Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təbrizdə görüb, eşitdiklərim... II yazı
Tarix: 06.09.2017 | Saat: 15:10:00
Bölmə:Reportaj | çapa göndər

Növbəti səhərimiz yenə görüşlərə qatılmaqla başladı. Bu dəfə bizi qonaq edəcək şəxs nə iqtisadçı, nə də siyasətçiydi – din əhliydi. İran Dini rəhbərinin Şərqi Azərbaycan ostanı üzrə nümayəndəsi olan höccətülislam seyid Məhəmmədəli Al-Haşim həm də Təbrizin imamcüməsi idi.

Heç vaxt, əlbəttə ki, üzünü görüb səsini eşitmədiyim bu şəxslə görüş məni çox maraqlandırırdı. Köhnə və sadə, iki qatlı binanın qonaq zalında həmkarlarım arasında özümə yer edib, oturub, gözləməyə başladım. Budur, başında əmmaməsi, əynində tünd sarı-qəhvəyi əbası ilə içəri girən ağsaqqal, nurani görünüşlü Al-Haşim hər birimizlə ayrı-ayrılıqda əl sıxıb, hal-əhval tutdu. Bizi çaya, şirniyyata qonaq elədi. 


“...Böyük din adamı gördüm”

 

Höccətülislam dedi ki, Azərbaycanla İran arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bundan sonra da belə olacaq. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Düşmənlərimiz həmişə istəyib ki, araya girsinlər, amma xoşbəxtlikdən buna nail olmayıblar. İmamcümə buyurdu ki, müsəlman Azərbaycanı ilə İran arasında düşmənçilik toxumu səpənlərə qarşı biz jurnalistlər də ciddi mübarizə aparsaq bundan dövlətlərimiz yalnız qazanar.

"25-26 il əvvəl Bakıda olmuşam. Səfiriniz məni yenə dəvət edib. Bakıda olarkən ətraf kəndlərə, o cümlədən Nardarana da getmişdim. Çox xoşuma gəldi kəndləriniz" deyən Təbrizin imamcüməsi ümummilli lideriimiz barəsində bir xatırlatma da elədi: "Vaxtilə Heydər Əliyev yığışdığımız bu evə gələrək Təbrizin məndən öncəki imamcüməsi ilə görüşüb. Hər ikisi dünyasını dəyişib - Allah rəhmət eləsin onlara, - o, gedəndən sonra imamcümə dedi ki, mən böyük din adamı gördüm".

Yeri gəlmişkən, höccətülislam onu da dedi ki, Azərbaycan prezidenti İlham Əliyevə də İranda böyük sayğı var. İrana səfəri zamanı Ali Dini rəhbərlə görüşən Azərbaycanın dövlət başçısı çox xoş təəssüratlar yaradıb.

 

Şairlər məzarlığı

 

Sağollaşıb avtobuslara oturduq. Əlimizdə proqram olmasa da, bələdçimiz Şairlər məzarlığına baş çəkəcəyimizi bildirdi...

Orada iki il əvvəl olmuşdum. Yadımdadır, soyuq qış günündə məzarlığa çatanda ciddi təmir işləri gedirdi. Amma bayırdakı tör-töküntüyə məhəl qoymadan məqbərə-muzeyə girdik və o andaca sanki ustan Şəhriyar bizi görüb məşhur “Heydər babaya salam”ını öz səsilə bizə xitab edir kimi başa düşdüm.

… Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var…

Əlbəttə, o, haqq dünyasına qovuşmuşdu, bəyaz-gümüşü mərmərdən tikilmiş məzarı da elə bu məqbərədəydi. Amma sağlığında öz dilindən alınmış poema turistlər üçün mütəmadi olaraq səsləndirilir...

Bu dəfə də bənzər və fərqli səhnələrin şahidi oldum. Əvvəla qış olmasa da, yayın qızmar istisində iki il əvvəlki təmir işləri hələ də davam edirdi. Təmirin niyə bu qədər uzandığını düşünə-düşünə içəri girdikdə, təəssüf, bu dəfə ulu şairin şeirlərini öz dilindən duymadım. Amma məqbərə-muzeyin içi əvvəlkiydi. Tən ortada dahi Şəhriyarın şəffaf şüşə ilə bağlanmış mərmər məzarı, ətrafda büstlər, şəkillər, sənət nümunələri. Bir tərəfdə də kiçik kitabxana. Burada şairin müxtəlif dillərə çevrilmiş əsərləri, eləcə də digər ədiblərin kitabları ziyarətçilərə satılmaqdadır. Əlbəttə, ərəb, fars və Azərbaycan dilində nəşr olunmuş “Heydər babaya salam” poeması da satılan kitablar arasındaydı...

Hə, tamam unutmuşdum, bu Şairlər məzarlığında dahi Şəhriyarla yanaşı 410 şair və digər sahələrdə tanınmışlarının da ruhu uyumaqdadır. Amma amansız zəlzələ dirilərin canını almaqdan doymayıb, buradakı ölülərin qəbirlərini də viran edib. Dövlət isə burada dəfn olunmuş bütün insanların ruhuna hörmət olaraq gördüyümüz məqbərəni tikib. Bu gün həmin məzarlıqda Əfzələddin Xəqani, Dövlət Abadi kimi dahilərin ruhu dinclik tapmaqdadır. Mən də Allahdan bütün ölülərin ruhuna dua oxuyub, “Heydər babaya salam”dan bir misranı xatırlayaraq oradan uzaqlaşdım:

…Heydər baba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı…

 

Şairdən xatirələr...

 

Məzarlığı ziyarətdən sonra bələdçimizin sürprizindən çox sevindim. Bizi Şəhriyarın yaşayıb yaratdığı, hazırda muzeyə çevrilmiş evinə aparacaqdı. Şəhərin köhnə hissəsində, darısqal küçədəki evin balaca həyətinə girib ikimərtəbəli evin pilləkənlərini qalxdım. Otaqları çox darısqal, həm də 30-40 il əvvəlki dəbdə bəzənmişdi. Əslində bəzənməmişdi, Şəhriyarın və ailəsinin istifadə etdiyi hər şey muzey təşkil edilərkən olduğu kimi saxlanılmışdı... Muzeyin rəhbəri olan böyük ustadın oğlu Hadi Behcət Təbrizi də əşyaların olduğu kimi qalmasına xüsusi fikir verir. Ayrı-ayrı otaqlarda ustadın kitabları, geyimləri, işlətdiyi əşyalara turistlər maraqla tamaşa edir.

Ən maraqlısı isə birinci mərtəbədə yerləşən xüsusi istirahət otağıdır. Burada döşəmə kimi tavan da betondur və firuzəyi rəngdə daş üzlüklərlə bəzənib. Kiçik pəncərəsi olan otağın mərkəzində balaca, ordasında kiçik fəvvarəsi olan hovuz yerləşir. Hovuzun ətrafına isə oturmaq üçün kürsülər qoyulub. Bələdçimiz deyir ki, bu otaq yayda sərin, qışda isə isti olur. Ona görə də Şəhriyar məhz burada yaradıcılıqla daha çox məşğul olarmış.

 

38 ölkə kömək edəcək

 

Bir maraqlı məkanda da olduq – Mədəni İrs və Turizm Təşkilatının balaca və qədimi binasında. Təşkilatın sədri doktor Murtaza Abdar dedi ki, 2018-ci ildə İslam mədəniyyəti və turizm paytaxtı seçilən Təbrizin dünyada daha geniş tanıdılması üçün məsuliyyət daşıyırlar. Dedi ki, bu tədbirlər zənciri onlara musiqilərini, rəqslərini, sənətlərini – bütöv milli mədəniyyətlərini tanıtmağa imkan verəcək.

Cənab Abdar bir maraqlı məsələyə də toxundu. Qeyd etdi ki, Bakı indiyədək bir çox dünyamiqyaslı mədəniyyət, idman və digər tədbirlərə ev sahibliyi edib. Ona görə də bu təcrübədən yararlanmaq və bizim vasitəmizlə özlərini daha çox tanıtdırmaq istəyirlər.

Özləri də indiyədək bu müstəvidə çox işlər görüblər. Dedi ki, artıq uğurlarından UNESCO dəhlizlərində danışılır, kəndlərdən 75-nin adı bu beynəlxalq təşkilatda qeydə alınıb. Sonra da əlavə etdi ki, Asiyanın 38 ölkəsi “Təbriz 2018” mədəni prosesinin uğurlu alınmasına kömək göstərməklə bağlı Təbriz Bəyənnaməsini imzalayıb.

Bu yerdə yada salaq ki, 90 növ milli xalçası olan Təbriz 2016-cı ildə UNESCO-nun qərarı ilə Xalça paytaxtı elan olunmuşdu. Təbriz dünyanın həyat səviyyəsi ən yüksək olan şəhərləri siyahısındadır. Üstəlik, son beş ildir ki, Təbriz İranın ekalogiyası ən təmiz olan şəhəri seçilir.

 

Elm mərkəzi

 

Təbriz Universiteti böyük uğurlara imza atıb. Bunu orada olduğum üçün yox, göstərilən faktlara əsasən deyirəm. Azərbaycan universitetləri ilə də geniş əlaqələrə malikdir. Şəxsən universitetin rektoru Məhəmmədrza Purməhəmmədi 10 il fasilələrlə üç dəfə Bakıda olub.

Rektorla ikinci dəfə görüşürdüm. Yaşının üstünə yaş gəlsə də, mehribançılığı, qonaqpərvərliyi, müəllim təəssüfkeşliyi dəyişməyib. Yanında özümü, bilmirəm niyə, çox sərbəst hiss edirdim. Yəqin bu onun əsl pedaqoq olması ilə bağlı idi...

Rektor dedi ki, Bakıya son dəfə gedəndə gördüklərindən heyrətlənib – Bakı inanılmaz dərəcədə böyüyüb, gözəlləşib. Onun sözlərinə görə, İranda Tehran Universitetindən sonra ikinci iri ali təhsil olağı olan Təbriz Universiteti 70 il əvvəl açılanda cəmi 3 fakültə ilə fəaliyyət göstərib. Bu gün isə 600 hektar əraziyə malik universitetdə 21 fakültə var, üstəlik Culfa və Mərənddə şöbələri mövcuddur. Məktəbdə 24 min tələbəyə 800 professor-müəllim heyəti dərs deyir ki, onlardan 40 faizi professor və ya elmlər doktorudur. Eyni zamanda, tələbələrin 40 faizdən artığı ya magistraturada, ya da doktoranturada təhsillərini davam etdirir. Təbriz Universitetinin 10 sahə üzrə tədqiqat mərkəzlərinin olduğunu deyən rektor bildirdi ki, hazırda dünyanın 50-dən çox universiteti ilə əlaqələri var. O əlavə etdi ki, Təbriz Universitetinin nəzdində yay məktəbləri fəaliyyət göstərir. Ümumiyyətlə, imkanlar genişdir, həll olunmayacaq məsələ yoxdur.

Sonda rektor bildirdi ki, sentyabrın 18-i böyük Şəhriyarın vəfatı günüdür və bu münasibətlə universitetdə anım tədbiri – simpozium keçiriləcək. Həmin tədbirə Azərbaycandan da 8 nəfərlik heyətin qatılacağı gözlənilir.

 

Bakı-Təbriz-Bakı


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017