Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Tarix: 20.11.2017 | Saat: 11:31:00
Bölmə:Reportaj | çapa göndər

Bu dəfə yolumuz Şamaxıyadır, şairlər və filosoflar yurdunun Mədrəsə kəndinə. Həmkarımız Sevinc Xanqızının xəngəl qonaqlığı təklifinə "yox" deyə bilmədik. Üz tutduq dağlar qoynundakı salxım-salxım “Mədrəsə” üzümünün adını özünə döyəcləmiş türk oylağına. Yolboyu payızın çəni-çisəyi avtomobilimizin pəncərəsindən “gilə-gilə” süzürdü... Uzaqdan dağların dumanlı fonu nə yaşıla çalırdı, nə çəhrayıya. Duman o qədər güclü gəlmişdi ki, mənzərə ilə gözümüz arasında aydınlıq öləziyirdi.

Şamaxıya axşam saatlarında çatdıq. Qonaq getdiyimiz evdə üstündə oturduğumuz döşəkçəni – mütəkkəni yenicə qızdırmışdıq ki, həmkarımız Sevinc gəldi ki, bir ev o yanda – qohumlarının evində 50 illik “qızıl toy” qonaqlığı var. Gedib ayaqüstü təbrik edək, yaxşı deyil, sonra qayıdıb xəngəlimizi yeyərik – dedi. Hər kəs o saat mənim üzümə baxıdı: - şair, yazmağa mövzu axtarırdın, al, həm şeirlik, həm də reportajlıq mövzu - deyib gülüşdülər. Doğrusu, tanımadığımız ev olduğu üçün ilk başda bir az utandıq. Tərəddüd qısa sürdü. Utansaq da, içimizin marağı ayağımızı on addımlıqdakı qapıya sürüdü.

Gəldik. Qapını orta yaşlı bir xanım açdı. Gülər üzlə, elat qonaqsevərliyi ilə - xoş gəlmisiniz, buyurun – dedi. Buyurduq. Baxdıq ki, ikimərtəbəli evin birinci mərtəbəsində uzun süfrə qurulub. Lap başda, üzündən təbəssüm və zəhm ağırlığı yağan bir kişi oturub. Canı saz, cüssəsi dəf kimi. Öz–özümə dedim ki, yəqin bu qızıl toyu olan cütlüyün böyük övladıdır. Gözüm səbəbkarları axtarırdı. Salam-kəlam etdikdən sonra qabağımıza kəlafur, kabab qoydular. Yol gəlmisiniz,  soyutmadan toqqanızın altını bərkidin – dedi, süfrənin başında əyləşmiş ağsaqqal. Həmkarım Sevincdən Lətif kişinin, səbəbkarının yerini soruşdum: - odeee, o başda oturub, görmürsənmi? – dedi. Bir ağsaqqala baxdım, bir özümə, tez belimi dikəltdim ki, ayıbdı...

Lətif dayı ilə - vallah baba deməyə, dilim gəlmir – çox gümrah adamdı, ata minsə məni kimi yüz cavanı, koxa ilə atdan salar, maşallah, qısa zamanda mehribanlaşdıq. Sözümüz-söhbətimiz tutdu. Saz–söz adamı olduğunu gördüm. Bizi Səməd Vurğunun şeiri ilə salamlayıb, Nizaminin qəsidəsi ilə xoş gəlmisiniz şövqü ilə istiqanlılığını göstərdi.

Yerdən dedilər ki, Lətif İnsanovun bu gün həm yetmiş beş yaşı tamam olur, həm də Füruzə xanımla evliliklərinin 50 illiyidir. Lətif kişinin özü söhbətə başladı:

“Oğul, bu gün evliliyimizin əlli yaşı tamam olur. Həm də mənim yetmiş beş illik yubileyimdir. O vaxt valideynlərim öz ad günümdə evləndirmişdilər (gülür). Orta məktəbi bitirdikdən sonra iki il kolxozda işlədim. O vaxt qayda-qanun elə idi. Sonra ali məktəbə qəbul oldum. Universiteti təzəcə bitirmişdim. 25 yaşım vardı. Evdən dedilər ki, vaxtdır, evlənməlisən. Qaçacaq yerim yox idi. Kələfim əllərində idi, hə dedim (gülür). O gün, bu gün, Füruzə xalanızla 3 oğlan uşağı böyütdük. Doqquz nəvəmiz var”.

Birdən Lətif kişi həyat yoldaşı, əlli il bir yastığa baş qoyduqları Füruzə xanımı yanına çağırdı. Füruzə nənənin alma yanaqları, gözündən gülməyi də ona 68 yaşı vermirdi. Sonra Lətif İnsanov 50 il əvvələ qayıdaraq, Füruzə xanımla necə evlənmələri haqda danışdığı hekayəyə qaldığı yerdən davam etdi:

“Füruzə əmim qızıdır. Uşaq yaşlarından anam bunu bizim evə gətirdi ki, böyüdüb özümə gəlin edəcəyəm. Dediyi kimi də oldu. Mənim 25, uşaqların anasının 17 yaşı olanda evləndik. Heç başımı qaldırıb buna baxmırdım. Dedilər ki, səni Füruzə ilə evləndiririk. Baxdım ki, gözəl-göyçək qız imiş (gülür)”.

Lətif  İnsanov deyir ki, çətin günləri də olub, xoş çağları da. Üç uşaq böyüdüblər, təhsil veriblər. Bir dəfə də olsun, bir-birilərini incitməyiblər. Lətif dayı onu da vurğulayır ki, xoşbəxt ailənin sirri kişinin öz yerini, qadın da öz həndəvərini bilməsidir:

“Gərək bir-birinin sözü o birinin də boğazından keçə. Uzun illər vəzifədə işləmişəm. Dəmir yol idarəsində müxtəlif vəzifələrdə çalışmışam. Evin ağırlığı hər ikimizin çiynində olub”.

Sonra gəlinlərin hazırladığı tortun üstündəki şamları bir yerdə üfürürlər Lətif kişi ilə Füruzə ana. Yanaşı otururlar. Şəkil çəkdiririk. Füruzə ana, əl-ayaq verir, gəlinlərini buyurub-çağırmağa qıymır. İşdən-gücdən qorxmadığı, ərinmədiyi üçün gümrah qaldığını deyir. Sonra Lətif kişi zarafata salır:

- Hələ ki, gümraham, canım da suludur. Arvad sözümə baxmasa, təzələyəcəyəm. İkinciyə, hələ üçüncüyə də gücüm çatar (gülür).

Məclisə qəhqəhə düşür. Sonra Lətif dayı sağlıq deyir. Özlərinin və məclisdəkilərin sağlığına badə qaldırır.  Onu da qeyd edir ki, uzun illər Bakıda-paytaxt mühitində yaşayıb. Bir balaca yaşlaşandan sonra külfəti də götürüb kəndə-Mədrəsəyə gəlib. Dağ havası, kənd nemətləri onu bu yaşda ayaqda gümrah saxladığını deyir. Deyir ki, sağlam evlilik də digər insanlara bir məktəb, mədrəsədir. Evliliyin uzun ömürlülüyünün iki sirri olduğunu deyir bu günün səbəbkarı: səmimiyyət və sevgi.

Toyunuz qızıl olmasa da, olar. Əsas odur ki, toy gününüzün əllisində “qızıl toy”a çatasınız! Əlli illik ər-arvad çarpayınıza təkcə yaş və baş qoymaqla iş bitmir. Bir az da, öpüş qoyun... Təbəssüm öpüşü. Evliliyinizin və "qızıl toy"unuzu görmək arzunuzun mədrəsəsi, məktəbi də bu dərslər, paraqraflar üzərində bərqərar olur.  

P.S: Sizə xoş oxular, biz getdik soyumadan xəngəlimizi yeməyə...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi