Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Birinci Fəxri Xiyabandakı bolşevik məzarları niyə köçürülmür? - FOTOREPORTAJ
Tarix: 14.11.2017 | Saat: 16:19:00
Bölmə:Reportaj | çapa göndər

Üç həftə əvvəl müstəqilliyimizin 26 ilini tamamladıq. 26 il tarix üçün az müddətdir. Amma köləlik simptomlarından tamamilə təmizlənmək üçün kifayət qədər uzun dövrdür. Bizimlə eyni dövrdə azadlıq əldə edən dövlətlərdən fərqli olaraq, hələ də sovet totalitarizminin tör-töküntülərindən qurtula bilməmişik. Özü də mühüm dövlət obyektləri, ictimai iaşə yerlərində - gözdən uzaqda qalmış parklarda, hətta Hökumət Evi adlanan binanın divarlarında, küçə adlarında bu cür “naxışlara” rast gəlirik.

Bu dəfə yolumuzu gözdən-könüldən uzaqda olanlardan yox, şəhərin ən gözəgəlimli yerində qərar tutan bir məkandan – Azərbaycanın dövlət və millət qarşısında xidmətləri nəzərə alınaraq xüsusi təmtəraqla dəfn edildiyi şərəf məzarlığından – Birinci Fəxri Xiyabandan saldıq.

Əvvəldə də dedim, burada Azərbaycan tarixinin əməli və şəxsiyyəti ilə öz dövrünə möhrünü vurmuş, mədəni, ictimai-siyasi xadimləri uyuyur. Yox, təkcə onlar yatmır burada. Azərbaycan tarixinə ləkə sayılan, sapı, tiyəsi özümüzdən və özgədən olan zamanın vətən xaini möhürü ilə damğaladığı şəxsiyyətsizlər də uyuyur. Bəs onlar niyə bu vaxta qədər Birinci Fəxri Xiyaban kimi milli və müqəddəs məkandan köçürülməyiblər? Doğrudur, bizim mentalitetimizdə, dəyərlərimizdə qəbri təhqir etmək yoxdur. Olsun, vaxtilə “26 Bakı komissarı” adı ilə “Sahil” bağına gömülmüş əksəriyyəti erməni-daşnak və rus bolşeviklərindən ibarət şəxslərin cəsədlərinin qalıqlarını çıxarıb şəhərdən kənarda dəfn etdilər. Bəs Fəxri Xiyabandakı “sovet hakimiyyəti uğrunda fəal mübariz”lər  indiyədək orada niyə “ilişib” qalıb? İndi ki, “DTK”, “NKVD”, “Lenin və komsomola xəyanət” qorxusu yoxdur.  

Bəlkə də çoxlarınız deyəcəksiniz ki, kimlərdir həmin adamlar, biz niyə fikir verməmişik?! Gəlin, birlikdə tanış olaq.

Hafta.az-ın obyektivini Birinci Fəxri Xiyabana – “müsavat cəlladları tərəfindən güllələnmiş”, “sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz”lərin qəbirlərinin üzərinə çevirdik…

Mirfəttah Musəvi. Qəbrinin üzərinə yazılıb ki, 1919-cu ildə “Müsavat qatillərinin əli ilə öldürülüb”. Eyni sözlər rus dilində də təkrarlanıb. Bəs kimdir Mirfəttah Musəvi? İbtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək "Hümmət" təşkilatına qoşulur. AXC parlamentində "Hümmət" fraksiyasını təmsil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi. Sonradan Xalq Cümhuriyyətinə xəyanət edən, daha doğrusu, bolşevik kəşfiyyatçılarının ələ aldığı Musəvini “Denikinçi” bir şəxs öldürür. Daha da dəqiqləşdirsək, Denikinçi Seyidbəyov 1919-cu ilin sentyabrın 5-də Musəvi və Aşumovu (Haşım Əliyevi) pusub... tapança ilə onları öldürmüşdü. Xalq Cümhuriyyətinə, milli dövlətçiliyimizə daxildən zərbə vuraraq onun Lenin istilaçılarına təslim olmasında mühüm rol oynamış bir şəxsin Fəxri Xiyabanda nə işi var axı? 

 Elə Mirfəttah Musəvidən sonra yuxarıda adını çəkdiyimiz Haşım Əliyevin qəbri gəlir. Baş daşına yazılıb ki, 1915-ci ildən – yəni, inqilabdan əvvəl bolşeviklərə “xidmət” edib. Sonra da “müsavat qatillərinin əli ilə öldürülməsi” vurğulanır. Onlardan bir az aralıda isə bir çoxlarınızın tanıdığı vətən xaini – vaxtilə adına şəhər, küçələr, kolxoz və sovxozlar verilən Əli Bayramovun məzarı gəlir. 1920-ci ildə ölən bu adam hələ də Fəxri Xiyabanda, millət fədailəri ilə birgə uyuyur. Məzarı belə bilinməyən Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun daha çox layiq olduğu məzarlıqda sovet tör-töküntülərinin indiyə qədər saxlanması bəlkə də milli dövlətçiliyimiz üçün ən böyük təhqirdir.

Dünya şöhrətli alim Lütfi Zadənin sağında və solunda da iki satqın uyuyur. Bunlardan biri sovet istilaçılarının “əlinə su tökə-tökə” ölümündən sonra “əməyi” sovet istilaçıları tərəfindən yüksək qiymətləndirilmiş Qasım İsmayılovdur.

 

1990-cı ilə qədər Goranboy rayonu bu “zat”ın adını daşıyırdı. Hətta mənim doğulduğum Şəmkir rayonunun Alabaşlı (tarixi adıdır-T.T) kəndi indi də Qasım İsmayılov adlandırılıb. Müstəqilliyimizin qazanılmasından 26 il ötməsinə baxmayaraq, bu kəndin tarixi adı özünə qaytarılmır. Özü də kənd camaatı dəfələrlə aidiyyatı orqanlara- hətta bu bölgənin millət vəkili, Milli Məclisin sədr müavini Valeh Ələsgərova belə  müraciət ediblər. Nəticə yoxdur.  Qasım İsmayılovun da “qara daş”ının üzərinə yazılıb ki, “əks-inqilabçıların (yəni, müsavatçıların-red.) əli ilə vəhşicəsinə öldürülüb”. Qasım İsmayılovun qəbir daşına onun sovet hakimiyyəti bir cümlə ilə ifadə olunur: “sovet hakimiyyətinin qurulması uğrunda qorxmaz və fəal mübariz”...

“Qeyri-səlis məntiq nəzəriyyəsi”nin banisi Lütfi Zadənin qəbrinin solundakı digər “qara kölgə” isə qeyri-səlis ideologiyaya “xidmət edərək” Xalq Cümhuriyyəti ideologiyasına və milli azadlıq məfkürəsinə divan tutanlardan biri – Bəhram Ağayevdir. Qəbrinin üzərində 1904-cü ildən kommunist partiyasına “xidmət etdiyi” qeyd olunur.

Davam edirik. Yusif Qasımov. Bu da Azərbaycanda sovet müstəmləkəçiliyinin güclənməsində fəal “mübariz” olub. Vallah, qəbrinin üzərində elə yazılıb. Milli istiqlal uğrunda kəskin şeirlər yazmış, 1959-cu ildə Azərbaycanı ikiyə bölən bir müqavilənin imzalanmasına həsr olunan poemaya - “Gülüstan” əsərinə görə kommunistlər tərəfindən təqibə məruz qalan Bəxtiyar Vahabzadənin yanında uyuyur.

Ardınca Mirbəşir Qasımov... Onu da bir çoxlarınız tanıyırsınız. Son dövrlərə qədər Tərtər rayonu Mirbəşir adlanırdı. Sovet hakimiyyətinin qurulması və müsavat məfkurəsinin məhv edilməsi uğrunda “faəllardan” olub. Bütün bunlar Azərbaycanın dövlətçilik tarixinə “sapı” özümüzdən olan baltalar – vətən xainləri kimi daxil olanlardır. Hələ də millət və vətən fədailəri ilə yanaşı yatırlar. Onların qəbrinin indiyə qədər Birinci Fəxri Xiyabanda qalması ən azından eyni məkanda haqqı ilə uyuyan Üzeyir Hacıbəyliyə, Həsən bəy Zərdabiyə, Şıxəli Qurbanova, Qara Qarayevə, Mirzə Cəlil və Həmidə Məmmədquluzadəyə ən böyük hörmətsizlikdir.

Fəxri Xiyabanda “kimliksiz” qəbirlər...

Öndərlərin uyuduğu birinci Fəxri Xiyabanda milli kimliyi ilə yanaşı, gördüyü işlər də qəbirlərində əks olunmayan “kimliksiz qəbirlər” var. Hətta doğum ili belə göstərilmir. Məsələn, “Kasumova Emilya Kondratevna” kimi... Öldüyü tarix göstərilir, 1949. Kimdir bu adam, nə işin sahibidir? Axtarış veririk, qaynaqlarda, internet resurslarda haqqında heç nə çıxmır. Bəs mənşəyi bilinməyənlər niyə indiyə qədər ölkənin bir nömrəli məzarlığında qalır?...

Növbəti qəbir: İvan Vasilyeviç Vokov. Haqqında heç nə yoxdur. Qara mərmərli qəbir daşında 1904-cü ildən kommunist sıralarına qoşulduğu göstərilir. Sadə kommunistlərin belə gömüldüyü Birinci Fəxri Xiyabanımız rus və digər yad mənşəli ünsürlərin qəbirlərindən təmizlənəcəyini görəcəyikmi, bilmirəm. Amma bunlar bizim mədəniyyətimizə, təhsilimimizə töhvə verən ruslardan deyil, tariximizi, dövlətçiliyimizi silməyə çalışan “ivanların” qəbridir.

“Sergey Belov” isimli məzar daşında da adıçəkilən “zat”ın hansı əqidə və məzhəbə qulluq etdiyi məlum deyil. Sadəcə xiyabandakı şam ağacların kölgəsində ilişib qalıb.

“Mamedov Mamed Quseyn” yazılmış qırmızı və qara mərmərin üzərində adıçəkilən şəxsin heç ölüm tarixi belə yoxdur. Yəni, bu qəbir sahibinin də ideoloji kimliyi məlum deyil.

Dahilərə hörmətsizlik...

2001-ci ildə ölkə prezidentinin fərmanı ilə Azərbaycan dövləti latın qrafikalı əlibaya keçib. Amma hələ də Birinci Fəxri Xiyabanda krill əlifbası dahi şəxsiyyətlərin məzarının üzərindəki yazıları “bəzəyir”.

Doğrudur, onlardan bəziləri dəyişdirilib. Lakin dahi bəstəkarlar, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, görkəmli ictimai-siyasi xadim Şıxəli Qurbanovun, müğənni Bülbülün, ilk “Xalq şairi”miz Səməd Vurğunun və başqalarının adlarının, haqqındakı məlumatların həkk edildiyi lövhələr hələ də latin qrafikalı əlifbaya “keçməyib”. Bu sıraya Cəlil Məmmədquluzadə və onun həyat yoldaşı, ilk maarifçi xanımlarımızdan olan  Həmidə xanım Məmmədquluzadənin məzar daşlarındakı lövhələri də aid etmək olar. Hətta Həmidə xanımın qəbrinin üzərində adının həkk olunduğu yazılar qəbir daşının erroziyaya uğraması nəticəsində oxunmaz hala gəlib. Hərflər zorla oxunur.

Bir sözlə, sadaladıqlarımızla bağlı kəskin ictimai fikir ortaya qoyilmalı, millət vəkilləri bolşevik qalıqlarının qəbrinin başqa yerə köçürülməsindən tutmuş, digər problemlərə qədər məsələni daha yüksək tribunalara daşımalıdırlar. İctimai qınaq olmadan Fəxri Xiyabandakı çatışmazlıqlar deyəsən aradan qalxmayacaq. Burada bir məqamı xatırladım. Bir müddət əvvəl Sahil bağında –Azərbaycan Yazıçılar Birliyinin icarəyə verdiyi inzibati binanın “26” kafesi kimi işlədilməsi böyük səs-küy yaratmışdı. “26” rəqəminin 26 Bakı Komissarının adı ilə adlandırılması iddiası irəli sürülmüşdü. Hadisə yerinə ilk olaraq Hacıbala Abutalıbov gəlmişdi. “Dərhal sökülsün” göstərişi vermişdi. Söküldü də. Görəsən indi də həmin qətiyyət ortaya qoyulacaqmı? Bunu zaman göstərəcək....

 Hüsü Hacıyevin qəbrində sovet simgəsi. 

P.S: Düşünürəm ki, heç olmasa, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsi Fəxri Xiyabandakı “qara ləkələr” götürüləcək. Başqa yerdə adlarına layiq dəfn olunacaqlar. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From