Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rahat və narahat Təngərüd
Tarix: 21.09.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

3 600 nəfərdən çox əhalinin yaşadığı Təngərüd kəndi Astara rayonunun ən abad və axarlı-baxarlı kəndlərindən biridir. Dağların əhatəsində yerləşən bu kəndin hündürlüyündən baxanda, elə bil, mavigözlü Xəzər ayaqlarının altındadır. Bu kənddən keçən Lənkəran-Astara şose yolu kəndi iki hissəyə bölür. Buradan Astaraya da, Lənkərana da məsafə eynidir – 20 kilometr. 

Yaşıllıqlar qoynundakı Təngərüdün əsas məşğulliyyəti əkinçilik və maldarlıqdır. Ancaq kənd sakinləri çəltik əkini ilə bərabər, sitrus bitkilərinin yetişdirilməsinə də eyni dərəcədə diqqət yetirirlər. Naringi, portağal, lumu, feyxoa, kivi kimi meyvələrin yetişdirilməsinə sakinlərin böyük önəm verməsi təbiidir. Çünki onların iqtisadi həyatlarında bu meyvələrdən əldə edilən vəsait böyük rol oynayır.
100 nəfərə yaxın texniki və pedaqoji işçisi, 600-dən çox şagirdi olan Təngərüd tam orta məktəbi müasir təhsil sistemində qabaqcıl rol oynayır. Bu il orta məktəbi bitirmiş 37 nəfər məzundan 14 nəfəri ölkənin müxtəlif ali məktəblərinə qəbul olub. Qəbul zamanı 622 bal toplayan Adil Nəhmədov, 626 bal toplayan Xeyrulla Hüseynov Azərbaycan Dövlət Neft Akademiyasında ingilis dilində təhsil alacaqlar. Bu məzunlardan daha 8 nəfəri orta ixtisas məktəblərində, 2 nəfəri isə texniki peşə məktəblərində oxuyacaqlar.
Bir vaxtlar xəstəxana olmuş, indi həkim məntəqəsi funksiyasını yeriniə yetirən kənddəki bu səhiyyə müəssisəsi kənd sakinlərinin sağlamlığı keşiyində şərəflə dayanır. Bunun nəticəsidir ki, son illərdə Təngərüddə heç bir yoluxucu xəstəlik, ana və uşaq ölümü qeydə alınmamışdır.
İctimai-siyasi, iqtisadi, elmi sahələrdə ləyaqətlə çalışan onlarca qabaqcıl mütəxəssislər, elm adamları bu kənddən pərvazlanmışlar. Azərbaycanda kardioloji cərrahiyyənin əsasını qoyan, tibb elmləri doktoru, dünyaşöhrətli alim, həm də Milli Məclisdə astaralıları layiqincə təmsil edən Rəşad Mahmudovun adını çəkmək kifayətdir.
Kifayət qədər qədim tarixə malik olan bu kəndin ərazisi bir vaxtlar örüş sahəsi olub. Ancaq yaşayış üçün çox gözəl şəraiti olan bu yerləri sonralar dağlılar yaşayış yeri seçmişlər.
“Təngərüd” sözü isə talış dilindiə “dar çay” mənasını ifadə edir. İndi də bu kəndin əksər sakini halal zəhmətlə yaşayan, dövlətçiliyə sadiq olan, qonaqpərvər talışlardır. Rayonun ictimai-siyasi həyatında bu kəndin həmişə ayrıca yeri olmuşdur.
Ancaq Təngərüdün bu əmin-amanlığı və sakitliyi, çox təəssüf ki, son zamanlar xeyli pozulmuşdur. İslama bağlılığı ilə seçilən cənub bölgəsinin bu kəndində sakinlər narahat günlər yaşamağa başlamışlar. Söhbət ondan gedir ki, vəhhabi məzhəbinin tərəfdarları, ilhamvericiləri Təngərüddə son zamanlar xeyli çoxlamış və fəallaşmışlar. Mahiyyəti erkən İslam dövrünün qayda-qanunlarına qayıtmağı, təkallahlılıq prinsipinə ən ciddi şəkildə riayət etməyi, müqəddəslərə və müqəddəs yerlərə sitayişdən, başqalarından götürülən yeniliklərdən imtina etməyi təbliğ edən dini-siyasi cərəyan vəhhabilik təlimi Azərbaycanda ötən əsrin 90-cı illərindən yayılmağa başlanmışdır.
Özündə bir çox zərərli mahiyyət daşıyan vəhhabilik daha çox həyatda özlərinə yer axtaran gənclər arasında yayıldığından, onların əsas təbliğatları da bu kontingent üzərində qurulmuşdur. Astara rayonunun Təngərüd kəndində də “əvvəl İslam təbliğatı aparılır, sonra onlara müsəlmanların öz dinlərindən uzaq düşmələri səbəbindən sosial-iqtisadi problemlərə məruz qalmaları təbliğ olunur. Cəmiyyətdə hələ öz yerlərini tapa bilməyən bu gənclər üzləşdikləri problemlərin səbəblərini məhz dini düzgün anlamamaqda axtarırlar. Təbliğat bu mərhələyə qədəm qoyanda isə təriqət rəhbərləri “əsl İslam”ın – vəhhabiliyin təbliğinə başlayırlar”.
Kənd sakinlərinin, xüsusilə yaşlı nəslin çox ciddi narahatlığına, etirazlarına baxmayaraq, şəbəkələri getdikcə artan vəhhabiliklə mübarizə aparmaq, deyəsən, problemə çevrilmişdir. Çünki burada baş verənlərə münasibət bir qədər fərqlidir. Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyevin bildirdiyinə görə, Təngərüddə hər şey öz qaydasındadır və bir neçə narahat din daşıyıcısına vəhhabi demək düzgün deyil. Kənd bələdiyyəsinin sədri Raqib Babayev isə kənddə vəhhabi məzhəbinin yayılmasından böyük narahatlıq keçirdiyini, bunun qarşısının tezliklə alınmasının labüd olduğunu bildirdi. Təngərüd tam orta məktəbinin direktoru Xəqani Mahmudov bunu “şişirdilmiş məlumat” adlandırmaqla, söz-söhbətə əsas görmədiyini vurğuladı. Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd ərazi vahidi üzrə nümayəndəsi vəzifəsini icra edən Xanlar Kərimov etiraf etdi ki, son vaxtlar şəbəkələri böyüyən vəhhabilik kənddə böyük narahatlığın, narazılığın yaranmasına səbəb olmuşdur. Tezliklə onlara qarşı lazımi tədbirlər görülməlidir.
Təngərüd kənd Cümə məscidinin imamı Sadir Zahidovun “həyəcanlı günlər yaşadığını” söyləməsini təbii qəbul etmək lazımdır. Çünki məscidin 15 nəfərdən ibarət icma üzvünün, kənddə kifayət qədər “Quran” əhlinin olmasına baxmayaraq, “vəhhabilərin sayının getdikcə artması böyük təhlükədir”. Onun bildirdiyinə görə, vəhhabilərin təbliğat maşınları çox sürətlə işləyir. İş o yerə çatıb ki, kənd sakinləri yas məclislərinə “Quran” kitabını gətirməyə belə ehtiyat edirlər. Dəfn mərasimi tam fərqlidir. Yas məclisinin aparıcıları olan mollalar, yaxud din daşıyıcıları belə yerlərə getməyə çox zaman cəsarət etmirlər. Təngərüdlülərin günbəgün artan narahatlığı kənd sakinləri arasında mütxəlif şayiələrin yayılmasına, münasibətlərin gərginləşməsinə səbəb olur.
Sadir Zahidovun bu fikirlərini kənd sakinləri, onların ziyalıları da təsdiq etdilər. Bildirdiklərinə görə, kənddə vəhhabiliyin yayılması, hətta ailədaxili münasibətlərin pozulmasına belə gətirib çıxarmışdır.
Kənddə yaranmış bu vəziyyətə rəsmilərin, səlahiyyətlilərin münasibətləri müxtəlif olsa da, təngərüdlülər buna tezliklə son qoyulacağını səbirsizliklə gözləyirlər. Çünki bu məzhəbin daşıyıcıları açıq və gizli təbliğatlarını hər gün daha da genişləndirməkdədirlər.

Səxavət Məmmədli


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017