Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şuşaya uzanan yol - REPORTAJ
Tarix: 09.10.2017 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Günlərlə davam edən aramsız yağışlardan sonra, buludsuz, mavi səmada günəş tələsmədən ətrafa şəfəq saçır. Çöl-çəməndə, həyətlərdə yaşıllıqlar yağış sularından yuyulub-təmizləndiyindən daha gözəl görünür. Ağacların xallanmış yarpaqları isə “son bahar”dan, payızdan xəbər verir. Paytaxtdan kifayət qədər uzaqda yerləşən Horadiz şəhəri həmişəyaşıl ağacların əhatəsində “itib-batdığından” burada payız qəti hiss edilmir. Buradan Cocuq Mərcanlıya-Cəbayıl rayonunun erməni qəsbkarlarından azad edilmiş yeganə kəndinə-düz 7 klometrdir. 

1994-cü ilin 6 yanvarında döyüşçülərimiz tərəfindən uğurla həyata keçirilən Horadiz əməliyyatında Füzuli rayonunun 22 kəndi ilə bərabər 295 təsərrüfatı olmuş Cocuq Mərcanlı da erməni vandallarından təmizlənib. Ancaq təhlükəli zonada yerləşdiyindən burada yaşamaq, kəndi bərpa etmək mümkün olmayıb. 2016-cı ilin aprel döyüşlərində ordumuz tərəfindən ələ keçirilən “Lələtəpə” yüksəkliyi bu kəndə yeni həyat verib. 20 mart 2017-ci ildən Cocuq Mərcanlı kəndinin, indi qəsəbə adlanan bu yaşayış massivinin bərpasına başlanılıb.
Ancaq bərpaya qədər Cocuq Mərcanlıda, hər anı ölüm olan bu kənddə yaşayan Oqtay Həziyev öz od-ocağını tərk etməyib. Hətta 2017-ci ildə özünə yeni mənzil də inşa edib. Həyət-bacasından, təsərrüfatından döyüşçülərimizə sovqat göndərməyi də unutmayıb. Elə ölkə prezidenti İlham Əliyev də 14 iyun 2017-ci ildə qəsəbənin açılışında onun qonağı olub. Oktay bu gün də Cocuq Mərcanlının qonaqları olacağını bildirib, tələsdiyini söylədi.

“Evləri var xana-xana...”

Bir-birindən yaraşıqlı, bir-birindən gözəl mənzillər şahmat taxtasının xanaları kimi yan-yana düzülüb. Bura Cocuq Mərcanlı yaşayış massivinin 50 mənzildən ibarət qəsəbəsidir. Qəsəbənin girişində inşa edilmiş 35-10 kilovotluq “Cocuq Mərcanlı” yarımstansiyası bu evlərlə bərabər, hazırda tikintisi başa çatmaqda olan 100 mənzili də elektrik enerjisi ilə təmin edəcək. İnşaaçılar tərəfindən adlandırılan birinci, ikinci qəsəbə əslində böyük bir kəndin, qəsəbənin şərti adlandırılan geniş tikinti sahələridir. Bütün mənzilləri mavi qazla təmin edilən evlərin içməli su təminatı da idealdır. Asfalt döşənmiş geniş küçələrdə işıqlandırma sistemi müasir texnologiya əsasında qurulub.
Kəndin 6 şəhidindən biri, həm də ilki olan Novruz Aslanovun adını daşıyan, Cəbrayıl rayon Təhsil şöbəsinin tabeliyində olan Cocuq Mərcanlı kənd tam orta məktəbinin inşasına ölkə Prezidentinin 24 yanvar 2017-ci il Sərəncamı əsasında başlanılıb. Nəticədə 96 nəfər şagirdin təhsil ala biləcəyi, bütün şəraiti olan məktəb binası ərsəyə gəlib. Məktəbin dərs hissə müdiri İlkin Təbrizli foyesində Ulu Öndərin büstü, elə onunla üzbə-üz, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşə yerləşən bu məktəb haqqında həvəslə danışır:
- Gördüyünüz bu məktəbdə hələlik cəmi 60 şagird təhsil alır. Bütün imkanlara malik məktəbdə 20 nəfər müəllim çalışır. Zəngin kitabxanamız var. Ancaq daha 100 mənzilə qəsəbənin yeni sakinləri köçəndən sonra yəqin ki, bu məktəbi böyütməli olacağıq. Hətta Bakıdan gəlib bu məktəbdə işləyən Cocuq Mərcanlı müəllimi var. Şagirdlərimiz bütün dərs ləvazimatları ilə təchiz edilib. Bu məktəb kimi mənzillərimizdə rahatdır. Görünüşləri gözəl olduğu kimi mənzillərin içəriləridə geniş və işıqlıdır. Qəsəbənin gözəl günləri başlayıb daha.
Bəlkə də İlkin müəllim daha maraqlı söhbətlət də edəcəkdir. Ancaq mıktəbin həyətinə şütüyən maşınlar ona mane oldu.

Qonaqlı-qaralı Cocuq Mərcanlı

Qəsəbə sakinlərinin dediklərinə görə, qəsəbənin qonaqları, demək olar ki, hər gün olur. Bu gün isə ölkənin sayılıb-seçilən ziyalıları, şair və yazıçıları Cocuq Mərcanlıya qonaq gəlmişdilər. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, onun katibləri Fikrət Qoca, Rşad Məcid, poeziya təmsilçiləri Nəriman Həsənzadə, Ənvər Əhməd, Səlim Babullaoğlu, Fəxrəddin Meydanlı, nəsir ustaları Elçin Hüseynbəyli, Yunis Oğuz və digərləri qəsəbə sakinləri tərəfindən mehribanlıqla qarşılandılar.
Qonaqlar məktəblə ətraflı tanış olduqdan sonra, müəllimlərlə də ətraflı söhbət etdilər. Bu şair və yazıçıları yaxından gördükləri üçün şagirdlərlə bərabər qəsəbə sakinləri də sevinirdilər. Sevinirdilər ki, bu uzaq yolu qət edib erməni hərbiçərinin aydınca göründüyü bu məkanda xalqın söz adamları onlarla bir yerdədirlər. Bu söz adamlarının məktəbə və məktəblilərə, eləcə də qəsəbə sakinlərinə hədiyyə etdikləri müəllif kitabları onları daha çox sevindirdi.
Anar Cocuq Mərcanlı qəsəbəsini “tarixi kənd” adlandırmaqla, qələbəyə gedən yolun burdan başlandığını bildirdi. Nəriman Həsənzadə körpələrə həsr etdiyi şeirlərini söylədi. Fikrət Qoca aldığı təsüratdan mütəəssir olduğunu etiraf etdi. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları bir daha salamladı. Fəxrəddin Meydanlının səfər təəssüratına həsr etdiyi şeirinə isə qəsəbə də inşa edilmiş qoşa minarəli möhtəşəm məsciddən pərvazlanan azan səsi qarışdı. Və qonaqlar Allah evi ilə daha yaxından tanış olmağa tələsdilər.

Kərpic-kərpic böyüyən qəsəbə

İndi qəsəbədə tikinti-quraşdırma işlərinin qızğın vaxtıdır. Özləri demiş “başlarını qaşımağa vaxtları yoxdur”. Hətta aramsız yağan yağışlı havalarda belə onlar işlərini dayandırmayıblar. Yekunlaşmaqda olan daha 100 mənzilin tikinti-quraşdırma işlərində bir çox tikinti müəssisələri -“Rabitə-inşaat”, “Azər.Servis” LTD, “Şəms”, “Xəzər-İnşaat-E” və digərləri çalışırlar. 2, 3, 4, 5 otaqlı mənzillərdən ibarət yaşayış evlərinin tikintisi demək olar ki, başa çatıb. İndi mənzillərdə elektrik, internet xətlərinin çəkilişi aparılır. Daimi işığı, qazı, suyu olacaq. Bu mənzillərin yaşıl rəngli dam örtükləri, narıncı rəngdə də kərpic formalı çöl divarları qəsəbənin ümumi görünüşünə xüsusi gözəllik verir. Geniş küçələrdə işıqlandırmça sistemi, yağış sularının axıdılması üçün kiçik kanallar qəsəbənin təmizliyinə, gur işıqlı gecələrinə xidmət edəcək. Tibb məntəqəsi, poçt binası, 50 yerlik uşaq baxçası, Cocuq Mərcanlı ərazi nümayəndəliyinin inzibati binası, klub İcma Mərkəzi qəsəbə sakinlərinin ixtiyarında olacaq.
“Rabitə-İnşaat” MMC-nin iş icraçısı Loğman Bayramov daş mişarının səsindən qournmaq üçün münasib yer seçdi:
- Bir çox tikinti müəssisələrinin dayanmadan çalışdığı bu inşaat meydançasında işlər sona çatmaqdadır. Gördüyün klub İcma Mərkəzinin, uşaq bağçasının tikintisini biz aparmışıq. Hər iki binanın zahiri kimi daxilləri də səliqləi və gözəldir. Bu vaxta kimi heç bir tikintisi müəssisəsi, eləcə də biz hər hansı inşaat materialından korluq çəkməmişik. Nəticə göz qabağındadır. Bütün işlər yekunlaşandan sonra buranın ayrı hüsnü olacaq.
“Azər.Sevis” LTD-nin təmsilçisi İlqar Məmmədov da vaxt tapıb öz fikrini bildirir:
- Qəsəbin ən “qryaznı” elə belə də yaz işi bizim payımıza düşüb. Xarabalıqdan ibarət bu qəsəbənin torpaq işlərini biz görmüşük. Çox isti keçən bu yay aylarında toz-dümandan göz-gözü görmürdü. Hamarlanmış, təmizlənmiş sahədə iş görməyə nə var? Elə indi də qəsəbənin yollarındakı torpaq, daş-çınqıl işləri bizim üzərimizdədir. Sonda Beyləqan Yol Tikinti İdarəsinin işçiləri bu küçələrə, yollara asfalt tökəcəklər. Bax, onda yollardan gül ətri gələcək. Qəsəbənin suvarılan torpaqlarına Araz çayından borular və digər vasitələrlə su çəkməyi də planlaşdırmışıq. Sakinlərin içməli suyunu artezian quyusu verir. Hə, mənim vaxtım bitdi.
Həqiqətən, burada kiminləsə 20-25 dəqiqə rahat söhbət etmək mümkün deyil.

Təməl möhkəm olmalıdır

“Xəzər-İnşaat E” MMC-nin direktoru Nail Nuruşovla görüşümüz təsadüfən oldu. Hələ qurumamış, qum-çınqıl döşənmiş yolla harasa tələssə də, qələm əhli olduğumu bilib ayaq saxladı. Tələsik söylədiyi sözlərdən, cümlələrdən ancaq bunları qeyd edə bildim:

- Mən ölkəmizin bir çox yerlərində tikinti işləri aparmışam. Ancaq etiraf edim ki, heç vaxt bu qədər gərgin, narahat olmamışam. Mənə elə gəlir ki, Şuşaya uzanan yol elə burdan, Cocuq Mərcanlıdan, erməni vəhşilərindən azad edib yurd-yuva saldığımız bu qəsəbədən başlayır. Elə ona görə də tikinti işlərinə böyük həssaslıqla yanaşıram. Yolun təməlini möhkəm qoymalıyıq ki, daha uzaq məsafə qət edə bilək. Bu rahat mənzillərdən, inzibati binalardan bütün Qarabağda inşa edək. İcra nümayəndiliyinin, poçtun inzibati binalarını ərsəyə gətirən işçilərim də çalışırlar ki, yurda, el-obaya laiqli iz qoyaq. Elə bilirəm ki, bu ayın sonuna kimi işlərimizi tam yekunlaşdıra biləcəyik. Prezidentimiz İlham Əliyevin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncam Azərbaycan Respublikasının tarixində qızıl hərflərlə əbədi qalacaq. Çünki bu sərəncam böyük Qarabağa dönüşün, qayıdışın təməlidir.

Sən necəsən, daşyonan usta?

Burada inşaat işlərində müəyyən təcrübəsi olan müxtəlif peşə adamları - bənnalar, suvaqçılar, dülgərlər, daşyonan ustalar daha çoxdur. Ölkənin müxtəlif yerlərindən gəlmiş bu işçi qüvvəsinin əsasını yaxın rayonlardan - Saatlıdan, Sabirabaddan, İmişlidən, Ağdamdan, Ağcabədidən gələnlər təşkil edir. Füzuli rayonunu, xüsusən Böyük Bəhmənli kəndini təmsil edənlər daha çoxdur. Elə bu kəndin sakinləri Novruz Məmmədov, Bəhmən İmanov bildirdilər ki, onlar hər gün qəsəbəyə iritutumlu avtobusda gəlirlər. Axşam da eyni maşınla evlərinə qayıdırlar. Nisbətən uzaq yerlərdən gələnlər qonşu Füzuli rayonunun Qazaxlılar, Mahmudlu kəndindəki kirayə evlərdə yaşayırlar. İş çox olduğundan, vaxtın darlığından yaranan bu vəziyyət elə də çətin deyil. Qaldı məvacibimizə, şükür Allaha, zəhmətimizin müqabilində pis qazanmırıq.
Saatlı rayonunda tikintidə çalışan Tərlan, Rəşmin Əhədov qardaşları ilə birgə daha 5 nəfər isə yaxınlıqdakı Mahmudlu kəndində mənzil kirayələyiblər. Həftədə bir dəfə pal-paltarlarını dəyişmək üçün evə getmək şərti ilə qalan vaxtlar bu kənddə yaşayırlar. Bütün ev işlərini də özləri görürlər. Yorulmadan, usanmadan... Çünki onlar burada soydaşlarına yurd-yuva salırlar axı...
Poçt binasında suvaq işlərini başa çatdırmağa tələsən əliqabarlılarla söhbətə ancaq Rəşmin qoşuldu. Əlini işdən ayırmadan bildirdi ki, iş görmək üçün bütün şəraitləri, tikinti ləvazimatları, inşaat materialları kifayət qədərdir. Elə özləri də gənc olduqları üçün “iş özü onlardan qorxur”. “Ehtiyacınız nədəndir?” sualına “Ancaq vaxtdandır”, - dedilər.
Vaxt isə qədrini bilənlər üçün həmişə az olub.

Səxavət Məmmədli


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev