Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmi tədqiqat laboratoriyaları
Tarix: 21.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Mütəxəssslərin fikrincə, bu sahədə infrastrukturun müasirləşdirilməsinə ehtiyac var

“Bu gün ölkədə aparılan elmi araşdırmalara kifayət qədər maliyyə vəsaiti ayrılmasa, onda gələcəkdə yüksəkixtisaslı kadr əldə edə bilməyəcəyik”. Qeyd edək ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin iclasında deyib. O bildirib ki, doktorantların elmi araşdırmalar aparması büdcədən maliyyələşmir: “Dövlət sifarişli tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlərimiz var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmaları ilə bağlı, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur”.
Deputat vurğulayıb ki, yüksəkixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir: “Keyfiyyət üçün yaxsı vəsait qoyulmalıdır ki, nəticə yaxşı olsun. Əlbəttə, bunun üçün Prezident yanında Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı, ya da ali təhsil sistemində ya ixtisarlaşma, ya da qrant layihələrinin verilməsi istiqamətində yeni qanun layihəsinin qəbuluna ehtiyac var. Çünki bu gün istər bakalavr, istər magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, gələcək mütəxəssislər həmin cihazlar vasitəsi ilə yeni biliklərə yiyələnə bilsinlər. Xaricdən müasir tibbi avadanlıqlar gətirilsə də, onunla işləyə bilən mütəxəssis demək olar ki, yoxdur. Bu da təhsil və elm müəssisələrində ciddi problem olaraq qalır. Ona görə də mövcud problemin həlli üçün elmi müəssisələrlə birlikdə müzakirə aparmalıyıq”.
Yeri gəlmişkən, hazırda inkişaf etmiş ölkələrin əldə etdiyi uğurlarda elmi tədqiqatlar mühim yer tutur. Məsələn, Fransada 83 dövlət universiteti mövcuddur ki, onlar dövlət tərəfindən maliyyələşdiyindən qəbul və məzun olma prosedurası çox ciddi nəzarətdə saxlanılır. Universitetlər Fransada dövlətin elmi araşdırmalarının həyata keçirildiyi və inkişaf etdirildiyi yerlərdir. Təsadüfi deyildir ki, son dövlərdə fransız elminin qazandığı Nobel Mükafatları əsasən universitetlərin nailiyyətləridir. Fransa dövləti təhsil istiqamətində “İnnovasiya və araşdırmaların milli strategiyası”-nı irəli sürüb. Burada söhbət dörd illik araşdırmalar vasitəsilə biliklərin, texnologiya və sosiologiya və b. elmi sahələrin çatışmayan tərəfləri və səhvlərini müəyyənləşdirməkdən gedir. Tutaq ki, 2009/2012-ci illər üçün müəyyən edilən istiqamətlər səhiyyə, qidalanma, biotexnologiya, təcili ətraf mühit məsələləri və ekotexnologiya, informasiya, kommunikasiya və nanotexnologiya üzrə olub.
Hazırda bu ölkədə 62 000 müəllim-araşdırmacılar tərəfindən istifadə edilən 300-dən çox doktorluq məktəbi 1200 laboratoriya vasitəsilə elmi araşdırmanın daim inkişafı təmin edlir.
Universitetlər tərəfindən təklif olunan ali təhsil proqramları ilbəil daha çox bazar iqtisadiyyatına doğru açılır. Davam edən universitet tədris prosesində praktiki iş təcrübəsi (staj) keçən tələbələrin sayı 30 faizə qədərdir. Master mərhələsində isə 60 faiz təşkil edir. Bu isə öz növbəsində təhsildən sonra peşəkar fəaliyyəti təmin edir.
Ali təhsil araşdırma institutları (PRES) isə Fransanın elmi mühitində mühim rol oynayır.
Belə ki, ölkədə olan 20-ə yaxın PRES universitetlər, ixtisaslaşmış məktəblər və araşdırma orqanlarını, onların fəaliyyəti və üsullarını əlaqələndirir. PRES ilk öncə üzv orqanlar üçün inkişaf mexanizmidir. O beynəlxalq elmi yarışlarda fransız qurumlarının uğur qazanmasında əsas rolu oynayır. PRES bir və ya bir neçə üzv məktəb və universitetlər tərəfindən təklif olunan eyni və ya yaxın ixtisasların master və doktorluq səviyyəsində koordinasiya edilməsi işini də görür.
ABŞ-da isə elmin idarə edilməsi təcrübəsi xeyli maraq doğurur. Çünki burada söhbət təhsil, iqtisadiyyat sahələri və müxtəlif dövlət orqanları ilə sıx inteqrasiya edən dünyanın ən iri Elmi-Texniki Kompleksindən gedir. Burada universitetlərin tədqiqat mərkəzləri, sənaye korporasiyaları, milli dövlət laboratoriyaları, azad tədqiqat təşkilatları, kiçik və orta kommersiya və mühəndis şirkətləri, kooperativ təşkilatlar daxildir. Hökumət ETK-nın müstəqil fəaliyyətinin səmərəliliyini təmin edir, həmçinin elmi-texniki siyasətin formalaşması işinin təşkili ilə məşğul olur.
Milli Elm Fondu (MEF) isə federal hökumət tərkibində elm və texnikanın inkişafına məsul olan yeganə qurumdur. MEF əsasən universitetlərdəki kiçik, orta kommersiya və mühəndis firmalarındakı fundamental tədqiqat proqramlarını maliyyələşdirir. Federal hökumətin büdcə maliyyəsi nəzəri elmin inkişafını stimullaşdıran əsas mənbə hesab olunur. Federal hökumətin maliyyəsi universitetlərin fundamental tədqiqat xərclərinin 65 faizini və qeyri- təhsil xərclərinin isə 60 faizini təşkil edir. Dövlət bu investisiyanı bütün elm sahələrində liderliyi saxlamaq məqsədilə ayırır.
Ali təhsil müəssisələri qabaqcıl fundamental tədqiqatların həyata keçirilməsində və yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində əsas rola malikdir. ABŞ ali məktəblərində təhsil prosesi ilə yüksək keyfiyyətli elmi tədqiqatlar bir-biri lə sıx birləşir. Bundan əlavə, ölkədə bir sıra elmi-tədqiqat institutları fəaliyyət göstərir. Bu müəssisələrin məqsədi tədqiqatların aparılması, biliklərin dərinləşdirilməsidir. Bu institutlar arasında 1916-cı ildə yaradılmış Dövlət Tədqiqatları İnstitutu (Institute for Government Research) və 1927-ci ildən fəaliyyət göstərən Brukinqs İnstitutu (Brookings Institution) daha məşhurdurlar.
Hazırda dünyanın lider ölkələri sırasında öz mövqeyini qoruyan Çin isə elmi-tədqiqat və texnoloji inkişafa ayırdığı büdcənin həcminə görə ikinci yerdə qərarlaşır. Ölkə üzrə 926000 tədqiqatçı fəaliyyət göstərir. Bu göstəriciyə görə də Çin dünyada ikinci yeri tutur. Digər tərəfdən, qərbdə hələ də mübahisəli məsələ kimi nəzərdən keçirilən törəmə hüceyrələrin tədqiqatı və gen terapiyası Çində ən yüksək səviyyədə inkişaf edib. Kosmosun fəthi istiqamətində bir çox uğurlara imza atan ölkə kifayət qədər mürəkkəb layihələrə maliyyə vəsaiti ayırır. Ayın Tədqiqi Proqramının bir hissəsi kimi 2007-ci ildə Çin Çanqe kosmik gəmisini uğurla orbitə çıxarıb. 2011-ci ilin sentyabr ayında Çinin ilk kosmik stansiya modulu olan Tianqonq-1 uğurla fəaliyyətə başlayıb. Ölkədə yarımkeçiricilər, o cümlədən bərpa edilən enerji, hidroelektrik enerji, külək və günəş enerjisi sahəsində funksional kompüter proqramları hazırlanır. Yanacaq enerji stansiyalarında çirklənmənin qarşısını almaq üçün Çin girdə yanacaqlı nüvə reaktorlarından istifadə edən ilk ölkədir. Bu tip reaktorun istifadə edilməsi daha əlverişli və təhlükəsizdir.
Son illər Azərbaycanda da elmi tədqiqat işlərinin həyata keçirilməsində keyfiyyət nisbətən yüksəlib. Amma ekspertlər hesab edir ki, bu istiqamətdə daha uğurlu nəticələrin əldə olunması üçün həm laboratoriyalar müasirləşdirilməli, həm də kadrlar yeni texnologiyalarla işləməyi bacarmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. 2017-ci ilin əvvəlinə isə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 141 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var.
Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Ümumiyyətlə, hazırda ölkəmizin müxtəlif universitet və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatla məşğul olur. Onlardan 11 min 874-ü fəlsəfə doktoru, 2 min 495-i isə elmlər doktorudur.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017