Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nardaranda yeni dünyanın ikinci ili - FOTOLAR
Tarix: 30.11.2017 | Saat: 16:56:00
Bölmə:Gündəm Reportaj | çapa göndər

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qarşıdurmadan iki il ötür.  İki il əvvəl ölkə mediasının əsas manşetinə çevrilmiş “Nardaran hadisələri”ndən sonra adıçəkilən kənddə gündəlik həyat axarının hansı səviyyədə olmasını gözlərimizlə görmək üçün Nardarana üz tutduq. Yəni, hafta.az-ın obyektivini Nardaran kəndinə çevirdik.

Qısa arayış: 2015-ci ilin noyabr ayının 26-da Bakının Nardaran qəsəbəsində polislə radikal dini qruplaşma üzvləri arasında toqquşma baş vermişdi. Qarşıdurmada ümumilikdə 7 nəfər dünyasını dəyişmişdi. 4 nəfər yaralanmışdı. 14 nəfər isə polisə silahlı müqavimət və dövlətin dünyəvi dəyərlərinə qarşı çıxmaqda ittiham olunaraq həbs edilmişdi. Rəsmi məlumatlara görə, həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, digər 5 nəfər isə qəsəbədə qeydiyyatda olan Tale Bağırzadə adlı şəxsin dəstəsinə qoşulmuş qruplaşma üzvü idi.

Koroğlu metrostansiyasının yaxınlığından “189” nömrəli marşrutun Nardarana getdiyini öyrəndik. Elə bu vaxt bir taksi “Maştağa-Maştağa”, “Nardarana bir nəfər” – deyib müştəri çağırırdı. Baxdım ki, arxada üç hicablı xanım oturub. Qabaq oturacaq isə boşdur. Sürücüyə yaxınlaşdım. Nardarana adamın birini neçə manata apardığını soruşdum. İki manata, qardaş – dedi. Əyləşdim.

Sürücü – Allah-Məhəmməd-ya Əli! – deyib, avtomobili işə saldı. Yola düzəldik. Elə yenicə yerimi rahatlamışdım ki, sürücü Nardaranda qeydiyyatda olub-olmadığımı soruşdu:

-Yox, nardaranlı deyiləm. Qeydiyyatım da yoxdur. Jurnalistəm, oradan reportaj hazırlamaq üçün gedirəm.

- Qardaş, Nardaran qeydiyyatı olmayanı buraxmırlar, polis yoxlayır.

-Bəs necə edək?

-Səni arxa yolla aparıb çıxararam kəndə. Amma bir-iki manat artıq pul versən. Çünki səni istədiyin yerə ara məhəllələrlə, tinlə-dalanla gedib çıxaracağam. Əvvəl orda da postlar var idi. İndi götürülüb. Oradan keçmək olur.

Razılaşdıq. Elə bu zaman arxa oturacaqlardakı xanımlar kənddəki mənzərəni danışdılar:

-Giriş-çıxışı polislər yoxlayır. Hələ də postlar qurulub. Nardaranı ciddi nəzarətdə saxlayırlar.

Sonra sürücü ilə söhbətimizi davam edirik. Deyir ki, axşam saat doqquzdan sonra məhəllələrdə, küçələrdə kimisə tapmaq qeyri-mümkündür. Hər kəs evində olur. Əvvəlki izdihamlı küçələr indi bomboşdur. 

Yavaş-yavaş Nardarana yaxınlaşırıq. Xanımlar düşdükdən sonra sürücü ilə kəndin girişindəki mağazadan siqaret almaq məqsədi ilə avtomobildən düşürük. Məqsədim isə kəndin girəcəyində qurulmuş postda yoxlamaları gözümlə görmək idi.

Mağazaya girib siqaret aldıq. Eyni zamanda müşahidə də apardıq. İki əli avtomatlı daxili qoşunların xidməti formasında olan iki əsgər kəndə daxil olan bütün avtomobillərin sənədlərini, nəqliyyat vasitələrinin baqajlarını yoxlayır, qəsəbədən çıxan avtomobillərin də arxa oturacaqlarına, baqajlarına baxırdılar. Artıq sürücülərin – Nardarana girən və çıxan hər avtomobil sahibinin bu qayda-qanunlara öyrəşdiyi aydın sezilirdi. Bir xoş məqamı da deyim, səki ilə kəndə-mağazaya girib çıxan hər kəs polis əməkdaşlarına ehtiramla salam verib salam alırdılar. Polislər də avtomobilləri yoxlayarkən sakinlərlə nəzakətlə davranır, üzlərindəki təbəssümü uzaqdan da görmək olurdu. 

Kəndin – daha doğrusu, qəsəbənin içərisinə doğru irəliləyirik. Arxa küçələrlə hərəkət edirik. Şəkil çəkmək istəyirəm. Sürücü qoymur. Göstərir ki, hər yerdə kamera var. Doğrudan da hər tində, dalanda 360 dərəcə hərəkət edən kameralar qoyulub. Kameralardan yayına bildiyimiz yerlərdə sükut dolu küçələrin fotolarını çəkə bilirik.

Beləliklə gəlib Nardaran ziyarətgahına – məscidin yanına çıxırıq. Burada sürücü ilə sağollaşıram. 

Yola nəzər yetirirəm, Azərbaycan bayraqları dalğalanır. Elə bil Nardaran qəsəbəsində hər gün Bayraq Günüdür. İstər-istəməz içində vətənsevərlik hissləri baş qaldırır.

 Əvvala, onu deyim ki, Nardarandakı Rəhimə xanım ziyarətgahından sonuncu dəfə - hadisələrdən beş-altı ay əvvəl reportaj hazırlamışdım. O vaxt izdiham var idi. Hətta ziyarətgahın yanında “İran malları” yazılmış ətir və dini süvenir dükanı fəaliyyət göstərirdi. İndi həmin dükanın yerində çayxana və ərzaq mağazası fəaliyyətdədir. Ziyarətgahın qarşısında isə iki polis əməkdaşı durub, içəri keçənlərin sənədlərini yoxlayır. Mən də içəri keçmək istədim. Gördüm ki, yaşlı bir dayı yaxınlaşır. Polis Nardaran qeydiyyatında olub-olmadığını soruşduqda yaşlı kişi, Maştağadan olduğunu söylədi. Ziyarətgaha keçə bilmədi. Ziyarətgahın içərisində isə bir-iki qadın vardı. Deyəsən, imam Rzanın bacısı Rəhimə xanımı ziyarətdən qayıdırdılar.

Ziyarətgahın önündəki yeniliklər – işıq plafonları, zolaqları yenilənmiş müasir beton örtüklü yol diqqətimizi çəkir. Bu hələ ki, Nardaranda gördüyümüz müasirliyin və yeniliyin  ilk işartılarıdır. Polis maşınları sağa-sola şütüyür. Çörək maşınları mağazalara çörək paylayır. Yaxınlıqdakı çayxanada nərd, domino səsləri “çaqqıldayır”dı.

Ziyarətgaha daxil ola bilmədikdə, çayxanaya keçdik. Hər kəs öz masasındakı adamla astadan söhbət edirdi. İçəridə boğanaq və havasızlıq olduğundan çox qala bilmədik. Yaxınlıqdakı dayıya yaxınlaşıb alışqan istədim. Söhbətləşmək, kəndəki gündəlik durumu, vəziyyəti öyrənmək üçün əvvəl “havadan-sudan” danışdıq. Söhbətimizin bir yerində sərt qayda –qanunlardan şikayətləndi. Dedi ki, ovaxtkı Nardarandan əsər-əlamət qalmayıb:

“Amma indi bir şey yaxşıdır ki, sakitlikdir. Səsini çıxarma, başını aşağı sal, dolan. Aranı qatdılar. Dövlətlə dövlətlik etmək olmaz. Amma insafən onu da deyək ki, Nardaran tarixən dinə bağlı kənd olub. Heç sovet höküməti də burada dinin qarşısını ala bilməyib. Bacarmayıb. Vallah, biz öz dövlətimizə sadiqik”.

Küçələrdə ara-sıra hicablı yaşlı xanımlar gözə dəyir, mağazalardan evlərinə əlləri dolu gedirdilər. Ağsaqqallar isə marketlərin qabağında söhbətləşir, ağır-ağır zarafatlaşırdılar.

Sonra cavan bir oğlanla söhbət edə - edə dar küçələrin biri ilə addımlayırıq. Evlərdən birinin qarşısında polis maşını dayanmışdı. Soruşdum ki, nəsə olub? Oğlan dinmədi. Patrul maşınını arxada qoyandan sonra astadan dilləndi:

“Tale Bağırzadə bu evdə qalırdı. Atışma da bu evdə olmuşdu. Divarlara bax, güllə izləri hələ də qalır. Hər gün post-patrul maşını dayanır. Növbə dəyişirlər. Bir an da nəzarətsiz buraxılmır”.

Bir qədər aralıda yeni mağazanın təmir edildiyini – divarlarının sarıya çalan rənglə rəngləndiyini gördük. Belə təssürat yaranır ki, iki il əvvəlki hadisələrin üzərindən qısa müddət keçməsinə baxmayaraq, nardaranlıların gözündə dünyanın və həyata baxışı da dəyişməkdədir. Bundan başqa, küçələrdə hər evin qapısı ağzında işıq və qaz sayğaclarının yeniləndiyi də gözümüzdən yayınmadı.

Ara küçələrdən əsas yola – vaxtı ilə “imam Əli”  meydanına aparan yola çıxırıq. Burada yolların genişdləndirildiyini görürük. Əvvəlki dini plakatlar sökülüb. Yerinə milli atributlar həkk edilib. Dini bayraqların yerinə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Əvvəl dini plakatlarla, stendlərlə haşiyələnmiş yol ayrıcında indi polis şöbəsi və DTX-nın binası fəaliyyət göstərilir. Yolun sol hissəsində isə yeni binalar tikilir. Bir sözlə, Nardaran yeni həyatına qədəm qoyur desək-yanılmarıq. Doğrudur, sakinlər arasında bu yeniliyi təqdir edənlərə də, bəyənməyənlərə də rast gəldik. Çoxluq isə qəsəbənin indiki halından məmnun görünür. Sakinlərin yeganə narazılığı qəsəbəyə gedən “189” saylı marşurutun interval məsafəsinin qısa olmaması ilə bağlıdır. Onlar bu müddətin daha da qısaldılmasını istəyirlər.

Sakinlərlə söhbətləşərkən əsgərlərin növbə dəyişməyə getdiyini gördük. Girişdəki Azərbaycan bayrağının altından keçib üzü məscidə doğru yəqin ki, növbə dəyişməyə gedirdilər.

Avtobusa mindikdə diqqətimi bir nüans cəlb etdi. İki il əvvəl buradan reportaj hazırlayarkən avtobusdakı xanımların demək olar ki, böyük əksəriyyəti çadraya bürünmüşdü. İndi isə içərisində insan tıxacı yaranmış marşrutda bir-iki çadralı xanım gözə dəyirdi. Dünyəvi – avropasayaq dəbli geyinən xanımlar, qızlar üstünlük təşkil edirdi. Ara küçələrdən keçərək üzü Koroğlu metrostansiyasına doğru yol alırıq. Nardaran qəsəbəsinin yeni həyatına uğurlar arzulayaraq... 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi