Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bərdədə köçkünlərə verilən su xəstəliklərə yol açıb
Tarix: 22.09.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Ölkə prezidenti öz doğma yurd-yerlərindən didərgin düşmüş məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Həyat tərzlərinin daha da yaxşı olması üçün onlar hər cür dövlət qayğısı ilə əhatələnibər. Elə bu qayğının nəticəsidir ki, köçkünlər üçün yaşayış binaları tikilir. Müasirtipli qəsəbələr salınır və onlar yüksək səviyyədə təmir olunmuş mənzillərə köçürülür. Lakin köçkünlər üçün salınmış elə şəhərciklər var ki, hələ də bir sıra çətinliklərlə, xüsusilə də içməli su problemi ilə üzləşiblər. Bərdə rayon Həsənqaya kəndində salınmış yeni qaçqınlar şəhərciyində məskunalşan Yaqub adlı köçkün “Həftə içi”nə içməli suyun olmamasından şikayətlənir. Yaqub, eləcə də digər köçkünlər bildirir ki, qəsəbəyə içməli su Qarabağ kanalından çəkilib, cod sudur, adam yuyunanda onun bədənində qaşınma əmələ gətirir: “İki-üç kilometr məsafədən vedrə ilə su daşımaq məcburiyyətində qalmışıq. Hətta aidiyyəti qurumlara da bu barədə müraciət etmişik. Müraciətə baxmaq və su problemini aradan qaldırmaq əvəzinə, yuxarı dairələrə yanlış məlumat verib bildirirlər ki, guya mənzillərə verilən su ekoloji cəhətdən çox təmiz və içmək üçün yararlıdır. Şikayətimiz elə şikayət olaraq ağ kağız üzərində qalır”. 

Şikayətlə bağlı adıçəkilən ünvanda oduq. Ağdam rayonundan olan məcburi köçkün Arzu Vəliyeva qaşınmadan əziyyət çəkdiyini dedi: “Oğlum birinci sinif şagirdidir. Qaşınmadan məktəbə də gedə bilmir. İki aydan çoxdur, ailəmiz bu xəstəlikdən əziyyət çəkir. Həkimərin dediklərinə görə, bu xəstəlik içdiyimiz sudandır. Dörd ilə yaxınır ki, bu qəsəbədə yaşayırıq. Qəsəbəyə gələnə kimi bu cür xəstəliyə rast gəlməmişdik. Dəri-zöhrəvi və digər xəstəxanalara gedib həkimlərə müraciət etmişik. Bizi müayinə və müalicə edən həkimlər qaşınmanın yaranma səbəbini mənzillərimizə verilən çirkab kanal suyunda görürlər. Artıq apteklərdə maz, dərman da qalmayıb ki, biz almayaq. Dərdimizə dərmanlar da kömək eləmir. Hara şikayət ediriksə, heç bir əhəmiyyəti yoxdur”.
Qəsəbədə fəaliyyət göstərən Seyidli Kənd Tibb Məntəqəsinə də baş çəkdik. Məntəqəyə gələn pasiyentlər, həkimlər, eləcə də tibb bacıları içməli su problemi ilə üzləşdiklərini söylədilər. Onların sözlərinə görə, qəsəbəyə artezian vurulmalıdır. Həkimlər məntəqəyə 3 yaşında bir uşağın gətirildiyini dedilər. Onların sözlərinə görə, uşağın bədənində sağlam yer qalmamışdı. Bədənini göy səpgilər örtmüşdü. Həkimlər bildirir ki, mənzillərə verilən kanal suyu dəridə qaşınma və göy-qırmızı, mənşəyi məlum olmayan səpgilər əmələ gətirir. Həmin 3 yaşlı uşaq da bu cür xəstəlikdən əziyyət çəkir. Qaçqınları bu xəstəlik çox narahat edir.
Leyla Şükürova mama-ginekoloq işlədiyini və bu qəsəbədə yaşadığını söylədi: “Evdə kranı açıb, vannanı su ilə doldururam. Beş-on dəqiqədən sonra vannanın dibini lil örtür. Buradan da açıq-aydın görünür ki, mənzillərimizə çirkab kanal suyu veriilir. Qəsəbədə təzyiqi olan adamlar və uşaqlar bu sudan içəndə boğazları ağrıyır, xəstəliklərə tutulur. Əgər belə getsə, sağlam adam qalmayacaq. Ona görə də indidən həyəcan təbili çalınmalıdır”.
Adıçəkilən tibb məntəqəsinin baş həkimi Gülşad Quliyeva sakinlərin sözlərini təsdiqləyib bildirdi ki, sözügedən qaçqınlar şəhərciyində 1 454 ailə, 7 mindən yuxarı əhali yaşayır: “Bizə ən çox müraciətlər səpgilərlə əlaqədardır. Bununla bağlı bizə müraciət edən xəstələr çoxdur. Xəstələri dəri-zöhrəvi xəstəxanasına göndərirəm. Həkimlər qaşınmaların və səpgilərin sudan əmələ gəldiyini söyləyirlər. Bəzən bizə elə xəstələr müraciət edir ki, bədənləri qaşınır, amma dərilərində bir dənə də olsun səpgi yoxdur, bu da həkimlərdə təəccüb doğurur”.
Məcburi köçkünlər öz vəsaitləri hesabına 1 və 13 saylı binaların ərazisinə 2 kilometr məsafədən içməli su xətti çəkdiklərini və kran qoyduqlarını da vurğuladılar. Onların sözlərinə görə, ətraf bina sakinləri həmin krandan mənzillərinə vedrə ilə su daşıyırlar.
Ümidlərini ölkə rəhbərliyinə bağlayan məcburi köçkünlər onu da söylədilər ki, çirkab kanalizasiya sularına qarışan Qarabağ su kanalından şəhərciyə çəkilən suya sərf olunan vəsaitlə qəsəbə ərazisində kifayət qədər su artezianı vurmaqla əhalini ekoloji cəhətdən saf və yararlı içməli su ilə təmin etmək olardı.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017