Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
Tarix: 27.10.2017 | Saat: 14:44:00
Bölmə:Müsahibə | çapa göndər

Bəlkə də çoxlarınız onu üzdən tanımayacaqsınız. Amma bir neçə nəsil onun səsi ilə böyüyüb. Şəklinin altından o sehirli səsi eşitsəniz yəqin ki, bu fikrimlə razılaşacaqsınız. Efirlərə, medianın üz qapaqlarında görünməyi çox xoşlamır. Səsinin arxasındakı pərdə ilə danışır tamaşaçıları ilə. Onlarla, bəlkə də yüzlərlə verilişin, sənədli filmlərin fon mətnini səsləndirib. Özü də, Azərbaycan Dövlət Televiziyası kimi ələkli-cilalı bir köklü teleməkanda.

Uzun illər mədəniyyət verilişlərinin, sənədli verilişlərin  əsas səs siması olmaq hər “ilahi səs sahibi”nə qismət olmayıb. Doğrudur, indi başqa televiziyada məşhur telelahiyənin - “Xalqın şairi” layihəsinin baş redaktorudur.

Hafta.az-ın obyektivini bu dəfə  telejurnalist  Mintac Elsevərə tuşladıq. Nazını çəkib müsahibəyə razılıq verməyinə nail olduq. Onunla bugünkü efirimizdəki “cır səslər”dən, səsindəki tənhalıq notlarından, şəxsi həyatındakı yarımçıq toxunmuş xalı naxışlarından, bir sözlə, hər şeydən danışmışıq.

 

Mintac xanım, bizim gənclik televiziyada sizin səsinizi eşitməklə böyüdü. Siz həmin televiziyanın içərisində kimlərin səsini eşidə-eşidə boy atdınız?

- Əslində televiziyaya, jurnalistikaya eşqim özümü anlayandan doğulub. Səs olaraqsa ilk dəfə məni sehrləyən Həsən Əblucun səsi olmuşdu. Ezopu oynayırdı… İlk dəfə onu eşidəndə səsin həm də rəngi olduğunu görə bilmişdim. Ardınca 17 yaşımda Azərbaycan Televiziyasına gəlişim. Hərçənd ki, onda məcburən getmişdim televiziyaya (üst dişləri alt dodağını xəfifcə dişləyir və gözləri məchul bir nöqtəyə zillənir-T.T)… Və dövrün ən istedadlı efir simalarıyla eyni ortamda çalışmaq. Uşaqlıqdan onları efirdən izləyirdim və indikindən fərqli olaraq böyük əksəriyyəti örnək götürüləsi simalar idi. Həqiqət Əsgərova, Hicran Hüseynov, Sabir  Ələsgərov, Rafiq Hüseynov,  Ofelya Sənani, Tamilla Ələkbərova və sairə. Yaddaş olaraq sevdiyim insanlar həm də səs olaraq xatirəmə yazılırdılar. İndi hər onları xatırlayanda içimə dərin bir sükut çökür...

 

Səsinizdəki tənhalıq simptomdur ya irsi keçib?

- Yox, məncə bu sadəcə taledir. Hərdən mənə elə gəlir ki, mən öz səsindən geridə qalan adamam. İndi siz tənhalıq deyirsiz, amma mən heç istəməzdim ki, bu belə qəbul olunsun.  İstəməzdim ki, insanalara sadəcə tənhalıq səsim çatsın. Çünki mən öz səsimə o qədər də də vurğun deyiləm. Elə sanmayın ki, təvazökarlıq edirəm, qətiyyən. Mənə görə hər kəs bir az da öz səsinə bənzəyir. Amma zənnimcə tənhalıq çoxlarının qəbul etdiyi qədər də dəhşətli bir hiss deyil.  Bilmirəm, bəlkə də zamanla başqa cür düşünəcəm, amma özümü anlayandan tənhalığın rahatlıq verdiyini hiss edirəm.

 

Məntiqlə tənhalığınızı etiraf etmiş olursunuz…

- Bilirsiniz, mən gerçəkliyi qəbul etməyi bacaran adamam. Nəsə baş verdiyində - ah dözə bilmərəm -deyib amma dözürsənsə bu sünilikdən başqa bir şey deyil. Dözürsənsə, deməli daha betərinə də dözə bilərsən. Yox, əyər dözə bilmirsənsə get sarıl intihar hörüyünə.Yoxsa ucuz artistlik etməyin nə aləmi var ki... Ya öl, ya da qürurla içinə çəkil vəssalam.

Azərbaycanda əksər “tənha xanımlar” “asılqan qadın” buxovundan qurtula bilmir. Elə siz də… Həzz ala bilirsinizmi axına qarşı getməkdən?

- Bu fərdi hissdi. Elə xanımlar tanıyıram ki, uydurduğu yalanlarla yaşayır. Ona elə gəlir ki, hər şey cəmiyyətin qəbul etdiyi kimi yaşanmalıdır. Mütləq yanında bir kişi olmalıdır. Bu tip xanımlar hətta yanındakının guya onu hamıdan çox sevdiyinə, onu heç vaxt  aldatmayacağına inanan, ya da özünü bu yalana inandıran qadınlardır. Təbii ki, bu cəfəngiyyatdan başqa bir şey deyil. İnsan nəfsinin sərhədi yoxdur. O ki, qaldı axına qarşı getməyə. Axına qarşı getmək deyil mənimki. Sadəcə mümkün olanı edə bilməkdir.  Bəzən bunu məcburiyyətlə səhv salanlar da olur. Bu sadəcə mətinlikdir, vəssalam…

 

Elə şairlər var ki, hər şeydən uzaqlaşanda öz şeirlərini oxuyurlar. Bu qeyri-ixtiyari baş verir. Bəs siz kimlərdənsə uzaqlaşanda öz səs yazılarınızı dinləyib sakitləşirsizmi?

- Özümü?!. Heç vaxt. Hamıdan qaçmaq dolayısıyla həm də özündən qaçmaqdır. Adamı özünə xatırladan elə adamlardı. Onların etdiyi yaxşı və pislər, etibar ya da sarsıntılar insanı insanlarla bir yerdə qalmağa da, onlardan uzaqlaşmağa da təhrik edir. Bu mənada əgər pisəmsə elə pisəm. Məni heç nə ovuda bilməz. Bir halda ki, hər şeydən uzağam, deməli hər şeydən uzağam. Ən yaxşı halda bir neçə imzaya yaslanaram. Rüstəm Behrudi, Ramiz Rövşən, Fet, Yesenin, Aqşin Yenisey, Qulu Ağsəs, ya da Dostayevskinin “İdiot”unu səhifələyərəm. Bir az qarışıq siyahı oldu deyəsən, amma belədi. Onların yazdıqlarında bəzən özümün dilə gətirə bilmədiklərim ya da özümə də aydın olmayan hisslərin ifadəsi var. 

Bayaq sarsılmaqdan danışdınız.  Ağır hissdi. Hiss eləməmiş olmazsınız...

- Əslində bu həm də böyük peşimanlıq idi mənimçün. Baxışlarıma zidd getdim, özümə qoyduğum bir qadağanı pozdum. Halbuki, bu ümumiyyətlə mənimçün vacib olmayan bir hal idi. Bunu heç vaxt etməmişdim və etməyi də düşünmürdüm. Ancaq təəssüf ki, etdim... Etdim və sarsıldım. Buna görə özümə ən böyük cəzanı verərdim. Amma nə yaxşı ki, indi yenə həmin qadağayla yaşamağa davam edirəm. Hərdən mənə elə gəlir ki, bunu yuxuda yaşamışam... 

Bu gün televiziya mühitində elə səslər var ki, adam ən yaxşı halda verilişə səssiz baxmaq istəyir. Səbəb nədir? Səslər verilişin üzərinə düz oturdulmur, ya adamlar doğru yerdə oturmayıblar?

- Yaralı məqama toxunursunuz... (köks ötürür).  Bilirsiniz, biri var sənə aid olan yer, bir də sənin oturmaq istədiyin yer. Bunlar tamamilə fərqli anlayışlardır. Bəzən - əşşi fərqi nədir, otur burda - deyəndə vəziyyət də qəlizləşir. Televiziya çox həssas bir sahədi. Çoxlarının sirr olaraq düşündüyünü televiziya sətirüstü ya da sətiraltı mənada göstərir və eşitdirir. Əgər hardansa səs gəlirsə bu mütləqdir ki, insan ona qulaq verəcək və o səsə doğru gedəcək ya da getmək istəyəcək. Buna görə o səsin doğru səs olması vacib şərtdir. Görünür, sizin qulağınıza yalnış dəyən səslər çoxdur ki, bəzi verilişlərə səssiz baxmaq istəyirsiniz. Bu sizin sualınızın sətiraltı mənasına cavab olsun. Amma məsələyə sırf peşəkarlıq nöqteyi-nəzərindən də yanaşmalı olsaq, bəli, hər səs efirə yararlı səs ola bilməz. Ola bilsin ki, jurnalistin qələmindən dürr tökülsün, amma səs efir estetikasına uymursa, tamaşaçını diksindirirsə yazılan mətnin şirəsini də çəkəcək, suyunu da qurudacaq. Onda dadsız və quru mətni həzm eləmək də tamaşaçıya çətin olur. Və biz bəzən bağırtıyla, havanı qılınclayan əl-qol hərəkətləriylə danışan efir simaları da görürük. Vallah lazım deyil. Bu nə istedad, nə də bəzilərinin düşündüyü kimi efir sərbəstliyi deyil. Nə çox geridə qalmaq nə də çoxqabağa qaçmaq lazım deyil. Hər şey əndazəsində gözəldi. İndi deyəcəyəm, başlayacaqlar ironiya etməyə ki, Mintacın yenə klassikliyi, köhnəliyi tutdu. Amma bu mənim subyektiv düşüncəmdir. Misal, Rafiq Hüseynov, Roza Tağıyeva, Tamilla Ələkbərova, Hicran Hüseynov, Sabir Ələsgərov, əziz dostum Rafiq Həşimov. Bu insanlar efirdən yuzlərlə sevinc ya da faciə dolu mətnlər oxuyublar, qışqırıqsız, əl-qolsuz, efir qaydalarına uyğun. Amma əlli-ayaqlı ürəyimizə giriblər. Anlayıram, zamanla hər şey dəyişir. Amma elə nəsnələr var ki, vallah onlar dəyişmir. Bilirsiniz, bu tip sahələrdə çalışmaq həm də bir az zövq və istedad məsələsidir. Bunu anlayan və özünə hörmət edən adam bu sahəyə nə qədər yaraşdığını və yararlı olduğunu anlamalıdır. Yəni, el dili ilə desək hər qazanın öz qapağı... 

 

Siz həm də yeni söz, ifadə vurğunuzunuz. Baş redaktoru olduğunuz “Xalqın şairi” layihəsində ruhunuza yaxın yeni imza tapdınızmı? Varsa kimlərdir?

- “Xalqın şairi” Hə. Bu günə qədər çalışdığım televiziya layihələri arasında mənimçün özəl yeri olan bir layihədir. Çox məmnuniyyətlə işləyirəm bu layihəni. Əslində bu Mübariz Əsgərovun çoxdan gerçəkləşdirmək istədiyi bir telelayihə idi. Qismət oldu, ARB televiziyasında gerçəkləşdi. Yəqin siz də razılaşarsınız, O qədər istedadlı insanlar var ki, yer üzündə. Onlardan kimsə tanına bilir, kimlərsə ümumiyyətlə sezilmədən yox olub gedir. "Xalqın şairi"nin də məqsədi gücü yetdiyi qədər kimisə insanlara tanıtmaqdır. Qoy tanısınlar, oxusunlar, zövq alsınlar. Bu mədəniyyətdi, həm də çox gözəl bir hissdi... Şəxsən mən çox istedadları tanıdım, sevdim bu layihə vasitəsilə. Ruhuma yaxın olanlar da təbii ki, oldu. Elə biri siz, əziz Tural. Çox gəncsiniz, amma  yazdıqlarınız yaşınızı çox aşır. Sizin şeirlərinizdəki heç işlədilməyən, artıq min ildi unudulan sözlərdən, ifadələrdən yerində istifadə etməyinizi də çox bəyənirəm. Hələ Fuad Cəfərli... Gənc olub da bu qədər həssas və ötəni düşünmək qabiliyyəti var Fuadda. Siz müsabiqəyə eyni gündə qatıldınız. Fuad Cəfərlinin çıxışı münsiflərimizi çox təsirləndirdi. Gələcəyi işıqlı olsun, şairdi... Səhv etmirəmsə elə Şəhriyar Del Gerani də sizinlə eyni gündə müsabiqəyə qatıldı. Adam təpədən-dırnağa şairdi, hissdir, duyğudur. Adamın harasısa ağrıyanda istəyir ki, oranı kəsib tullasın... Baxın, o bu hissi həm də poetik çalarda necə rahat və gözəl ifadə edə bilib:

Kəsib tullayasan ayaqlarını,

yetim saxlayasan qollarını da,

biryolluq hamıdan çıxıb gedəsən

bir it qucaqlaya ayaqlarını.

Həmçinin Oğuz Ayvaz, Firəngiz, Ulucay Akif, Furqani və indi adını xatırlamadığım daha bir neçə nəfər. Əslində sizin kimi yazarlar ədəbiyyat, poeziya yoxdu deyənlərə  -səhvsiz, var və daha da olacaq- mesajıdır. Sadəcə olaraq, dünya böyükdür.  Hamını tanımaq, oxumaq olmur. Sizə və digər tanıdıqlarıma isə işıqlı yol olsun dostlar!..

 

“…olduğun kimi görünmək və yaşamaq məğlubiyyətdir..."

Qadın yaşlandıqca gözəlləşir. Tənhalığı, baxışları ilə… İyirmi il əvvəlki Mintac Elsevərlə bü günkü “ilahi səs” sahibi xanım arasında nə kimi fərqlər var?

- Yox, görünür. Sizi tənha qadınların daxili dünyası ya da onların sonsuzluğa dikilən baxışları daha çox çəkir. Siz axı həm də şairsiz. O baxışlarda gözəl bir kədər, istilik, sözlə ifadə olunmayan çox şeylər var. Zaman isə zamanla öz sözünü deməyə başlayır. Bəlkə kimlərsə məni romantik düşüncəli biri kimi tanıyır amma kifayət qədər də realist insanam. Başqalarını deyə bilmərəm, mənə görə qadın yaşlandlqca gözəlləşir fikri adi təsəlli kimi səslənir. Hansısa bir xanımın üzünə birbaşa “sən necə də qocalmısan” demək yəqin ki, çətin olar. Süni pafosu kənara qoyub düzgün etiraf etməyin tərəfdarıyam ki, qadın qocaldıqca daha kədərli olur.

Belə çıxır ki, gözəlliyin itməsi ilə siz də razılaşırsınız?

- Ümumiyyətlə, insan qocaldıqca gözəllik də itir. Sadəcə elə sima var ki, o nisbətən yaşlı dövründə daha yaraşıqlı görünür. Bunu qadına da kişiyə də şamil etmək olar. Mənə nisbətdə siz gəncsiniz, əksini düşünə bilərsiz. Amma əlahəzrət fakt özünü gözə soxur. Misal üçün, siz 40 yaşınızda daha yaraşıqlı bir kişi olacaqsız (gülür). Səsimə isə yüksək dəyər verirsiniz amma. O qədərini bilmirəm, amma hər halda siz də bir dinləyici, tamaşaçısınız. Qəlbən minnətdaram sizə. O ki, qaldı 20 illik fərqə... Anladım ki, olduğun kimi görünmək və yaşamaq məğlubiyyətdir. Sən demə bəzən çox qalın parçadan don geyinmək vacibmiş. Mən isə adətən nazik geyinməyi sevirəm. İnsanlıq halı yəni... 42 yaşım var, lazım bildiyim qədər hərdən üzümdəki xırda qırışların üstünə süni rənglər çəkirəm. İnsanlar bunu normal qarsılayır, gözəl görünürsən - deyirlər. Fəqət, solğun və bəzəksiz olanda çox da diqqət cəlb etmirəm. Beləsi daha gözəldi. Çox da dərinə getməyim, giley kimi başa düşülər… 

Və… Sirr deyilsə, niyə ailə qurmursunuz?

- Yəqin nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm…

 

Mintac Elsəvərin sehirləndirdiyi sənədli filmlərdən biri: "Birincilər - Zümrüd Axundova" (2008) Sənədli filmi.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind