Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsilin dövlət standartı
Tarix: 20.11.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə qaydalar yenidən müəyyənləşdiriləcək

Azərbaycanda yeni hazırlanan təhsilin dövlət standartları layihəsinin bəzi detalları açıqlanıb. Sənədə əsasən, gələcəkdə tam orta təhsil səviyyəsində bütün siniflər təmayüllər üzrə fəaliyyət göstərəcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov deyib.
Nazir müavini qeyd edib ki, yeni layihədə tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması nəzərdə tutulur: “İxtisaslaşmanın daha da dərindən aparılması məqsədilə tam orta təhsil pilləsində təmayüllü siniflər tətbiq olunacaq”.
F.Qurbanov çıxışı zamanı uşaqlara ev tapşırıqlarının verilməsi məsələsinə də toxunub. O, bildirib ki, uşaqların psixoloji durumu normal olmalıdır. Buna görə də uşaqlara artıq tapşırıqların verilməsi yolverilməzdir.
Nazir müavini həmçinin qeyd edib ki, lakin istedadlı uşaqların aşkarlanması üçün onlara kənar tapşırıqların verilməsi təbii qarşılanmalıdır: “Bəzən müəllimlər uşaqlara proqramlardan kənar tapşırıqlar verirlər. Bu da onların istedadının aşkarlanması ilə bağlıdır. Çünki hər bir müəllimin əsas məqsədindən biri istedadlı uşaqları aşkarlamaq, onların inkişafını təmin etməkdir. Buna görə də istedadlı uşaqların aşkarlanması üçün onlara proqramdan əlavə tapşırıqların verilməsi təbiidir. Lakin müəllimlər hər bir şagirdə onun fərdi potensialını nəzərə almaqla tapşırıqlar verməlidirlər. Gələcəkdə Təhsil Nazirliyi müəllimlərin bu istiqamətdə maarifləndirməsinə də diqqət yetirəcək”.
F.Qurbanov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkarlanması üçün tədbirlər həyata keçirilir.
Xatırladaq ki, ölkə başçısı tərəfindən bir neçə il bundan öncə keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın tətbiqi barədə sərəncam imzalanıb. Sözügedən sənədin məzmununda insan kapitalının inkişafının iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil etməsi qeyd edilib. Belə ki, ölkənin inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir.
Strategiyada təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir və vurğulanır ki, son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Burada ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirib.
Strategiya inkişaf etmiş ölkələrin təcrübəsini nümunə götürərək təhsildə idarəetmənin ictimailəşməsi prosesinin sürətlənməsini önə çəkib. Sənəddə göstərilir ki, təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Əjdər Ağayev Azərbaycanda təhsil siyasətinin müvafiq standartlara uyğun həyata keçirildiyini bildirib. Onun fikrincə, bu gün təhsildə olan çatışmazlıqlardan biri şagirdlərin əlavə yüklənməsidir: “Müəllimlərin əksəriyyəti metodikanı bilmir. İbtidai sinif müəllimi bilməlidir ki, evə tapşırıq verməməlidir. Ən pis halda hər fəndən birini verə bilər. Lakin mənə məktəblərdə ikinci sinif şagirdinə təkcə riyaziyyatdan 25-30 çalışma verilməsi barədə şikayətlər olur. Bu da müəllimlərin metodik bilgisinin zəifliyindən, pedaqoji anlayışlarının olmamasından xəbər verir. Çünki bu gün proqram və dərslik müəllimin ixtiyarındadır. Onun imkanı var ki, dərsliklər çətin mövzunu asanı ilə əvəzləsin. Müəllimlərin əksəriyyəti yeniliklərdən xəbərsizdir, yeni konsepsiyalar ya onlara deyilmir, ya da özləri maraqlanmır. Məktəblərə metodik yardımlar yoxdur. Təbii ki, metodikanı bilməyən müəllimin yüklədiyi şagirdin gələcəyi xeyli qaranlıqdır”.
Ə.Ağayev kiçik yaşlarda uşaqların yüklənməsinin ilk növbədə fizioloji inkişafa ziyan vurduğunu söyləyib: “Birinci sinifdə dərslər oyun üzərində qurulmalı, evə tapşırıq verilməməli, dərsin müddəti isə 35 dəqiqəni keçməməlidir. Dərs şagirdi maraqlandıracaq formada qurulmalıdır. Bacarığından artıq tapşırıqla yüklənən uşağın iradəsi zəifləyir, stress yaşayır, xəstəliklərə tutulur, həmçinin fiziki inkişafdan da qalır. Dərslər elə qurulmalıdır ki, uşağın dünyagörüşü və fiziki inkişafı üçün əlavə dərnəklərə getməyə imkanı olsun. Bəzi məktəblərdə bədən tərbiyəsi, musiqi, texnologiya fənləri keçilmir. Əvəzində riyaziyyat, ana dilindən yükləyirlər. Bu da uşağın marağını öldürür, məktəbə, müəllimə nifrət yaradır. Buna görə də Təhsil Nazirliyi xüsusən ibtidai sinifdə şagirdlərin yüklənməsi, dərs cədvəlinin qurulması və fənlərin tədrisindəki məsuliyyətlə bağlı göstərişlər hazırlamalı və bu məsələni mütəmadi olaraq diqqətdə saxlamalıdır”.
Məsələyə münasibət açıqlayan təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, dərs yükünün ağırlığının başlıca səbəbi dərsliklərin yazılmasında praktik müəllimlərin cəlb edilməməsidir: “Bu problemi daha çox dəqiq elmlərdə müşahidə edirik. Əsasən, riyaziyyat, fizika kimi fənlərdə tərcümə olduğuna görə bəzi anlaşılmazlıqlara rast gəlirik. Bəzi hallarda müəllim belə müəllifin nə demək istədiyini başa düşmür. Ona görə də dərslik çap edilməmişdən əvvəl ciddi şəkildə müzakirəyə çıxarılmalıdır. Praktik müəllimlər, Təhsil Nazirliyi yanında dərsliklərin qiymətləndirilməsi şurasının köməyi ilə problemlər aradan qaldırıla bilər”.
Müəllimlərin yeni dərsliklər və tədris proqramı ilə işləyə bilməməsi ilə bağlı fikirlərə münasibət bildirən M.Mürşüdlü birtərəfli yanaşmanın doğru olmadığını qənaətindədir. Onun fikrincə, öz üzərində işləməyən müəllimlərə rast gəlinsə də, burada başqa məqamlar da mövcuddur: “Düzdür, öz üzərində işləməyən müəllimlər var. Onların sayının çoxluq təşkil etməsi də təlim prosesində problemlər yaradır. Lakin əsas problemlər dərsliklərlə bağlıdır. Bizə daxil olan müraciətlər də əsasən ibtidai sinif dərslikləri ilə bağlıdır”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Etibar Əliyev də bildirib ki, Azərbaycan məktəblərində proqramlar və yazılmış kurrikulumlar həddindən artıq yüklənmiş vəsaitə çevrilib: “Proqram ağır olduğundan, uşaqlar birini mənimsəməmiş digərinə keçməli olurlar. Bu da uşaqların əlavə yüklənməsinə gətirib çıxarır”.
Onun fikrincə, şagirdlərin heç bir standartlara uyğun gəlməyən, ağır proqramlı dərsliklər əsasında yüklənməsi onların psixikasına mənfi təsir göstərir: “Əslində ev tapşırıqları elə lakonik olmalıdır ki, öhdəsindən gəlmək mümkün olsun. Məktəbli dərsin 70 faizini mənimsəməli, 30 faizini isə tapşırıqlarla həll etməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi