Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcmaəsaslı məktəbəqədər təhsil müəssisələri
Tarix: 17.10.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda bu tipli bağçaların yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir

“Ötən ildən Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları dövlətin maliyyəsi hesabına tətbiq olunur və artıq 55 faiz uşaq bu qruplara cəlb olunub. Bu il isə bu göstəricinin 65 faizə çatdırılmasını hədəfləmişik”. Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev “Report”a müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda icma əsaslı məktəbəqədər hazırlığın təşkili ilə bağlı işlər görülür: “Bildiyiniz kimi, Azərbaycanda məktəbəqədər təhsil 3-6 yaşı əhatə edir. Problem ondan ibarətdir ki, hər yaşayış məntəqəsində bağçalar yoxdur. Bağçanı bu modellə saxlamaq çox vəsait tələb edir. Gündə üç dəfə yemək vermək, uşağın yatmağını təmin etmək və s. Ümumiyyətlə, icma əsaslı bağçaların yaradılması üçün bir neçə model hazırlanıb. Birinci model ondan ibarətdir ki, valideyn resursla təmin olunur və özü uşağını evdə məktəbə hazırlayır. İkinci variant bir neçə ailənin bir yerə yığışaraq icma əsaslı mərkəz yaratması və orada həftədə bir-iki dəfə toplaşaraq uşaqlarla məşğul olmasıdır. Üçüncü model ondan ibarətdir ki, məktəbin rəhbərliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisəsindəki hansısa ibtidai sinif müəlliminin iştirakı ilə bunu etməyə çalışacağıq”.
Şöbə müdiri vurğulayıb ki, icma əsaslı məktəbəqədər hazırlığın təşkili layihəsi Təhsil İnstitutu və UNİCEF-lə birgə ərsəyə gətirilib: “Layihədə Azərbaycanın müxtəlif rayonları üzrə 50 icma müəyyənləşib. Onlardan üçü və ya dördü Bakıətrafı qəsəbələrin payına düşəcək. Layihənin maliyyə tutumu yüksək olmayacaq. İlkin mərhələdə layihə UNİCEF tərəfindən maliyyələşəcək. Sonrakı dövrdə modeldən asılı olaraq ya valideyn, ya da dövlət tərəfindən maliyyələşəcək. Ən asan variant valideynin özünün istəyi olması ilə həyata keçiriləcək modeldir. Çünki bir çox xarici ölkələrdə məhz belədir. Hesab edirəm ki, bu ilin dekabr ayında modellərin yekun nəticəsi ilə bağlı təqdimat edə biləcəyik”.
Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında" qanuna əsasən məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər. Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yeri gəlmişkən, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyindən uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacib sayılır. Bu səbəbdən də məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. Belə ki,“Təhsil haqqında” qanunda məktəbəqədər təhsilin qarşısında ciddi vəzifələr qoyulub. Sözügedən qanunda deyilir ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Sənəddə göstərilib ki, məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır. Qanunda göstərilir ki, beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir. Qanunda bunun nəzərə alınmasına səbəb odur ki, uşağın təhsilinin sonralar nə dərəcədə müvəffəqiyyətlə gedəcəyi məhz bu başlanğıcdan asılıdır. Məktəbəhazırlığın əsas məqsədi isə beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə isə qeyd olunub ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir. Sənəddə vurğulanıb ki, hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır. 85 məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək.
Sənəddə o da göstərilib ki, istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir. İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov deyib ki, bu gün bir çox rayonlarda bağçaya cəlb olunan uşaqların ümumi sayı həmin yaş kateqoriyasına aid olan uşaqların cəmi bir faizini təşkil edir: "Məsələn, ucqar rayonlarda çox az uşaq bağçaya gedə bilir. Ona görə də hesab edirəm ki, ailə bağçalarının yaradılması çox vacibdir. Ailə tipli bağça formasında bir neçə ailə birləşərək, ümumi qeydiyyatdan da keçə bilər. Qanunvericiliyə görə, icma, ailə və bələdiyyə bağçaları yaradılacaq. Uşaqların məktəbəqədər biliklərini normal səviyyəyə çatdırmaq üçün uşaq bağçalarının şəbəkəsini genişləndirmək vacibdir. Lakin elə bir imkan yoxdur ki, hər bir uşaq ayrıca uşaq bağçasına cəlb olunsun. İndiyə kimi dövlət və özəl bağçalar var idisə, bundan sonra bələdiyyə, özəl ailə uşaq bağçaları da olacaq. Ailə bağçalarının yaradılmasının əsas məqsədi bütün təbəqələr üçün şərait yaratmaqdır. Ümumi uşaq bağçalarında uşaqların təhsil müddəti iki yaşdan 6 yaşa qədərdirsə, ailə uşaq bağçalarında bu müddət bir qədər qısa olacaq. Yəni, bu tipli bağçalar daha azyaşlı uşaqlar üçün nəzərdə tutulub”.
Amma mütəxəssis bununla yanaşı vurğulayıb ki, məktəbəqədər təhsil sahəsində peşəkar kadr çatışmazlığı mövcuddur: "Bu gün məktəbəqədər təhsil müəssisələrində kadrların heç də hamısı bu ixtisas üzrə ali təhsil almayıb. Digər tərəfdən ali məktəbləri bu ixtisas üzrə bitirən şəxslər ixtisasları üzrə təhsillərini davam etdirmir və bu sahə üzrə işlə təmin olunmurlar. Əgər biz yaxın zaman ərzində ailə tipli bağçalara keçid edəcəyiksə, ciddi kadr çatışmazlığı ilə üzləşə bilərik”.
Xatırladaq ki, Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 7 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib. Bununla da ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı 1663-a çatıb. Onlardan 946 məktəbəqədər təhsil müəssisəsi şəhərdə (2015-ci il bu rəqəm 939 olub), 717 təhsil müəssisə isə kənd yerlərində (2015-ci illə eyni) fəaliyyət göstərir. Ötən il məktəbəqədər təhsil müəsssisələrində 115,6 min uşaq təhsil alıb. 2015-ci ildə isə bu rəqəm 114,8 min olub. Bakı şəhərində 349 bağça fəaliyyət göstərir ki, burada 115622 uşaq təhsil alır. 2016-cı ildə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji işçilərin sayı 15354 olub. Onlardan 31,7 faizi ali təhsilli, 0,3 faizi natamam ali təhsilli, 60,7 faizi orta ixtisas təhsilli, 7,3 faizi tam orta təhsillidir. Dövlət bağçalarında çalışan 1659 müdirdən isə 66,4 faizi ali təhsilli, 0,4 faizi natamam ali təhsilli, 31,5 faizi orta ixtisas təhsilli, 1,7 tam orta təhsillidir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV