Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Time To Die” - Amansız tamahkarlara qarşı təkbaşına mübarizə - FOTO
Tarix: 10.11.2017 | Saat: 12:06:00
Bölmə:Mədəniyyət | çapa göndər

Nədənsə Polşa mənə hər zaman maraqlı və doğma olub. O cümlədən, filmləri də. Kino tarixində bu ölkənin kinomatoqrafçıları saysız-hesabsız şöhrəti qazanmış filmlər ərsəyə gətirib ki, onlara dünyanın hər yerində, o cümlədən, Azərbaycanda tamaşaçılar sevərək baxırlar. Elə Bakıda noyabrın 2-də başlayıb 12-dək davam edəcək Avropa Film Festivalı çərçivəsində nümayiş olunan ekran əsərlərindən biri də məhz Polşa filmidir. “Time To Die” (“Ölmək vaxtı”) adlı bu filmin çəkilişi 2007-ci il oktyabrın 19-da başa çataraq, tamaşaçı kütləsinə təqdim edilib. Dünya şöhrətli polşalı rejissor Dorota Kedzierzavska tərəfindən lentə alınan 104 dəqiqəlik bu dram əsərində, dünyanın hər yerində yaşanan, ümumi problem olan gözəl arzuların pis niyyətlə, saflığın tamahla mübarizəsi əks olunub.

Filmin sujet xəttinə nəzər salaq: ömrünün xəzan çağını yaşayan, yaşlı Aniela Varşavanın ətrafındakı köhnə və sakit məhəllələrdən birindəki evinə yığışır. Düşünür ki, nisbətən geniş bağçası olan, qollu-budaqlı akasiya ağaclarının kölgəsinə sığınmış iki mərtəbəli köhnə evində ömrünün qalan illərini sakit yaşaya bilər. Amma məsəl var, sən saydığını say, gör fələk nə sayır. Öz doğma oğlu - hansı ki arvadı və azyaşlı qızı ilə ondan ayrı yaşayır – anasının yaşadığı bu mülkü satmaq arzusuna düşür. Qapıbir qonşu da Anielanın evini almaq üçün özünü, necə deyərlər, oda-alova vurur. Hətta bu məqsədə çatmaq üçün tamahkar qonşu Anielanın acgöz, pul hərisi olan oğlu ilə razılaşır...

Amma mənə elə gəlir ki, bu filmdə tənhalıq, təklikdən doğan xəyallar, Filadelfiyanın (Yızamızda onu filmdə çağırıldığı adıyla – Fila yazacağıq – V.T.) timsalında adi bir itin vəfası tamahkarlıqdan daha öndə dayanır. Niyə? Film başlayanda Aniela öz köhnə evinə daşınır və orada tək-tənha, sədaqətli iti Fila ilə birlikdə yaşamağa başlayır. Film boyu yeganə oğlu bircə dəfə öz qoca anasının az qala taxtaları çürüyən evinə gəlir. Onu da ki, evə girməyib, bağçadakı ağacdan asılmış yelləncəkdə əylənən nəvənin təkidi ilə tezbazar getməyə məcbur olur. Amma Fila insan kimi danımasa da, öz iti zəkası, güclü hissetmə duyğuları ilə hər zaman qoca Anielanın xidmətindədir. Onu təklikdə qorxmağa, darıxmağa qoymur. Aniela onunla danışır, dərdləşir və beləliklə, günlərini keçirir. Bir gecəyasısı ildırım səsinə yuxudan oyanıb, güclü leysanın altında özünü islatmaq üçün bağçaya qaçanda da Anielanı sədaqətli iti müşayiət edir.

Müqayisə üçün deyək ki, hətta film müddətində bircə dəfə qonağı olan nəvəsi belə gününü yeməklə, özünə sığal-tumar verməklə keçirir, nənə ilə kəlmə kəsmir, onun təkliyini unutdurmur. İnsan olaraq yalnız qonşulardan birinin yeniyetmə qızı arasıra yanına gələrək məzəli danışığı ilə onu ovuda bilirdi.

Aniela film boyu fərqli fraqmentlərdə öz keçmişini xatırlayır - bu olduqca təsirli alınıb. Məsələn, yelləncəkdə yellənən balacalara baxanda öz uşaqlığını göz önünə gətirib fərəhlənir, durbinlə ətrafı seyr edərkən təsadüfən qonşu evdəki cavan cütlüyün rəqs elədiyini gördükdə öz uzaq keçmişinə dönərək, artıq həyatda olmayan əri ilə gənclik illərinin xatirələrində uyuyur və sair.

Filmdə təkliyin, itin timsalında sadiqliyin və oğulun simasında xəyanətin pik həddi bir gecəyarısı özünü göstərir. Gecənin qaranlığında it onu yuxudan oyadır. Aniela ilk anda nə baş verdiyini anlamasa da, sonradan nəsə olduğunu başa düşür. Doğrudan da, ağıllı it onu yan həyətə açılan pəncərəyə gətirir...

Məhz bu gecə, belə demək mümkündürsə, tənha və baxımsız Anielanın ömür günlərinin sayılmasına start verilir. O, itin işarə verdiyi səmtə - işığı bağçanın qaranlığını yaran pəncərəyə baxanda üzüdönük oğlunu evini əlindən almaq istəyən qonşunun mənzilində görür. Gecə yarısı oğlunu arvadı ilə birlikdə orada görən Anielanın ürəyi əsir. Bircə dəfə anasının qapısını açmayan oğul gecənin bu saatında yaramaz qonşuya qonaqdır...

Nəhayət, sağollaşıb küçəyə çıxırlar. Oğul arvadı ilə ananın əleyhinə söhbət edir və Aniela hər şeyi eşidərək sarsılır. Axı oğul qonşu ilə ananın evini əlindən almaq üçün razılaşdığını və bunu mütləq edəcəyini deyirdi...

Səhər Aniela ən gözəl libasını geyinir, bəzənib-düzənib, öz əliylə düzəltdiyi ölüm yatğına uzanır və dua edib gözlərini yumur. Amma qəfil yerindən dikəlir: sakitcə gözlərini ona zilləyən itə baxıb “hələ olmək olmaz” deyir. Çünki yerinə yetirməli olduğu bir borc var.

Aniela həmişə evinin düz qarşısındakı binanın birinci qatında, darısqal otaqlarda yerləşən uşaq baxçasına baxar, bəzənsə oynamağa yer tapmadıqları üçün icazə almadan, xəlvətcə onun kölgəli həyətinə soxularaq yelləncəkdə əylənən balacalara təpinərdi. Hər dəfə də elə ordakı uşaqların şıltaqlığına baxaraq, it hürüb diksindirənədək öz keçmişinin yuxusuna dalardı.

Evdən çıxıb birbaşa ora getdi və nə danışdısa, səhər tezdən bağçanın iki gənc tərbiyəçisi, yanlarında da notarius məmuru onlardaydı. Anielanın göstərişi ilə divarın dibinə qısılmış qədimi pianonun arxasını açaraq, içində gizlədilən kiçik mücrünü çıxardılar...

...Notariusun təsdiqi ilə müqavilə bağlanır. Razılığa görə, Anielanın mücrüdə saxladığı şəxsi zinət əşyalarının müqabilndə ev-eşik əsaslı təmir olunacaq və iki darısqal otağa sığınmış bağça uşaları bu evə köçəcək.

Hə, indi bəlli oldu ki, Aniela niyə dünən ölməyə “yox” deyib. O, ömür xatirələrinin uyuduğu bu böyük və özü kimi qocalmış mülkü acgözlərin iştahasına yem etməmək üçün, hər gün gözləri önündə ora-bura qaçaraq şıltaqlıq edən uşaqlara bağışlamaq qərarına gəlmişdi.

Səhər bağça evə köçdü. Səs-küy sədaqətli Filanı təəccübləndirsə də, qəzəbləndirmədi. Sanki sahibəsi Aniela kimi o da səssizlikdən bezmişdi. Anielanın özü isə uşaqların səs-küyünü sadəcə, təbəssümlə qarşılayırdı.

Filmin tamaşaçının ürəyini ağrıdan səhnəsi məhz Anielanın qırışlarla dolu simasının uzun zamandır həsrətini çəkdiyi bu təbəssümdür. O, ikinci mərtəbədə özünə ayırdığı otağa qalxır, pəncərəni taybatay açıb, qarşısındakı kresloda oturub, səssiz-səmirsiz göylərə ucalan akasiya ağaclarına zillənir. Hətta hər an yanından ayrılmayan Fila da, nədənsə, səsini çıxarmadan mattım-mattım sahibəsinə baxırdı.

Yeganə oğlu və nəvəsi bu anında Anielanın yanında yox idi. Onu sön mənzilinə yollanarkən yalnız sədaqətli dostu Fila görüb, hiss elədi. Ölümünə ağlayan isə ona çay gətirən qonşunun yeniyetmə qızı idi...

Sonda bu ürək sızladan filmin ərsəyə gəlməsində birbaşa rol oynayan insanlarla da tanış olaq.

Rolları ifa edirlər: Aniela –Danuta Şaflars, Anielanın oğlu - Kşiftoş Qlobiş, Anielanın gəlini - Marta Valdera, Anielanın nəvəsi - Patrisiya Szevszyk, Dostoyevsk - Kamil Bitau, Anielanın qonşusu - Kay Sşoenhals, Aneilanın digər qonşusu - Veronika Karvovska, həkim - Malqorzata Rozniatovska vəs sair.

Qeyd edək ki, film ekranlara çıxan kimi sürətlə məşhurlaşıb və bir sıra beynəlxalq müsabiqələrdə uğur qazanıb. İlk mükafatını 2007-ci ildə alan film 2008-ci ildə Mərakeşdə keçirilən Beynəlxalq Kino Festivalının və yenə həmin il Santa Barbarada təşkil olunmuş Beynəlxalq Kino Festivalının laureatı olur. Ümumiyyətlə, 2008-ci il bu film üçün ən düşərli ildir. Çünki bu ildə film Polşanın, eləcə də Viskonsin Kino Festivalının əsas mükafatına da layiq görülür.

Filmin rejissoru olan Dorota Kędzierzavska 1 iyun 1957-ci ildə Lodz şəhərində doğulub. Xanım Dorota 24 yaşındaykən - 1981-ci ildə Lodzdakı Milli Kino Məktəbini bitirib. O, eləcə də , Lodz Universitetində mədəniyyət tədrisi kursunu tamamlayıb və iki il Moskvada film çəkilişi ilə məşğul olub. Bu da ona sənətini dərindən öyrənməyə imkan verib.

O, Kędzierzavska Crovs, Agnieszka, Początek, Jajko, Qucia, Nothing, I Am, Tomorrow Will Be Better, Nic, Wrony, Diabły, Koniec Świata, Devils kimi bir çox məşhur filmlərin rejissorudur. Xanım Dorota çəkdiyi filmlərin əksəriyyətində qadınlarla həmrəylik nümayiş etdirir və ona görə də ərsəyə gətirdiyi kinofilmlərdə qadınlar əsas qəhrəmanlardır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From