Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türkiyə Avrasiya İqtisadi Birliyinə can atır
Tarix: 22.08.2017 | Saat: 19:30:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistan isə sərhəd məsələsində məkrli planlar qurur

Son günlər Türkiyənin Ermənistanla sərhədlərinin açıla biləcəyi ehtimalı ilə bağlı müzakirələrə yenidən start verilib. Səbəb isə Ankara ilə Moskva arasında buzların əriməsi fonunda ikitərəfli iqtisadi və siyasi əlaqələrin daha da gücləndirilməsi üçün Türkiyənin Avrasiya Gömrük İttifaqına üzv qəbul olunmaq istəyidir. Belə ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb.
Beynəlxalq münasibətlərin, bölgədəki geosiyasi maraqlar uğrunda atılan addımların xeyli gərgin olduğu bir vaxtda, rəsmi Moskvanın təsir dairəsini genişləndirmək və Qərbin iqtisadi sanksiyalarını zərərsizldəşdirmək üçün alternativlər tapmaq cəhdləri xeyli artıb. Bu məsələdə son illərdə istər Suriya böhranı, istərsə də son referendumdan sonra tutduqları mövqeyə görə Qərb dövlətləri ilə münasibətləri xeyli kəskinləşən Türkiyə seçimi ən məntiqli variantdır. Hər iki dövlət Qərbin artan təzyiqləri fonunda ikitərəfli iqtisadi və siyasi əlaqələrini genişləndirməkdə xeyli maraqlı görünürlər. Artıq bu əlaqələr illərdir iki fərqli hərbi düşərgədə təmsil olunan Moskva və Ankara arasında strateji silahlar sayılan “S-400” raket komplekslərinin alınması və digər hərbi-texniki əməkdaşlıq imkanlarının genişləndirilməsi səviyyəsinə qədər qaldırılıb. İndi isə tərəflər milli maraqlarından çıxış edərək, vahid iqtisadi məkanda birləşmək qərarına gəliblər. Lakin hər iki dövlətin maraqlarının daim toqquşduğu bir məkan daha var - Cənubi Qafqaz və onun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi. Türkiyənin üz tutmaq istədiyi AİB-də Rusiya ilə yanaşı "böyük Ermənistan" xülyası ilə yaşayan, bu mənfur və əsassız iddialarını reallaşdırmaq üçün türk diplomatlarına qarşı terror aktları törədən, başqa bir suveren dövlətin 20 faiz ərazisini işğal edərək, soyqırımlar həyata keçirən, hətta Türkiyəyə qarşı ərazi iddiaları belə irəli sürən İrəvan təmsil olunur. Vaxtilə məhz Sovet İttifaqının ermənipərəst rəhbərliyinə, daha sonra isə Rusiyadakı hakim qüvvələrə arxalanaraq, Azərbaycan ərazilərini işğal edərək, BMT-nin qətnamələrini heçə sayan Ermənistanın indiki şəraitdə Ankaranın AİB-ə üzv olmaq planlarından maksimum dərəcədə yararlanmaq cədhləri, artıq özünü göstərməkdədir.
Belə ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məsələyə münasibət bildirərkən deyib ki, ölkəsi Türkiyənin Avrasiya İqtisadi Birliyinə mümkün üzvlüyünü qəbul etmir. Səbəb, Türkiyənin Ermənistanı blokada vəziyyətində saxlamasıdır. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilər. Lakin burada bir tarixi faktı xatırlatmaq tamamilə yerinə düşər. Sərhədlər məhz Dağlıq Qarabağın işğalı fonunda bağlanılıb. Bu, Türkiyənin "bir millət iki dövlət" olan qardaş Azərbaycana dəstəyi idi. Lakin hələ də illər keçməsinə baxmayaraq, Ermənistan özü xoş niyyət göstərərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində heç bir real addım atmayıb. Qeyd olunmalıdır ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq, ermənilər nə “soyqırım”ın tanınması, nə təzminat almaq, nə də ərazi iddialarınadan geri durur. Yəni, Ermənistanın terrorçu hakimiyyətinin Türkiyə və Azərbaycan siyasətində heç bir dəyişiklik yoxdur.
Bir məqama da diqqət yetirək. Əslində, Ermənistanla sərhədlərin açılması məsələsi bu illər ərzində dəfələrlə qaldırılıb. Bu təşəbbüsün reallaşdırılması üçün ən diqqətçəkən olaylar isə 2009-cu ildə yaşandı. Məhz həmin vaxt Türkiyənin "qonşularla sıfır problem" siyasəti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün təşəbbüslərinnin doğru almadığı, bunun nə rəsmi Bakının, nə də Ankaranın milli maraqları ilə üst-üstə düşmədiyini çox keçmədən Türkiyə rəhbərliyi də anlamış oldu. 2009-cu ildə imzalanmış Türkiyə- Ermənistan protokollarının icra edilməməsinin qarşısını alan ən başlıca səbəb isə daim sevincdə də, kədərdə də bir-birinə dəstək duran iki qardaş ölkənin ictimaiyyətinin kəskin reaksiyaları idi. Avropa Birliyi ilə danışıqlarda uğur əldə etmək üçün Ermənistanla sərhədləri açmağa meyilli olan Türkiyənin ozamankı xarici siyasət idarəsinin rəhbərliyinin ümidləri isə puç oldu. Hər iki dövlətin ictimaiyyətinin kəskin qınağına tuş gələn Ankaranın istər Avropa Birliyi, istərsə də Ermənistan rəhbərliyindən gözləntilərinin heç biri özünü doğrultmadı. Əksinə, bu məsələdə geri addım atmağa meyilli görünən Ankaradan tələblərin ardı-arası kəsilmədi. Bəzi şəxslərin yanlış siyasətinin yaratdığı gərginlik isə Türkiyənin o zaman baş naziri olan Rəcəb Tayyib Ərdoğanın 2009-cu ilin mayında Bakıya səfəri və açıq şəkildə Milli Məclisdə "Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədlər açılmayacaq" bəyanatı ilə aradan qaldırıldı. Məsələyə isə birdəfəlik nöqtə qoyuldu. Həmin dövrün hadisələrini xatırlatmaqla isə bir məqama diqqət çəkmək istərdim. Bu həmin illər idi ki, Dağlıq Qarabağ münaqişəsinin "Madrid prinsipləri" əsasında mərhələli həllinə inam xeyli artmışdı. Hətta həmsədrlər münaqişənin həllində qısa zamanda çox böyük irəliləyişlərin olacağının siqnallarını verirdilər. Lakin Ermənistan yenə də ələ düşən imkanların puç olması üçün əlindən gələni etdi. Həmin dövrlə müqayisədə, indi vəziyyət tamamilə köklü şəkildə dəyişib. Aprel döyüşləri baş verib. Ermənistanın separatçı rəhbərliyinin heç bir məntiqə sığmayan əsasın tələbləri fonunda danışıqlar dalana dirənib. Etimad mühiti isə sıfıra bərabərdir. Belə bir vəziyyətdə Türkiyənin Ermənistanla sərhədləri açacağı ilə bağlı bəzilərinin gözləntilərinin özünü doğrultmayacağı isə dəqiqdir.
Ankaranı AİB-də görmək istəyən Kreml məsələnin nə dərəcədə qəliz olduğunu yaxşı anlayır. Bu gün Ermənistanda antirus meyilləri də durmadan artır. Belə ki, artıq Ermənistan iqtidarı içində İrəvanda və digər şəhərlərdəki küçələrə vaxtilə verilmiş rus adlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Hafta.az armenpress-ə istinadən yazır ki, parlamentdəki təsiredici gücünə görə 3-cü fraksiya hesab olunan "Yelk" İttifaqının təqdim etdiyi layihədə deyilir ki, Sovet dönəmində küçə və meydanlara, eləcə də bir sıra obyektlərə verilən rus məşhurların adları dəyişdirilməlidir. Amma nədənsə, Moskvada təhsil almış bəzi erməni ictimai tanınmışlar indidən bunun əleyhinə çıxaraq, sözügedən fraksiyanın Rusiyaya nifrət bəslədiyini və Qərbin təsirində olduqlarına dair ittiham irəli sürüblər. Xüsusilə də memar Ferdinant Arakelyan cidd-cəhdlə rusların müdafiəsinə qalxıb. Onun fikrincə, küçələrin adının dəyişdirilməsi rusların ermənilərə olan etimadını sarsıda bilər. Bu da gələcəkdə Ermənistanı köməkdən məhrum edər. Başqa bir qism ictimai xadim isə əksinə, rus adlarının dəyişdirilməsinə tərəfdardır. Abidələr üzrə mütəxəssis Samvel Karapetyan bildirib ki, "Yelk" ittifaqının təklifini dəstəkləyir. ʹʹBəzi küçələrin adları mütləq dəyişdirilməlidir. 25 ildir müstəqilik, amma İrəvan və digər şəhərlərin küçələrinin adı hələ də sovetlər dövrünü xatırladır" deyən mütəxəssis ölkəsini öz "müstəqilliyi"nə hörmət etməyə çağırıb. Hətta İrəvanda faşist generalı, milliyyətcə erməni olan və Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulması da İrəvanın Moskvaya demarşı kimi qiymətləndirilib. Türkiyənin AİB-ə üzvlüyü ilə bağlı müzakirələr isə Ermənistanı əməlli-başlı qorxuya salıb.
Ermənistan həmişə öz müttəfiqlərinə qarşı qeyri-səmimi olub. Bunu isə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, Ermənistanın Rusiya ilə dostluq münasibətlərini birmənalı şəkildə "saxta" adlandırmaq olar: “Ermənistan bütün hərəkətlərində Rusiyaya qarşı ikili oyun oynayır. Bir tərəfdən, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, hətta Baş katibidir, amma digər tərəfdən, NATO ilə sıx əlaqələr yaradır, onun hərbi təlimlərində iştirak edir, proqramlarından maksimum yararlanmağa çalışır. Ermənistan həm Avrasiya İqtisadi İttifaqının üzvüdür, həm də Avropa İttifaqı ilə münasibətləri, hətta assosiativ üzv səviyyəsinə qaldırmağa çalışır”.
A.Mirzəzadə qeyd edib ki, Ermənistanın rəsmi Moskvanın maraqlarına zidd addım atması, artıq Rusiya siyasətçilərini də təəccübləndirmir: “Ermənistan, sadəcə, maraqlarının güdüldüyü yeri axtarır. Onun maraqları isə ancaq maddiyyat, qonşu dövlətlərə qarşı ərazi iddiası, tarixin saxtalaşdırılmasıdır. İndiyə qədər bu məsələyə, sadəcə olaraq, əhəmiyyət verilmirdi, ancaq hazırda Ermənistanla bağlı dünyanın gözü açılmaqdadır. Hətta Rusiyanın özündə də Ermənistanın hərəkətlərinə siyasi qiymət verməyə çalışırlar. Əgər bu gün Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan RF-dən asılı olmasa, hesab edirəm ki, asanlıqla Rusiyanın bir nömrəli düşməni ola bilər”.
Deputat əlavə edib ki, Ermənistan dövlətçiliyi tarixi təsadüf nəticəsində yarandığına görə onu idarə edənlər də ciddi və uzaqgörən siyasət qura bilməzlər: “Ermənistanda indiki iqtidar Azərbaycan torpaqlarının bir hissəsinin işğalı üzərindən hakimiyyətə gəlib. Amma bu, Ermənistana heç nə verməyib, nə iqtisadi, nə də siyasi cəhətdən nüfuz qazana bilib. Ermənistan bu gün dilənçi vəziyyətindədir və onun siyasətdə bir qütbdən digər qütbə qaçması düşdüyü ağır vəziyyəti göstərir. Hesab edirəm ki, bu gün hansısa bir qütbdən Ermənistanla münasibət qurmaq təklifi sadəcə olaraq ondan istifadə etmək üçündür. Ermənistan bu gün qeyri-ciddi, müttəfiqə xəyanətkar bir dövlət kimi tanınır və bu baxımdan Ermənistanla ciddi, uzunmüddətli əlaqələr qurmaq heç bir ölkə üçün perspektivli və inandırıcı deyil”.
Fikir verin, Rusiya prezidenti ilk öncə azərbaycanlı həmkarı İlham Əliyevlə Soçidə işgüzar görüş keçirirərək müzakirələr apardı. Görüş barədə verilən rəsmi açıqlamada da tərəflərin bölgədəki proseslərlə bağlı fikir mübadiləsi apardığı bildirildi. Bu həftəsonu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri planlaşdırılır. Bu səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Putin isə Soçidə Ermənistan prezidenti Sarkisyanla görüşəcək.
Onu da xatırladaq ki, Türkiyə və Azərbaycanı tək siyasi, iqtisadi maraqlar birləşdirmir. Bu maraqların üstündə dayanan xalqlarımızın ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir. Tək onu xatırlatmaq yerinə düşər ki, istər Azərbaycan, istərsə də Türkiyə prezidentləri beynəlxalq tribunalarda hər zaman bir-birlərinə özlərinin iştirakı olmadan açıq və qəti dəstək nümayiş etdiriblər.
Bu səbəbdən, Türkiyənin AİB-ə üzv olacağı təqdirdə, münaqişənin həlli istiqamətində heç bir irəliləyiş olmadan sərhədləri açacağını düşünənlər bəribaşdan yanılırlar. Ermənistanla sərhədlər yalnız Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra mümkündür. Bunu İrəvanda da, Moskvada da çox yaxşı anlayırlar. Yəqinki bu iddialara ən tuturlı cavabı yenə də həftəsonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin hər iki dövlətin münasibətlərini xarakterizə edən bəyanatlarında görəcəyik.

Azad Əliyev


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017