu cəhətlərdən söz düşmüşkən, Peru ilə Azərbaycan arasında bənzər və fərqli nələri görmək olar? Gəlin ölkələrimiz barədə ümumi müqayisələrlə danışaq..

- Peru ilə Azərbaycanın mədəniyyət, tarix və cografiya baxımından çox oxşarlıqları var. Hər iki ölkənin ərazisi hündür dağlarla və dəniz sahilləri ilə əhatə olunub. Bundan başqa, sahilyanı ərazilər az yağıntılı olmaları ilə seçilirlər, hansı ki, dağlıq bölgələr sıx meşələrlə örtülüb. Təbiətin belə zəngin olması tarixboyu burada mədəni mərkəzlərin, o cümlədən çox zəngin regional identikliyin formalaşmasında böyük rol oynayıb. Nəticədə, onların hər biri ictimai, mədəni, adət-ənənə, musiqi, incəsənət və həyat şəkli baxımından özəlliyi, təkrarolunmazlığı ilə adını hələ min il öncə tarixə yazıb. Bu gün məhz həmin müxtəlifliyin təsiri müasir xalqlarımızın identikliyinə belə güc verir.

- Ölkəmizdə yeni olsanız da, Bakıdan kənarda hansısa bölgəmizə getdinizmi və ya getmək istəsəniz ilk səfərinizi hara edəcəksiniz?

- Dediyiniz kimi, Azərbaycanda yeniyəm. İlk tanıdığım şəhər Bakıdır. Bura çox gözəldir. Qədim məhəllə - İçərişəhər çox möhtəşəmdir, tarix orada nəfəs alır. İçərişəhəri tanımaq mənim üçün böyük üstünlükdür. Həmçinin Qubada, Xınalıqda, Qəbələdə də olmuşam. Hesab edirəm, burada olduğum müddətdə Azərbaycanın çox bölgəsinə səfər etmək imkanım olacaq.

- Olduğunuz yerlərə fikir verəndə, hər biri yaşıl meşələrlə örtülmüş dağlardır...

- Ora dostlarımın sayəsində getmişəm. Yəni dəvət etmişdilər.

- Necə təəssürat bağışladı o bölgələr sizə?

- Xınalığı misal göstərim. Mənə elə gəldi ki, Xınalıq elə Perunun özüdür. Hündür dağlar, insanların yaşayışı, qoyun-quzu bəslənilməsi... Hətta Xınalıqda da eynən Peruda olduğu kimi, evlərə balaca pəncərə qoyulur. Bu, evin içini dağların kəskin soyuğundan qorumaq üçün edilir.

- Bayaq sizin də qeyd etdiyiniz kimi, Azərbaycan qonaqpərvər və ləziz mətbəxi olan ölkədir. Mətbəximiz, xalqın ənənəvi mədəni irsi barədə nələri deyərdiniz bizə?

- Azərbaycana yeni gəlsəm də, deyə bilərəm ki, əsl dost hesab edəcəyim yeni insanlarla tanış olmuşam. Məhz bu dostların qonağı olmuşam. Mətbəxiniz çox xoşuma gəlir. Milli mədəniyyətinin göstəricisi kimi qastronomiyaniz çoxçeşidli və zəngindir. Eyni zamanda, çox növdə ədviyyat var. Bütün bunlar mənə Perunu xatırladır. Çünki Peruda da ədviyyatlar təbii və təzə olur. Ən çox sac yeməyini, qoyun əti kababını, plovu, badımcan, bibər, pomidor dolmasını, yarpaq dolmasını xoşlayıram. Adətən, müxtəlif mətbəxlərdə, dadlarda tərkibin təbii olmasına üstünlük verirəm. Azərbaycanda da qidaların hazırlanması üçün lazım olan qatışıqlar təbii və orqanikdir.

- Bir az işinizlə bağlı danışın: hər bir şəxs yeni vəzifəyə, xüsusilə də uzaq bir ölkəyə təyinat aldığı zaman vətəni və xalqı qarşısında öhdəlik götürür. Siz hansı öhdəliklə gəldiniz Bakıya? Hansı özəl plan və proqramlarınız var icra ediləsi?

- İlk növbədə, vəzifəm Peru səfirliyinin açılması ilə bağlı bütün işləri görmək olub ki, bu da çox qısa zamanda bas tutub. Bizim iş təqvimimiz, əsasən, ikitərəfli, regional və çoxtərəfli siyasi mövzuları əhatə edir. Biz iqtisadi müstəvidə ticarəti genişləndirməyi düşünürük. Perunun dünya miqyasında böyük istehsalçısı və ixracatçısı olduğu məhsulların xaricə satışını artırmağı düşünürük. Dünyada qulançar ixracatı üzrə birinci yerdəyik. Həmçinin avokado, üzüm, kofe, manqo, kakao, nar, ənginar kimi məhsulların da böyük həcmdə istehsalçısıyıq.

- Bizdə bəzi iqtisadi əhəmiyyətli meyvələrin mövsümündə festivallar keçirilir. Məsələn, hər il noyabrın ilk həftəsində nar festivalı təşkil olunur ki, dünyanın hər yerindən, o cümlədən, ölkəmizdəki səfirliklərin nümayəndələri həmin tədbirdə iştirak edir...

- Nar festivalı, maraqlıdır. Məmnuniyyətlə iştirak etmək istəyərdim. Bu baxımdan, Peruda da böyük işlər görülür. Məsələn, bizdə “Pisco” içkisinin şərəfinə belə tədbirlər təşkil olunur. Hansı ki, əsasən üzümdən hazırlanan bu içki yalnız Peruda mövcuddur və bir növ, milli məhsulumuzdur. Yeri gəlmişkən, “Pisco”nu Azərbaycana da təqdim etmək niyyətimiz var və bunun üçün buradakı bəzi restoranlarla danışıqlara başlamaq istəyirik. Bu günlərdə Peru dövləti tərəfindən hər il keçirilən Məhsul Yarmarkasında iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən qonaqlar dəvət olunur. Onların bütün xərclərini Peru dövləti qarşılayır. Həmin yarmarkada iştirak etmək, Perunun qida və içki kimi ixracat məhsulları ilə tanış olmaq üçün Azərbaycanın bir sıra qabaqcıl şirkətləriylə danışıqlaq aparırıq.

- Maraqlıdır, Peruda nələrə ehtiyac duyulur ki, onları Azərbaycanda görürsünüz və siz bir səfir olaraq ölkənizin bu sahədə Bakı ilə əməkdaşlığını genişləndirmək istərdiniz? Əlbəttə, ölkələrimizin coğrafi baxımdan bir-birindən çox uzaqda yerləşdiyini də nəzərə alaq...

- Geniş imkanlar çərçivəsində inkişaf etdirmək üçün çox işlərimiz var. Səfirliyin fəaliyyətinə siyasi işlərlə yanaşı, iqtisadi və ticarət anlamında da əhəmiyyət qatmaq istəyirik. Məsələn, tikinti sahəsi mənim üçün çox maraqlıdır. Son illərdə bir sıra çoxmərtəbəli binaların ucaldılması alqışalayiqdir. Şəhəriniz çox qısa müddətdə yeni görünüşə sahib olub. Bu baxımdan da addımların atılması maraqlı olardı. Paytaxtın görünüşü insanlara müsbət təsir bağışlayır və turistləri şəhərə cəlb edir.

- Fəaliyyət müddətinizdə Peru-Azərbaycan iqtisadi-siyasi əlaqələrinin həcmini genişləndirmək üçün konkret nə kimi addımlar atmaq lazımdır və bu yönümdə nə edəcəksiniz? Bu arada deyim ki, Peru mədəniyyəti və incəsənətini Bakıda keçirilməsi mümkün olan tədbirlərdə görmək istəyərdik...

- Düşünürəm ki, kütləvi informasiyanın genişlənməsi nəticəsində mədəniyyət qlobal dünyanın bütün sakinləri üçün ən əhəmiyyətli əlaqəyə çevrilib. Peru rəqs, geyim, adət-ənənə, mətbəx, şənliklər və dini mərasimlər kimi mədəni tədbirlərlə zəngindir. Peru 12 mühüm ərazisi ilə UNESCO-nun tarixi irsi siyahısına daxil olub. Bu ərazilərdən Macu Picu və müqəddəs Karal şəhərini misal göstərə bilərəm. Bununla yanaşı, Takilye toxuculuq sənəti və adət-ənənəsi, rəqslər və şənlikləri kimi digər göstəricilərin də olduğu 8 mədəni obyektlə UNESCO-nun qeyri-maddi mədəni irsinin siyahısına da düşüb. Əslində, UNESCO-nun qeyri-maddi mədəni irsinin Latın Amerikası üzrə regional mərkəzi Perunun Kusko şəhərində yerləşir. Bu da sübut edir ki, Perunun mədəni tədbirləri yalnız bizim ölkəyə deyil, bütün dünya üçün əhəmiyyətli və qiymətlidir.

- Elə isə necə edək ki, ölkələrimizin zənginliklərini bir-birimizə tanıdaq?

- Biz öz mədəni zənginliklərimizlə Azərbaycanı tanış etmək niyyətindəyik. İstəyirik ki, Azərbaycan vətəndaşları bunları tanısın və Peru ilə bağlı çox şeyləri öyrənməyə maraq göstərsinlər. Biz bu məqsədlə rəsm sərgiləri, rəqslər və qastronomik festivallar kimi müxtəlif məzmunlu tədbir və fəalliyyətlər həyata keçirmək istərdik. Bunun üçün də Perunu tanımağa maraqlı olan Azərbaycan vətəndaşlarını ölkəmizi ziyarətə dəvət edirəm. Məlumat üçün onu da deyim ki, Peru kinolarını Azərbaycana gətirmək, sərgilər təşkil etmək və sair kimi mədəni planlarımız var və hazırda bu müstəvidə danışıqlar gedir.

- Biz Peru prezidentini Azərbaycanda görə biləcəyikmi? Ümumiyyətlə, rəsmi səfərlər təşkil etmək niyyətiniz varmı?

- Səfirliyin açılması ilə biz yalnız dövlət rəsmilərinin deyil, həmçinin özəl sahələrdə də, məsələn, nazirlərlə bərabər mühüm iş adamlarının da səfərlərini təşkil etmək niyyətindəyik. Bundan sonra daha yüksək səviyyələrdə səfərlərin təşkil olunmasına çalışacağıq. Bunun üçün ümumi təqvim tərtib etməli və sərfəli şəraitin yaranmasını gözləməliyik. Bu, xarici ölkələrdəki digər səfirliklərimiz və nümayəndəliklərimiz kimi bizim də böyük hədəfimizdir.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017