Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dilimizin yeni orfoqrafiya lüğəti hazırlanır
Tarix: 19.11.2010 | Saat: 15:15:00
Bölmə:Araşdırma | çapa göndər

Sovet müstəmləkəçiliyindən qurtulan Azərbaycanda ilk yeniliklərdən biri demokratik mətbuatın yaranması oldu. Qısa müddət ərzində onlarca mətbu nəşr yarandı. O dövrə qədər işlənmiş quru və ağır qəzet dilinin sadələşdirilməsi və yeni dövrün ruhuna uyğunlaşdırılması prosesi də elə bu nəşrlərin fəaliyyəti ilə başladı.

Amma belə yeniləşmə həm də mənfi tendensiyalarla - Azərbaycan türkcəsinin qrammatik qaydalarına məsuliyyətsiz yanaşmaq, redaktə və korrektədə ciddi səhvlərlə müşayiət olundu. Bu gün də son dərəcə aktual olan problemi indi təkcə mətbuata yox, yeni nəşr edilən kitablara, hətta dərsliklərə də aid etmək mümkündür. Çap məhsullarının az qala hamısında elementar durğu işarələri sarıdan ciddi yanlışlıqlara yol verilir. Küçə, mağaza və digər obyektlərin adlarında yol verilmiş belə səhvlər isə istənilən qədərdir. Məsələn, şəhərin mərkəzində Bülbülün adını daşıyan küçədə yerləşən qurumlar bəstəkarın adını defislə “Bül-bül“ kimi yazıblar. Acınacaqlısı odur ki belə hallar aradan qaldırılmaq əvəzinə, getdikcə yeni açılan obyektlərin adları timsalında çoxalır. Daha bir misal: “Azadlıq“ prospektində metronun “28 May“ stansiyasının yaxınlığında yerləşən uşaq mağazasının adını olduğu kimi yazırıq - “Dooşan“. Sözdəki “v“ hərfinin aqibətini satıcıdan öyrənmək istəsək də, qəzəbli münasibətlə rastlaşırıq. “Bura mal almağa gəlmisiniz, yoxsa hərf səhvi tutmağa. Yazmışıq əcəb eləmişik. Kefimiz belə istəyir“. Hələ hərflərinin yarısı latın, yarısı isə kiril əlifabasında yazılan sərlövhələri demirik.

Günah dizaynerlərdədir?

Paytaxtdakı araşdırmamızı davam etdirərək daha bir səhvi qeyd etmək istəyirik. Həsən Əliyev küçəsindəki adı “Avanqard“ kimi yazılmalı olan mağazanın adının “Avantqard“ yazıldığını görüb yanlışlığın səbəbini soruşuruq. Həmsöhbətim mağazanın 6 ildən çoxdur fəaliyyət göstərdiyini, amma indiyədək buna fikir vermədiklərini dedi. O, səhvi mağazanın adının yazıldığı lövhənin tərtibatı ilə məşğul olan dizaynerin üstünə atdı. Birtərəfli olsa da, haqlı irad idi. Çünki əksər dizaynerin sözlərin yazılışı və durğu işarələri barədə məlumatsız olmaları üzündən şəhəri bəzəyən lövəhlərdə bu cür kobud səhvlərə yol verilməsi dəfələrlə vuruğulanıb. Amma dizaynerlərin dilin qanunauyğunluqlarını mükəmməl bilməsi də onların vəzifə borcu olmaya bilər. Əsas səbəb reklam şitləri, yaxud da mağaza və obyektlər üçün adların hazırlandığı poliqrafiyalarda korrektor ştatının olmaması ilə bağlıdır. Hələ sovet dönəmində korrektorun razılığı olmadan hər hansı broşüranın belə çapına icazə verilmədiyi halda, indi poliqrafiya və mətbəə rəhbərliyi korrektoru artıq işçi sayırlar. Nəticədə dilimizi kobud şəkildə pozan hallara rast gəlinir.

“Müdir“ nə vaxtdan “müdür“ olub?

Toy dəvətnamələrindən tutmuş ərzaq məhsullarının etiketinə qədər növbənöv yarlıqlar hazırlayan paytaxtdakı “X-trend“ adlı poliqrafiyadan onlarda korrektor olub-olmadığını öyrənməyimizi mətbəə rəhbərliyi təəccüblə qarşıladı. Mətbəədən fəaliyyət göstərdikləri müddət ərzində onlara orfoqrafik səhvlərlə bağlı nə şikayət olunduğunu, nə də işlərinin qaydasında olması üçün korrektora ehtiyac duyduqlarını dedilər.
“RİM“ poliqrafiya mərkəzinin direktoru Malik Məmmədov isə bizimlə söhbətində, həqiqətən də, bir çox poilqrafiya və mətbəənin dilimizin orfoqrafik qaydalarına biganə yanaşdıqlarını dedi. Bundan əlavə, sifarişçilərin özlərinin də məsuliyyətsizliyi ucbatından xoşagəlməz hallarla rastlaşdıqlarını xatırlatdı: “Daha çox vizit kartlarının hazırlanması zamanı narazılıqlar yaranır. Məsələn, Türkiyə türkcəsində “müdir“ sözü “müdür“ kimi yazılır. Sifarişçilər isə ikincinin doğru olduğunu düşünür və yaxud hansısa türk vətəndaşına məxsus vizit kartında bu cür gördüyündən israr edir ki, “müdür“ yazılsın. Belə olan halda, təbii ki, korrektora ehtiyac duyulur“.
M.Məmmədov qarşı tərəfə orfoqrafik lüğəti göstərməklə dilin qanunauyğunluqlarının imkan verdiyi tərzdə razılığa gəlindiyini deyir: “Hesab edirəm ki, hər bir mətbəə və poliqrafiya rəhbərliyi dilimizin düzgün inkişaf etdirilməsində maraqlı olmalıdır“.
Mütəxəssislər bu sahədə vəsait qıtlığının olduğunu gizlətmirlər. Xüsusən də durğu işarələri ilə bağlı vəziyyətin yaxşı olmadığını elə bu sahəyə olan diqqətsizlikdən də görmək olar. Belə ki, son elmi nəşr 33 il öncə - 1977-ci ildə işıq üzü görüb. Müəllifı Zərifə Budaqova olan “Azərbaycan dilində durğu işarələri“ kitabında nöqtə, vergül, nöqtəli vergül, iki nöqtə, sual, nida, tire, üç nöqtə, mötərizə, dırnaq işarələrinin işlənməsi qaydaları yer alıb. Bu kitabın isə yenidən işlənməsi bir yana, elə indiki halında əldə etmək də problemdir. Mətbuat və nəşriyyat işçiləri də məhz bundan şikayətçidirlər. Söhbətləşdiyimiz bir neçə həmkarımız öz bilikləri və təcrübələrinə güvənərək işlədiklərini deyir.

Sözün “kompüter“ kimi yazılışı düzgün deyil?

Durğu işarələri ilə bağlı olmasa da, orfoqrafik lüğətlə bağlı eşitdiyimiz xəbər yaranan problemlərin bundan sonra qismən də aradan qaldırılacağına ümid etməyə əsas verir. Belə ki, yaxın günlərdə yeni orfoqrafiya lüğəti işıq üzü görəcək. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun lüğətçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyir ki, lüğət işi iynə ilə gor qazmaq kimi bir işdir: “Lüğətə hər sözü salmaq olmur. Bu sözlər Azərbaycan dilinin qayda-qanunlarına uyğun olmalıdır. Lüğətə salınacaq əsas yeni sözlər mətbuatda, televiziyalarda, radiolarda, elmi və bədii ədəbiyyatda işlənən sözlərdir. Nəzərdə tutmuşuq ki, lüğətin sonuna coğrafi, şəxs adlarını da əlavə edək. 1960-cı ilin lüğətində qadın, kişi adlarının siyahısı verilmişdi. Bu siyahının verilməsi insanlara orfoqrafik səhvlərin düzəldilməsində çox kömək edə bilər“. Yeni lüğətə “diskresiya“, “toparlamaq“, “transsərhəd“, “aksessuar“, “ağır-cəngi“, “kimlik“ sözləri daxil ediləcəyini deyən şöbə müdirinin sözlərinə görə, “super“, “ober“ kimi hissəciklərin birləşməsindən yaranan sözlər də yeni lüğətə əlavə ediləcək: “Əvvəlki orfoqrafiya qaydalarında mövcud olan “varı“ şəkilçisi yeni qaydalarda “vari“ kimi göstərilib. Buna görə də hazırkı lüğətdə verilən “buynuzvarı“, “qalxanvarı“, “yüngülvarı“, “üzükvarı“, “spiralvarı“ sözlərindəki sonuncu “ı“ saiti yeni lüğətdə “i“ yazılacaq“. Mübahisəli məqamlardan biri də eyni sözlərin yazılışının müxtəlif mənbələrdə müxtəlif cür göstərilməsidir. Məsələn, bəzi mənbələrdə “kompüter“, bəzilərində “kompyuter“, bəzilərində “litsey“, bəzilərində “lisey“ yazılır.
İ.Məmmədov bildirir ki, son orfoqrafiya lüğətində “kompyuter“, “lisey“ yazılır: “Sözün “kompüter“ kimi yazılışı düzgün deyil. Söz orfoqrafiya lüğətində necə verilibsə, o formada da yazılmalıdır. “Əmək haqqı“ da ayrı yazılmalıdır. Amma “əməkgün“ bitişik olmalıdır. Çox adam elə bilir ki, “ağciyər“, “qaraciyər“ sözlərini də ayrı yazmaq lazımdır. Amma bu sözlər də bir yerdə yazılmalıdır. Qəzetlərə baxırıq, əsasən “bugünkü“ sözünü səhv, yəni ayrı yazırlar. “Bugünkü“ sözünü bitişik, amma “ogünkü“nü ayrı yazırıq. Gərək bu cür sözlər bir cür, yəni bitişik yazılsın. Eyni zamanda “səhərəqədərki“, “bayramaqədərki“ sözləri bitişik yazılmalıdır. Çünki bu sözlər bir vurğu ilə deyilir və mürəkkəb söz kimi qəbul edilir. Tərkibində “qeyri“, “külli“, “əks“, “eks“, “vitse“, “kontr“, “super“, “ober“lə başlanan sözlərin hamısı defislə yazılmalıdır. Amma buna riayət edilirmi?“. Xatırladaq ki, Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi. 2004-cü ilin nəşrində, yəni hazırkı lüğətdə sözlərin sayı 22 min artaraq 80 minə çatıb. Yaxın günlərdə işıq üzü görəcək yeni lüğətə isə 2 - 3 minə yaxın yeni sözün əlavə ediləcəyi bildirilir. Ümumilikdə isə lüğətdəki sözlərin sayının 100 minə çatdırılması planlaşdırılır.

Naibə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018