Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ölkələrimiz arasında əlaqələr genişlənir"
Tarix: 15.09.2017 | Saat: 18:30:00
Bölmə:Siyasət | çapa göndər

Meksikanın Müstəqillik Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil etdi. Müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, Azərbaycanın rəsmi şəxsləri, jurnalistlər və ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə türk-soprano Oya Ərgünün ifasında parçalar dinlənildi. 

Çıxış edən Meksikanın fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini bildirdi ki, iki ildən artıqdır Azərbaycandadır və burada ancaq mehribanlıq, qonaqpərvərlik görüb. "Meksika ilə Azərbaycan arasında münasibətlər gündən-günə genişlənir. Neft və qaz ölkələrimiz arasında təbii bağlılıqdır. Meksikadan gələn neft mütəxəssisləri və rəsmiləri buradakı neft sahəsinin ali təhsil ocaqlarında olublar. Bu da ikitərəfli əməkdaşlıq əzmini nümayiş etdirir", - deyən səfir əlavə etdi ki, Meksika və Azərbaycan bu gün dünyanın fərqli yerlərində logistika mərkəzlərinə çevrilməkdədir. İkitərəfli əməkdaşlıqdan söz açan diplomat dedi ki, səfirlik açılanda ticarət əlaqələri iki milyon dollar idi. Bu gün isə həmin rəqəm 22 milyona qalxıb. Səfir Labardini ölkələrimizin turizm sahəsinin inkişaf etdirdiyini də bildirdi. Dedi ki, turizm bu gün Meksika ÜDM-nin 9 faizini təşkil etməkdədir. Xarici İşlər Nazirliyinin rəsmisi Anar Canəhmədov da bayram münasibətilə Meksika xalqını təbrik etdi. Bildirdi ki, ölkələrimiz arasında əlaqələr sürətlə genişlənir və bunun üçün potensial da mövcuddur. O, Azərbaycanın Cənubi Qafqazda sabitliyin təminatçısı olduğunu, amma Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, nəticədə, bir milyon azərbaycanlının qaçqına çevrildiyini nəzərə çatdırdı. Onu da vurğuladı ki, bütün bu məsələlərdə Meksika hökuməti Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdədir.
İndi də gəlin, Meksika dövləti və zəngin irsə malik xalqı ilə qısaca tanış olaq.
Ərazisi 2 milyon kvadratkilometrə yaxın olan (dünyada 13-cü yerdə) Meksika böyüklüyünə görə, Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir.
Amerikanın ispanlar tərəfindən kəşf edilməsinə qədər, qədim tarixə malik Meksika ərazisində mayyalıların və Atsteklərin dövləti mövcud olub. 1518-ci ildə İspaniya konkistadoru Xuan Qrixalvanın ekspedisiyası Meksikaya gəlib. 1519-cu ildə ispan konkistadoru Kortesin dəstəsi Meksika sahillərinə çıxaraq, burada Verakruz adlı şəhərin təməlini qoyub. Tezliklə o, heç bir döyüş olmadan Astek dövlətinin paytaxtı Tenoçtitlanda (indiki Mexiko) daxil olur və astek hökmdarı Montesumunu əsir götürür. 1524-cü ildə Qvatemala və Honduras da Meksikaya (yeni İspaniyaya) birləşdirilir. 1535-ci ildə mərkəzi Mexiko şəhəri olmaqla Yeni İspaniya adlı vitse-krallıq qurulur.
Meksikada 1810-1824-cü illərdə İspaniya müstəmləkəçilərinə qarşı azadlıq mübarizəsi baş vermir. 1821-ci ildə ispan əsarətindən xilas olan və müstəqillik əldə edən Meksikanın ümumi ərazisi 5 milyon kvadratkilometrə qədər idi. Bu ərazi Solt-Leyk gölündən müasir Kosta-Rika sərhədlərinə kimi uzanırdı.
Müstəqil Meksikanın ilk Konstitusiyası 1824-cü ildə qəbul olunub. Elə həmin il Mərkəzi Amerika dövlətləri federasiyası Meksikadan ayrılaraq müstəqilliklərini elan edirlər.
1846-1848-ci illərdə ABŞ-la müharibə nəticəsində Meksika ərazisinin təxminən yarısı - 2,2 milyon kvadratkilometri işğal olunur və ABŞ-ın ştatları olan Texas, Kaliforniya, Arizona, Nyu-Meksika, qismən Yuta, Kolorado, Oklaxoma və Kanzas ondan ayrılır.
Təxminən, 120 milyonluq Meksika əhalisi (sayına görə dünyada 11-ci yerdə) əsasən yerli hindulardan və İspaniyadan gəlmiş ispanların qarışığından ibarətdir. 85 faizi metislərin payına düşən əhalinin 85 faizi katolik, 10 faizi protestantdır.
Meksikanın prezidenti Enrike Penya Nietodur.
Pul vahidi Meksika pesosudur.
Meksika iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 5 ildə ümumdaxili məhsulun artımı 2,8 faiz olub. İqtisadiyyatın inkişafına əsas töhfə verən neft hasilatının əsas rayonu Meksika körfəzi sahilində - ABŞ-la sərhəddən Qvatemalaya qədər olan ərazi sayılır. Ümumiyyətlə, 15 milyard barrel təsdiqlənmiş neft ehtiyyatları var, hansı ki, kəşf olunmamış potensialı 100 milyard barreldən artıq qiymətləndirilir. Əsas təbii qaz ehtiyatları cənubda - Posa-Riko və Reynos şəhərləri ətrafındadır. Bu ehtiayt ölkənin təbii qaza olan ehtiyacını tamamilə ödəyir.


Ölkənin metallurgiyasına tələb olunan daş kömür Sabinas-Nueva-Rosita hövzəsindən çıxarılır. Yaki çayının yuxarı axarında, Oaxaka, Çiyaya, Çyapas və Gerrero ştatları ərazilərindəki kömür ehtiyatlarından da istifadə edilir. Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 60 faizi İES, 40 faizi isə SES-lərdə istehsal edilir.
Məşhur Meksika tədqiqatçısı Kampilyo Saensin təsnifatına əsasən ölkə ərazisinda kifayət qədər qiymətli və nadir metallar, sink, qurğuşun, mis, manqan, civə, sürmə və digər metallar var. Qeyri-filiz ehiyatlarından kükürd, flüyerit, barıt, qrafıt, təbii qaz və tikinti materialları daha zəngindir. Dəmir filizinin ehtiyatı 570 milyon ton hesablanıb.
Emaledici sənayedə çuğun və polad istehsalına önəm verilir. Meksika hazırda qara metallurgiyanın inkişaf səviyyəsinə görə Braziliyadan sonra regionda ikinci yeri tutur.
Meksika sənayesinin ən qocaman sahələrindən biri toxuculuqdur. Ölkənin əksər rayonlarında toxuculuq müəssisələri var.
Neft-kimya və metallurgiya sənayesi yüksək səviyyədə təmərgüzləşməsi ilə seçilir. Ölkədə istehsal olunan çuğun və poladın 90 faizdən çoxu 4 şirkətin, onun da 45 faizi “Alltosorios-de Mexiko” şirkətinin payına düşür.
Əsas ərzaq bitkisi qarğıdalı hesab edilir və əkin yerinin təxminən yarısını əhatə edir. Qarğıdalıdan başqa buğda, çəltik, şəkər qamışı, lobya, bibər mühüm yer tutur. Ölkə bu məhsullara tələbatını tam ödəyir və qismini də ixrac edir. Vacib ixrac məhsullarına eyni zamanda pambıq, qəhvə və pomidor daxildir. Suvarma ərazilərində istehsal edilən meyvə-tərəvəz daxili və xarici bazarlara çıxarılır. Sitrus bitkiləri içərisində ən geniş yayılanı portağaldır. Son illər şərab istehsalı üçün texniki üzüm sortları əkin sahələri genişləndirilir. Meksika dünyada ən çox istiot istehsal edən ölkələrdəndir.
Meksikanın sürətlə inkişaf edən sənaye sahələrindən biri də turizmdir. Təxmini rəqəmlərə görə, Meksikaya hər il 35 milyonadək turist gəlir və bu rəqəm ildən-ilə yüksəlir. Ölkə turizmin inkişafına görə dünyanın ilk on ölkəsi sırasında yer tutur.
Azərbaycanla Meksika arasında diplomatik əlaqələr 1992-ci il fevral ayının 10-da qurulub. Azərbaycanın bu ölkədə səfirliyi 10 yanvar 2008-ci ildə, Meksikanın Azərbaycandakı səfirliyi isə 1 oktyabr 2014-cü ildə açılıb.
İki ölkənin parlamentləri arasında da sıx əlaqələr mövcuddur. Bu gün Milli Məclisdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2016-cı il martın 4-dən Ülvi Quliyev işçi qrupunun rəhbəridir. 2010-cu il aprelin 8-də isə Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və həmin qrupun rəhbəri Raymundo Kinq de la Rosadır.
2011-ci il noyabrın 4-də "Senatın Asiya-Sakit okean ölkələri üzrə xarici əlaqələr komitəsinin Dağlıq Qarabağ regionunda münaqişəyə dair rəyi" adlı sənəd Meksika Senatında qəbul edilib. Həmin il dekabrın 8-də isə Deputatlar Palatasının sessiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında" sənəd qəbul olunub.
Yada salaq ki, 2012-ci il fevralın 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı faciəsi soyqırım adlandırılıb. 23 avqust 2012-ci ildə isə Meksikada Xocalı soyqırımına həsr olunmuş abidə qoyulub. Abidə paytaxt Mexikonun Tlakskoake–Xocalı meydanında yerləşir.
Azərbaycan-Meksika dostluğunu nəzərdə tutaraq, 2010-cu ildə hər iki ölkə tərəfindən poçt markalarının "Azərbaycan - Meksika" birgə buraxılışı çap edilib. Markalarda Atəşgah və Teotluakan təsvir olunub.

Vüsal Tağıbəyli

P.S. Biz də “Həftə içi” qəzetinin əməkdaşları olaraq, Meksikanın ölkəmizdəki səfirliyinin başda səfir Rodriqo Labardini olmaqla bütün diplomatlarını bayram münasibətilə təbrik edirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017