Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Öyrənməyi öyrənək”
Tarix: 16.11.2017 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil verənlər beynəlxalq səviyyəli təlimə cəlb olunublar

“Təhsil alanların savadlı şəxs kimi formalaşması müəllimdən asılıdır. Müəllimlərin bilik və bacarıqlarını davamlı artırmaları vacibdir, bu müəllimlər daha böyük nəticələr əldə edirlər”. Bunu təhsil naziri Mikayıl Cabbarov “Öyrənməyi öyrənək” layihəsi çərçivəsində Bakıda keçirilən İkinci Beynəlxalq Təlim Konfransı iştirakçılarına ünvanladığı müraciətində bildirib. Nazir deyib ki, son illər Təhsil Nazirliyi müəllimlərin peşəkarlığının artırılması, innovativ fəaliyyətin stimullaşdırılması, müsbət təcrübələrin tətbiqi istiqamətində məqsədyönlü iş aparılır: “Bu istiqamətdə hər il 5 faiz yenilik tətbiq olunsa, ciddi nəticələr əldə etmək mümkündür. Ümid edirik ki, bu konfrans təhsil işçilərinin gözləntilərini doğruldacaq”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov konfranda çıxış edərək bildirib ki, məktəb, təhsil sistemi yenilənməlidir: “Dünyanın inkişaf etmiş ölkələri bu yolla inkişafa nail olub. Biz yeni üsulları tətbiq etməliyik. Artıq müəyyən uğurlar göz önündədir. Əgər 3-4 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetini 500-dən çox bal toplayan 5-6 tələbə seçirdisə, bu il belə tələbələrin sayı 281 nəfərdir. Onlar ali məktəbə qəbul zamanı ilk yerə müəllim ixtisasını yazıblar. İlk növbədə, təhsilin məzmununun yeniləşdirilməsinə ehtiyac var. Övladlarımıza daha yaxşı təhsil vermək istəyən müəllimlər internetdən də yeni təlim üsulları öyrənir, daim üzərlərində çalışırlar. Müəllimlərin gündəlik fəaliyyəti, fədakarlığı qəhrəmanlıqdır. Azərbaycanda qarşıya qoyulan böyük məqsədlərə çatmaq üçün insan kapitalı lazımdır. Bu insan kapitalını isə müəllimlər yetişdirəcək. Bizim vaxtilə dərs keçdiyimiz forma artıq qəbul olunmur. Artıq şagirdlərə öyrənməyi öyrətmək lazımdır”.
İkinci Beynəlxalq Təlim Konfransında əsas məruzəçilərdən Leyn Klark “Real öyrənmə” mövzusunda çıxış edib. O bildirib ki, şagirdlərə əvvəlcə məktəbdənkənar öyrənməyi öyrətmək lazımdır: “Kitablar artıq son bilik mənbəyi deyil, şagirdlər başqa mənbələrdən də bilik ala bilərlər. Veb-saytlar, audiokasetlər, kompüterlər, planşetlər də bilik mənbəyi kimi istifadə edilə bilər. Məktəb təkrar biliklərə yiyələnən şagirdlər yetişdirməməlidir. Şagirdlər innovativ olmalıdırlar. Uşaqlar öyrənməyi sevməlidirlər. Onlar öyrəndiklərini istifadə edə bilməsələr, bunun faydası yoxdur. Uşaqlar daha çox cəmiyyətə fayda verən fərdlər kimi yetişməlidirlər. Bəzi müəllimlər şagirdlərə öyrənmək bacarıqlarını, düşünməyi öyrədirlər. Ancaq, ilk növbədə, şagirdlərə öyrənməyi öyrətmək lazımdır və şagirdlər məktəbdən çıxanda öyrənməyi bilməlidirlər”.
Konfransın Böyük Britaniyadan olan məruzəçisi Mətt Bromli “Öyrənməni reallaşdır” mövzusunda məruzə ilə çıxış edib. O, təhsilin insanları birləşdirən dəyər olduğunu vurğulayıb: “Şagirdlərin öyrənməli olduğu məsələlərə diqqət yönəltməsinə nail olmalıyıq. Şagirdlər bilməlidirlər ki, öyrənmək səy tələb edir. İnsanlar problemləri həll edərkən bəzən səhv edirlər, ancaq bundan qorxmaq lazımdır. Səhv etməsək, öyrənmək istədiklərimizi öyrənə bilməyəcəyik. Səhv etmək istəməyənlər bacarıqlarını artırmaq istəməyənlərdir”.
Qeyd edək ki, konfrans iki gün davam edəcək. Noyabrın 18-də isə konfransdan sonra “master klass” seminarlar təşkil olunacaq. Yeri gəlmişkən vurğulayaq ki, müasir təlim prosesinin əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək intellektli gənclər yetişdirməkdir. Ekspertlər hesab edirlər ki, bu məqsədləri yerinə yetirmək üçün fəal- interaktiv təlim metodlarından istifadə edərək, təlim prosesi (müasir dərslər) belə aspektdə qurulmalı, keyfiyyətli tədris- təlim prosesinin təşkili təmin edilməlidir. Eyni zamanda, müasir dərsin planlaşdırılmasından sonra, dərsə qədər, dərs prosesi və dərsdənsonrakı mərhələlərin geniş təhlili aparılmalı, dərsin məzmununa keçməzdən əvvəl, mövzunun əhəmiyyəti, eləcə də onun öyrənənlər qarşısında qoyduğu məqsəd və vəzifələrə dair suallar formalaşdırılmalıdır. Bundan başqa, sualların əksəriyyəti və tipləri elə seçilməlidir ki, öyrənənlərdə bilik (informasiyani eşitdiyi formada təkrar etmək bacarığı), anlama (mövzuya dair hər hansı bir fikri öz sözləri ilə və ya hər hansı başqa bir yolla yenidən söyləmək bacarığı), tətbiq etmə (təzəcə öyrəndiyi üsuldan istifadə etməklə, yeni bir tapşırığı həll etmək bacarığı), analiz (mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı), sintez (bir neçə ideyanın bir yeni ideya ilə birləşdirilməsi, köhnə ideyanın yeni variantını tapma bacarığı) və qiymətləndirmə (konkret ideyanın, yaxud hər hansı bir prosesin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək bacarığı) kimi bacarıq və qabiliyyətlərin formalaşması təmin olunsun və dərsin düşünmə mərhələsində öyrənənlər özləri üçün müəyyən nəticələr çıxara bilsinlər.
Onu da bildirək ki, yeni təlim texnologiyalarının tətbiqi ilə keçilən müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir. Məsələn, ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir. Müasir dərsdə gözlənilən nəticə əsasən alınır və dərs şəxsiyyətyönümlü olur. Həmçinin müasir dərsdə inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur və s. Müasir dərsin əsas cəhətlərindən biri, şagirdlərin fəallığıdır ki, buna da interaktiv təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən, iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır.
Sözsüz ki, təhsil alanların savadlı və yüksək səviyyəli dünyagörüşünə malik olması birbaşa təhsil verəndən asılıdır. Müasir dövrün müəlliminin isə mütamadi olaraq biliklərini artırması zamanın əsas tələbidir. Çünki hazırda elm və təhsil sahəsində yeniliklər surətlə dəyişdiyindən müəllimlərin daha çevik və dinamik olması zəruridir. Bu baxımdan, ölkə prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 2014-cü ildən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinə start verilib. Bu istiqamətdə işlər 2017-ci ildə də davam etdirilib, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb. Beləliklə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb.
Təbii ki, müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə də stimul yaradıb. Belə ki, cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 49 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə üç dəfə çoxdur. Müsabiqə nəticəsində 5 644 müəllim işə qəbul edilib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi