Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Avstriya Azərbaycanla əlaqələrə önəm verir" - SƏFİR
Tarix: 04.10.2017 | Saat: 19:30:00
Bölmə:Gündəm | çapa göndər

Avstriyanın Azərbaycandakı səfirliyi bu ölkənin Milli Günü və dövlətlərimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar rəsmi qəbul təşkil edib. Azərbaycanın dövlət və hökumət təmsilçilərinin, millət vəkillərinin, xarici səfirliklərin diplomatları və geniş ictimayyətin nümayəndələrinin qatıldığı tədbirdə öncə iki ölkənin dövlət himni səsləndirildi. 

Daha sonra çıxış edən Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex bayramın tarixindən söz açıb. Səfir bildirb ki, bu il Azərbaycanla Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. "Bu 25 il ərzində əlaqələrimiz inkişaf edib. Bu il Avstriya ATƏT-ə sədrlik edir ki, bunun da məsuliyyəti çox böyükdür. Azərbaycana minnətdarıq ki, danışıqlarda konstruktivlik göstərib", - deyən səfir əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib.
Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov səfiri təbrik edərək bildirib ki, Azərbaycan həmişə bu ölkə ilə əlaqələrin inkişafına önəm verib. O, Azərbaycan rəhbərlərinin Avstriya ilə münasibətlərə önəm verdiyini xatırladaraq, prezident İlham Əliyevin Avstriyaya səfərlərindən söz açıb.
S.Seyidov deyib ki, Avstriya bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanla əməkdaşlıq edir, bir çox məsələlərdə ölkəmizə dəstək verir. S.Seyidov Avstriyanın Qarabağ məsələsində mövqeyini də yüksək qiymətləndirərək bildirib ki, gələcəkdə də Avstriyanın eyni mövqe nümayiş etdirəcəyinə əmindir.
Bir az da Avstriya ilə bağlı oxucularımızı məlumatlandıraq:
Qədim alman dilində “Şərqi ölkə” mənasını verən Avstriya doqquz federal vilayətdən ibarətdir. Paytaxtı Vyana olan ölkənin bayrağındakı qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından syılır.
Ölkənin rəsmi dövlət dili alman dilidir. Statistikaya əsasən almanca ölkə vətəndaşlarının 95,5 faizinin ana dilidir. Qalanları isə türk, italyan, macar və sair dillərdə danışır.
Avstriya əhalisi, təxminən, 8,8 milyon nəfərdir. Bütün əhalinin 81,2 faiz avstriyalılar, 2,7 faizi almanlar, 2,2 faiz türklər, 9 faizi isə digər xalqların nümayəndələridir.
Avstriyanın ərazisi qərbdən-şərqə maksimum 570 kilometr, şimaldan-cənuba isə 300 kilometrdir. Ölkə ərazisinin 75 faizi Alp dağlarının üzərində yerləşir. Avropanın ən uzun çayı olan Dünayın 350 kilometri bu ölkə ərazisində axır. Ölkənin ən yüksək dağı 3798 metr olan Qross Qloçnerdir. Ən böyük gölü yarısı Macarıstana aid olan Neusiedldir.
Avstriya ərazisini qədimdə Roma imperiyası işğal edib. İşğaldan sonra ölkə 8 əsrdən artıq “Şərq Marklığı” adı altında Almaniya ilə birlikdə olub. Daha sonra hakimiyyətə keçən Habsburq qraflığı ölkənin ərazisini genişləndirib və XV əsrdə Avstriya Avropanın və xristianların ən güclü dövləti sayılıb.


Bir müddət sonra Macarıstanla birləşən ölkə Avstriya-Macarıstan İmperiyasını qurub. Birinci dünya müharibəsində bu imperiyanın parçalanması ilə müstəqil Avstriya dövləti yaranıb.
Avstriyanın dövlət başçısı Federal Respublikanın başçısıdır. Konstitusiyaya əsasən, dövlət başçısını 6 il müddətinə xalq seçir. O, xarici məsələlərdə dövləti təmsil edir, razılaşma və qanunları imzalayır, eyni zamanda, məclisi toplayır, ləğv edir və tətilə göndərə bilir.
Hökumət başçısı isə kansler adlanan federal baş nazirdir.
Ölkənin əsas partiyaları: Avstriya İctimai Demokratik Partiyası, Avstriya Xalq Partiyası, Avstriya Azadlıq Partiyası, Yaşıllar Partiyası və sair.
Parlament iki palatalıdır – 62 üzvü olan Bundesrat (Əyalətlər məclisi) və 183 millət vəkilindən ibarət Nationalrat (Milli Məclis). Avstriyada səsvermə yaşı 16-dan başlayır.
Avstriyada təhsil yüksək dərəcədə inkişaf edib. Hazırda ölkədə 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən böyük universitet sayılır. Təkcə paytaxt Vyanada 13 universitet fəaliyyət göstərir. Avstriya ali məktəblərində təhsilhaqqı digər ölkələrin ali məktəblərindəki ilə müqayisədə xeyli aşağıdır. Dövlət universitetlərində maksimum təhsilhaqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şəhərləri məhz Avstriyadadır.
Avstriya iqtisadiyyati emal sənayesi, turizm və əkinçiliyə əsaslanır. Əkinçiliyə əlverişli torpaqları azdır. Alçaq dağlıq bölgələrindəki çəmənliklərdə heyvandarlıq inkişaf edib. İqtisadiyyatının əsasını təşkil edən sənaye sahasində çuğun və xam polad, alüminium istehsalı ön sıralardadır. Digər sənaye məhsulları kağız, kimyəvi maddə və plastikadır. Avstriya dünyanın qabaqcıl təbii maqnezit istehsalçısıdır.
Geniş meşələrindən əldə edilən taxta-şalbanın yalnız bir hissəsi ölkədə emal olunur. Emal olunmamış taxta-şalban isə xaricə ixrac edilir. Yeri gəlmişkən, əsas ixrac məhsulları maşınlar, elektron vasitələr, mədən məhsulları, kağız, elektrik enerjisi, qida maddələridir.
İllik böyümə sürəti 1,4 faiz olan Avstriyada ÜDM 384 milyard dollar, adambaşına gəlir isə 50 min dollara yaxındır.
Avstriya ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. 15 yanvar 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan Avstriya ilə Bakı arasında diplomatik əlaqələr həmin il fevralın 20-də qurulub. 1995-ci il sentyabrın 1-dən Azərbaycanın Avstriyada, 2010-cu il iyunun 23-dən isə Avstriyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
Hazırda Milli Məclisdə Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Cavid Qurbanov həmin qrupun rəhbəridir. İki ölkə arasında 38 sənəd imzalanıb.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq, Avstriyanın ölkəmizdəki səfirliyinin başda səfir Aksel Vex olmaqla bütün diplomatlarını təbrik edirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2017
15.10.2017