Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Muğamla Koreyanın qayaqqım alətində ifa ortaq mədəni köklərimizi tapmağa kömək edəcək” - Kim Çanq-gyu
Tarix: 18.09.2017 | Saat: 12:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycanla Cənubi Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş Koreya Mədəniyyət Festivalı çərçivəsində konsert təşkil edilib. Heydər Əliyev Sarayında baş tutan möhtəşəm tədbirə start verilmədən öncə qonaqlar Sarayın foyesində iki ölkə əlaqələrinə həsr edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, tədbir Cənubi Koreya səfirliyi və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) İctimai Birliyi tərəfindən birgə təşkil olunub.

Qədim saray ənənəsindən zadəgan mədəniyyətinə, zərif və çoxçeşidli Koreya yaşam tərzini gözlər önünə sərgiləyən konsert Koreya milli rəqsi ilə başlayıb. Proqram boyunca Koreya mili geyimlərindən ibarət moda nümayişi, milli musiqi və rəqslər, ritm alətlərində həzin sədalar tamaşaçıların alqışları ilə qarşılanıb.

Tədbirin başlanğıcında səhnəyə dəvət edilən Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu və xanımı Koreya milli geyimində tamaşaçılarla salamlaşıblar. Çıxış edən koreyalı səfir ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ilində belə möhtəşəm mədəniyyət tədbirinin keçirilməsindən məmnun qaldığını diqqətə çatdırıb. “Bugünki tədbirə Koreyanın ən yaxşı incəsənət ustalarından ibarət Milli Mədəniyyət Qrupu və taekvandonun ən ali qrumu olan Dünya Taekvando Mərkəzinin Taekvando Nümayiş Qrupunu dəvət etdiyimiz üçün sevinirəm. Şadam ki, Koreyanın ruh və adət-ənənələrini əks etdirən milli geyim -“Hombok”dan ibarət moda nümayişi də proqramda yer alır. Bu gün Azərbaycan milli musiqisi olan muğamla Koreyanın qayaqqım alətində ifanın birlikdə səslənməsi xalqlarımızın ortaq mədəni köklərini tapmaqda kömək edəcək, eyni Altay dil qrupuna mənsub qardaş dövlətlər olaraq bu möhkəm bağlılığımızı bir daha hiss etməmizə səbəb olacaq” deyən səfir Kim Çanq-gyu onu da vurğulayıb ki, mümkün qədər çox azərbaycanlı dostlarımızın bu konsertdə iştirak edərək əylənməsini istəyərdi.

Bu arada qeyd edək ki, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) İctimai Birliyinin sədri Ruhəngiz Heydərova da tədbir iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə qeyd edilir ki, iki ölkə arasında əsası ulu öndət Heydər Əliyev tərəfindən 1992-ci ildə qoyulmuş diplomatik əlaqələrin bu il 25 ili tamam olur. “Azərbaycanla Koreya arasında yaranmış sıx münasibətlər prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq, mübadilələr, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri bu əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verib” deyən SEBA sədrinin müraciətində əlavə edilib ki, əlaqələrin genişlənməsində artıq 12 ildir fəaliyyət göstərən Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının da müəyyən rolu var. Belə ki, SEBA Azərbaycan Mədəniyyət Fondu, şəxsən birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirdiyi müxtəlif mədəniyyət tədbirləri – konsertlər, beynəlxalq incəsənət sərgiləri, elmi simpozium və konfranslar, arxeoloji tədqiqatlar, tibbi layihələr və sair görülən işlərə aiddir.

Proqramın birinci hissəsində təqdim olunan moda nümayişində 20 illik təcrübəyə malik Hanbok dizayneri Kim Civon milli geyimlərlə sanki möcüzələr yaratmışdı. O, Koreya milli mədəniyyətindən bəhs edən televerilişlər, musiqili əsərlər, milli musiqi alətlərində ifa, kino, tamaşa və videolar da daxil olmaqla bir çox incəsənət sahəsində fəaliyyət göstərib, həmçinin milli incəsənət adamlarının geyimlərinin dizaynı ilə də məşğul olub.

Li Cenyunqun isə, müəllifi olduğu əsrarəngiz milli saç düzümü və bəzək əşyaları kolleksiyası tədbir iştirakçılarını valeh edib. Li Cenyunqun digərlərindən fərqi ondadır ki, daha əvvəllər milli rəqslərin ifasında öz ağırlığı ilə oyunçuların hərəkətinə maneə yaradan bəzək əşyalarına yeni dizayn gətirib. Bununla da rəqs ifaçıları hazırda daha çevik hərəkət etməkdədirlər. 

Daha sonra Dünya Taekvando Akademiyasının "Kukkiwon" taekvando nümayişi qrupu dinamik və rəngarəng hərəkətlərlə çıxış edib. Taekvando hərəkətlərinin qrupla nümayişi, özünümüdafiə, kyokpa (lövhəqırma), eləcə də digər dinamik və rəngarəng hərəkətlər qonaqlar tərəfindən ayaq üstə alqışlanıb.

Bu yerdə qeyd edək ki, Dünya Taekvando Mərkəzinin Taekvando Nümayiş Qrupu 1974-cü ildə yaradılıb. Bu gün də bu qrup taekvandonun bütün dünyada tanıdılması üçün misilsiz işlər görür.

Konsertə Koreyanın opera ifaçıları, Azərbaycanın muğam ustası (Səbinə Ərəbli) və Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin birgə çıxışı da yeni rəng qatıb.

“Modumbuk” Kori dünya zərb alətləri qrupunun, Koreya milli musiqi mərkəzi xalq orkestri – milli trionun ifası, sevgililərin bir-birinə məhəbbətini əks etdirən, xalq musiqisi “Saranqa” (Sevgi nəğməsi), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında “Azərbaycan suitası”, Hannuri Rəqs Ansamblının ifasında “Tepyonmu” rəqsi çox möhtəşəm idi. Eləcə də sonda Kori qrupunun ritmik Panqut ifası ilə başlayaraq Hannuri Rəqs Ansamblının nağara, qaval rəqsi ilə müşayiət olunan səhnə və taekvando ustalarının ölkə bayraqları ilə nümayişləri mədəniyyət tədbirini yekunlaşdırıb.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017