Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
Tarix: 20.11.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanlı olaraq, hər zaman milli adət-ənənələrimizdən, nənə-babalarımızdan miras qalan irsdən, o cümlədən ailə mədəniyyətimizdən hər yerdə fəxrlə söz açmışıq. Bilirik ki, cəmiyyətin təməl daşı olan ailənin özülü möhkəmdirsə, deməli, cəmiyyət də güclüdür. Ona görə də ailələrin hərtərəfli inkişafını təmin etmək üçün dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilir. Buna baxmayaraq, arzuladığımız müsbət nəticəni ala bilmişikmi? Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, Azərbaycanda ötən il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,9-a enib və bu azmış kimi, boşanmaların da sayı artaraq 1,4-ə yüksəlib. Nəticə etibarı ilə 2016-cı ildə Azərbaycanda 13114 boşanma qeydə alınıb ki, bu da əhalinin, xüsusilə də il ərzində bağlanan nikahların sayı ilə nisbətdə təhlükəli vəziyyətin yarandığını göstərir.

Elə isə maraqlıdır, sevən, hətta bir çox hallarda kənar maneələri və sair dəf etmək üçün qoşulub qaçaraq evlənən gənclər niyə sonradan bir-birinə dönük çıxırlar? Hansı ekspertdən soruşsaq cavab verəcək ki, boşanmaların səbəbləri məişət zorakılığı, sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması və sairdir. Amma bizim də öz fikirlərimiz var.


Qohumluqdan-düşmənçiliyə...


Ailələrin dağılması səbəblərindən biri, bəzi hallarda qohumluq bağlarına üstünlük verilməsidir. Burada birbaşa təsiredici qüvvə olan valideynlər düşünürlər ki, heç bir halda qohum evində qızın güzəranı pis keçməyəcək. Amma bir çox hallarda belə olmur.
Fikirlərimizi isbatlamaq üçün valideynləri tərəfindən qohumluq bağı nəzərə alınaraq ərə verilən, doqquzillik təhsilini yenicə başa vurmuş qızın çətin keçən yaşamından söz açaq. Rayonlardan birində yaşayan bir nəfər 16 yaşını tamamlamayan qızına oğlu üçün elçi düşən dayısına “yox” deyə bilmir. Ən pisi odur ki, dayının oğlu – gələcək kürəkən yeniyetmə qızdan 13-14 yaş böyük, həm də artıq bir dəfə evlənib, amma övladı olmadığı, eyni zamanda anasının dözülməz xarakteri üzündən boşanıb. Nə isə, qızı hələ şəxsiyyət vəsiqəsi almadığı halda ərə verirlər...
Texniki qanunsuzluqlar bir yana, nəzərə çatdıraq ki, hazırda iki övlad anası olan yeniyetmə qız ər evində 6-7 ilini dava-dalaşla keçirib və indiyədək də qaynana, hətta baldız gəlinə olmazın təhqirlərini deyir, onu guya ərinə xəyanət eləməkdə şantaj da edir və sair. Üstəlik, qayınana ailəsinin başına açılan oyunlara görə səssiz qalan, hər vaxt anasının əmri altında olan oğluna tez-tez “Get əvvəlki arvadının kəbini kəs, gətir”, - deyərək gəlini qorxudur və sair...
Bəli, burada valideynlər günahkardır. Bəs başqa kimlər? Axı hər yaşayış sahəsi üzrə icra nümayəndəliyi, bələdiyyə idarəsi, sahə müvəkkili və sair var. Valideynlər bəzən böyük sözündən çıxmaya, hansısa qohumluğa ziyan dəyməsin, hətta maddi amilləri də nəzərə alaraq azyaşlı qızlarını kiməsə ərə verə bilərlər. Bu halda, qanunpozmaların qarşısını alacaq dövlət qurumları niyə hərəkətə keçmir? Axı istənilən toy, hətta qoşulub-qaçmadan yerli orqanlar əlüstü xəbər tuturlar...


Puç olmuş arzular...


Son vaxtlar ailənin dayağını zəiflədən daha bir yeni vərdiş cəmiyyətdə özünə yer tutmaqdadır. Söhbət qızların erkən yaşda ərə verilməsindən gedir. Şəxsən tanıdığım ailələrdən birinin qızı doqquzillik məktəbi bitirən kimi, el adəti ilə toy edib, özündən, ən azı, 10 yaş böyük bir oğlana ərə verilib. Qız isə 9-cu sinfi bitirməsinə baxmayaraq, nə fiziki, nə də mənəvi baxımdan evlənməyə hazırdı. O, hələ də ailə üzvləri ilə danışanda uşaq şıltaqlığını açıq büruzə verirdi. Qısası, qız gəlin köçdüyü evdə əri, qayınanası ilə üçlükdə yaşamağa başlayır (oğlanın atası dünyasını dəyişib). Əvvəl çox mehriban olublar. Bir neçə aydan sonra, oğlanın özü işləməməsinə baxmayaraq, yeni gəlini sığorta şirkətlərindən birinə işə düzəldirlər. Gəlinlə-qayınana işləyir, oğlansa, sadəcə, gününü keçirir. Bir müddət sonra isə gənc ailədə qəfil ayrılığa aparan alov közərməyə başlayır: gəlin ərinin təsadüfən kimlərləsə söhbətini eşidir. Onlar ərə nalayiq sözlər deyir, ondan həyat yoldaşı ilə yataqda nə etdiyini soruşurlar və nəhayət, sonda bəlli olur ki, ər cinsi azlığın nümayəndəsidir. Beləliklə, iş məhkəməyə düşür və onlar ayrılırlar. Görürsünüzmü? Adi kənd qızını 9-cu sinfi bitirən kimi tanıyıb-bilmədikləri kiməsə ərə verən valideynlər beləcə, öz övladlarının həyatını zəhərə çevirdilər.


Günah valideynlərdədir


Dövlət Statistika Komitəsi “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdankənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Müayinə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxilolma və rəsmi nikahdankənar doğum halları qeyd olunan evlərdə aparılıb, sorğu ilə 50 yaşadək 20 minədək qadın əhatə olunub. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir, 18 yaşınadək ərə gedənlərin 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olması, 8 faizi ərinin maddi cəhətdən imkanlı olması, 6 faizi qaçırıldığına, 2 faizi hamiləliyə görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olub. Əlbəttə, total depopulyasiya dövrünü yaşayan Rusiyaya və digər Avropa ölkələri ilə müqayisədə, Azərbaycan ailəsi hələ də möhkəmdir. Amma bu cür rəqəmlərin mövcudluğu müəyyən mənada, gələcəyimiz üçün həyəcan siqnalı sayılmalıdır. Bu səbəbdən də, boşanmaların əsas səbəblərinin tapılması və onların qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, dövlət tərəfindən erkən nikahlar probleminin həlli istiqamətində ciddi işlər görülür: “Valideynlər bir çox hallarda öz uşaqlarına biganə yanaşırlar. İnformasiya cəmiyyətində yaşayırıq, xüsusilə gənclərimiz dünyagörüşlü, bilikli-bacarıqları olmalıdır. Amma bütün qadınlar ömrünün sonuna kimi həyat yoldaşları ilə birgə yaşamır. Ər əmək qabiliyyətini itirə, cavan yaşda vəfat edə bilər. Bəs tək qalan qadın öz ailəsini necə dolandıracaq? Uşaqlarını nəyin hesabına təmin edəcək? Əlbəttə ki, bacarıqlarının hesabına. Biz valideynlərimizə onu demək istəyirik ki, heç olmasa, 10-15 il sonranı görsünlər. Vaxtından əvvəl qız uşaqlarını ərə getməyə məcbur etmək olmaz. Qız 18 yaşına çatanda şəxsiyyət kimi yetişir. 15-16 yaşında bir qızı 25-30 yaşlı kişi ilə evləndirmək nə deməkdir? Onların düşüncəsi belə bir-birinə uyğun gəlmir. Ailə çoxtərəfli münasibətlərdir, xüsusilə qadınla-kişi, ərlə-arvad arasında münasibətlər var ki, çox zaman bu, fizioloji, psixoloji uyuşma olmayanda ailədəki ab-hava da pis olur. Ona görə də əsas məqsədimiz effektiv maarifləndirmə aparmaqdır”.
Xatırladaq ki, Azərbaycanda nikah yaşı 18-dir. Lakin istisna hallarda, nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verilə bilər və tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.


Kor-koranə yeniləşmə


Ailələrin dağılmasının başqa bir səbəbi isə milli dəyərlərdən uzaqlaşmadır. İndiki ailələr doğumun azalması, boşanmaların çoxalması, doğumdan imtina, ailəsiz uşaqların sayının artması və sair kimi problemlərin fonunda böhran yaşayır. Tədqiqatçıların fikrincə, hazırda dünyada 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir, digər tərəfdən, daimi olaraq, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadiqliyi vacib saymır.
İnternetin də mənfi təsiri böyükdür. Araşdırmalar nəticəsində bəlli olub ki, ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin qarışması ailədaxili münasibətlərə ləkə gətirir. Müşahidəçilər bildirirlər ki, qadın sosial şəbəkədə özünün marağında olan insanları tapır, ər də eyni məkanda öz istəyinə uyğun insanları axtarır. Bu tendensiya, eyni zamanda, ailənin digər üzvlərinə də sirayət edir. Beləliklə də, ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektinə çevrilir və bu zaman ailədaxili struktur dağılmağa başlayır. Beləliklə, ailə milli-mənəvi dəyərlərin daşıyıcısı funksiyasını get-gedə itirir. Yəni ailədə üzvlərin hər biri özünü azad subyekt kimi hiss edir və bu proses sonda boşanmalarla nəticələnir.
Ailələrin dağılmasında iqtisadi-sosial təsirdən də söz açılır, amma statistikaya nəzər saldıqda görürük ki, heç də bu amillərin rolu böyük deyil. Belə ki, 1990-1992-ci illərdə ailə quranların 16 faizi boşanıb. 1990-cı ildən 2000-ci ilədək ailə qurmaq istəyənlərin sayı azalıb, qurulmuş ailələrin dağılması isə 13-15 faiz arasında müşahidə olunub. 2000-2010-cu illər ərzində isə bağlanan nikahların çoxalsa da, boşanmaların da sayı artıb. Göründüyü kimi, Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığı sosial-iqtisadi böhranlar dövrü ilə müqayisədə, bu gün sürətlə inkişaf getdiyi bir zamanda boşanmaların sayı artıb.


Kömək əvəzinə zərər


Ailələrin daha davamlı olması üçün azyaşlı qızların ərə verilməsinə, qohumluq bağı, var-dövlət və digər maddi məqsədləri güdən nikahlara qarşı dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları, hətta biz media nümayəndələri də çalışmalıyıq. Amma bunu edə bilirikmi? Bir çox hallarda hər kəs öz üzərinə düşən məsuliyyəti dərk eləmir, hətta qanunlara qarşı çıxır. Məsələn, bu yaxınlarda yerli telekanallardan birinin aparıcısı verilişinin ruhuna uyğun olaraq məktəbli qız üçün elçi düşmüşdü. Maraqlıdır ki, aparıcı sonradan qızın azyaşlı olduğunu bilmədiyini desə də, həmin verilişi heç nə olmayıbmış kimi yayımladı. Bu qanunazidd süjetlərə bağlı Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi mətbuatda açıqlama ilə çıxış etdi. Komitə rəsmisi Aynur Veysəlova bildirdi ki, elçiliyi olan qızla söhbət aparılıb. Qız deyib ki, elçi gələn ailəni tanımır, oğlanla, ümumiyyətlə, tanış olmayıb, qəfil gələn çəkiliş isə onu utandırıb və sair. Nəticə də bu olub ki, həmin ailə dövlət qurumları tərəfindən nəzarətə götürülüb.
Yeri gəlmişkən, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hadisə ilə bağlı MTRŞ-ya müraciət ünvanlayıb. O da müraciətində qeyd edib ki, məsələnin məğzində məktəblinin taleyi dayandığı üçün mütləq qanuni ölçü götürülməlidir. M.Zeynalova bildirib ki, ölkədə erkən nikahların qarşısının alınması istiqamətində həm özləri, həm də dövlət tərəfindən nə qədər işlər görülüb, hansı ki bu kimi verilişlər canlı efirdə əks təbliğata yol açıb, çəkilən zəhməti hədər edirlər.
Ümumiyyətlə, cəmiyyətin hər bir üzvü öz əməli ilə ailələri narahat edən problemlərin həllində dövlətə yaxından köməklik etməlidir. İş yerlərində və yaşayış məntəqələrində müqəddəs ailələrin ənənələri, qayda-qanunları təbliğ olunmalıdır.

Vüsal Tağıbəyli

Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi