Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir
Tarix: 08.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda bu istiqamətdə müvafiq qurumlar tərəfindən müzakirələr aparılır

Milli Məclisin payız sessiyasında Elm və Təhsil Haqqında qanunlara müəyyən düzəlişlər və əlavələrin edilməsi nəzərdə tutulur. Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli APA-ya bildirib ki, bununla bağlı komitədə müəyyən işlər görülür: “Elm və təhsil sahəsi zamanla yenilənir, yeni ideyalar, tələbatlar ortaya çıxır. Bunları nəzərə alaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlar birgə fəaliyyət göstərərək zamanın doğurduğu tələblərlə əlaqədar qanunlarda ediləcək əlavə və düzəlişlər üzərində çalışır. Bunlar payız sessiyasında müzakirəyə çıxarılacaq. Elm və təhsil haqqında qanunlara ediləcək düzəliş və əlavələrdə hazırlıq qrupları, magistratura, doktorantura pilləsi, tələbə kredit sistemi və digər məsələlər əksini tapıb. Məsələn, Azərbaycanda tələbələrə kreditlərin verilməsi tətbiq edilir. Ehtiyacı olan tələbələrə təhsil haqqını ödəmək üçün müvafiq qaydada kreditlər ödənilir. Onlar da işlədikləri müddətdə bu krediti geri qaytarmalıdırlar. Hələlik bu sistem yeni tətbiq olunur və onun qanunvericilik çərçivəsində tənzimlənməsinə ehtiyac var. Qanunlara ediləcək əlavə və düzəlişlərə əsasən, kreditlərin verilmə qaydaları və prinsipləri qanunla tənzimlənəcək. Bundan əlavə, təhsil kredit sistemi ancaq bakalavr pilləsi üzrə tətbiq edilir. Gələcəkdə magistratura və doktorantura pilləsində təhsil alanlara da kreditlərin verilməsi nəzərdə tutulur”.
İ.Həbibbəyli vurğulayıb ki, bu ilin sonuna yaxın komitədə orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsinin hazırlamaq üçün işçi qrup yaradılacaq.
Yeri gəlmişkən, tələbələrə təhsil almaqda yardım göstərən və onların hər birinə bərabər imkanlar yaradan “Maarifçi” Tələbə Kredit Fondu öz fəaliyyəti istiqamətində yenilikləri gerçəkləşdirməyə başlayıb. Fonddan Lent.az-a verilən məlumata görə, sözügedən qurum tərəfindən yeni tədris ili üzrə elan sessiyaları keçiriləcək. Artıq kreditlərdən yararlanan tələbələr üçün yaradılmış şəxsi kabinetlər istifadəyə verilib, eləcə də yeni universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, təqdim olunan kreditlərin həcminin artırılması və digər istiqamətlər üzrə kreditlərin təqdim olunması planını həyata keçirməsi planlaşdırılır.
“Maarifçi” Tələbə Kredit Fondu 2017-2018-ci tədris ili üzrə növbəti elan sessiyasına başlayır. Fondun dördüncü elan sessiyasının tarixi 01 –31 oktyabr 2017-ci il olaraq müəyyənləşdirib. Bu barədə ətraflı məlumat Fondun şəxsi veb-saytının müvafiq bölməsində yerləşdiriləcək.
Bundan başqa, Fonddan bildirilib ki, artıq 14 ali təhsil müəssisəsi Fondla əməkdaşlıq edir. Bu siyahıya Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Azərbaycan Dövlət Aqrar Universiteti daxilidir.
Fond fəaliyyətə başlayandan indiyə qədər isə seçim meyarlarına cavab verən tələbələrlə 101-i standart paket və 34-ü güzəştli paket olmaq üzrə 135 təhsil krediti müqaviləsi imzalanıb. Hər tədris ili üzrə əməkdaş universitetlər tərəfindən tələbə yerlərinin sayı təqdim olunur.
Fonddan bildirilib ki, hazırda ancaq bakalavrlar fonddan yararlana bilirsə də, növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər. O da qeyd edilib ki, tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb. Belə ki, kredit alacaq tələbə, ilk növbədə, 25 yaşdan böyük olmamalıdır. İkincisi, mütləq Azərbaycan vətəndaşı olmalıdır. Fondun əməkdaşı olan universitetin tələbəsi olmalıdır. Aztəminatlı ailədən olmalıdır. Ailənin aztəminatlı olmasını müəyyən etmək üçün tələbə valideynlərinin gəlirləri barədə arayış verməlidir. Ailənin illik gəliri 10 min manatdan yuxarı olmamalıdır. Müraciət və qeydiyyat yalnız onlayn qaydada aparılır. Bütün bunlardan sonra tələbələr fond tərəfindən seçilir və kredit müqavilələri imzalanır. İki kredit paketi mövcuddur, standart adlanan paketdə illik 8 faiz dərəcə tətbiq olunur və 5 il 6 ay ərzində ödənilməlidir. Güzəştli paketdə isə illik dərəcə 6 faiz təşkil edir və borcu 10 il ərzində ödəmək mümkündür. Güzəştli paketdən ailə başçısını itirmiş ailələr və ya sağlam imkanları məhdud olan tələbələr faydalana biləcəklər. Təhsilin sonrakı dövründə tələbənin davamiyyət göstəriciləri mütləq nəzərə alınmalıdır. Tələblərdən biri də semestr nəticələrinin 71 baldan yuxarı olmasıdır.
Məlumat üçün həmçinin bildirək ki, “Elm haqqında” qanunda ölkəmizdə doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəa mövcuddur. Ekspertlərin fikrincə, həmin müddəanın sözügedən qanunda yer alması bu prosesin elm və təhsil sahəsini geniş şəkildə əhatə edəcəyinə ümidləri artırıb. Belə ki, Maarifçi Tələbə Kredit Fondunun aztəminatlı tələbələrə kredit verilməsi ilə bağlı atdığı ilkin addımlar elm sahəsinə üz tutan doktorantlara da güzəştli kreditlərin verilməsi üçün bir növ nümunə olub. Mütəxəssislər hesab edirlər ki, bu addım elm sahəsinə üz tutmaq istəyən, ancaq maddi imkansızlıqdan arzularından əl çəkən bir çox gənclərə yaşıl işıq yandıra bilər.
Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, ümumiyyətlə, Azərbaycanda belə bir fondun yaradılması müsbət hadisədir.Onun sözlərinə görə, bu məsələyə digər ali məktəblərin qoşulması və kredit əldə edə biləcək şəxslərin siyahısının genişləndirilməsi işin effektini daha da artırır: “Bu istiqamətdə atılan addımlar müsbət qiymətləndirilməlidir. Çünki bəzən yaxşı oxuyan tələbələr olur ki, ailə vəziyyətinin ağır olması ilə əlaqədar olaraq ödənişlərini verə bilmirlər. Bu layihə imkan verir ki, yaxşı oxuyan tələbələr götürdükləri kredit hesabına təhsil ala bilsinlər. Sonra isə işlə təmin olunacaqlar və həmin krediti qoyulan müddət ərzində qaytaracaqlar. Bunun digər ali məktəblərə də aid edilməsi daha müsbət olardı.Hətta imkan olsa, özəl ali məktəblər də bu layihəyə qoşulsa yaxşı olar. Çünki kreditə ehtiyacı olan tələbələrin sayı kifayət qədərdir”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var: “Ümumi götürdükdə, təhsil haqlarının təxminən, 1000-3000 arasında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyi bir daha göz önünə gəlir. Bütün bunları nəzərə alaraq, hətta Azərbaycanda təhsil krediti haqqında qanun layihəsi də hazırlandı. Bildiyim qədər layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Çünki, ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişir. Bu və digər səbəblərdən "Təhsil krediti haqqında" qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək. Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb. Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi ilə əlaqədar Maarifçi Tələbə Kredit Fondu fəaliyyətdədir. Amma bu Fondun təkliflərindən yararlanmaq hamı üçün əlçatan deyil. Əgər biz təhsili hamı üçün əlçatan etmək kursu üzrə fəaliyyət göstəririksə, o zaman təhsil alanlarımızın sosial problemlərinin həll olunmasında da əlçatanlığı təmin etməliyik”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017