Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hazırlıq sinifləri
Tarix: 18.10.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı nəzərdə tutulan qaydalar nə vaxt hazır olacaq?

Xeyli müddətdir ki, ali məktəblərdə hazırlıq siniflərinin yaradılması məsələsi gündəmdədir. Bununla bağlı Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişikliklər edildikdən sonra prezident İlham Əliyev də qanuna edilən dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalıdır. Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd edək ki, ölkə prezidentinin “Təhsil haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləməsindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq hələlik bununla bağlı qaydalar hazır deyil. Ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirərkən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, prezidentin müvafiq sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir: “Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.
Nazir qeyd edib ki, hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək: “Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Etibar Əliyev deyib ki, Azərbaycanın tələbə qəbulu sistemi digər ölkələrdən fərqli olsa da, bu sahədə vəziyyət qənaətbəxş sayılır: “Bizdə orta təhsil sistemi də Avropa ölkələrinin təhsil sistemindən fərqlidir. Məsələn, dünyanın əksər ölkələrində 12 illik orta məktəb sistemi tamamilə oturuşub. Ölkə başçısı tərəfindən imzalanmış Təhsilin İnkişafı üzrə Strategiyada 12 illik təhsil nəzərdə tutulsa da, praktikada bu sistemə keçilməyib. Ancaq etiraf etməliyik ki, tələbə qəbulu sistemi digər ölkələrdə fərqli olsa da, bu sahədə vəziyyətimiz qənaətbəxşdir. Keçirilən sosioloji sorğular da, Azərbaycanda tələbə qəbulu sahəsində şəffaflığın və obyektivliyin təmin olunduğunu sübut edir. Əhalinin böyük əksəriyyəti ali məktəblərə qəbulun indiki formasından məmnundur. Qəbul sahəsində aparılan təkmilləşdirmə orta məktəb proqramlarında bir sıra müsbətyönlü dəyişikliklərin aparılmasına şərait yaradıb. "Təhsil haqqında” qanuna edilən dəyişiklikləri isə adətən ölkədən xaricə tələbə axınının artması və ali məktəblərin gəlirlərinin az olması ilə əlaqələndirirlər. Ancaq ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil olunması üçün bunlar əsas götürülə bilməz. Axı ali məktəblər sadəcə tələbə vəsaitləri hesabına fəaliyyət göstərmir. Onlar müxtəlif qrant layihələrində iştirak edir, "start-up”ları olur. Eyni zamanda həmin universitetlərin məzunları da bu və ya digər formada dəstək olur. Bütün bunlar isə təhsilin keyfiyyətinə təsir göstərir. Tələbələrdən toplanan vəsaitlər isə müəllimlərin əmək haqlarına sərf olunur. Bu nöqteyi-nəzərdən mən bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması üçün müvafiq şərtlərin qoyulmasının tərəfdarıyam. Kəmiyyət göstəriciləri keyfiyyətin önünə keçməməlidir. Əhalinin sayı ilə müqayisədə Azərbaycanda tələbələrin sayının az olması bizə əsas vermir ki, keyfiyyətsiz mütəxəssis hazırlığı həyata keçirək. Yaxşı olar ki, hazırlıq qruplarına qəbul olan gənclər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edən və keçid balına çox yaxın nəticə göstərən abituriyentlər arasından seçilsin. 50-60 bal toplayacaq səviyyədə olan uşaqların hazırlıq qruplarında iştirak etməsi və oradan da birbaşa ali məktəblərə qəbul olunması keyfiyyətsiz mütəxəssis hazırlanması üçün yeni mərhələnin yaranmasına səbəb olacaq. Sistem elə qurulmalıdır ki, hazırlıq mərhələsində iştirak edən tələbələrin bilik səviyyəsi elə də aşağı olmasın”.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Şahlar Əsgərov da hesab edir ki, hazırlıq siniflərinin yaradılması müsbət nəticələr ortaya qoya bilər: “"Təhsil haqqında” qanuna edilən dəyişikliyin effektli olacağını düşünürəm. Belə ki, bu dəyişiklikdən sonra Azərbaycanda ali təhsilli gənclərin sayı artacaq. Çünki indiki dövrdə gənclərin ali təhsillə əhatə olunması əsas meyarlardan biridir. Hər 100 gəncin neçəsinin ali məktəb bitirib-bitirmədiyi çox önəmlidir. Azərbaycanda bu göstərici çox azdır. 100 gəncin cəmi 15-16-sı universitetə qəbul olur. Avropada isə bu göstərici kifayət qədər yüksəkdir. Cənubi Koreyada 100 gəncin 95-i ali təhsil alır. Bu nöqteyi-nəzərdən Azərbaycanda gənclərin ali məktəblərə qəbul imkanlarının artırılması təqdirəlayiqdir. Əgər 10 il bundan əvvəl ali məktəblərə 24 min nəfər qəbul olurdusa, indi bu rəqəm 40 minə çatıb, bu dəyişiklik əsasında bir qədər də artacaq. Yəni, bunun zərərli bir tərəfi yoxdur. Lakin burada bir məsələ var ki, bunun tətbiqi üçün lazımi infrastruktur olmalıdır. Ən azı auditoriya, müəllimlər, metodik vəsaitlər, proqramlar lazımdır, böyük işlər görülməlidir. Hər halda, təhsil üçün görülən iş alqışlanmalıdır. Bu addım həm də gənclərin təhsil dalınca xaricə axınının qarşısını tam almasa da, müəyyən qədər ala bilər. Gənclər təhsil almaq üçün xaricə ona görə üz tutmurlar ki, ora xaricdir. Xaricə axın ona görə var ki, orada təhsilin keyfiyyəti yüksəkdir. Bu mənada ilk növbədə təhsilin keyfiyyəti qaldırılmalıdır”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Əjdər Ağayev isə deyib ki, bu addım həm ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını alacaq, həm də onların bilik səviyyəsinin artırılmasına yardım edəcək: “Düzdür, elə gənclərimiz var ki, onlar ölkəmizdə də təhsil alandan sonra təhsillərini təkmilləşdirmək üçün xaricə üz tuturlar. Amma ölkəmizdə ali məktəbə qəbul ola bilməyən bir sıra gənclərimiz var ki, onlar xaricdə imtahansız qəbul keçirən ali məktəblərə təhsil almağa gedirlər. Bu baxımdan qanuna təklif olunur ki, ölkəmizdə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qrupları təşkil olunsun və xaricdə imtahansız oxumağa gedən gənclər hazırlıq kurslarına getməklə öz ölkəmizdə təhsil almaq imkanı qazansınlar. Artıq yeni təklifə əsasən ali məktəbə qəbul olmayan abituriyentlər bir il hazırlıq kursundan keçəndən sonra buraxılış imtahanlarında iştirak edəcəklər və burada yüksək nailiyyət əldə etdikləri zaman istədikləri ali məktəbə qəbul ola biləcəklər. Bu addım eyni zamanda gənclərin ümumtəhsil məktəblərindən sonra geniş miqyasda təhsilə cəlbinə şərait yaradacaq”.
Ə.Ağayev vurğulayıb ki, ödənişli kursların təşkilinin digər faydalı cəhəti abituriyentlərin hansısa ali məktəbə gedib, orada hazırlıq keçmək əvəzinə öz ixtisaslarıma uyğun seçmək imkanı qazanmaqdan ibarət olacaq: “Bu da abituriyentlərə seçəcəyi ixtisasa uyğun hazılıq keçmək imkanı verəcək. Ümumiyyətlə bizdə orta məktəb şagirdlərinin qrammatik, nitq savadları zəifdir. Bu baxımdan ödənişli kurslarda ilk növbədə uşaqlara bu sahələrdə düzgün təlim keçirilməlidir. Düşünürəm ki, təlim kurslarında Azərbaycan tarixi və ixtisasa uyğun fənlər öyrədilməlidir. Təbii ki, bütün bunlar iş planı çərçivəsində həyata keçirilməlidir, əks halda onun effekti olmaz”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV