Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yasamal qəbiristanlığı yanğın təhlükəsi ilə üz-üzə - FOTOLAR
Tarix: 17.08.2017 | Saat: 17:08:00
Bölmə:Reportaj | çapa göndər

Yayın oğlan çağında qəbiristanlıqlara üz tutduq. Səbəbi - ziyarətimizin bir məqsədi vardı: - məzarlıqların yanğın təhlükəsizliyindən qorunub-qorunmamasını görmək. Təbii ki, “qorabirişən ay”ın bu cırhacırında qərbiristanlıqlarda əsas yanğın mənbəyi qurumuş ot qalaqları və zibilliklərdir.

Yadınızdadırsa ötən ilin iyun ayında Yasamal qəbiristanlığı kimi tanınan məzarlıqda qurumuş otların təmizlənməməsi səbəbi ilə yanğın baş vermişdi. Nəticədə “rus məzarlığı” adlanan hissəsində sahibsiz qəbirlərdən bir neçəsinə zərər dəymişdi. Yanğınsöndürənlər vaxtında ərazini öz mühafizəsinə götürməsəydilər, bəlkə də təhlükə daha da böyüyəcəkdi. Elə keçənilki təhlükədən sonra Bakı Şəhər İcra Hakimiyyətinin hər hansı bir nəticə çıxarıb-çıxarmadığını görmək üçün yenidən adıçəkilən ünvana üz tutduq.

İlk olaraq qarşımıza meriyanın quraşdırdığı bir lövhə çıxır. Yəqin ki, ötənilki yanğından sonra quraşdırılıb. Vətəndaşlara xəbərdarlıq edən və maarifləndirən bir lövhədir. Qeyd olunur ki, qəbiristanlıq ərazisində quru otların və tullantıların yandırılması qadağandır. Beləcə də yazılıb.

Yazıdan xoşhal olub məzarlığın cığırları ilə irəliləyirik. Lövhədən heç on – on beş metr aralanmamış bizi qurumuş ot yığını, qurumuş əklil və gül buketləri, səpələnmiş zibil yığını “salamlayır”. Dəmir hasarların kənarındakı çayırlar, alaq otlar təmizlənməyib. Plastik tullantılar, su qabları qəbirlərin sinə daşlarının üzərində, zibilliklərin kənarında səpələnmiş şəkildə gözə dəyir. Təbii ki, bunlar yayın bu istisində bir siqaret kötüyündən düşən qığılcımın himinə bənddir. O zaman baş verəcək yanğın təhlükəsindən sığortalanmaq çətin olacaq.

Cavanşir adlı şəxs hafta.az-ın əməkdaşına deyib ki, hər həftə gəlib anasının qəbrinin ətrafını kol-kosdan özü təmizləyir. Qəbiristanlıq işçilərinə etibar etmir. Müsahibimin sözlərinə görə, məzarda yatan şəxsin doğmaları pul verməsə qəbirlərə baxmırlar:

“Əvvəl hər ay pul verirdim. Başdansovdu iş görürdülər. Məcbur olub özüm hər həftə buraya gələsi oldum. Ətrafı zibildən, alaq otlarından təmizləyirəm. Həm savabdır, həm də təmizlik imandandır. Amma bunu idarə işçiləri etməlidir, etmirlər”.

Qəbiristanlıqda rastlaşdığımız insanlar da Bakı meriyasının qəbirlərə qarşı bu cür diqqətsizliklərindən narazı olduqlarını bildirdilər.

Qəbiristanlığın içərilərinə doğru irəlilədikcə qarşıya daha dözülməz mənzərələr çıxır. Belə ki, qurumuş ağacın qəbirlərin üzərinə aşmasına baxmayaraq, ərazidən çıxarılmayıb. Ərazidəki axundlar bildirdi ki, həmin küknar ağacı altı-yeddi ay əvvəl quruduğu üçün qırılıb və qəbirlərin üzərinə aşıb. Həmin qəbirlərin sahibləri də əraziyə gəlib-getmədikləri üçün ağac indiyədək düşdüyü ərazidən götürülməyib. Bakı meriyasının işçiləri mənzərəni görsə də, əhəmiyyət vermir – ərazidəki axundlar belə deyir.

Qəbiristandan ayrılarkən sifarişlə bir manata “Yasin” oxumağa tələsən bir mollanın qəbirlərin arası ilə gedərkən ayağının büdrədiyinin şahidi olduq. Burada deyiblər ki, gülməklə ağlamağın qızıl ortası susmaqdır. Susanda isə ortalığa bu cür eybəcərliklər çıxır. Faktla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, zənglərimizə cavab verəcək bir səlahiyyətli şəxs tapılmadı.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017