Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayında artım gözlənilir
Tarix: 18.08.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ali təhsil müəssisələrimizin xaricdə keçirilən karyera sərgilərində iştirakının təmin edilməsi bu istiqamətdə müsbət nəticələrə səbəb olacaq

Yaxın gələcəkdə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı daha da arta bilər. Belə ki, əcnəbilərin ölkəmizdə təhsilinin təşviqi sahəsində tədbirlərin həyata keçirilməsi, ölkənin ali təhsil müəssisələrinin xaricdə keçirilən təhsil və karyera sərgilərində iştirakının təmin edilməsi istiqamətində Təhsil və Xarici İşlər nazirlikləri müvafiq işlər aparacaq. Bu məsələ “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb. Bununla bağlı müvafiq tədbirlər isə 2017-2020-ci illəri əhatə edəcək. Qeyd edək ki, hazırda ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 63 xarici ölkənin 4 238 nəfər vətəndaşı təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər. Bundan başqa, 2016/2017-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2197 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 63,0 faizi Bakı, 37,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya, Rusiya və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.
Yeri gəlmişkən, statistikaya görə, 2015/2016-cı tədris ilinin əvvəlinə yerli ali məktəblərdə Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 3 932 nəfər vətəndaşı təhsil alıb. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edib. 2014/2015-ci tədris ilində isə Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə birgə 58 xarici ölkənin 4 189 nəfər vətəndaşı təhsil alıb. Dövlət Statistika Komitəsinin (DSK) hesabatında qeyd olunur ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikasının vətəndaşları üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atıblar. 1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakültəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyət göstərən 55 hazırlıq fakültəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra üçüncü yeri tuturdu. İldə 500 nəfərdən artıq əcnəbi vətəndaş qəbul edən bu fakültənin məzunlarının çoxu ölkəmizin ali məktəblərinin müxtəlif fakültələrində təhsillərini davam etdirmək hüququ qazanırdı. Keçid dövründə isə əcnəbilərin təhsili müxtəlif əmr və sərəncamlarla tənzimlənirdi. Daha sonra isə 1994-cü ildə əcnəbi tələbələrin təhsili ilə bağlı bir neçə sənəd hazırlandı və təsdiqləndikdən sonra ali məktəblərə göndərildi. HazırdaAzərbaycanda əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.
Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir.
Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər dil biliklərinin yüksəldilməsi məqsədilə hazırlıq kurslarına qəbul edilirlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verir və imtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər ali təhsil müəssisələrində əsas təhsil səviyyələri üzrə təhsil ala bilərlər.
Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali təhsil müəssisələrin bakalavr səviyyəsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra, yaxud təlim dilini əvvəlcədən bildiyi halda eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verərək magistr səviyyəsinə qəbul oluna bilərlər. Magistratura səviyyəsinə qəbul olunmaq istəyən əcnəbi vətəndaş xarici ölkədə aldığı bakalavriat üzrə diplomunu mövcud qanunvericiliyinə əsasən, nostrifikasiya etdirməlidirlər.
Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələrilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Hindistan, Argentina və bir çox ərəb ölkələrinin vətəndaşları da var. Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar əsasən daha çox tibb, iqtisadiyyat, humanitar və texniki ixtisaslara üstünlük verirlər.
Onu da vurğulayaq ki, Azərbaycana təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla yanaşı, həm də ölkədə yaşama qaydalarına düzgün əməl etməlidirlər. Ölkə ərazisində qeydiyyata düşmək və müvəqqəti yaşama haqda müvcud qaydaları pozmamaq üçün əcnəbilər ölkəyə daxil olmazdan əvvəl Dövlət Miqrasiya Xidmətinin xarici vətəndaşların ölkə ərazisində olmaları qaydaları ilə tanış olmalıdırlar.
Qeyd edək ki, statistikadan da göründüyü kimi son illər Azərbaycanda təhsil alan əcnəbilərin sayı nisbətən artıb. Amma bəzi ekspertlərin fikrincə, əgər yerli universitetlərin infrastrukturu daha yaxşı inkişaf etdirilərsə, ali məktəblərdə tələbə yataqxanası problem aradan qaldırılarsa, əcnəbi tələbələrin Azərbaycanda təhsil almağa marağı xeyli arta bilər.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Etibar Əliyev hesab edir ki, Azərbaycan universitetləri lazımi infrastruktura, yataqxanalara sahib olmamaqla yanaşı, həm də beynəlxalq əmək bazarı üçün yüksək səviyyəli mütəxəssis yetişdirməkdə çətinlik çəkir: “Dünyada universitetlər ABET (Mühəndislik və Akkreditasiya Şurası) beynəlxalq akkreditasiya sistemindən keçirlər. Həmin akkreditasiya sistemi universitetlərdə təhsilin keyfiyyətinin öyrənilməsini nəzərdə tutur. Universitetlərin reytinqi də tərtib edilərkən beynəlxalq akkreditasiya nəzərə alnır. Xarici tələbələr isə hansısa ölkədəki universiteti seçərkən ilk öncə universitetlərin beynəlxalq reytinqini nəzərdən keçirirlər. Buna görə, Azərbaycan təhsil müəssisələrinin keyfiyyəti həm daxildən, yəni dövlət tərəfindən, həm də xaricdən qiymətləndirilməlidir.
Təbii ki, universitetlər ilk olaraq təhsil prosesində ciddi keyfiyyət dəyişikliyi etməlidirlər. Bu olmadığı halda, universitetlərimiz özlərini təbliğ etsələr belə, universitetə gələn xarici tələbələr təhsilin aşağı səviyyədə olduğunu gördükdən sonra bu təbliğatın heç bir əhəmiyyəti olmayacaq. Bir sözlə, daha çox əcnəbi tələbəni Azərbaycana cəlb etmək üçün ilk növbədə, təhsil sisteminin keyfiyyətini qaldırmaq lazımdır. Məsələn, təhsil sistemi tam demokratikləşməlidir ki, inkişaf etsin. Eyni zamanda, Boloniya sisteminə keçid sürətləndirilməli və səmimi xarakter daşımalıdır. Digər tərəfdən, universitetlərin tələbə və müəllim heyətinin mobilliyi artırılmalı və beynəlxalq əməkdaşlıq daha da inkişaf etdirilməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017