Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
Tarix: 01.12.2017 | Saat: 17:04:00
Bölmə:Müsahibə | çapa göndər

Onu beşinci sinifdən “Salam dar ağacı” şeiri ilə tanımışam. Bəlkə də imzasına möhürü də bu şeir vurub. Milli hərəkat dövründə, Əmir Teymurun qəbri üstündə yazılan bu şeir hələ on-on bir yaşım olanda iliyimə işləmişdi. Üçüncü kursda oxuyanda Qazaxıstanın və Qırğızıstanın Xalq yazıçısı Muxtar Şaxanovdan müsahibə alırdım. Söhbətimizin ortasında belə bir fikir səsləndirdi:

“Rüstəm Behrudinin ötən əsrin səksəninci illərində 25-30 yaşı ancaq olardı. Həmin dövrlər bütün türk xalqlarının yenidən oyanış dövrü idi. O, Qazaxıstanda, Özbəkistanda şeirlər oxuyanda, çıxışlar edəndə biz göz yaşları içərisində, ayaq üstə onu alqışlayırdıq. Rüstəmə görə siz xoşbəxt taleli xalqsınız. Ona görə ki, belə bir şair yetişdirmisiniz...”.

 Bu sözlərdən sonra Rüstəm Behrudi gözlərimdə böyüdü. Təkcə Azərbaycanın deyil, ümumtürk dünyasının şairinə çevrilmiş, sözümüzün ulu şamanı olan Behrudinin bu il 60 illiyidir. Rəsmi qurumlardan səs çıxmır. Elə bu minvalla gənc yazarlar Emil Rasimoğlu və Ümid Nəccari şairin yubileyini keçirmək ideyası ilə onun qapısını döyüb böyük şairdən icazə almağa getmişdilər. Fürsət bu fürsətdir deyib gənc qələm yoldaşlarımla birgə şairlə söhbət edib, bu görüşü tarixə salmaq istədim.

Bu yaxınlarda belçikada fəxri doktor adını almış, sözləri özündən daha çox əks-səda doğuran, dillərə düşən Rüstəm bəyin hafta.az-a müsahibəsi zamanı bir çox suallara cavab tapmağa çalışdıq.

- Rüstəm bəy, bu il 60 yaşınız tamam oldu. Doğum gününüzdə sizinlə əlaqə saxlayanda kəndə olduğunuzu demişdiniz. Onu da söylədiniz ki, yaxın zamanlarda bütün yaradıcılığınız bir külliyyatda toplanacaq. Külliyyatınızın nəşrini nə vaxta planlayırsınız?

- Onu kim toplayacaq, hələ bilmirəm. Çünki bu qədər kitabları, əsərləri bir yerə toplamağa mənim hövsələm yoxdur. Səhhətim də buna imkan vermir. Düşünürəm ki, yaxın vaxtlarda bunların hamısını reallaşdırmaq lazımdır. Öz sağlığımda mənim yazdıqlarımı öz adına çıxanlar var. Hardasa iyirmi-otuz şeirimi orda-burda, əsasən də sosial şəbəkələrdə öz adlarına çıxanları, paylaşanları görürəm. Hətta “Salam, dar ağacı” kimi məşhur şeiri də öz adlarına çıxırlar. Ona görə istəyirəm ki, həyatım boyu yazdığım bütün şeirlər, yazılar hamısı bir yerdə olsun. Ona görə də sağ ikən bütün külliyyatımı bir yerdə görmək istəyirəm. Kiməsə xahiş edəcəyəm ki, onların hamısını toplasın. Çünki indiyə qədər mənim arxivim də olmayıb. Bu həyatı bir az başqa cür yaşamışam. Əvvəllər həvəsli idim. Bir iş otağım vardı. Çap olunan kitablarımı, aldığım mükafatların hamısını orada toplayırdım. Ondan əvvəl heç iş otağım da yox idi. Sonradan iş otağım oldu. Atam ədəbiyyat müəllimi idi. Günlərin bir günü yanıma gəlmişdi. Şakəri nərd oynamaq idi. Rəhmətlik nərdi çox sevirdi. Otaqda oturub nərd oynayırdıq. Atam kitablarımı yığdığım rəfə sarı oturmuşdu. Mən də arxası rəfə sarı idim. Nə kitablarım çıxmışdısa hamısını oraya yığmışdım. Birdən əlini saxladı, dayandı. Zəri cütləyib ortaya qoydu. Dedi ki, sənə bir sualım var. Biz atamıza “papa” – deyə müraciət edirdik. Atam dedi ki, sən bütün mənalı ömrünü araq içməklə keçirmisən. Bəs bu boyda kitabı nə vaxt yazmısan? - deyə soruşdu. Onda fikirləşdim ki, bu boyda – otuzdan çox kitabı nə zaman yazmışam. Öz-özümə sual etdim, düşündüm... O vaxt bu kitabları nə vaxt yazdığımı xatırlaya bilmədim. İndi də çox kitabımın adını yadımdan çıxarmışam. Qardaşım mənim kitablarımı bir yerə yığmaq üçün stend düzəldəndə həmin kitabların bəziləri tapa bilmədim. O mənada, külliyyatları bir yerə yığmağı kiməsə tapşırmaq lazımdır. Yəqin ki, mən edə bilməyəcəyəm.

- Gələcəkdə “Rüstəm Behrudi muzeyi” açmaq fikriniz varmı?

- Heç nə istəmirəm. Sakitcə yaşayıb ölüb getməyi düşünürəm. Bu dünyada hər kəsin bir missiyası olur. Tanrı hər kəsə bir missiya verir. O vaxt Vüqar Bektaş adında bir jurnalist mənim haqqımda bir yazı yazmışdı. O yazını təsadüfən oxumuşdum. Yazmışdı ki, tanrı bu adamlara xüsusi missiya verib. Həmin yazını həm də Əbülfəz Elçibəy haqqında da yazmışdı. Məsələn, Əbülfəz Elçibəy gəldi, öz missiyasını başa vurub getdi. Orada qeyd olunurdu ki, Rüstəm Behrudi də belə bir adamdır. O, öz missiyasını başa vurub gedəcək - belə bir ifadə işlətmişdi. Mən də o, cavan oğlanın dediyi kimi baxıram. Hərənin bu dünyada bir missiyası var.

Bir məsələ də var, Rüstəm bəy. Axı yaşadığınız həyat sizindir. Yazdıqlarınız isə artıq  bu millətindir. Bunları gələcək nəsilə çatdırmaq da sizin missiyalarınızdan biri olmalıdır...

- O da doğrudur. Cavan olanda adam enerjili olur. Bir gün sərxoş olursan, dostlarla əyləncələrdə, məclislərdə günlərini xərcləyirsən. Amma mən heç zaman sərxoş halda yazı yazmamışam. Həyatım boyu içmişəm. Sərxoş olan vaxtda heç vaxt yazı yazmamışam. Sərxoşluqdan ayılıb, üzr istəyirəm, hamamda duş qəbul edib gəlib yazılarımı yazmışam. Qəribə burasındadır ki, indiyə qədər yazdığım yazıları nə vaxt qələmə aldığımı xatırlamıram. 

 

“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib...”

 

- Adətən şeirləri günün hansı saatlarında yazırsınız?

- Çox vaxt gecə - heç kim olmayanda yaxşı olur, sakitlikdə... Ümumiyyətlə, fərqi yoxdur, günün bütün saatlarında yazmışam. Şeirlərim hazır olandan sonra onları kağıza köçürürəm. Ən çox sevdiyim balığa getməkdir. Tez-tez Salyana balıq tutmağa gedirəm. Bəzən həftədə iki-üç dəfə balıq tutmağa yollanıram. Siyirməmdə hər cür tilovum var. Balıq tutarkən şeir düşüncəmdə “bişir”, “ələkdən keçir”, sonra onu kağıza köçürürəm. Maraqlı detal deyim; heç kim məni yazı yazanda görməyib, hətta həyat yoldaşım da. O boyda kitab yazmışam, bir adam barmağını qatlayıb deyə bilməz ki, mən Rüstəmi filan yerdə şeir yazarkən görmüşəm. Adamın ən çox yanında olan həyat yoldaşıdır. Hətta xanımım da deyə bilməz ki, onu şeir yazanda görmüşəm, yaxud da filan şeiri mənim yanımda yazıb. Belə bir şey olmayıb. And olsun Allaha, heç özüm də görməmişəm.

- Nə ilə əlaqədardır bu?

- Bilmirəm. Sadəcə xoşlamıram ki, kimsə yazı yazanda məni görsün. Xarakterim bu cür formalaşıb.

- Ən çox sevdiyiniz, yaxud da ürək ağrısı ilə yazdığınız şeir hansıdır?

- Bir şeirim var – “Elegiya”. Həm yaxşı şeirdir, həm də çox sevirəm onu. Hardasa, on beş – iyirmi il bundan əvvəl idi. Dənizin kənarında gəzirdim. Onu da xatırlamıram. Bir şeyi də vurğulayım, şeir yazarkən onların altına tarix qoymuram. Kitabımın əvvəlində bir cümlə yazmışam. Qeyd etmişəm ki, söz dayanmış zaman formasıdır və mən sözlərimi əbədiyyətə hesabladım. O mənada şeirlərin altına tarix də qoymuram. Nəyə lazımdır axı?! Ola bilsin ki, ədəbiyyat tənqidçiləri, ədəbiyyatşünaslar üçün lazım olsun. Ancaq şair üçün lazımsız bir şeydir. Qayıdım “Elegiya” şeirinə, yazmışam ki, bu şeir mənim qəbir daşıma yazılacaq misralardır. Hüzünlü misraları var bu şeirin. Günlərin bir günü rəhmətlik dostum Yaşar Nuriyev mənə zəng vurdu. Həmin vaxt televiziyada mənim haqqımda bir veriliş gedirdi.  Yaşarla da çox yaxın dost idik. Həmin şeiri həmin verilişdə oxudum. Dedim ki, bu şeiri məzar daşıma yazdıracağam. Yaşar da zəng vurub söylədi ki, qızı öz həyat yoldaşının qəbrinə o şeiri həkk etdirib. Yəni, səndən əvvəl o şeir qəbir daşına yazdırılıb. Həmin şeirdə deyirəm ki, “...yalqızlığım, tənhalığım - səndən qopan qərib səsəm. Bir ağacam yarpağından əvvəl ölən...”. Şeir belə başlayır. Onu xatırlayıram ki, dənizin qırağında idim, yağış yağırdı. Ağlaya-ağlaya oxumuşam o şeiri. Həmin vaxt içimdə hazırlayırdım o cümlələri. Sonra evə gedib kağıza köçürmüşəm.

- Rüstəm bəy, deyəsən yaddaşınız çox güclüdür?

- Hə. Əvvəllər daha güclü idi. Bir vaxtlar yazdığım bütün kitabları əzbər bilirdim.

- Ədəbiyyata, sözə sevgini sizdə kim oyadıb?

- Atam ədəbiyyat müəllimi idi. Mənim dədəm – babamıza dədə deyirdik – həmişə uzun türkülər oxuyardı. Həmin türkülər də çox kədərli idi. Çox asta səslə həzin-həzin zümzümə edərdi. Anam da qeyri-adi qadındır. Yüzlərlə bayatı, folklor nümunələri bilir. Mənə elə gəlir ki, ədəbiyyata bağlılıq genetik olaraq anamdan keçib. Anam elə bayatılar bilir ki, onlar heç kitablarda da yoxdur.

- Hər ailədə söz-söhbət olur. Küsəndə, arada inciklik olanda həyat yoldaşınızın könlünü şeirlə alırsınız, yoxsa?..

- (Gülür). Təbii ki, olub. Həyat yoldaşımla elə o şeirlərə görə ailə qurmuşuq. Həyat yoldaşım həm də ən yaxşı oxucumdur. Haqqımda yazılan ən gözəl yazıları da o yazıb. Bir yazı yazmışdı,  “Lüksemburq bağı, Təbrizin yolları dolambadolan” - belə adlanırdı. Bir günün içərisində 20 min adam oxumuşdu. İnternetdə də var, açıb baxa bilərsiniz. Həftənin, ayın, ilin ən çox oxunan yazısı idi.

- Ədəbiyyatımızda, sizin dövr nəsil yazarlar arasında qızların sevimli şairlərindən olmusunuz...

- Üzr istəyirəm, balaca qızım deyir ki, ata sosial şəbəkələrdəki qızlar sənə tilov atıblar. Həyat yoldaşım, qızım da feysbuk səhifəmin şifrəsini bilir. Amma bir dəfə də gizli mesajları açıb oxumayıblar. Telefonuma da baxmayıblar. Bir vaxtlar “Yazıçı” nəşriyyatında şeir şöbəsinin müdiri vəzifəsində işləyirdim. O vaxt yazıçı və şairlərin çap edildiyi ən böyük nəşriyyatlardan idi. Nə qədər qız, xanım, gəlin vardı. Mən onların hamısına anam-bacım kimi baxmışam. Üç qızım  var. Onlara necə baxıramsa, başqa qızlara, xanımlara da o cür baxıram. Bilirsiniz, şairləri bir sözlə aldatmaq olar. Məni aldatmaq çox çətindir. İndiyə qədər heç kim aldada bilməyib. Amma özümün bilə-bilə aldandığım da az olmayıb. Bilə-bilə aldanmışam.

- Həyatda ən böyük mükafatı kimdən almısınız?

- Atamdan almışam.  Bir dəfə atamla yol gedirdik. “Tarqovı”da gəzirdik. Atam artıq rəhmətə gedib. Həmin gün atam özünə eynək almaq istəyirdi. Sonradan biləcəkdim ki, o gün doğrudan da mənim ən xoşbəxt anımdır. Yaxınlaşıb bir eynək götürdü. Qiyməti soruşdu. Satıcı xanım – 80 manatdır- dedi. O vaxt da ədəbiyyat müəllimi 150 manat maaş alırdı. Dedi ki, çox bahadır. Mən yanındayam, cibimdə də bir neçə eynəyin pulu var. Satıcı atama dedi ki, əmi, o eynəyi sizə bağışlayıram. Mən də həmin adamdan soruşdum ki, bir gündə heç bu qədər pul qazanmırsan, niyə bağışlayırsan? Dedi ki, siz mənim ən sevdiyim şairsiniz. Bütün şeirlərimi əzbər bildiyini söylədi. Biz götürmürdük, çünki almağa pulum vardı. Zorla bağışladı. Qayıdıb gələndə atam dedi ki, sən çox böyük adamsan. Əgər bir məcburi köçkün eynək satırsa və bir gündə heç on manat qazana bilmirsə, 80 manatlıq eynəyi bağışlayırsa, gör səni nə qədər böyük qiymətləndirir. Sonra atam dedi ki, sən doğrudan da böyük adamsan. Bir dəfə də ondan bu cür qiymət almışam. Atam dörd ay yataqda yatdı. Dörd ay ərzində bir dəqiqə də ondan ayrılmadım. Səhərdən axşama qədər onun yanında oturdum. Xəstəxanada da, evdə də sərasər yanında oldum. Rəhmətə getməmişdən bir neçə saat əvvəl idi. Evdə oturmuşdum. Televizora baxırdıq. Atam divanda uzanmışdı. Anam yanında oturmuşdu. Mən də ayaq ucunda yerdə oturmuşdum. Birdən–birə atam anama dedi ki, bu Rüstəmdən heç gözləməzdim. İçimdə bir sim qırıldı sanki, düşündüm ki, atama qarşı hansı səhvi etmişəm. Anam da soruşdu ki, niyə elə deyirsən? Atam da cavab verdi ki, mən bunu “qırdı-qaçdı”, qeyri-normal adam kimi qəbul edirdim. Düşünürdüm ki, şairdir, başdansoyuq adamdır. Gör mənim oğlum nə qədər böyük insandır ki, dörd ayda bir dəfə də olsun məni tək qoymadı. Yanımdan ayrılmadı. Həmin vaxt dedi ki, sən doğrudan da böyük adamsan. Bu, mənim üçün həyatda aldığım ən böyük qiymətdir. Qalan qiymətlər boş şeydir. Atam elə həmin gecə rəhmətə getdi.

Haşiyə: Elə bu arada gənc yazar Emil Rasimoğlu da “ulu şaman” adlandırdığı şairə öz sualını ünvanlayır.

- Rüstəm müəllim, “Azadlıq” şeirinizdə deyirsiniz ki, Şuşaya gedən yol Kərbəladan necə keçə bilər? Nəyi qabartmaq istəmisiniz bu misra ilə?

- Mənim dinə münasibətim bir az qeyri-adidir. Bir şeirimdə də demişəm ki, “...Məkkəsi ilə Mədinəsi ulu Altay olan gənc” – yəni, bu misrada hər şeyi açıqca ortaya qoymuşam. Adətən bəzi türkçülər deyirlər ki, Hira dağı qədər imanlı, Tanrı dağı qədər uca olmaq... Hətta bəziləri söyləyir ki, islam bizim ruhumuzdur, türklük bizim bədənimizdir. Heç yerində olmayan, düşüncəsiz yanaşmadır. Belə şey olmur. Peyğəmbərin hədisində deyilir ki, Vətəni sevmək imandandır, amma Quranda Vətən haqda heç bir anlayış yoxdur. Çünki bütün dinlər yəhudilərin uydurmasıdır. İnteqrasiya, qloballaşma kimi ideyalar bizim üçün çox yanlış anlayışlardır. Dünyada yeganə millət yəhudilərdir ki, hər şeyi – hətta müqəddəslik anlayışlarını da onlar uydurublar. Amma heç birinə əməl etməyiblər. Uydururlar ki, başqaları buna əməl etsin. İnteqrasiya dinlər və mədəniyyətlərarası dialoqlardan başlayır. Sonda bütün millətlər bir-birinə inteqrasiya edəcək. İndi fikir verin, bu yəhudilərin ideyasıdır. Bunlar dünyada cəmi on beş milyondurlar. Çinin isə 2 milyarda yaxın əhalisi var. İngiltərənin, Fransanın da əhali sayı çoxdur. Əslində bu kimi ideyaları gündəmə gətirməsəydi, yəhudilər bir millət kimi yox olub gedəcəkdi. Deməli, qloballaşmanı özləri ayaqda qalmaq üçün uydurublar. Həmişə demişəm ki, yəhudilər dünyada yeganə xalqdır ki, öz uydurduqlarına inanmırlar. Hətta öz dini kitablarına da. Hətta Tövratda belə bir şey var. Əgər yolda, küçədə gedərkən bir əşya tapırsansa, onun sahibi yəhudidirsə, qaytarmalısan. Başqa millətindirsə, mənimsəyə bilərsən. Onların düşüncəsi budur.

- Bəzi şairlər dövlətin, xalqın onlara qayğı göstərməməsindən şikayətlənir...

- Xalq, dövlət deməyib ki, şair olasan. Bu yolu hər kəs özü seçib. Dolana bilmirlər gedib taxıl əksinlər, ot biçsinlər. Özlərini dolandırsınlar. Mən o düşüncədəyəm ki, xalq bizə diqqət və qayğı göstərməkdə borclu deyil. Biz özümüz bu yolu seçmişik. Şeirlə yaşaya bilmirlərsə, gedib başqa iş görsünlər. Bu 60 ildə bir adam deyə bilməz ki, Rüstəm Behrudi kimdənsə, lap elə dövlətdən nəsə istəmişəm. Belə bir şey olmayıb. Əgər şeirlə yaşaya bilmirəmsə, başqa bir iş görə bilərəm. Bu imkanı kimsə məndən almır ki?! Orası da var ki, Tanrı mənə çox kömək edib. Sovet dövründə kitabımın biri 130 min nüsxə ilə çıxırdı. Biri üç manata satılırdı. Hardasa 390 min pul edirdi. “Salam dar ağacı”, “Şaman duası”, “Boz qurd” kimi kitablarımın hamısı böyük tirajlarla çap edilib.

- Dar ağacı demişkən, insan dar ağacına gedərkən həmişə dar ağacından uca görünüb. Amma asılanda, kəndirin uzunluğu qədər – iki-üç metr ondan aşağıda qalır. Səbəbini bilirsinizmi?

- Bunun bir səbəbi var. Bu ölüm aktıdır. Hər şey ölümdən aşağıdadır. Hətta insanın özü də. Bir şeirimlə sizin bu sualınıza cavab vermək istəyirəm; “Alçaq da sən, uca da sən. Cavan da sən, qoca da sən. Sən hər şeydən ucadasan – ölüm, xoş gəldin, xoş gəldin”. Həmişə düşünmüşəm ki, bu dünyada ölüm adlı bir şey varsa, qalan şeylər haqqında düşünməyə dəyməz. Hər şey onun aşağısındadır. Ona görə də insan ipdən asılanda dar ağacından aşağıda dayanır.

 

“Xristianlıq yəhudi, islam ərəb milliyyətçiliyidir...”

 

- Allah böyükdür, yoxsa Tanrı?

- O kimin necə dərk etməyinə baxır. Mənim üçün Tanrı böyükdür. Çünki Allah olmamışdan əvvəl Tanrı var idi. Təkallahlıq anlayışı türklərin Göy Tanrı inancından sonra yaranıb. İslamda, digər dinlərdə nə varsa, hamısı şumerlərdən gəlir. Türk mifik təfəkkürünə görə, türklər işıq seli ilə göydən gəlib. Ona görə də, onu göydən yerə göndərəni Tanrı adlandırıb. O mənada, Tanrı Allahdan böyükdür.

- Sizcə türkün dini kitabını yaza biləcəksiniz?

- Artıq yarısını yazmışam (gülür).

- Bəs onun peyğəmbəri kimdir?

- Təkallahlı dinlərdə peyğəmbər anlayışını qəbul edə bilmirəm. İslamda – Quranda buyurulur ki, Allah sizə şah damarınızdan yaxındır. Belə bir ifadə var. Allah bizə şah damarımızdan yaxın idisə, 124 min peyğəmbərə nə ehtiyac vardı?! Heç bir ehtiyac yox idi. O mənada xristianlıq yəhudi milliyyətçiliyidir. İsa Roma qəsbkarlarına qarşı yəhudilərin apardığı mübarizənin simvoludur. İslam da ərəb milliyyətçiliyidir. Orada türkün yaşayış tərzinə, düşüncəsinə uyğun heç nə tapa bilməzsən. İndi bunlar çap olunandan sonra yenə anamla mübahisə edəcəyəm. Dünən bu şeylərin üstündə anamla dalaşmışam. Anam doqquz yaşından namaz qılıb. Atası, babası dindar olub.  Mən də dünyanı bu cür dərk etdim. İslamda deyilir ki, Allah nə göydədir, nə də yerdədir. Amma biz türklər dua edəndə üzümüzü göyə tuturuq. Bu da bizim göydən gəldiyimizə işarədir. İnsan gəldiyi yerə üz tutar. Amma türk indi korlanıb. Bunun da əsas səbəbi islamdır.

“Atam erməni dostunun yetim oğluna dəm-dəsgahlı toy elədi...”

- Ömrünüzün təqribən otuz ilini sovet dönəmində yaşamısınız. Behruda yaxın yerlərdə ermənilər də yaşayıb o dövrdə. Parağa kəndində o vaxt ermənilər məskunlaşdırılmışdı. Bu iki kəndi ortadan bir çay ayırırdı. Düzünü deyin, erməni dostunuz olubmu?

- Dostum yox, yoldaşlıq etdiyim erməni uşaqları olub. Kəndimizi ermənilərin yaşadığı Parağa kəndi ilə bir körpü ayırırdı. Çayımız, bağımız bir olub. “Yaddaşlara yazılan” adlı ilk kitabım çapdan çıxanda həmin erməni uşaqları bir məclis düzəltdilər. Saat üçə-dördə qədər yeyib içdik. Babam da erməni-türk davasını görmüş adamdır. Gözünün önündə qardaşını, anasını öldürüblər. Gec gəldiyim üçün balaca qardaşımı arxamca göndərmişdi. Evə gələndə məni möhkəm danladı. Dedi ki, onların düşmən olduğunu bilmirsən ki, gedib onlarla yeyib-içirsən?! Dost olmasaq da, yaxın olmuşuq.  

- İnsan yaşa dolduqca uşaqlıq dostlarını tez-tez  xatırlayır. Həmin yoldaşlıq etdiyiniz erməni uşaqlar arasında elə biri varmı ki, onunla yenidən bir süfrə arxasına oturmaq istəyərdiniz?

-  Parağa kəndində bir çayxana vardı. Onu Kamo adlı bir erməni işlədirdi. Onun da Aşot adlı bir oğlu vardı. O uşaq heç erməniyə də oxşamırdı (gülür). Onunla çox balıq tutmuşduq. Münasibətlərimiz olmuşdu. Bağlarımız da yanaşı olmuşdu. Həmişə düşünmüşəm ki, onu qarşıma qoyum, söhbət edim. Soruşum ki, niyə belə etdiniz. Bu qədər həngamələri törətdiniz. Atam Parağada müəllim işləyərkən orada çoxlu dostları vardı. Dostlarından biri tez rəhmətə getmişdi. Ölən dostu erməni idi. Onun da Jora adlı bir oğlu qalmışdı. Yetim adam idi. Atam həmin erməniyə dəmdəsgahlı toy elədi. Hamımız o toyda iştirak etdik. Əzab-əziyyətini də atam çəkdi. Sonra həmin Jora bizim ən qəddar düşmənlərimizdən birinə çevrildi. Sən demə həmin kəndə “Punkt” deyilən təşkilatının rəbəri də o, imiş. Həmin Joranı tapıb demək istəyərəm ki, biz sizə bu cür yaxşılıqlar etdik. Əvəzində isə yamanlıq göstərdiniz. Niyə belə etdiklərini soruşmaq istəyərəm.

- Şair, necə ölmək istəyirsiniz?

- Mən həmişə son döyüşdən yazıram. Kitablarımda həmişə son döyüş ifadəsi var. Türk tarixində çox böyük qəhrəmanlar olub. Teymur, Çingiz, Atilla... Gürşad deyilən bir adam var, Çin səddində bütün imperiya ordusu ilə təkbaşına vuruşur. Həmişə o ağlıma gələndə bütün ruhum darmadağın olur. Düşünürəm ki, bizdə niyə indi elə qəhrəmanlar yoxdur. Mən o cür ölmək istəyərdim.  Təkbaşına bir savaşçı- Gürşad kimi. Mənə elə gəlir ki, bir gün dözməyib elə bir şey edəcəyəm. O baxımdan çox güclü adamam. Bir şeirdə də deyirəm ki:

Mən dua oxudum, dua –

dərdi, sevinci bir udum.

Hamı mələklərin xorunda,

Mən təkbaşına oxudum... 

P.S: Rüstəm Behrudi gənc şairlərə onun 60 illik yubileyinin keçirmələrinə razılıq verdi. Özünün də həmin tədbirdə iştirak edəcəyini, şeirlər səsləndirəcəyini söylədi. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi