Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
Tarix: 24.10.2017 | Saat: 13:55:00
Bölmə:Müsahibə Polit-10 | çapa göndər

Bu dəfə Hafta.az-ın “Polit-10” layihəsinin qonağı “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidir. Onunla, uşaqlığından, orta məktəb illərindən üzü bu günə keçdiyi həyat yolundan danışmışıq. Bu müsahibədə Zəlimxan Məmmədlinin qeyri-rəsmi yönlərini görə biləcəksiniz. Əvvəlcədən deyim ki, səmimi müsahibə alınıb. Orta məktəbdə oxuyarkən lövhə oğurlamasından tutmuş, sevdiyi qızın önündə cəsarətsizliyinə qədər bir çox etiraflar etdi.

Eyni zamanda, Borçalımızdan, oradakı soydaşlarımızın bugünkü durumundan da söhbət açdıq. İcra başçısı olduğu dönəmlərdə dərviş libası geyinib fəhlələrin dərdlərini öyrənib sonradan onların istəklərini yerinə yetirmək üçün verdiyi göstərişləri xatırladıq.

Zəlimxan bəy, necə bir ailədə doğulmusunuz?

- Ümumiyyətlə, nəsilimiz ağır nəsil hesab olunur. Belə bir el ifadəsi var. Uşaqlığım ikinci dünya müharibəsindən sonrakı qıtlıq, aclıq dövrünə təsadüf edib. Ata tərəfdən babam tez rəhmətə gedib. Ailənin yükü, ağırlığı atamın üzərində qalıb. Altı qardaş olublar. Çox çətin bir dönəmdən keçiblər. Eyni zamanda, mən gözümü açanda zəhməti, torpağı, əkin-biçinə sevgini görmüşəm. Gördüyüm valideynlərimin əllərinin qabarları olub. Mayam, atamın, anamın əlindəki qabardan, torpağı sevməkdən, ona bağlılıqdan yoğrulub. Onlar əkib-biçdikləri əllərinin əməyi olan məhsulları sevirdilər, onu əzizləyib oxşayırdılar. Anam hətta becərdiyi pomidor, badımcan kollarına belə öz övladı kimi yanaşırdı. Ta körpəliyimdən bunu görmüşəm. Onların əllərinin qabarı, alınlarının təri ilə qazanılan zəhmətin işığında, içərisində böyümüşəm. Zəhmət ailəmizin, nəsilimizin imicidir. Maraqlıdır ki, nəslimizdə ticarətçi yoxdur. Ona görə yox ki, bacarmırlar. Məsələn, mən də onu edə bilmərəm. Böyük qardaşım da ticarəti bacarmaz. Bəlkə də bu tərbiyəmizdən irəli gələn bir nüansdır. Atam-anam qonşu, kirvə münasibətlərini üst qatda tutardılar.

Zəlimxan Məmmədli şəxsiyyətinin formalaşmasında kimlərin və ya nələrin rolu olub?

- Mən ana babamın yanında böyümüşəm. O kişi uşaq vaxtından mənə bağlı olub. Meyl salmışdı mənə, hara gedərdisə, yanında aparardı. Mən o kişidən ədəb-ərkan, böyük-kiçik yeri bilmək, salam verib salam almaq, bir az səliqəyə meyillənmək kimi şeyləri öyrənmişəm. Mühafizəkarlığım da məhz bundan irəli gəlir. Bütün bunlar mənim Zəlimxan olmağımda böyük rol oynayıb. Muxtar babam 101 il ömür sürüb. Əzəmətli bir kişi idi. Elat əhli idi, yurdu – binəsi vardı. Uşaqlığımın böyük hissəsi həmin binələrdə keçib. Bütün bunlar bizi adam, insan olmağa sövq edən əsas nüanslardır.

 

Ailədə neçə uşaq olmusunuz?

- Beş uşaq olmuşuq.

Hamısı ali təhsillidir?

- Bəli, hamısı. Dörd qardaş bir bacı...

Zəlimxan bəy, bəs həkimliyə meyl hardan başladı? Dərslərinizi hansı şəraitdə oxumusunuz?

- Atam obyektiv səbəblərdən orta məktəbi bitirməmişdi. Dördünücü-beşinci sinifə qədər təhsil almışdı. Özündən balaca qardaşlarının, ailənin maddi ehtiyaclarını qarşılayıb bir yana çıxarmaq üçün zəhmətə qatlaşmışdı. Atam saza vurğun idi. O vaxt radio qıt idi. Bizim evdə radio vardı. Axşam saat səkkizdə “Bulaq” verilişi olurdu. Orada elan ediləndə anam – ay uşaq sakit durun, atanız saza qulaq asacaq – deyirdi. Əllərinin qabarları öz yerində, amma həmişə evdəki söhbətlərdə, yanımızda nədənsə söz düşəndə elmli, savadlı adamları öyərdi. Deyərdi ki, filankəs savadlı adamdır. Filankəsin, varı-pulu çoxdur söhbətləri etməyib. Atamın o deyimlərinə anam da dəstək verib. Biz qoyun otara-otara, elat əhli ola-ola birinci sinifdən sonuncu sinifə qədər kitaba bağlı olmuşuq, onu sevmişik. Natamam orta savadı olan atam da, anam da təhsili bizə bu qədər sevdirib. Kitab bizim üçün çox müqəddəs idi. Qarayazı meşəsinin kənarında qoyun otara-otara bir əlimizdə kitab olurdu. Bir də görürdün ki, qoyun xama dolub, səndən uzaqlaşıb, o tərəfə gedib. Sovxozun qaravulçuları var idi. Yeri gələndə onlarla davalarımız olub. Çünki kitab oxuyurduq deyə qoyun-quzu xora, qoruq yerlərinə dolurdu. Bizi elmə, təhsilə təşviq edən yeddi ocaq olub; halallıq, sevdirmək, ətrafa – qonşuya, elə obaya sevgi, kitaba, savada məhəbbət, bağlılıq... Bütün bunlar bizim gələcək istiqamətimizi müəyyənləşdirib. Nəticədə dörd qardaşın hamısı ali təhsillidir.

Qardaşlarınız hansı sahədədir, nə işlə məşğuldurlar?

- Böyük qardaşım Azərbaycan Texniki Universitetində dekandır, Əhməd müəllim. Elmlər doktorudur, elə informatika ilə bağlı onun yazdığı kitablar tədris olunur. Məndən böyük qardaşım İsmixan da Texniki Universitetin məzunudur. Həkimliyin təməlini isə nəslimizdə mən qoymuşam.

 

Necə oldu bu?

- Uşaqvaxtı başıma bir hadisə gəldi. Ondan sonra məndə həkim olmaq istəyi yarandı. Mən ölümlə çarpışan ərəfədə yahudi-rus qarışıq bir kişi -əslində həkimlərin milliyəti də olmur- məni ölümün cəngindən alıb ayaq üstə qaldırıb. Hətta belə get- deyə istiqamət də verib (əli ilə sağ tərəfə işarə edir). Mənim həkimliyə sevgimin, insanlara təmannasız yardımın kökündə də bu durur. Ağır əməliyyat keçirdim. Hətta vəziyyətimin ağırlıq dərəcəsi klinik ölüm həddinə qədər gəlib çatıb. Evdə əllərini də üzüblər. Əməliyyatdan uğurla çıxdıqdan sonra ailəmizə gözaydınlığı verirmişlər. Bu Allahın təqdiri və həkimin əllərinin şəfası idi. Bu hadisə 1971-ci ildə olub. Onda 14 yaşında idim. Atamgil “pay-püş”lə həkimin yanına gediblər. Həmin həkim ona aparılan paydan bircə tikə götürdü. Bütün maşını geri qaytardı. Pul, pay götürmədi. Sonradan mən ona ilk dəfə Bakıya gələndə Nizaminin “Xəmsə”sini alıb hədiyyə etdim. Aforizmlər, rusca tərcümə idi, bir də “Xəmsə”. Sevdiyim, uşaq vaxtı oxuduğum kitablar idi. Məni həyata qaytaran həkimə hədiyyəm o kitab olub. Həkim də bundan çox məmnun qaldı. İndi haqq dünyasındadır. Yoldaşı da məhşur professor, reanimotoloqdur. Çox məşhur və böyük adamlar idi. Onların böyüklüyünü bu cür biçmişəm; tibb sahəsində Vladimir İvanoviç Fufin, Nino Aleksandrovna böyük bir zirvədir. O cümlədən, Cavad Heyət başqa bir böyük və əlçatmaz zirvədə olan şəxsiyyətdir. Əbülfəz Elçibəy siyasətdə və əxlaqda nəhəng zirvədir mənim üçün. Nə yaxşı ki bu zirvələrlə təmasım, ünsiyyətim olub. Bunlar Allah adamlarıdır, onların inanc, din ayrıseçkiliyi ola bilməz. Bizim ən böyük vəzifələrimizdən biri Allah adamı – vətəndaş, şəxsiyyət olmaqdır. Bütün bunlar olduqda, insan bir-birini yeməz, qağa. Bir-birinə paxıllıq etməz. Onlar mənim taleyində mühüm rol oynayan adamlardır. Hətta ailə quranda Vladimir İvanoviçlə məsləhətləşməyi çox önəmli bildim ki, mənə xeyir-dua versin. Rus-yəhudi qarışığı olan Fufin mənim bu addımıma çox sevindi ki, evlilik məsələsində ondan xeyir-dua almağa gəlmişəm. Evləndiyim xanımı sevsəm də onun xeyir-duasını da önəmli saydım. Hesab edirəm ki, çox yaxşı bir ailəm olmağının kökündə həmin xeyir-dualar durur.

Yəqin ki, ilk sinif müəlliminizi xatırlayırsınız?..

- Nisə və Fərrux müəllim bizim ilk sinif müəllimlərimiz olub. “A” hərfini bizə onlar öyrədib.

Qoşa girirdilər dərsə, yoxsa..?

- Yox, ayrı-ayrı. Ana dili, ədəbiyyat kimi dərsləri keçirdilər. Nisə müəllim sinif rəhbərimiz idi. Yeri gələndə əzazil idilər. Fərrux müəllim mənə yaxşı şapalaq da vurub. Buna baxmayaraq, rəhmətlik xətrimi çox istəyərdi. Sonrakı müddətdə riyaziyyatdan dərs deyən İsaxanlı nəslindən olan Abdulla müəllim məni oxumağa sövq edən insanlar kimi yaddaşımda qalıb. Abdulla müəllim məşhur Qaçaq İsaxanın oğlu idi. Məhəmməd müəllim də riyaziyyat dərsi deyir. İndi də sağdır, biz ona Muxtaroğlu deyirik. Kimya müəllimin Elmira xanım olub. Onun sayəsində mən Gürcüstanda bu fənn üzrə olimpiadanın qalibi olmuşam. Dil-ədəbiyyatdan dərs verən İmdad müəllim yuxarı siniflərdə sinif rəhbərimiz idi.

Bəs indi hər dəfə doğma mahala gedəndə onları yad edirsinizmi?

- Düzdür, üç ildir ki, Gürcüstana gedə bilmirəm. Hər dəfə oraya gedəndə ilk olaraq oxuduğum məktəbə baş çəkirəm. Kəndimizdə məscid də, məktəb də var. İlk olaraq məktəbə gedirəm. Yolumu oradan salıram. Üç ildir ki, gürcülər şovinist düşüncə ilə bunun qarşısını alıblar. O məktəbdə kitaba bağlılığın ilk rüşyemləri cücərib. Bu gün də azı beş səhifə kitab oxuyuram. Bu bədii, siyasi və başqa sahələri əhatə edən kitab ola bilər. İndi də sağ olan müəllimlərimə yazıram, zəng edirəm. Qiyas müəllimin 87 yaşı var, hələ də müəllim qıtlığı səbəbi ilə həmin məktəbdə dərs deyir.  Dekabrda həmin müəllimləri Bakıya dəvət edəcəyəm. Onları Bakıda yüksək məqamda oturtmaq itəyirəm. Böyük adamlara layiq olduğu yeri yaxşı mənada göstərmək lazımdır. Müəllimə hörmət həm də nəsillərarası vəhdətdir, ədəb-ərkan məktəbinin qorunmasıdır. Azərbaycan türkünün mədəniyyətində bütün bunlar mühüm yer tutur. Biz bu qaydaları qırıb Avropanın bəzi ölkələrindəki qaydaları tətbiq etsək millət kimi yox ola bilərik.

 

...və ilk məhəbbətiniz...

- Uşaq idim. Uşaqlıq deyəndə ki, insanıq. Kişi cinsindənəm. Təbii ki, həyatın bir anında gözəllik axtarmağa başlayırsan. Mənim də sevdiyim olub. Hətta qız üstündə orta məktəbdə oxuyarkən dalaşmışıq da. Sevdiyim qızı içimdə saxlamışam. Biliblər ki, həmin qız məni, mən də onu istəyirəm. Amma cəsarətim çatmayıb.

“Sevgisini ilk etiraf etdiyi üçün sevdiyim qızdan qəlbim döndü”...

Niyə çatmayıb cəsarətiniz?

- Qabağımda iki qardaşım olub. Onlar məndən böyük idi. Onlar evlənməmiş mən ailə həyatı qura bilməzdim, ailədə üçüncü övlad idim. O vaxt məktəb onillik olurdu. Son zəng günü həmin qızın rəfiqəsi mənə yaxınlaşdı. Dedi ki, filankəs xəbər göndərib, dedi ki, səni sevir. Həmin sözdən sonra mənim sevgim qırıldı. Çox qəribədir, pis oldum. O, bunu mənə sevdiyini deməməliydi. Bu gün də qınayıram onu, o, etiraf etməməliydi. Sevgini ilk olaraq mən etiraf etməliydim. İlk olaraq mən ürəyimi açmalı idim həmin qıza. Mənim buna cəsarətim çatmadısa, o, da cəsarətlənməməliydi. Bunu zaman həll edə bilərdi. Sonralar bundan atam-anam da xəbər tutdu. Bu gün ailəm də bilir. Allah xoşbəxt etsin, sonra o qız ərə getdi. Çox sonralar anamı bazarda, orda-burda görəndə də dönə -dönə deyirmiş ki, kaş Zəlimxan o vaxt məni alaydı (gülür).

Orta məktəb illərində ən yadda qalan xatirə kimi hansı şuluqluğunuzu etiraf edə bilərsiniz?

- Danışacağım hadisəni çox sonralar etiraf etdim. Artıq Tibb Universitetinə hazırlaşmaqla bağlı qərar vermişdim. Yuxarı siniflərdə oxuduğum vaxtlar idi. Texniki fənnləri bir az arxa plana atıb kimya, biologiya, zoologiya kimi fənnləri öyrənməliyəm. Gecə - gündüz oxuyurdum. Həmin günlərin birində məktəbdən lövhə oğurlamışam. Özü də oğurluq gecə olub. Lövhəni məktəbdən evə aparmışam.

-  Niyə etdiniz ki bunu?

- Özümə də sual verdim ki, niyə?! Bəraət verdim ki, satmağa yox, universitetə hazırlaşmaq, öyrənmək üçün aparıram. İndi həkim işləyən bir dostumla gecə saat ikiyə, üçə qədər bir yerdə bizim zirzəmidə hazırlaşırdıq. Yazı taxtasını da elə oraya qoymuşduq. Lövhənin köməyi çox idi. Həmin dostum da, mən də 1976-cı ildə universitetə pulsuz qəbul olunduq. O dövrdə hər kəs bunu bacarmırdı. Sonradan bu oğurluğumu müəllimlərimə açıb dedim. Halallığını da verdilər. Dinc olmamışam. Çalışmışam ki, həmişə fərqlənim. İstər güləşdə, istər oxumaqda.

 

Məqamıdır, etiraf edin, başqa oğurluğunuz da olubmu?

- Bir Nəzir kişi vardı. Rəhmətlik dovşan saxlayardı. Xeyli dovşanı vardı. Meylimizə düşdü ki, dovşan yeyək. Uşaqlar dedilər ki, biri beş manatdır. Aramızda əlli qəpikdən pul yığıb həmin beş manatı düzəltdik. Cavan uşaqlar idik. Nəzir dayının yanına gəlib dedik ki, dovşan almaq istəyirik. Bu kişi də başladı bizi təhqir etməyə. Dedi ki, köpəyuşağı, siz dovşan yeyən olmusunuz?! Ona dedim ki, a kişi, pulunu verirəm, bizə bir dovşan ver. Dadına baxmaq istəyirik. Uşaq marağıdır, dovşan ətinin dadına baxmaq istəyirik. Nəzir kişi bizə dovşan vermədi, bizi söyüb qapıdan qovdu. Həmin gecə bunun üç dovşanını oğurladıq. Mən icra başçısı işləyən ərəfədə kəndə böyük yardımlarım olub. Həmin vaxt Nəzir dayı ilə görüşəndə dedim ki, dovşanların yoxa çıxmağında məndən şübhələnmədinmi? Dedi ki, ağlımdan keçsə də, Ədil kişinin, Şöhrətin-anamın adıdıdır- uşaqlarından belə bir şey gözləmirdim. Dedim ki, həmin oğurluğu biz etmişik. Onun da halallığını almışam (gülür). Elə iki oğurluq olub. Müəllimlər lövhənin, Nəzir kişi də o üç dovşanın halallığını verib. Özü də yaxşı oxuduğuma görə, komsomol təşkilat katibi seçilmişdim. Orada da müəllimlərimin rus dilində danışdığı halda mən Azərbaycan dilində danışırdım. Deyirdim ki, burada yad millətin nümayəndəsi yoxdur. Niyə yad dildə danışmalıyıq.

Zəlimxan bəy, tələbəliyiniz necə keçib?

- Tələbə vaxtı biz 9 May qələbə paradını pozmuşuq. Düşünürdük ki, bu saxta paraddır. Qeyri-rəsmi bir dəstə yaratmışdıq. Onlarla çox işlər görmüşdük. Əvvəldən əməliyyatı qururduq. Təxminən on nəfər idik. Məsələn, hamı “ura” deyəndə biz yad – solo səslər çıxarırdıq. Hərəmiz bir tərəfdən qışqırırdıq. Bu da diqqəti cəlb edirdi. Sonra da tapa bilmirdilər ki, o səsi kim çıxardı. Bizi aşkarlayan vaxtlarımız da olub. Onda bizə deyirdilər ki, hələ cavansınız. Belə etməyin. Bundan başqa qonaqlıqlar təşkil edərdim. “Neftçi”nin azarkeşi idim. Uşaqları bir yerə yığıb futbola baxmağa gedərdik. Biz on nəfərlə 25 uşağı əvəzləyə bilirdik. Gəlməyənləri satmamaq üçün adlar çəkildikcə hamının yerinə “mən”, “burdayam” - deyirdik. Sonra müəllim baxırdı ki, sinifdə on nəfər var. Deyirdi ki, necə olur hamının səsi çıxır?! Dillənmirdik... Sonra dərnəklər olardı. Onların təşkili gizli baş tutardı. Biz də gedib gələrdik. Yaxud da Müsavat anti-təbliğatı tədbirləri keçirilirdi. Orada bildik ki, bizim üçrəngli bayrağımız olub. Azərbaycan xalqı həmin bayrağı o vaxt tanımırdı.

 - Təxminən neçənci illər idi ?

- 1970-80-ci illər. Bizim dostlar arasında şifrəmiz vardı. Göy, qırmızı, yaşıl saplardan gödəkcəmizin, pencəyimizin yaxalığının arxasına "şifrə" tikirdik. Bu bizim tanınma nişanımız idi. Özümüzü o qədər kodlaşdırmışdıq ki, bu bayraq bizim milli simgəmizdir, bizim bayrağımızdır-deyirdik. Burada bizim türklüyümüz əks olunub deyə fərəh hissi keçirirdik. O vaxt millətə türk deyə bilmirdin, Türkiyə Azərbaycana düşmən kimi təqdim olunmuşdu. İdeologiya elə idi. Səninlə danışanda, söhbətimiz üst-üstə düşəndə pencəyimizin yaxalığının arxasında gizlətdiyimiz üçrəngli sapı göstərirdik. Əgər qarşımızdakı arif adam olsaydı, nə demək istədiyimizi anlayırdı. Əks halda həmin adamla dərin söhbətlərə girmirdik. Bunlar bizim uşaq fantaziyamız idi.

İndi Gürcüstandakı soydaşlarımızın durumu necədir? Ora ayaq basa bilməsəniz də yəqin ki, proseslərdən xəbəriniz var. Hətta bir ara deyirdilər ki, Borçalıda yaşayan soydaşlarımız torpağa bağlı deyillər. Bütün bu ittihamlara cavabınız nədir?

- Borçalı mühafizəkarlığın, tanrısallığın çox güclü olduğu bir toplumdur. Sufiliyin geniş yayıldığı ərazidir. Təbii ki, ictimai-siyasi vəziyyət bizim başımıza çox oyunlar gətirdi. Bunun da kökündə Kremlin Qafqazda etnik zəmində qarşıdurma yaratmaq planları dururdu. Moskvanın hazırladığı plan bu idi. Həmin vaxt aydınlarımız, ziyalılarımız, elə mənim özüm də prosesin qarşıdurma həddinə qədər getməsinin qarşısını aldıq. Əks halda, kəndlərdə silahlı dəstələr vardı. Bunlar “primitiv” müdafiə istehkamları idi. Müdafiə istehkamlarımız qurulmuşdu. Söhbət 1988-ci ildən gedir. Sonrada Xalq Cəbhəsi oldu. 1990-cı il sentyabrın 6-da 600 nəfərlik zalda Qardabani rayonunda möhtəşəm bir görüş keçirdik. Gürcüstanın Xalq Cəbhəsi, Milli Demokrat Partiyası, Çanturiya, Nodar Natadze-Kamsaxurqiyanın birinci müavini idi- və başqaları, bizdən də Xalq Cəbhəsindən böyük bir heyət gəlmişdi. Həmin görüşü mən təşkil etdim. O dialoq həmin streotipi sındırdı. Qərara gəldik ki, səylərimizi birləşdirib bu təxribatı önləməliyik. Həmin vaxt dəymiş zədələr etimadı xeyli sarsıtdı. 1991-ci ildə soydaşlarımızın yaşadığı kənd adları dəyişdirildi. Mənim davamın kökündə də bu dayanır; bizim tarixi yurd yerlərimizin adları bərpa olunmalıdır. Hazırda gürcü dövlətçiliyinə sadiq gənclərimiz yetişib. Gürcü dilini mükəmməl bilən gənc nəsil var. Soydaşlarımızın maraqlarını ifadə etməyi dilə gətirən azad insanlarımız var. Bunlar sevindirici hallardır. Seçkidə uduza bilərik, hakimiyyət resursları səfərbər olunar, saxtakarlıq edilər amma ümumi proses müsbətə doğrudur. Proses bizim bir zaman istədiklərimizin reallaşmasına doğru gedir. İndi onların sayı yüzlərlədir.

Bəs nə çatışmır?

- Yeganə çatışmayan cəhət mənim Gürcüstana buraxılmamağım və soydaşlarımızdan qorxunun təzahürüdür. Soydaşlarımız təmərküzləşib, Elat bayramı böyüyüb. Bundan qorxurlar. Gürcüstanda belə bir qorxu var.

 - Borçalının bu qədər mühafizəkar bir mühit olmasında sazın rolunu necə qiymətləndirirsiniz? Saz Borçalı insanını niyə 1991-ci ildə mədəni muxtariyyət tələb etməyə hazırlaya bilmədi?

-  Saz ruhani və birləşdirici missiya daşıyır. Sazda həm də döyüş ruhu var, mənə dəyənə mən də dəyərəm prinsipini nəzərdə tuturam. Sazda təcavüz də yoxdur.

Bəs mədəni muxtariyyət varmı?

- Yoxdur. Məsuliyyət var. Saz Azərbaycan türkünün ruhunun simgəsidir. Muxtariyyət ideyasını 1991-ci ildə Kreml təxribat olaraq ortaya atmışdı. Buna nə Azərbaycan türkləri, nə də gürcülər hazır deyildi.

-Gürcüstanda keçirilən yerli idarəetmə orqanlarına seçkilərin ötən gün rəsmi nəticələri açıqlanıb. Şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunurdu. Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” Partiyası qalib gəlib. Seçkiləri necə qiymətləndirirsiniz?

- Seçki ilə bağlı müxtəlif fərqli fikirlər var. Məsələn, Marneulidə bəlkə də tarixdə ilk dəfə olaraq, azərbaycanlı seçilib. Orada əsas namizəd Əhməd İmamquliyev idi. Onun seçki qərargahından seçkilərin saxtalaşdırıldığı barədə iddialar var. Hər halda seçki qərargahıdır, görünür əllərində faktlar var. Qonşu Gürcüstan demokratik yolda inkişaf etmək istəyir. Müəyyən dərəcədə bizi qane etməyən, demokratik prinsiplərə uyğun gəlməyən hallar var. Borçalıda Azərbaycan qurumları işləyirlər. Bunların da təfəkküründə Azərbaycanda mövcud olan hakim mövqe üstünlük təşkil edir. Bu baxımdan soydaşlarımızın aktiv şəkildə siyasi proseslərə qoşulduqlarını söyləmək çox çətindir. Sadəcə, təşəbbüslər, yeniliklər var. Mən indiki və əvvəlki seçkidən çıxış edərək, nəhayət Borçalıda yetkin siyasi fiqurların yetişdiyini deyə bilirəm. Bu çox önəmlidir. Amma istənilən halda oradakı soydaşlarımızın siyasi cəhətdən passiv olmaları öz rolunu oynayır. İnsanlarda seçkilərə inamsızlıq, ruh düşkünlüyü yaradan bir siyasi mexanizm işləyir. Bunun özü də təsirsiz ötüşmür. Amma buna baxmayaraq, tək haldır ki, bu qədər basqıların içərisində soydaşlarımız  Marneuli və Bolnisidə fəallıq göstərə biliblər. Seçkidə əhəmiyyətli bir kəsim iştirak edə bilib. Amma iddialar çoxsaylıdır. Bu barədə nəsə söyləməyə çətinlik çəkirəm.Gürcüstanda qorxaq düşüncə var. Milli azlıqlardan qorxurlar. Hər halda Gürcüstanı qınamıram, çünki Cənubi Osetiya və Abxaziya kimi qorxu mənbələri var. Biz Borçalı türklərindən Gürcüstan üçün təhlükə olmayacağına qarşı tərəfi inandırmalıyıq. Bunlar olmasa, oradakı soydaşlarımızın təmərküzləşmələri mümkünsüz görünür. Bunu özümə qarşı münasibətdə və cəmiyyətimizin fəaliyyətində görürəm. Demokratiya oturduqca bu cür hallar aradan qalxacaq. Azərbaycan-Gürcüstan tərəfdaşlığında Borçalı türklərində belə bir fikir ola bilməz. Bu qorxu soydaşlarımızın parlamentdə düşməsinə, ali orqanlarda təmsil olunmalarına mane yaradır. Onlar daha çox müti, sözəbaxan şəxslərə önəm verirlər. Fəal təbəqəmizdən Gürcüstanın qorxmamasına çalışmalıyıq. Yetkin insan xain olmaz, arxadan da vurmaz. Cahillərlə iş tendensiyası aradan qaldırılmalıdır. İndiki gürcü hakimiyyətində orada soydaşlarımızdan qorxan düşüncə var.

İcra başçısı olduğunuz dövrdə nə kimi yaddaqalan işlər görmüsünüz?

- Neftimiz, qazımız yox idi. Büdcəmizi də kommunistlər darmadağın etmişdilər. Buna baxmayaraq, Xətai rayonunda Xocalı soyqırımının qurbanlarının ruhuna ehtiram əlaməti olaraq faciənin birinci ildönümündə “Ana harayı” abidəsini ucaltmışıq. Dövlət büdcəsindən bir qəpik də istifadə etməmişik. Qubadlı və Zəngilanda müdafiə istehkamlarının qurulmasında mühüm rolum olub. Xocalı Xatirə Muzeyini qurmuşduq. Xocalı parkını salmışıq, həmin park indi də durur. Şah İsmayıl Xətainin heykəlini bir ilin içində mən qoymuşam. Mən icra başçısı olarkən YAP-ın təsis konfransı keçirilib. Orada nitq söyləmişəm. Çoxpartiyalı sisteminin formalaşmasının tərəfdarı olduğumu demişəm. Ziya Bünyadov o zaman təsis konfransının iştirakçılarından idi. Nitqimi təqdir etdi. “Molodes” dedi. O, rəhmətliyin də qəribə bir jesti, özünəməxsus şəkildə fikir bildirmək jesti vardı.

 

Kimləri oxuyursunuz?

- Ramiz Rövşəni, Vaqif Bayatlı Önəri, Musa Yaqubu, çox sevirəm. Öz yanaşmamdı, yaradıcı adam özü kimi deyilsə, yazısında riyakardırsa, onu oxumuram. Ondasa gedib Hadini, başqalarını oxuyaram...

Gənclərdən kimləri oxuyursunuz?

- Sonradan bildim ki, bizim ellidir, Kəraməti oxuyuram. Təsviri o qədər canlıdır ki, elə bil gedib içinə girirsən. Ayxan da yaxşı yazır. İstedadlı uşaqlardı, özlərini tapacaqlar. Axtarışdadırlar. Bu yaxınlarda Kəramətə də dedim ki, ruhunu belə saxla, ruha toxunma. Cism ruha yük olmamalıdır. O zaman faciə olar. Çox canlı və axıcı təsvirləri var. Ruhları diri olsa, cəmiyyətə də faydalı olacaqlar.

-  Musiqidə kimləri dinləyirsiniz? Söhbət gənclərdən gedir...

- Təssüf ki, bu gün musiqimiz tənəzzül dövrünü yaşayır. Maraqlısı odur ki, bütün pəltək adamları müğənni eləyib ortaya çıxarıblar. Bəlkə də milli müstəqilliyinə zərbə vurmaq üçün görülən məqsədyönlü işlərdir. Bu gün Azərbaycan dilində səlis danışan cavan müğənni görmürəm. Bizim cavanlığımızda Zeynəb Xanlarova, Akif İslamzadə, Qədir Rüstəmov, Məmmədbağır Bağırzadə, “Qaya” vokal insturmental ansamblı vardı. Bunlar bizim gəncliyimizin qida mənbələri vardı. Bilirsiniz “Sarı gəlin”i urvatsız etmçək olmaz. “Hello”dan oxu amma “Sarı gəlin”ə, saza dəymə. Dərbənddə saz bu gün yoxdur. Dərbənd əldən gedib. Bir vaxtlar aşıqların deyişmə məkanı idi.

 

Zəlimxan bəy, sazla bərabər tərəkəməçilik qoyunçuluq əlimizdəki əraziləri saxlamaq baxımından nə qədər önəmlidir?

- Çox önəmlidir. Baxın Türkiyə mahiyyət etibarı ilə elatdan imtina etdi. İndi qardaş ölkə əti kənardan alır və ətin qiyməti çox bahadır. İndi yenidən köy mədəniyyətini – elatçılığı bərpa etmək haqqında düşünürlər. Qarsın, Çıldırın, Ərzurumun düzləri, yaylaqları “mələyə-mələyə” qalıb. İnsanlarımızın var olması üçün elat mədəniyyəti inkişaf etməlidir. Ərzaq təhlükəsizliyinin də kökündə bu dayanır. Dmanisdə, Başkeçiddə mal-heyvan olmasa, insanlar Arana gələcək. Bu da coğrafiyanın qısalması deməkdir. Həmin məqam gələcəkdə bizi milli dövlət olaraq təhdid edən əsas məsələlərdəndir. Elat mədəniyyəti Azərbaycan türkünün icad etdiyi unikal dəyərlərdəndir. Dövlət bunun üçün proqram işləyib hazırlamalıdır.

 - Toy mədəniyyətinə necə baxırsınız? Düyün mədəniyyətini demirəm. Övladınızın toyunu adət-ənənələrə uyğun keçirdiniz yoxsa?

- Toy bir növ başbilənlərin toplantısıdır, qərar və xeyir-dua vermə yeridir. Bizdə toy tutaram ifadəsi var- yəni, səni çarmıxa çəkərəm, ağsaqqalları, ağıllıları yığıb sənin payını verərəm deməkdir. Haqsız adama deyərlər ki, sənə toy tutaram. Toy tutmaq oradan gəlir. Əski türklərin demokratik məclisinin təməli toydur. Xanımlarımız xatun libasında aparıcı olardılar toylarda. Bu ənənə hökmən qorunmalıdır. Kəndlərdə toyların restoranlara daşınmasının əleyhinəyəm. Nəsillərarası rabitə qırılır. Oğlumun toyunu Bakıda restoranda etdik. Əslində mindən çox adam gəlmişdi. 500 nəfərə dəvətnamə göndərmişdik. Gözəl toy oldu. Niyyətim də vardı ki, ata yurdumda, kəndimizdə toy çaldırım. Borçalının yaxşı kişilərindən ibarət sayseçmə kişiləri çağırdım. Müəllimlərim də başda əyləşmişdi. Nəmər də yığmadım, onsuz Bakıdakı toy nəmərli idi. Güneydən, Borçalıdan aşıqlarımız gəlmişdi. Ustad aşıq Aslan Kosalı mikrofonsuz düşdü meydana. Məclisi ustadnamə ilə açdı. Cavanlar qara zurnaya oynayırdılar. Möhtəşəm idi. Onda qürurlana-qürurlana bir şeyi müşahidə etdim. Bacım, qardaşım uşaqları, əmimin, dayımın törəmələri hərəsi bir işin qulpundan yapışıb qaynayıb-qarışırdılar. Əsl toy bu idi. İnsanların birliyi bir toyda, bir də yasda olur.

Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

- Üç övladım var. Oğlum iqtisadçı, maliyyəçidir. Həm də idman ustasıdır. Qızım hüquqşunasdır. Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini fərqlənmə ilə bitirib. Ailəlidir. Təssüf ki, indi işsizdir. Bir ara elmi-tədqiqat insitutunda işlədi. 180 manat maaş alırdı. Görün təhsilmizə qiymət hansı gündədir. İndi həmin qızıma iş axtarırıq. Böyük qızım həkimdir. O, da işsizdir. Ailəlidir, həyat yoldaşı da həkimdir. Oğul nəvəm yanımdadır. Adı Adildir, atamın adını qoymuşam. Üç yaş yarımındadır, ən yaxın dostumdur. Qismət olsa, onu stamatoloq kimi yetişdirmək istəyirəm. Dörd yaşının tamamında yanıma aparacağam. Xalat geyinib balaca həkim kimi babasının yanında çalışacaq. Təki sağlıq olsun. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind