Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təbrizdə görüb, eşitdiklərim... III yazı
Tarix: 07.09.2017 | Saat: 15:19:00
Bölmə:Reportaj | çapa göndər

Şəhərdə qaldığım qısa müddətdə günlərim bir-birindən maraqlı keçirdi. Ətrafımı qanı qanımızdan, canı canımızdan olan öz qardaşlarımız sarıb, mətbəximiz, məişətimiz də bir. Üstəlik də gözəlliyinə doya bilmədiyimiz doğma şəhərdə olmaq bir ayrı aləm idi. 


Şəfa yeri

Səhər ilk görüşümüz Təbriz Tibb İdarəsinin baş ofisində oldu. Qurumun rəhbəri Hüseyn Somi bildirdi ki, 30 ildir Təbriz Tibb Universitetindən ayrılaraq, müstəqil fəaliyyət göstərirlər. Buna baxmayapaq, tibb sahəsində böyük uğurlara imza atan universitet barəsində də məlumat verməyi özünə borc bildi. Dedi ki, 11 fakültəsi olan universitetdə bu gün 9 min tələbə təhsil alır. Onlardan 3,5 min nəfəri magistr və doktorantdır. Təxminən 800 nəfərlik professor-müəllim heyəti mövcuddur, onlardan 450 nəfəri həm də klinikalarda həkim vəzifəsini yerinə yetirir. Həkim Somi əlavə etdi ki, Azərbaycandan da 4-5 tələbələri də var, amma bu sayın daha çox olmasını arzulayırlar. «Həkim olaraq Azərbaycan vətəndaşları ilə sıx təmasdayam. Belə demək mümkündürsə, həftədə azından 15 azərbaycanlı xəstəm olur. Hərəsinin yanında iki əlavə yaxını da gəlir, deməli, həftədə 45 azərbaycanlı ilə təmasa girirəm. Ümumilikdə isə bu gün Təbriz xəstəxanasındakı xəstələrin 10 faizi Azərbaycan vətəndaşlarıdır», - deyən H.Somi qeyd etdi ki, xaricdən, o cümlədən, Azərbaycandan müalicə olunmaq istəyən insanları Təbrizə çəkən başlıca amillər yüksək keyfiyyətli tibbi xidmət və maddi xərclərin daha az olmasıdır. Xüsusilə də dərmanların qiyməti aşağıdır. Həkim onu da vurğuladı ki, hazırda bütövlükdə Şərqi Azərbaycan vilayətində 35 xəstəxana mövcuddur və hər birində Azərbaycan vətəndaşlarını görmək mümkündür.

 

Xalçaların ailə ruhu

Proqrama əsasən baş çəkəcəyimiz yerlər arasında bir neçə muzey vardı. İlk olaraq Təbriz bələdiyyə sarayının tarixi binasında yaradılmış bələdiyyə muzeyinə baş çəkdik.

Bu yerdə qeyd edim ki, Təbrizin bələdiyyə sarayı 30,5 metr hündürlüyündə dördtərəfli saat qülləsinə malikdir. Bu saat 15 dəqiqədən bir zəng vuraraq insanlara vaxtı bildirir.

Alman memarların tikdiyi binanın fasadı yonma daşla örtülüb, ümumi planı isə uçmaqda olan qartalı xatırladır.

Təbriz bələdiyyəsinin binası 2008-ci ildə (1386-ci hicri-şəmsi ili) İranın ilk şəhər bələdiyyə cəmiyyətinin Təbrizdə yaradılmasının 100 illiyi münasibətilə ölkə səviyyəsində ilk bələdiyyə muzeyinə çevrilib. Hazırda Təbriz bələdiyyəsinin bəzi rəsmi diplomatik görüşləri də bu binada təşkil olunur.

Təbriz bələdiyyə muzeyinin zirzəmisində 800 kvadratmetrlik sahə İran bələdiyyələrinin tarixini əks etdirən, bu ölkədə yeganə bələdiyyə sərgisi olaraq istifadəyə verilib və Çindən sonra dünya üzrə ikinci bələdiyyə muzeyidir. Muzeydə müxtəlif zallar mövcuddur. Bunlardan qədim fotoaparatlar, müqəddəs müdafiə, çap və nəşriyyat, xalça, müasir sənətlər, xəttatlıq, hikmət və bir neçə başqa zalları misal göstərmək olar.

Qədim Təbriz xalçası axtarırsınızsa mütləq bu muzeyin xalça zalına baş çəkin. Burada müxtəlif növlü nəfis xalçalara rast gəlmək olar. Zaldakı 12 ədəd xalça binanın inşa edildiyi vaxtdan - 1320-ci hicri-şəmsi ilinədək Ərfəül-Mülk Cəlilinin əmri ilə toxunan xalçalardır.

Buradakı eksponatlar, əlbəttə, Təbriz bələdiyyəsinin mülkiyyətidir. Hesab olunur ki, xalçalar təxminən 1942-ci ildə toxunub. “Bunlar kompleksdir – bir-birindən ayrılsa mənasını itirər. Yəni bunlar bir ailənin tamamlanmış təcəssümüdür” deyən muzeyin bələdçisi bildirir ki, buradakı doqquz xalçadan ən irisi – 112 kvadratmetr olan ana mərkəzdə, hər biri 32 kvadratmetr olan altı qız - üçü sağda, üçü solda, ailənin tək oğlan övladı isə 35 kvadratmetrlik xalçanın timsalında ayaq tərəfdə sərgilənir. 

Qacarlar

Baş çəkdiyimiz növbəti tarixi əsərlər məkanı Qacar muzeyidir. Təbrizin ən qədim məhəllələrindən olan Şeşgilanda yerləşən muzeyin binası Qacarlar sülaləsinin hakimiyyəti dövründə tikilib. Əmir Nizam Gəruslu binası kimi də tanınan bu tikili həmin dövrdən Qacarlar hakimiyyətinin sonunadək İranın "Qorunmuş Qacar məmləkətləri" adlanırmış ki, bu da Azərbaycan əyalətinin bu ölkənin ən önəmli bölgəsi olduğunu göstərir. Bina həm də valilik binası kimi istifadə edilib.

Bina 1500 kvadratmetr ərazidə tikilib və ikimərtəbəlidir. İçində hovuzlar, fəvvarələr olan iki - daxili və xarici həyətə malikdir, 16 ədəd sütun binanın eyvanını saxlayır.

Birinci qatın qalereyaları: pul, tikiş, çini, şüşə, metallar və musiqi alətləri. Yeraltı qatın qalereyaları: daş, silah, sərkərdələr və paşalar, memarlıq və şəhərsalma qalereyaları.

 

Məşrutiyyə

Qapısını döydüyümüz növbəti muzey Təbrizdəki Məşrutiyyə binasında yerləşir və eyni adı daşıyır. Böyük Təbriz bazarının lap qarşısında yerləşir. Bura inqilab zamanı bu prosesdə iştirak edən insanların toplaşma yeri olub. Aralarında ən məşhurları Səttarxan, Bağırxan, Sigatül İslam Təbrizi və Hacı Mirzə Ağa Farisidir. Bina həmçinin II Dünya müharibəsi dövründə Azərbaycan Demokrat Partiyasının toplanış yeri olub. İki qatlı bu bina memar Hacı Vali Təbrizi tərəfindən 1868-ci ildə tikilib. 1975-ci ildən adıçəkilən tikili İranın mədəniyyət abidələrinin siyahısına salınıb. Bu gün muzey kimi fəaliyyət göstərən binanın ortasında hovuz olan kiçik həyətində Səttarxanla Bağırxanın bürünc heykəlləri qoyulub. İçəridə də çox sayda tarixi şəxsiyyətin büstləri mövcuddur. Bundan əlavə, muzeydə o dövrün silahları, pul, sənədlər və digər eksponatlar sərgilənir.

 

Azərbaycan

Buradan çıxıb üz tutduq Təbrizdə ən məşhur Azərbaycan Muzeyinə. Muzey 1958-ci ildə təsis edilib. Tikili üç böyük salondan, bağça, ofis otaqları və kitabxanadan ibarətdir. Burada əsasən Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış tarixi əsərlər sərgilənir. Kitabxanasında isə tarixi, arxeoloji, sənət və mədəniyyəti əks etdirən, hətta bir çoxu nadir əlyazma olan 2500-dən çox kitab mövcuddur.

Tarixi əsərlər bölməsində antik qəbirdən tapılmış bütöv insan skleti, Haştrutdakı Zahhakuddur qalasında tapılmış Sasaniler dövrünə aid heykəl, Sasaniler dövrünün yadigarı olan zərif görünüşlü çini və saxsı qab-qacaq, XIX əsr Qacar dönəminə aid qızıl və zinət əşyaları, mücrülər və sairlə tanış olmaq mümkündür...

 

Əzəmətin rəmzi

Yolüstü Azərbaycan xalqının milli-mənəvi yaddaşı sayılan Ərk qalasına baş çəkəcəyimizi dedilər. Hava aşırı isti olsa da, dinməzcə razılaşdıq. Niyə də yox, axı əvvəllər Təbrizdə olsam da, ömür boyu haqqında eşitdiyim bu bu qədim abidəni görməmişdim.

Elxanilər dövründə - XIV əsrin ilk yarısında tikilmiş əzəmətli Ərk qalasına müxtəlif mənbələrdə Əlişah qalası və ya Arg of Tebriz, yəni sadəcə, Təbriz qalası da deyirlər.

Bu yerdə xatırladım ki, uzun müddətdir təmir olunan Ərk qalasında bu gün də bərpa işləri davam etdirilir. Tamamilə bişmiş kərpicdən (qırmızı kərpic) inşa olunan qalanın əzəmətli giriş darvazalarının önündə amfiteatr formasında pilləkənlər mövcuddur. Darvazadan içəri tərəfdə isə nəhəng, bir neçə metr dərinliyində dördkünc çuxur var. Onun nə məqsədlə tikildiyini öyrənə bilməsəm də, hər halda, görünür burada ya anbar olub, ya da hərbi kazarma.

 

Eynalı möcüzəsi

Gözəllik diyarı Təbrizə səfərimin ən yadda qalan günlərindən biri şəhərin təbii tacı olan Eynalı dağında keçirdiyim saatlardır. Bura iki dəfə gəldik: gecə yeməyə, səhəri gün günorta isə kanatla gəzintiyə.

Bir haşiyəyə çıxım: gündüz Təbrizin adlı-sanlı şairləri ilə görüşümüz olmuşdu. Şairlər Muxtar Sədri, Əmcədi, Rənci, gənc xanım Fərinaz Əsədi və sair şairlərin dilindən Azərbaycana, Qarabağa həsr olunmuş şeriləri dinləmək xoş oldu bizə. Xüsusilə Cəfər adlı gənc şairin erməni gülləsindən həlak olmuş körpə Zəhraya həsr etdiyi şeir içimizi dağladı. Xanım Əsədi isə... sadəcə, bravo ona! O, islam cəmiyyətinin qadın nümayəndəsi olaraq öz şeiri ilə məhəbbətdə üsyan etdi...

Eynalıya ilk gecə yeməyə gəldiyimizi dedim bayaq. Məhz həmin şairlər də bizimlə birlikdə gəlmişdilər. Gecənin qaranlığında Təbriz ucu-bucağı görünməyən işıq dənizini xatırladırdı. Restoranda da gözəl ab-hava vardı, şairlərin əhatəsində olmaq tamam başqa idi. Üstəlik, Təbrizin tanınmış aşıqları da bizi ənənəvi el mahnıları ilə əyləndirirdilər.

Yeri gəlmişkən, mənim xahişimlə “Yanıq Kərəm”i də səsləndirdilər...

Səhəri gün günorta isə kanatla dağlar qoynunda gəzməyə çıxdıq. Dəniz səviyyəsindən 1800, şəhərin əsas hissəsindən isə təxminən 700 metr yüksəkliyi olan Eynalı dağlarında kanatla gəzmək Təbrizə, necə deyərlər, geniş prizmadan baxmağa imkan verirdi.

Bu yerdə qeyd edim ki, Eynalı dağları quru səthə malik olsa da, Təbriz bələdiyyəsi çox böyük xərclər sayəsində buranın təbiətini tamamilə dəyişə bilib. Təxminən 40 milyard tümən sərf edilməklə dağlar başdan-başa yaşıllaşdırılıb və ağacları suvarmaq üçün damcı suvarma sistemi qurulub. Üstəlik, dağda iki tərəfdə süni şəlalələr yaradılıb. Yeni salınmış meşələrə isə ceyran-cüyür, dağkeçiləri və sair buraxılıb. Şəhərdən Eynalı dağının başına qalxan dairəvi yolun kənarlarına isə 4 kilometr məsafədə daş plitələr döşənib. Ümumiyyətlə, günün bütün saatlarında insan izdihamı ilə dolub-daşan Eynalı istirahət kompleksində vətəndaşların rahatlığı üçün hər şey edilib və edilməkdədir. Bu isə mədəniyyət və turizm paytaxtı ünvanı alan Təbrizə əlavə prestij qazandırır... 

Bakı-Təbriz-Bakı 

P.S. Təbriz əsl cənnəti xatırlatdı mənə. Baxmayaraq ki, bütün dünya şəhərlərində olduğu kimi sosial problemləri, həlli vacib olan çatışmazlıqları da var, amma bu gözəl diyara geniş prizmadan baxmaq lazımdır. Təbriz əhli minillər boyu yaşatdığı və günümüzə gətirdiyi zəngin mədəniyyəti ilə dünyaya örnək ola bilib.

Mənim mənəvi qibləgahım Təbriz: biz də bir Azərbaycan türkü olaraq yanındayıq, səni sevirik və sevəcəyik...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev