Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Magistratura səviyyəsinə qəbul planı
Tarix: 17.08.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu il ali təhsil müəssisələrində magistratura üzrə 17,42 faiz boş yer qalıb

Dünəndən etibarən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb. Qeyd edək ki, magistraturanın boş qalan 2 049 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1 429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726 nəfər magistratura səviyyəsinə qəbul olub. Qeydiyyat prosesi avqustun 17-dən 25-dək davam edəcək. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar 2017-ci il avqustun 17-dən 25-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Yeri gəlmişkən, 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlara AMEA-da müraciət edib. Sözügedən qurumdan verilən məlumata görə, qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti; bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); 4 ədəd fotoşəkil (3×4 sm) tələb olunur. Məlumatda həmçinin vurğulanır ki, magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2017-ci il avqustun 17-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində aparılacaq və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, AMEA magistraturaya qəbulu 2015-2016-cı ildən aparmağa başlayıb. Akademiyanın magistraturasına 2015-2016-cı tədris ili üçün 9 ixtisas üzrə 19 nəfər qəbul olunub. AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ilində 63 plan yeri ayrılıb.Qəbul 15 ixtisas və 39 ixtisaslaşma üzrə aparılıb. Belə ki, magistraturaya qəbul filologiya, dilşünaslıq, kitabşünaslıq, muzeyşünaslıq, arxiv və abidələrin qorunması, arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi, tarix, hüquqşünaslıq, sənətşünaslıq, iqtisadiyyat, riyaziyyat, fizika sahəsi üzrə həyata keçirilib.2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura pilləsinə dövlət sifarişli 66 nəfər qəbul olub. AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, Akademiyanın müxbir üzvü Əminağa Sadıqov APA-ya bildirib ki, həmin magistrlərdən 48-i qız, 18-i isə oğlandır. İdarə rəisi deyib ki, 66 magistr 12 ixtisas və 39 ixtisaslaşma üzrə təhsil alacaqlar: “Qəbul olunanların böyük əksəriyyəti 100-dən artıq bal toplayanlardır, ən yüksək bal isə 143-dür”.
Xatırladaq ki, 2017/2018-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 13081 (ötən il 24110) bakalavr qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il daha hazırlıqlı və aydın məqsədi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və müsabiqənin nəticələri də gözləntilərin doğrulduğunu bir daha sübut edir. Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 7703 plan yeri ayrılıb və müsabiqənin nəticələrinə əsasən, 6361 bakalavr (Azərbaycan bölməsi üzrə 5826, rus bölməsi üzrə 535) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2358 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 82,58 faiz dolub, 1342 plan yeri (17,42 faiz) boş qalıb. Xatırladaq ki, 2016/2017-ci tədris ilində plan yerlərinin dolma faizi 63,39 faiz olub. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Mingəçevir Dövlət Universitetinin plan yerləri isə 90 faiz və daha çox dolub. Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı İslam Universitetinə (8,33 faiz) aiddir.
Məlumat üçün onu da deyək ki, 2017-2018-ci tədris ili üçün ali məktəblərin magistratura səviyyəsinə qəbul planı azaldılıb. Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7 703 plan yeri ayrılıb. 2016-2017-ci tədris ili üçünsə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85 faiz), rus bölməsi üzrə 825 (11.21 faiz), birgə müsabiqə əsasında isə 1395 (18.95 faiz) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılmışdı.
Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bakalavrlar) malikdirlər. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. Belə ki, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanın I mərhələsində iştirak etmək üçün 50 manat, II mərhələsində iştirak etmək üçün 60 manat, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə qabiliyyət imtahanında iştirak etmək üçün isə 30 manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilib.Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Yeri gəlmişkən, bu il magistraturaya sənəd qəbulu martın 10-29-u tarixlərində baş tutub. Magistraturaya qəbulun birinci mərhələsi aprelin 9-da keçirilib və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə¬dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunub. İmtahanın ikinci mərhələsi isə iyunun 4-də baş tutub. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılıb. Proses bütün binalarda eyni vaxtda başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. İyunun 4-də isə mtahanın ikinci mərhələsi baş tutub.İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verib, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanından keçiblər) yoxlanılıblar. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb və bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunub (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan veriblər).

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017