Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəncləşməyə doğru gedən Azərbaycan elmi
Tarix: 10.08.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizini 30 yaşadək gənclər təşkil edir

İlin əvvəlinə ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda fəaliyyət göstərən doktoranturalarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alanlardır. Azərtac-ın xəbərinə əsasən, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda məlumat verilir.
Hesabatda bildirilir ki, bununla yanaşı, onların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 34,2 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə 2182 doktorantın 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantlardan 118-i biologiya, 80-i aqrar, 53-ü iqtisad, 48-i texnika, 29-u biologiya, 24-ü tarix, 23-ü pedaqogika, 26-sı yer elmləri, 140-ı isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub ki, onların da 62,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 86-sı qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.
Yeri gəlmişkən vurğulayaq ki, Azərbaycanda elmi ad almaq istəyənlər üçün konkret tələblər mövcuddur. Məsələn, elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş doktorluq dissertasiyası iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:
1.İddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir;
2. Dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;
3. Elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur;
4. İddiaçı fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri doktorluq dissertasiyasının müdafiəsinə çıxara bilməz.
Fəlsəfə doktorluğu alimlik dərəcəsi almaq istəyənlərin isə təqdim etdikləri dissertasiya iddiaçının müstəqil elmi işi olmalı vı elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həllini təklif etməlidir. Eyni zamanda, fəlsəfə doktorluğu alimlik dərəcəsinin iddiaçıları Komissiya tərəfindən müəyyən edilmiş qaydada ixtisas fənnindən (dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən) namizədlik imtahanları verməlidirlər.
Fəlsəfə doktoru və ya elmlər doktoru alimlik dərəcəsi iddiaçılarının hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə namizədlik imtahanı verməlidirlər. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahələrdə ali təhsili olan şəxslər namizədlik və doktorluq dissertasiyası müdafiə edə bilərlər. Pedaqoji elmlər namizədi alimlik dərəcəsi iddiaçılarının ali məktəbdə aldığı ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır. Doktorluq imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır. İxtisas fənni üzrə doktorluq imtahanı dissertasiyanın müdafiəsi keçiriləcəyi təşkilatda verilir. Doktorluq imtahanlarının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiya yaradılan müəssisə ödəyir. Doktorluq imtahanlarının proqramı və imtahanların aparılma qaydası Komissiya tərəfindən təsdiq edilir. Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilatı komissiya müəyyən edir. Bundan başqa alimlik dərəcəsinin iddiaçıları dissertasiyanı xüsusi hazırlanmış əlyazması şəkilində təqdim edirlər. Yazılan dissertasiya daxili vəhdətə malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir. Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyətə mailik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir. Dissertasiyaların mövzuları, bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (aspiranturası və doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalı, həmin müəssisələrin və ali məktəblərin fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.
Mövzuların təsdiqi ilə eyni zamanda iddiaçının elmi rəhbəri (namizədlik dissertasiyası üzrə) və ya elmi məsləhətçinin təyin olunması barədə istəyinə uyğun olaraq elmi məsləhətçisi (doktorluq dissertasiyası üzrə) təyin olunur. Dissertasiya üzrə tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud elmlər namizədi alimlik dərəcəsinə malik iki rəhbər təyin edilə bilər. Bundan başqa dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində dərc olunmalıdır.
Müşahidələr onu deməyə əsas verir ki, bu gün Azərbaycan dövlətinin elm sahəsində həyata keçirdiyi siyasət gənclərin sözügedən sahəyə marağını artırıb. Statistik məlumatlar da təsdiqləyir ki, hazırda elmi dərəcə almaq istəyənlər arasında gənclərin sayı üstünlük təşkil edir. Ekspertlər də hesab edirlər ki, Azərbaycan dövlətinin elm və təhsil siyasəti iqtisadiyyatın neft sektorundan asılılığına son qoyulması, əldə olunan vəsaitlərin elmi-intellektual bazanın gücləndirilməsinə, insan kapitalının formalaşmasına xidmət edir. Mütəxəssislər bildirirlər ki, elmin uğurlu inkişafının təmininə səbəb olan amillər çoxdur. Uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Təsadüfi deyil ki, yeni dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsində bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son 16 ildə Azərbaycanda reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Məlumat üçün onu da xatırladaq ki, Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. 2017-ci ilin əvvəlinə isə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 141 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var.
Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Ümumiyyətlə, hazırda ölkəmizin müxtəlif universitet və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatla məşğul olur. Onlardan 11 min 874-ü fəlsəfə doktoru, 2 min 495-i isə elmlər doktorudur.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017