Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Şair dənizə bənzəyir” - MÜSAHİBƏ
Tarix: 23.08.2017 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Səttar Qarağaclı: “Qəribəlik ondadır ki, bu gün əyalət şairi kimi tanınırıq”

Bu gün öz dəst-xətti ilə seçilən elə yazarlarımız var ki, onlar bölgələrdə yaşayır və doğulub ərsəyə gəldiyi kəndlərində yazıb-yaradırlar. Belə şairlərdən biri də Səttar Qarağaclıdır.
Səttar Qarağaclı (Səttar Xudiyev) 1956-cı ildə Sabirabad rayonunda doğulub, boya-başa çatıb. 1974-cü ildə Azərbaycan Pedaqoji Universtitetinin filologiya fakültəsini bitirib. Doğulduğu Qarağac kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Dərs dediyi yeniyetmə şagirdlərə “Azərbaycan dili”ni öyrədir, Azərbaycanın tanınmış şair və yazıçılarını onlara sevdirir. Bir sözlə, yeniyetmə və gənclərin maariflənməsində öz bilik və bacarığını, səyini əsirgəmir. Onlara Vətən sevgisi aşılayır və bu ruhda da tərbiyə olunmasına çalışır. Bütün bunlar Səttar müəllimin iç dünyasından, vətənə olan sevgisindən, ən çox da şairliyindən irəli gəlir. Pedaqoji fəaliyyətinə görə, 1984-cü ildə Təhsil Nazirliyinin qərarı ilə “Baş müəllim” kimi yüksək bir fəxri ada layiq görülür. Onun yüzlərlə yetirməsi bugünün tanınmış ziyalıları, müxtəlif vəzifə sahibləridir. Hazırda Səttar müəllim ali kateqoriyalı müəllim kimi adıçəkilən orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Səttar Qarağaclı gözəl pedaqoq olmaqla yanaşı, həm də gözəl şair kimi ədəbi mühitdə tanınır. “Ədəbi düşüncə”nin elə budəfəki qonağı da tanınmış şair Səttar Qarağaclıdır.
- Səttar müəllim, xalq sizi müəllimdən çox şair kimi tanıyır. Bəs necə oldu ki, ədəbi mühitə gəldiniz? Nə vaxtdan yaradıcılığa başladınız?
- Mənim ədəbiyyata həvəsim uşaqlıqdan olub. Elə bu həvəs ilə mən filoloq oldum. Orta məktəbdə oxuduğum illərdən poeziya nümunələrini mütaliə edərdim. Çünki, mütaliə insanın dərki, şüurun isə inkişafı deməkdir. Poeziya böyük tərbiyədir, həyat məktəbidir. Böyük yazıçılarımızın, şairlərimizin əsərlərini oxuyub mütaliə edərdim. Səməd Vurğun, Məmməd Araz, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Osman Sarıvəlli, Hüseyn Arif kimi nəhəng şairlərin yaradıcılığına çox önəm vermişəm. Məmməd Araz ruhu ilə köklənmişəm. İstedad insanın içindən gəlir; qanında coşur. Bəzən kövrək, bəzən də sərt misralara çevrilir. Şair bir dənizə bənzəyir. Dəniz kimi gah sakit, gah mülayim, gah da sərt və təlatümlü olur.
- İlk şeiriniz nə vaxt çap olunub? Bir sözlə, ədəbi mühitə neçənci illərdən gəldiniz?
- 1975-ci ildə “Bu axşam” adlı ilk şeirim “Muğan” qəzetində işıq üzü görüb. Elə o vaxtdan da rayon və mərkəzi mətbuatda çap olunmağa başlandım. Ədəbiyyata da həmin dövrdə gəldim. C. Cabbarlı adına kitabxanada şair Nüsrət Kəsəmənlinin rəhbərliyi ilə ədəbi dərnək fəaliyyət göstərirdi. Mən də gəlib, həmin dərnəyə üzv yazıldım. Adıçəkilən dərnək poeziyaya olan həvəsimi daha da artırdı. Əsl həyatın, ədəbiyyatın, poeziyanın nə olduğunu öyrəndim. Onu duyduqca və poeziyanın sirlərinə yiyələndikcə, özümü gördüm. Bir şair kimi ədəbi mühitdə özümü dərk etməyə başladım. İlk qələm təcrübələrim mənə uğur gətirdi və mərkəzi mətbuatda dərc olunmağa başlandım.
- Uğurlarınız barədə nə deyə bilərsiniz?
- 1981-ci ildə, artıq ədəbi mühitdə tanınırdım. Həmin il gənc şair kimi, Azərbaycan Dövlət Radiosunun “Gənclik” verilişinə dəvət aldım. Radio dalğalarında səslənən şeirlərim çox maraqla qarşılandı və məni bir şair kimi ictimaiyyətə tanıtdı.
1986-cı ildə “Yazıçı” nəşriyyatına şeirlərimi təqdim etdim və şair Müzəffər Şükrun tərtib etdiyi, böyük tirajla nəşr olunan “Yeni səslər” almanaxında çoxlu sayda şeirim işıq üzü gördü. 1988-ci ildə “Ulduz” jurnalına şeirlərimi göndərdim. Xalq şairi Fikrət Qocanın təqdimatı ilə həmin jurnalda şeirlərim çap olundu. “Haqqın sirdaşıyam”, “Görüş” və “Şair ömrü” şeirlər kitabının müəllifiyəm.
- Bəs bölgələrdə yazıb-yaradan şair və yazarların durumu nə yerdədir, onlara qayğı göstərilirmi?
- Sabirabad rayonunda Elçin Nəsibin rəhbərlik etdiyi “Su qovuşan” Ədəbi Məclisi fəaliyyət göstərir. Hamımız bu məclisin işığında toplaşmışıq. Rayonda və eləcə də ətraf rayonlarda istedalı yazarların üzə çıxmasında və onların bir şair kimi formalaşmasında adıçəklilən məclisin xidmətləri çoxdur. Eləcə də məclisin çoxlu sayda almanaxları və yazarların kitabları çap olunub. İndinin özündə də bu proses davam edir. Amma təəssüf ki, böyük bir yazar ordusunu özündə birləşdirən “Suqovuşan” Ədəbi Məclisinin inkişafında müəlliflərdən başqa heç bir ictimai təşkilatın, qurumların dəstəyi və köməyi olmayıb. Halbuki adıçəkilən məclisin üzvləri, nəinki rayonda, hətta respublikamızdan kənarda da tanınır.
- Sizin mərkəzlə, paytaxt yazarları ilə əlaqələriniz hansı səviyyədədir?
- İmkansızlıqdan biz yazarların əli şəhər ədəbi mühitinə uzanıqlı qalıb. Bizi ən çox şair kimi əyalətdə tanıyırlar. Qəribə ondadır ki, bu gün əyalət şairi kimi tanınırıq. Bu da paytaxtda, yəni mərkəzdə təbliğ olunma imkanlarımzın çox məhdud olduğundan irəli gəlir. Bu səbəbdən, gənc nəsil biz orta nəslin yazarlarını yetərincə tanımır.
- Belə bir sualla çox şairlərə müraciət etmişik: sizcə, “poeziya” nədir, yəni onu necə təsəvvür edirsiniz?
- Poeziya insan qəlbinin tərcümanıdır. Amma ədəbiyyatda üslubu da, yolu, izi də yazarın özü yaradır. Xalq şairi B. Vahabzadənin dediyi kimi: “Şeir bir ürəyi isidə bilməz, şairin ürəyi köz-köz olmasa”.
- Bir şair kimi sözdən qorxmusunuzmu?
- Əslində, sözdən qorxmuram. Əsl şair üçün yazdığı şeir heç də söz oyunu deyil. Əsl poeziya nümunələri yaratmaq üçün sözün dəyərini bilməlisən. Şairin həyatda çəkisi və dəyəri də onun ifadə etdiyi sözlə ölçülür. Sözdən qorxmaq lazımdır, onu urvatdan salmaq poeziyanın yolu deyil. Axı, sözün özü Allahın əmanətidir. Yeri gəlmişkən deyim ki, mən sağlam tənqidi sevirəm. Ona görə ki, ədəbi tənqid ədəbiyyatın inkişafına xidmət edir. Eləcə də həm oxucunun, həm də yazarın özünə yol göstərir. Çox istərdim ki, ədəbi tənqidə böyük yer ayrılsın. Ədəbiyyatşünas-alimlərimizlə, eləcə də ədəbi tənqidçilərimizlə bölgələrdə yazıb-yaradan şair və yazarlarla sıx əlaqələri olaydı. Axı, bu gün bizim onlara mənəvi ehtiyacımız var. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ədəbi tənqid Ayın görünməz tərəfinə, daha doğrusu desək, tənqidçilərimiz bir sıra adamların ruporuna çevrilib. Məni ağrıdan odur ki, bu gün istedadı olan şairlərin haqq səsini ucaltmağa cəsarətləri çatmır, hətta deməyə çəkinir. Sanki bütün yazarları bir axına yönəldirlər, bununla da əsl ədəbiyyat, poeziya kənarda qalır. Yazdığım “Dünya” adlı şeirimin son bəndi ilə fikrimi tamamlamaq istəyirəm:

Dayanıb sal qaya kimi,
Görünür, rəng boya kimi.
Adəmdən Həvvaya kimi
Günah içindədir dünya...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017