Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şagird sıxlığı çox olan məktəblər
Tarix: 20.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlərin fikrincə, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil alarsa, problem daha tez həllini tapa bilər

Bakı şəhərinin bəzi orta məktəblərində siniflərdə uşaqların sıxlığı müvafiq normadan artıqdır. Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, bu, paytaxtın bir sıra ərazilərində müşahidə olunan əhali artımı ilə bağlıdır. Ümumilikdə Bakı şəhərində bütün siniflər üzrə ən çox sıxlıq 182, 179, 274, 149, 218, 255, 313, 314, 322 nömrəli tam orta məktəblərdədir.
Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzindən çox, Bakıətrafı qəsəbələrdə özünü daha artıq göstərir. Qeyd edək ki, şagird sıxlığı əsasən Binəqədi, Sabunçu və Xəzər rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur. Ən az şagirdi olan məktəblər isə 224 və 122 nömrəli tam orta məktəblərdir.
Şagird sıxlığına görə paytaxt üzrə 2 məktəbdə növbəlilik yaranıb. Bakı şəhəri 179 nömrəli tam orta məktəb 640 şagird yerlikdir. Hazırda məktəbdə 2670 nəfər şagird təhsil alır. Məktəb rəsmi iki növbədə fəaliyyət göstərir. Lakin sıxlığın tənzimlənməsi üçün iki aralıq növbə yaradılıb. Dərslər I növbə saat 8.00-13.00-dək, aralıq növbə: 11.20- 14.50 və 14.50-18.05; II növbə 13.10—18.05-dək keçirilir.
Bakının 314 nömrəli məktəbi 800 şagird yerlik olmasına baxmayaraq, 300 yeri qaçqın məktəbi üçün ayrılıb. Hazırda məktəbdə 1716 nəfər şagird təhsil alır. Məktəb rəsmi iki növbədə fəaliyyət göstərir. Lakin sıxlığın tənzimlənməsi üçün bir aralıq növbə yaradılıb. Dərslər I növbə saat 8:00-13:00-dək, aralıq növbə: 11:25- 14:40; II növbə 13:10—18:05-dək keçirilir.
Şagird sıxlığı ilə bağlı gərginlik müşahidə olunan təhsil müəssisələrinin siyahısı hazırlanıb. Məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər həyata keçirilir. Şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün nəzərdə tutulmuş əlavə tədris korpusu və yeni məktəb binalarının tikintisinin həyata keçirilməsi zəruri olan müəssisələr barədə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılması və şəhərin bir sıra ümumi təhsil müəssisələrində yerləşdirilmiş məcburi köçkün məktəblərinin həmin binalaradan köçürülməsi istiqamətində təkliflər irəli sürülüb.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla formalaşır. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayının 20 nəfərdən az olmasıyla təşkil oluna bilər.
Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilməsi haqqında” 19 yanvar 2012-ci il tarixli qərarında da qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 saylı qərarı) görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda, yaxud şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.
Eyni zamanda, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 kvadratmetr olmaqla təşkil edilir. Bundan başqa, sənəddə göstərilib ki, dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 kvadratmetr, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 kvadratmetr sahə hesablanır.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil üzrə ekspert Əjdər Ağayev hesab edir ki, şagird sıxlığı müşahidə olunan məktəblərdə problemin tezliklə aradan qaldırılması vacibdir: “Əslində məktəblər inşa edilərkən 1200, 1800 və sair sayda şagird üçün nəzərdə tutulur. Amma bu gün Bakıda elə məktəb var ki, 1200 şagird üçün nəzərdə tutulsa da orada 3000 şagird təhsil alır. Sinif otaqlarında isə bir qrupda 35-40 nəfər şagird olur. Belə məktəbdə təhsilin keyfiyyətindən danışmaq yersizdir. Çünki müəllimlər bir sinifdə 40 şagirdlə işləyə bilmirlər. Digər tərəfdən belə məktəblərdə şagirdlərin hərəkəti çətinləşir. Məktəbdə çox mürəkkəb bir vəziyyət yaranır. Ona görə də, BŞTİ-nin təklifi vaxtında Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilməlidir ki, problem ortadan qaldırılsın. Həyətyanı sahəsində imkan olan məktəblərdə yeni korpuslar tikilsin. Hansı məktəbdəki belə imkan yoxdur, həmin ərazidə yeni məktəblər inşa edilməlidir ki, millətin balaları sağlam və savadlı böyüsün”.
Onun dediyinə görə, şagird sıxlığı ilə bağlı tələbə əsasən, bir sinifdə maxsimum şagird sayı 25 nəfər təşkil edə bilər: “Bu gün liseylərdə maksimum şagird sayı 15 nəfərdir. Ona görə də, həmin məktəblərdə keyfiyyətli təhsil verilir. Digər ümumtəhsil müəssisələrində isə bu tələbin qaydaları pozulur. Bu isə öz növbəsində uşaqlara verilən təhsilin keyfiyyətinə təsir göstərir. Bir sinifdə 40 şagird varsa, orada dərsi, proqramı tam mənimsəməkdən söhbət gedə bilməz. Təbii ki, eyni zamanda şagirdlərin biliyinin qiymətləndirilməsi kortəbii aparılacaq. Müəllim 40 şagirdin hamısını bir 45 dəqiqədə dərs danışmağa qaldıra bilməz. Ümumi sual-cavabla sinifin dərsə hazırlığını qiymətləndirə bilər ki, bu da pedoqoji baxımdan düzgün deyil. Digər tərəfdən, problemin həlli yollarından biri budur ki, yaşayış binalarının inşası zamanı məktəb infrastrukturu nəzərə alınmalıdır. Yəni, yaşayış binalarının inşasına icazə verən qurumlar, orada məktəb, baxça sayını, yerini də diqqətdə saxlamalıdırlar”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Məlahət Mürşüdlü də deyib ki, məktəblərdə şagird sıxlığının azaldılması üçün müxtəlif yollar var: “Etiraf edək ki, yaxşı ibtidai sinif müəllimi, savadlı fənn müəllimi axtarışında olan valideynlər Mərdəkandan, Buzovnadan və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər. Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir. Bu, qaydaya ciddi şəkildə riayət olunurdu. Məsələn, Türkiyə də belə bir qayda var və bu, sıxlığın qarşısını alır. Uşaq yaşadığı ərazidə olan məktəbdə təhsil almalıdır. Başqa məktəblərə getmək imkanları məhduddur. İlk növbədə bunu həyata keçirmək olar. Digər tərəfdən Bakı ətrafında yerləşən məktəblərdə təlim-tərbiyə prosesinin keyfiyyəti qaldırılmalı, müəllim kadrların təkmilləşdirilməsinə diqqət artırılmalıdır. Yəni, valideynlər düşünürlər ki, mərkəzi məktəblərdə ən savadlı, peşəkar müəllimlər çalışırlar. Ona görə də sıxlıq baş verir. Bunlardan istifadə etməklə sıxlığın qarşısını müəyyən qədər almaq olar”.
Xatırladaq ki, bu il Azərbaycanda bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Eyni zamanda, 12 məktəb binası əsaslı, 500-ə yaxın məktəb cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub. Digər tərəfdən, bu günədək 30 modul tipli məktəbin inşası başa çatıb, 40 məktəbdə isə bu sahədə iş davam etdirilir. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər,Göyçay və digər rayonlarda inşa olunub.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017