Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Alimlərimiz xaricdə təcrübə keçəcək
Tarix: 11.08.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Elmin İnkişafı Fondunun elan etdiyi 8-ci “Mobillik qrantı” müsabiqəsində 17 layihə uğur qazanıb

Prezident yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2017-ci ildə elan edilən 8-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb. Fondun mətbuat xidmətinin məlumatına görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib. Müsabiqəyə təqdim edilən 25 layihə elmi ekspertiza mərhələsinə buraxılıb.
Məlumatda həmçinin bildirilib ki, 8-ci “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən bu dəfə “online” şəkildə, fondun innovativ texnologiyası olan və ASAN imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.
Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 8-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 92000 manat olan 17 qalib layihə müəyyənləşdirilib.
8-ci “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 8-i xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 9-u isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Müsabiqə qaliblərindən 8-i qadındır. Qaliblər AMEA-nın Fizika, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Neft və Qaz, Botanika, Zoologiya, Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Arxeologiya və Etnoqrafiya institutlarını, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasını, Qobustan Milli Tarix-Bədii Qoruğu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu təmsil edirlər.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 1, Yer haqqında elmlər üzrə 5, biologiya, tibb və aqrar elmləri üzrə 6, humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib olub.
8-ci “Mobillik qrantı”nın qalibləri Türkiyə, Koreya, Gürcüstan, Polşa, Rusiya, Almaniya, Yunanıstan, Fransa və İspaniyada elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.
“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.
Yeri gəlmişkən, ölkə prezidentinin 2009-cu il 21 oktyabr tarixində imzaladığı sərəncamla fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu sahənin stimullaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qeyd edək ki, Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır. Müşahidələr onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə ölkəmizdə elmin maliyyələşdirlməsində tamamilə yeni yanaşmanın əsası qoyulub. Belə ki, sözügedən qurum fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək kimi missiyanı uğurla yerinə yetirib. Məsələn, yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, təkcə AMEA üzrə 38 tədqiqat institutlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb. Eyni zamanda, Elmin İnkişafı Fondu tərəfindən gənc alimlərin fəaliyyətinin dəstəklənməsi nəticəsində gənclərin elm sahəsinə marağı artıb. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda mütəmadi olaraq ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılmasında yeganə həlledici amilə çevrilib. Bu müsabiqələrin nəticəsində xeyli istedadlı gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçib, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edib, elmi məqalələri beynəlxalq səviyyəli jurnallarda dərc olunub.
Bundan başqa, Elmin İnkişafı Fondu ilbəil beynəlxalq istiqamətdə əməkdaşlığı genişləndirərək ayrı-ayrı ölkələrin elmi təşkilatları ilə bərabər qrant müsabiqələri keçirir. Məsələn, 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli Sazişin müddəalarını nəzərə almaqla, Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
Müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli layihələr və 100 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 16-dan mayın 15-dək qəbul olunub. Müsabiqənin nəticələrinin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq, 2017-ci ilin sentyabr ayında açıqlanması planlaşdırılır.
Digər tərəfdən, Elmin İnkişafı Fondu 2016-cı il mayın 17-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli sazişin müddəalarını nəzərə almaqla 1-ci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
Müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək. Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-dək qəbul olunub. Müsabiqənin nəticələrinin 2017-ci ilin 4-cü rübündə açıqlanması planlaşdırılır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017