Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tərtərdə şəkər çuğunduru istehsalının artımını əngəlləyən problemlər - ARAŞDIRMA
Tarix: 11.10.2017 | Saat: 20:20:00
Bölmə:Sosial | çapa göndər

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı ən aktual mövzulardan birinə çevrilib. Təbii ki, bunun üçün məhsuldarlıq yüksək olmalı və keyfiyyətli məhsul istehsal edilməlidir. Ancaq təəssüflər olsun ki, bu gün bəzi kənd təsərrüfatı məhsulları istehsalçılarının, torpaq mülkiyyətçilərinin və fermerlərin aqrar sahədə təcrübəsizliyi və savadsızlığı üzündən torpaqlardan düzgün istifadə edilməməsi, aqrotexniki qaydalara əməl olunmaması, su problemi və digər amillər səbəbindən məhsul istehsalında artım mümkünləşmir və ya məhsuldarlıq istənilən səviyyədə olmur. Tərtər rayonunda şəkər çuğundurunun istehsalı ilə bağlı apardığımız araşdırmaların nəticələri də dediklərimizə əyani sübutdur. 

Apardığımız araşdırmalarımız nəticəsində öyrəndik ki, keçmiş SSRİ dövründə Azərbaycanda şəkər çuğunduru istehsal edilməsə də, respublikamızda maldarlığın inkişaf etdirilməsi üçün yem və süfrə çuğundurunun istehsalı geniş təşəkkül tapıb. Xüsusilə də münbit torpaq örtüyünə və iqlim şəraitinə görə keçmiş Mirbəşir, indiki Tərtər rayonundakı kolxozlarda və sovxozlarda, həmçinin fərdi təsərrüfat sahələrində və həyətyanı ərazilərdə yem və süfrə çuğundurunun əkini hər il aparılıb. 1990-cı illərdə İranla ticarət əlaqələrinin genişlənməsi nəticəsində Mirbəşir rayonunda yalnız bir fermer tərəfindən fərdi qaydada şəkər çuğundurunun istehsalına başlanılıb.
Rayonun İrəvanlı kənd sakini, Tərtər rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev deyir ki, 1990-cı illərdə Mirbəşir rayonunda ilk dəfə olaraq şəkər çuğundurunun istehsalını həyata keçirib. Təxminən 8 hektara qədər sahədən hər hektara 49 ton olmaqla şəkər çuğunduru yığıb: «Həmin vaxtlarda şəkər çuğundurunu «Bərdə Etalon Aqro» şirkəti tədarük edir və məhsulu İrana satırdı. Ancaq maliyyə problemləri üzündən adıçəkilən şirkət fəaliyyətini davam etdirə bilmədi. Bu səbəbdən mən də şəkər çuğunduru istehsalı ilə məşğul ola bilmədim».

Şəkər çuğunduru istehsalında 12 illik fasilə…

İdarə rəisi qeyd edir ki, Tərtər rayonu özünün coğrafi möqeyinə, relyefinə, iqlim şəraitinə və münbit torpaqlarına görə əksər kənd təsərrüfatı bitkilərinin əkilməsi, becərilməsi və tədarükü üçün çox əlverişli imkanlara malikdir. Onun sözlərinə görə, məhz sadaladığı amillər nəzərə alınmaqla cəbhə bölgəsində yerləşən adıçəkilən rayonda torpaq mülkiyyətçiləri və fermerlər tərəfindən bir sıra kənd təsərrüfatı məhsulları yetişdirilir ki, onların arasında şəkər çuğunduru da var: «1990-cı illərdən 2003-cü ilə qədər rayonumuzda şəkər çuğunduru istehsalı ilə kimsə məşğul olmayıb. Amma 2003-cü ildə İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra Tərtərdə şəkər çuğundurunun əkilməsinə başlanılıb və ilbəil həmin məhsulun istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların və torpaq mülkiyyətçilərinin sayı artıb. Bu il orta hesabla hər hektardan 80 ton şəkər çuğunduru yığılıb və hazırda da yığım davam edir. Ancaq rayonumuzun relyefi, iqlim şəraiti və münbit torpaqları hər hektardan 100 ton şəkər çuğunduru tədarük etməyə imkan verir. Şəkər çuğunduru istehsalçıları İmişli Şəkər Zavodu, «Azərsun-Holdinq» və «Azərbaycan Şəkər İstehsalat Birliyi Aqro» MMC («AŞİB Aqro» MMC) tərəfindən onlara yaradılmış hərtərəfli şəraitdən və bütün potensial imkanlardan çox razıdırlar».
Mehman Babayev inanır ki, gələcəkdə Tərtərin bütün kəndlərində şəkər çuğundurunun əkilməsi mümkün olacaq və bu sahənin inkişafı kəndlərdəki işsizlik probleminin həllinə böyük köməklik göstərəcək: «Şəkər çuğundurunun istehsalının ilbəil çoxaldılması həm şəkər məhsulları istehsalının artırılmasına böyük töhfə verəcək, həm Tərtərin, həm də ölkə əhalisinin tələbatının ödənilməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Digər tərəfdən, şəkər çuğunduru istehsalı həm rayonumuza, həm də Azərbaycana milyonlarla manat qazandıracaq. Şəkər çuğunduru istehsalının artımı həmçinin rayonumuzun, xüsusilə kəndlərin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək, işsizlik problemini çözəcək, kəndlərdə yaşayan əhalinin sosial-iqtisadi durumunu yaxşılaşdıracaq və sözügedən istehsal sahəsi ilə məşğul olanların sosial-rifah hallarını yüksəldəcək».

Hər hektar üçün 86 manat

İmişli Şəkər Zavodunun Tərtər bölgə müdiri Loğman Müseyibov isə bildirir ki, adıçəkilən zavod, «Azərsun-Holdinq» və «AŞİB Aqro» MMC Tərtər rayonunda şəkər çuğunduru istehsalına marağı artırmaq üçün bütün stimullaşdırıcı tədbirləri həyata keçirib. Onun dediyinə görə, İmişli Şəkər Zavodu və «AŞİB Aqro» ilə torpaq mülkiyyətçiləri arasında bağlanmış müqavilələrə əsasən, yay və payız şumunun aparılması, malalanma, gübrələrin və toxumların alınması, alaq otlarına qarşı mübarizənin aparılması, aqrotexniki qulluğun göstərilməsi və digər işlər haqqında danışılan müəssisə və MMC tərəfindən həyata keçirilir: «Bir sözlə, əkin prosesindən başlamış tədarük prosesinə qədər bütün işlər bizim zavod və «AŞİB Aqro» tərəfindən reallaşdırılır. Fermerlərin üzərinə düşən əsas vəzifə isə yalnız şəkər çuğunduru əkilmiş sahələrin suvarılması ilə əlaqədardır. Digər tərəfdən, şəkər çuğundurunun istehsalı üçün zavod və MMC tərəfindən bütün xərclər çuğundurun alışı zamanı əldə edilmiş gəlirdən çıxılır və yerdə qalan məbləğ torpaq mülkiyyətçisinə bank hesabına köçürmə yolu ilə ödənilir».
Bölgə müdiri vurğulayır ki, şəkər çuğunduru əkilən bütün sahələr sığorta şirkətləri tərəfindən sığortalanıb. Çünki kənd təsərrüfatı sahəsi risqli sahədir: «Yəni, fermerlərdən asılı olmayan səbəblər üzündən, məsələn, leysan yağışlar, dolu, quraqlıq və digər təbiət hadisələri məhsulları zay edə bilər. Ona görə də şəkər çuğunduru əkilən sahələri mütləq sığortaladırıq. Torpaqların sığortalanması ilə bağlı hazırlanmış və imzalanmış müqavilələrə əsasən, hər hektar sahə üçün 86 manat məbləğində sığorta haqqı müəyyənləşdirilib və bu məbləğin 45 manatını torpaq mülkiyyətçisi, 41 manatını isə sığorta şirkəti ödəyir».

2 hektar sahədəki məhsul məhv olub

Həmsöhbətimiz qeyd edir ki, yuxarıda sadaladığı stimullaşdırıcı tədbirlər Tərtərdəki torpaq mülkiyyətçilərində şəkər çuğunduru istehsalına güclü inam yaradıb və böyük maraq oyadıb. Ona görə də rayonda şəkər çuğunduru istehsalı ilbəil artır: «Məsələn, torpaq mülkiyyətçiləri 2016-cı ildə 1187 hektar sahədə şəkər çuğunduru əkiblər. Bu, 2015-ci illə müqayisədə 463 hektar çoxdur. Tərtərdə 2016-cı ildə hər hektarın məhsuldarlığı orta hesabla 421,6 sentner təşkil edib ki, bu da 2015-ci ilə nisbətən 71,5 sentner çoxdur. Yığılan məhsul İmişli Şəkər Zavoduna təhvil verilib. Bu il 570 torpaq mülkiyyətçisi Tərtərdə 1541 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirib. Bu da ötən illə müqayisədə 354 hektar çoxdur».
Bölgə müdiri xatırladır ki, dövlət başçısı İlham Əliyev bu ilin aprelin 4-də «Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında» Fərman imzalayıb. Həmin fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödəniləcək: «Həm sözügedən fərmana əsasən, hər tona görə torpaq mülkiyyətçilərinə 4 manat subsudiyanın verilməsi və İmişli Şəkər Zavodu tərəfindən 58 manat pulun ödənilməsi, həm də torpaq sahələrinin məqsədyönlü şərtlərlə, yəni, torpaq mülkiyyətçilərinin maraqlarını təmin edən formada sığortalanması rayonumuzda şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlərin sayının və əkin sahələrinin ərazilərinin artmasına səbəb olub. Ancaq 2 hektar ərazidə aqrotexniki qulluq vaxtlı-vaxtında və normal qaydada aparılmadığı üçün həmin sahələrdəki məhsullar zay olub. Bu səbəbdən də məhsul yığımı 1539 hektar sahədə aparılır. Torpaq mülkiyyətçiləri oktyabrın 3-dək 420 hektar sahədə məhsul toplayıblar, 18 min 500 ton çuğundur əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 440,5 sentner təşkil edir ki, bu da 2016-cı ilə nisbətən 1,4 sentner çoxdur. Yığılan məhsul İmişli Şəkər Zavoduna təhvil verilir. Daşınma da adıçəkilən zavod tərəfindən həyata keçirilir. Hazırda fermerlər çuğundur yığımını davam etdirirlər. Proqnozlarımıza görə, hər hektardan 80 ton şəkər çuğunduru yığılacaq».

Əksər fermerlərlə müqavilə niyə bağlanılmır

Loğman Müseyibov deyir ki, Tərtər rayonunda şəkər çuğunduru istehsalı ilə məşğul olmaq üçün rəhbərlik etdiyi quruma müraciət edən torpaq mülkiyyətçilərinin sayı kifayət qədərdir. Ancaq bununla belə əksər fermerlərin müraciətlərinin müsbət cavablandırılması və onlara köməklik göstərilməsi qeyri-mümkündür: «Şəkər çuğunduru su tələb edən bitki olduğu üçün suvarılma ilə bağlı problem yaşanan ərazilərdə bu bitkilərin əkilməsi məqsədəuyğun deyil. Ona görə də rayonumuzda su problemi olan ərazilərdə şəkər çuğundurunun əkilməsi ilə bağlı müqavilə bağlaya bilmirik. Bildiyiniz kimi Tərtər rayonu cəbhə bölgəsindədir və rayonun ən böyük su mənbəyi olan Tərtər çayı da ermənilərin nəzarəti altındadır. Subartezian quyuları da yetərincə olmadığı üçün bəzi kəndlərdə suvarılma ilə bağlı ciddi problemlər yaşanır. Əgər su problemi həll olunsa, bizə müraciət edən fermerlərlə müqavilə bağlaya bilərik».
Tərtər rayonunun Süsənli kənd sakini Miri Rzayev deyir ki, o, 2004-cü ildən şəkər çuğunduru istehsalı ilə məşğul olur. 2015-ci ildə respublika üzrə şəkər çuğunduru istehsalçıları arasında ən çox - 1800 ton məhsul təhvil verdiyi üçün İmişli Şəkər Zavodu ona 1 ton şəkər mükafat verib: «2016-cı ildə isə 20 hektar ərazidə şəkər çuğunduru əkmişdim və ümumilikdə 2150 ton məhsul yığdım. Hər hektara görə məhsuldarlıq 100 tondan artıq olduğu üçün Tərtər rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmana və mükafata layiq görüldüm. Bu il isə şəkər çuğundurunun istehsalı üçün 24 hektar sahə ayırmışam. 800 ton məhsulu İmişli Şəkər Zavoduna göndərmişəm. Sahələrimdən əlavə olaraq 1300 tondan artıq şəkər çuğunduru da yığılacaq. Sərfəli olduğu üçün gələn il şəkər çuğunduru istehsalı üçün 1 hektar artıq, yəni 25 hektar sahəni ayırmağı planlaşdırmışam».
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Bəhruz Gəraylı isə bildirir ki, bu il ilk dəfə olaraq şəkər çuğunduru istehsalı ilə məşğul olmaq qərarına gəlib və bunun üçün 2 hektar torpaq sahəsi ayırıb. Onun dediynə görə, 2 hektar ərazidən 103 ton məhsul yığılıb: «Əkindən başlamış tədarükə qədər proseslər zamanı «AŞİB Aqro» MMC tərəfindən 1774 manat xərc çəkib, mən isə 1000 manat pul xərcləmişəm. Amma satışdan əldə etdiyim gəlirlərdən çəkilən xərclər çıxıldıqdan sonra mənə 3500 manat qaldı. Ona görə də növbəti illərdə də bu cür sərfəli və gəlirli sahə ilə məşğul olacağam. Amma kəndimizdə suvarılma ilə bağlı ciddi problemlər var. Subartezian quyularının sayı az olduğundan sahələrimin hamısında şəkər çuğunduru əkə bilməyəcəm. Ona görə də 2018-ci ildə də yalnız 2 hektar sahəni şəkər çuğundurunun istehsalı üçün ayıracağam».

Su mənbələrinin çatışmazlığı istehsal imkanlarını sıfıra endirir

«AŞİB Aqro» MMC-nin direktoru Rövşən Əliyev bildirir ki, respublikamızın 21 rayonunda 3468 nəfər torpaq mülkiyyətçisi tərəfindən 14 min 91 hektar sahədə şəkər çuğundurunun səpini aparılıb. 2016-cı ildə isə 7 min hektar sahədə 300 min tona qədər məhsul tədarük edilib: «Təqdim etdiyim statistikadan da göründüyü kimi bu ilki əkin sahələrinin əraziləri keçən ilkindən 2 dəfə çoxdur və bu ilki məhsul yığımı 500 min ton, yəni keçən ilkindən 200 min ton çox olacaq. Proqnozlarımıza görə, növbəti illərdə daha çox ərazilərdə şəkər çuğunduru əkiləcək və yaxın 3 il ərzində həmin məhsula olan tələbat daxili imkanlar hesabına ödəniləcək».
Direktor vurğulayır ki, şəkər çuğunduru istehsalı sahəsində daha uğurlu nəticələrin əldə olunmasını əngəlləyən çoxsaylı problemlər mövcuddur. Onun dediyinə görə, sözügedən sahə ilə məşğul olmaq istəyən fermerlərin sayı kifayət qədər olsa da, «AŞİB Aqro» əksər torpaq mülkiyyətçiləri ilə müqavilə bağlamaqdan imtina edir: «Çünki apardığımız araşdırmalara görə, şəkər çuğunduru istehsalı ilə məşğul olmaq istəyən fermerlərin əkin sahələrinin suvarılmasında ciddi problemlər var. Subartezian quyularının çatışmazlığı, çayların yoxluğu həmin ərazilərdə şəkər çuğundurunun istehsal imkanlarını sıfıra endirir. Bizim hər hansı bir rayonda, yaxud kənddə subartezian quyusu qazdırmaq və ya hər hansı bir su mənbəyini təşkil etmək üçün imkanımız yoxdur. Bu məsələ yalnız dövlət səviyyəsində öz həllini tapa bilər».
«AŞİB Aqro»nun rəhbəri deyir ki, adıçəkilən MMC şəkər çuğundurunun istehsalı üçün texnoloji xəritələr hazırlayır və bundan sonra torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılır və tərəflər öz üzərlərinə müəyyən öhdəliklər götürürlər. Onun sözlərinə görə, texnoloji xəritələrə uyğun gəlməyən torpaq sahələri üzrə fermerlərlə müqavilələrin bağlanması böyük risq deməkdir və adıçəkilən qurum belə risqə getmir: «Söhbət ondan gedir ki, torpaqlardan düzgün istifadə etməmək və aqrotexniki qaydaları gözləməmək həmişə məhsuldarlığa mənfi təsir göstərir. Növbəli əkin müəyyən müddətdən bir həyata keçirilməlidir ki, bitki torpaqda olan qida maddələrindən balanslı şəkildə qidalansın. Amma sosial durumu aşağı səviyyədə olan fermerə torpağı ən azı 1 il dincə qoymaq sərf etmir. Lakin torpaq dincə qoyulmasa belə, ona lazımi üzvü və mineral gübrələr, mikroelementlər hər bir bitki üçün normal qaydada verilsə, torpağın tərkibi keyfiyyətli olsun. Aqrotexniki qaydalara da əməl edilsə, problem olmaz. Ancaq torpağa bu cür qayğı göstərmək üçün də savaddan daha çox pul lazımdır. Buna da imkan yoxdur. Bir sözlə, növbəli əkinin gözlənilməməsi də şəkər çuğunduru istehsalının artırılmasını cidi şəkildə əngəlləyir. Üstəlik, fermerlər arasında maarifləndirmə işlərinin aparılması prosesini də sürətləndirmək çox vacibdir».
Rövşən Əliyev onu da əlavə edir ki, şəkər çuğunduru su ilə yanaşı, isti və və işıqsevən bitki olduğu üçün iqlim şəraiti münasib olmayan ərazilərdə şəkər çuğunduru istehsalı ilə məşğul olmaq əlverişli deyil: «Ona görə də aidiyyəti qurumlar yuxarıda sadaladığım problemlərin həlli istiqamətində müvafiq addımlar atmalıdırlar ki, şəkər çuğunduru istehsalını daha da artırmaq mümkün olsun».

Şəkər çuğundurundan hazırlanan məhsullar ucuzlaşa bilər

İqtisadçı-ekspert Ağasəf İmran deyir ki, şəkər çuğunduru şəkər sənayesi üçün əhəmiyyətli və vacib texniki bitki olduğu üçün bu məhsuldan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur. Onun dediyinə görə, şəkər çuğundurundan şəkər tozu, qənd, rafinad tozu, şəkər kirşanı və sair hazırlanır. Şəkərdən həmçinin xammal kimi qənnadı məmulatlarının hazırlanmasında, çörəkçilik, konserv, şərabçılıq və digər sahələrdə də istifadə edilir. Ona görə də ölkəmizdə şəkər çuğundurunun istehsalı və bu sahənin daha da inkişaf etdirilməsi mütləq vacibdir: «Qeyd etmək lazımdır ki, Azərbaycanın, xüsusilə də İmişli Şəkər Zavodunun istehsal etdiyi məhsulun müəyyən qismi xammal baxımından idxaldan asılıdır. Düzdür, daxili tələbatın xeyli hissəsi yerli istehsal hesabına ödənilir. Ancaq həmin təlabatın müəyyən hissəsinin idxal hesabına təmin ediməsi həm şəkər çuğundurundan hazırlanan məhsulların və şəkərdən istifadə edilməklə istehsal olunan məhsulların maya dəyərini artırır, həm də ölkəmizi xarici valyutadan asılı edir: «Ona görə də münbit torpaq və iqlim şəraitinə malik olan Azərbaycanda şəkər çuğunduru bitkisinin geniş sahələrdə becərilməsi ilə tələbatımızı daxili imkanlar hesabına ödəmək, çəkilən xərcləri azaltmaq və idxaldan asılılığı tamamilə aradan qaldırmaq, həmçinin idxala sərf olunan vəsaiti ölkəmizdə saxlamaq mümkündür. Eyni zamanda, şəkər çuğunduru istehsalını artırmaqla şəkər çuğundurundan hazırlanan məhsulların və şəkərdən istifadə edilməklə istehsal olunan məhsulların qiymətlərini ucuzlaşdıra, qida sənayesini inkişaf etdirə və ərzaq təhlükəsizliyimizi gücləndirə bilərik. Bunlar da Azərbaycana əlavə valyuta qazandıra bilər. Həmin məhsulların ixracından da gəlir əldə edə bilərik. Çünki əksər ölkələr şəkər çuğundurundan hazırlanan məhsulların və şəkərdən istifadə edilməklə istehsal olunan məhsulların idxalına milyonlarla dollar vəsait xərcləyirlər. Həmin vəsaitləri ökəmizə cəlb etmək üçün şəkər çuğunduru istehsalını mütləq inkişaf etdirməliyik».

Aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl etmək lazımdır

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin aqrokimyəvi xidmət sektorunun müdiri Oqtay Hüseynov qeyd edir ki, Azərbaycanda şəkər çuğunduru istehsalının artırılması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərinin aparılması mütləq vacibdir. Onun dediyinə görə, xüsusilə də fermerlərin şəkər çuğundurulunun becərilmə aqrotexnologiyası sahəsində məlumatlandırılması həyata keçirilməlidir. Həmsöhbətimiz vurğulayır ki, bütün aqrotexniki tədbirlər yüksək keyfiyyətlə aparılarsa, həm məhsuldarlıq yüksək olar, həm çəkilən xərclər azalar, həm də gəlirlər çoxalar: «Ona görə də şəkər çuğunduru istehsalına marağı artırmaq üçün fermerlər arasında şəkər çuğundurunun əhəmiyyəti, əkini, becərilməsi, aqrotexniki qulluq və digər məsələlərlə bağlı maarifləndirmə işləri aparırıq. Çünki şəkər çuğundurunun istehsalı sahəsinin inkişafı ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, həm də bölgədə yaşayan əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşmasına xidmət edəcək».


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev