Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təbrizdə görüb, eşitdiklərim... I yazı
Tarix: 05.09.2017 | Saat: 13:36:00
Bölmə:Reportaj | çapa göndər

...Burada Araz çayı axmır, amma quşu-quşluğu ilə qarşıya buraxmayan sərhədlər var. Quzeyində üzərində səkkizguşəli ulduzu, ayparası olan üçrəngli Azərbaycan, güneyində isə Allah yazısını özündə əxz edən İran bayrağı dalğalanan sərhəd. Amma içimizdə dost, qardaş sevgisi var deyə sərhəd bizə rəvan yol oldu, dinməz-söyləməz pasport qeydiyyatından keçib üz tutduq güneyə - İrana.

 

Xəyala aparan sirr

 

İranda çox olmuşam. Hər dəfə də torpağına ilk ayaq basanda, bilmirəm niyə, uşaqlıq illərimin xəyalına dalıram. Bu hissi ilk dəfə Tehranın hava limanında yaşamışdım. Sonra öz-özümə çox fikirləşdim, bu qənaətə gəldim ki, onlar keçmişlə bağlılıqlarına daha çox sadiqdirlər. Məsələn, “bu köhnəlib, söküb yerində yenisini inşa edim” demirlər və ya etdiklərini keçmişə zərər vurmadan edirlər. Ola bilər uşaqlıq illərimdə yaşadığım, amma bu gün görə bilmədiklərimin şahidi olduğum üçün belə olur...

Bir anlıq ayaq saxlayıb baxıram: ikiyə bölünmüş Biləsuvarın güneyidir – eyni insanlar, eyni dil, eyni din, eyni mədəniyyət, məişət, adət və ənənə. Qarşımıza qaçaraq “xoş gəlmisiniz” deyib, hətta bizim öz dialektimizdə xidmətlərini təklif edən İran biləsuvarlılarını görüb, içimi rahatlayıram. Axı bura xarici ölkə olsa da, mənən yenə doğmaların arasındaydım.

Hə, hislərə qapanıb unutmuşam, hər birimizin milli-mənəvi paytaxtımız olan Təbrizə gedirəm. Bu füsunkar şəhər axı gələn il üçün İslam mədəniyyəti və turizm paytaxtı elan olunub, bütün dünya insanlarının diqqəti 2018-ci ildə gözəl Təbrizimizə yönələcək. İranın ölkəmizdəki səfirliyi də istəyir ki, mediaturlar təşkil eləməklə Azərbaycan ictimaiyyətini Təbriz həqiqətləri ilə tanış etsin. Mən də bir qrup həmkarımla bu məqsədlə mənəvi qibləgahımıza yol almışam...

Yüksək komfortlu avtobusa oturub, ölkənin barlı-bərəkətli tarla və bağlarının haşiyələdiyi Biləsuvar-Parsabad-Meşkin-Təbriz yoluyla saatlar sonrası reallaşacaq arzularımıza səmt aldıq.

 

Çörək verən torpaqlar...

 

Əyalət yolları nisbətən dar olsa da, əsasən şüşə kimi düzdür. Çox maraqlıdır ki, əsas trasdan hansısa kəndə-filana ayrılan yolun qovşağında, eləcə də yaşayış məntəqələrinə girişdə mütləq qırmızı-sarı yanıb sönən işıqfor quraşdırılıb. Bu o deməkdir ki, maşınlar sürətini azaltmalıdır. Bir də, bu ölkədə bayrağa çox önəm verilir. Yolboyu kəndlərdə əksər evlərin damında, adicə yol kənarlarında, şəxsi istehsal sexlərinin qapılarında və sair bir qayda olaraq İran bayrağı dalğalanır.

Sərhədin o tayı başdan-başa məhsuldar torpaqlı təpəliklərdir və Savalana yaxınlaşdıqca həm yüksəklik artır, həm də qayalı-daşlı, əkinə yaramayan torpaqların ərazisi genişlənir. Bu çox sevindirici haldır ki, Biləsuvardan Parsabada olan təxminən 45 kilometrlik yol boyunca bir qarış belə torpaq boş buraxılmayıb. Harda suvarmaq mümkündürsə, orda bostan və tərəvəz becərilir, böyük meyvə bağları salınır, dəmyə ərazilər isə birmənalı şəkildə buğda, arpa tarlaları ilə örtülüb. Boş yerə iqtisadçı alimlər Şərqi Azərbaycanla Ərdəbilə “İranın taxıl anbarı” demirlər ki... Eynilə Savalan dağlarının qoynunda da belədir. Uca dağların yamaclarında ancaq güclü yağış yağanda su ilə dolan dar çay dərələrinin subasarında şaftalı, ərik, cürbəcür alma, gilas, gavalı bağları salınıb. Əlbəttə, hər kəs də məhsulunu yığıb istədiyi yerdə, elə bağdan çıxarıb yolun kənarında quraşdırdığı piştaxtalarda satır, xərcini də götürür.

 

“...Savabı mənə bəsdir”

 

Pəncərədən dörd gözlə ətrafa baxa-baxa irəlilədiyimiz bir vaxtda başıma maraqlı hadisə gəldi – Avtobusun yanacağı qurtarmışdı. Sürücü maşını dinməz-söyləməz Savalanın sıldırımlı yamacında bir kənara verib, saxladı. Yanacaq alıb gətirənədək fürsətdən istifadə edib ərazidəki balaca dağ kəndini gəzib, eləcə də yolun aşağı tərəfindəki çox geniş, tamamilə yaşıl vadini xatırladan, dərəboyu salınmış meyvə bağlarına tamaşa elədim. Bir-iki şəkil çəkdirməyi də unutmadım. Axı Savalandan aşıb Təbrizə yönələn yolun bu ecazkar vadidən keçən hissəsini unutmaq insafsızlıq olardı...

Ən yaxın yanacaqdoldurma məntəqəsindən yanacaq gətirilincə yoldan keçən yük maşınlarından birini əl edib, saxlatdıq.

- Yanacaq tükənib, varındırsa əl tut, özümüzü qabaqdakı kəndə çatdıraq, - dedik.

Sürücü sanki borcunu yerinə yetirirmiş kimi bir söz demədən maşının çənini yarıbayarı ona verdiyimiz bidona boşaltdı. Əlbəttə, avtobusun sürücüsü ona pul vermək istədi, amma almadı. Dedi bu qədər insanı yolda qoymamaqla qazandığı savab ona ölüncə bəsdir...

...Artıq hava qaralmışdı. Təpələrdən birini də aşdıqda irəlidə sonu görünməyən işıq dənizi üzümüzü nurlandırdı. Bura Təbrizin girəcəyində salınmış sənaye şəhərciyi idi.

Hə, hamımız bilək ki, Təbrizin bütün istehsal müəssisələri şəhərdən kənarda, xüsusi ayrılmış bölgədə cəmlənib. Bu, şəhərin ekaloji baxımdan təmiz qalması və insanların sağlamlığı üçün lazım görülüb.

Beləliklə, al-əlvan işıqlarla nurlanmış, 2 milyon insanın yaşadığı bu nəhəng şəhərin prospektlərini dolaşaraq “Təbriz” Beynəlxalq Otelinə yetişdik. Burada yolçuluğumuz da başa çataraq yerini zəngin görüş və təəssüratlarla dolu olacaq sabaha açılacaq gecəyə verdi...

 

Öz evimizdə...

 

Səhər erkən qalxıb, yeməyimizi yedik. Dedilər ilk görüşə gedirik – Təbriz şəhər bələdiyyəsinə. Yeni seçilib, heç təsdiqlənməyib də, ona görə də hələlik bu vəzifənin icraçısı sayılır.

Yeri gəlmişkən, bizim səfərimizi də elə bu insanlar təşkil edib, gələnilki irimiqyaslı və ilboyu davam edəcək mədəniyyət tədbirlərinin məsuliyyəti də məhz onların çiyinlərində olacaq.

Mehribançılıq və qonaqpərvərlik bu insanların qanındadır. Hər kəlməsində bizə “can” deyən bu doğmaların səmimiyyəti yüksək kürsülərdə oturanlardan da yan keçməyib. Təbriz şəhər bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən Məhəmməd Hüseyn İshaqi də könlünü biz jurnalistlərə verərək “rahat olun, öz evinizdəsiniz” dedi.

Söhbətimiz elə səmimi keçdi ki... Çay, şirniyyat, meyvə gətirdilər. Armudu stəkandan bir-iki qurtum içib söhbətə başladıq.

Cənab İshaqi əvvəlcə qonağı olduğumuz bələdiyyənin binası haqqında məlumat verdi, Təbrizin islam ölkələri arasında ən gözəl, siyasi-iqtisadi, elmi-mədəni qüdrəti baxımdan çox mühüm olduğunu xatırlatdı. Dedi ki, məhz bütün bunlara görə də Təbriz 2018-ci il üçün İslam ölkələrinin mədəniyyət və turizm paytaxtı seçilib. Amma bu onları arxayınlaşdırmayıb, əksinə işlərini-məsuliyyətini artırıb. “O vaxta kimi Təbriz şəhərinin inkişafı üçün bir çox işlər görülməlidir. Dünyanın ən qədim və iri üstüörtülü bazarı məhz Təbrizdədir. Gələn ilə qədər bu bazarda yenidənqurma işləri başa çatdırılacaq. Çünki bazarın tarixi qədimdir və çox köhnəlib. Amma təmir işləri aparılsa da, bazarın görünüşü öz tarixiliyini itirməyəcək" dedi Təbriz bələdiyyəsinin yeni başçısı..

Özlərini oda-közə vurub, ölkələrini dünyaya tanıtmaq istəyirlər: “İstəyirik dünya-aləm Təbrizin necə gözəl olduğunu, xalqımıza məxsus qədim tarixi, olduqca zəngin mədəniyyət və məişəti görüb, sevsin. Təbrizi daha da inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik və 2018-ci ildən sonra da bu istiqamətdə görüləcək işləri dayandırmayacağıq".

Bu görüşdə özümüzə - Azərbaycan Respublikasına sevgi və hörmət, Azərbaycanın uğurlarından fəxarət hissi duyduqlarını gördüm. Bələdiyyə sədri deyir ki, Azərbaycan İranın tacıdırsa, Bakı böyük paytaxt, həm də müasirliyin rəmzidir: "Müasirləşməklə yanaşı Bakı həm də köhnə üslubunu qoruyub saxlaya bilib. Bu gün Təbrizdən yalnız paytaxt Bakıya deyil, digər rayonlarınıza da gedilir. Ümid edirik ki, aramızda maneə olaraq qalan viza problemi də aradan qaldırılacaq".

 

Azərbaycanın qəlbi...

 

Görüşdə həmçinin, Təbriz şəhər Şurasının - Parlamentinin sədri Şəkür Əkbər Nejat və şura üzvü Niku Xislət də iştirak edirdi. Onlar da Azərbaycana önəm verdiklərini, əlaqələri genişləndirməklə birlikdə daha güclü inkişaf edəcəyimizi dilə gətirdilər.

Səfər çərçivəsində daha bir maraqlı insanla görüşə şahidlik elədim. Bu şəxs Təbrizin fərmandarı, bizim dillə desək icra başçısı Rəhim Şöhrətipərdir. Məntiqli ifadələr işlətdi. Dedi ki, 2018-ci ildə Təbrizin daşıyacağı İslam Mədəniyyəti və turizm paytaxtı statusunu bir il sonra – 2019-cu ildə Bakı öz üzərinə götürəcək. Özü də elə-belə yox, zəngin tariximiz, mədəniyyətimiz və ölkələrimizin gözəlliyi, xalqımızın qonaqpərvərliyi sayəsində.

Fərmandar təklif etdi ki, biz jurnalistlər indi onların daha çox tanınmasına yardım göstərək, 2019-cu ildə də onlar əvəzini çıxarlar. Necə deyərlər: əl əli yuyar, əl də üzü.

Ölkələrimiz arasında mövcud olan viza probleminin ləğvini arzulayan Rəhim Şöhrətipər dedi ki, Təbriz əslində bütün azərbaycanlılar üçün əzizdir. Yəni bu şəhər İran azərbaycanlılarının başıdırsa, Azərbaycanın da qəlbidir. Çalışmalıyıq ki, bu ürək daha qüvvətlə çırpınsın. Sitat: İki dövlət olaraq dilimiz, dinimiz, folklorumuz, mədəniyyətimiz - hər şeyimizin eynidir. Bir dəfə Bakıda tarix muzeyində oldum, elə bildim ki, Təbrizdəki tarix muzeyindəyəm. Belə başa düşdüm ki, ortaq tarixi eksponatlarımızın bir hissəsi sizdə, bir hissəsi isə bizdə saxlanılır...

 

Bakı-Təbriz-Bakı


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017