Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pirallahıda müəllimlərin «su pulu» kəsilib
Tarix: 06.12.2017 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Pirallahı rayonu 186 nömrəli tam orta məktəbin fiziki-tərbiyə müəllimi, Qarabağ müharibəsi əlili Mübariz Xudaverdiyev “Həftə içi”nə şikayət məktubu ünvanlayıb. Qarabağ əlili müraciətində bildirir ki, əvvəllər Xəzər rayonunun gözdən uzaq, könüldən iraq, hər sahədə bərbad vəziyyətə düşmüş, geridə qalmış bir qəsəbəsi olan Pirallahı 2012-ci ildə ayrıca rayon yaradılması barədə Prezident Fərmanından sonra, başdan-başa yenidən qurulmağa başladı. Magistral və qəsəbədaxili yollar yeniləndi, müasir dayanacaqlar, işıqlandırma sistemləri quruldu, işıq, qaz, elektrik sistemləri təchizatı tamamilə təzələndi. Son 3 ildə onminlərlə ağac əkilib, əvvəlki 100 ildə olduğundan daha çox park salınıb, Pirallahı yaşıllıqlara qərq olub. Yüzlərlə iş yeri açılıb, məktəblər hamısı təmir olunub. Çörək zavodu və Günəş Elektrik Stansiyası istifadəyə verilib, turizmin inkişafı üçün önəmli addımlar atılıb. Hazırda iki dərman və şpris zavodu, balıqyetişdirmə kompleksi tikilir. Lakin bu gün Pirallahı sakinləri başqa problemlə üzləşiblər. Bu, əsasən, su problemi ilə bağlıdır: «Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılmışdı və biz suyu, özü də texniki suyu, Zirədəki quyulardan həftədə cəmi bir gün qrafik əsasında alırdıq. Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan və pulla alınan su hesabına təmin edirdi. Möhtərəm Prezidentimizin təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində həyata keçirilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəmərinin çəkilməsi ilə Pirallahı qəsəbə sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməyə imkan yarandı. Pirallahı rayonunun Pirallahı, Gürgan və Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün 10 min kubmetr tutumu olan Zirə su anbarı tikildi. Nəticədə, Pirallahı sakinləri 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olundular. 2017-ci il iyulun 21-də Prezident İlham Əliyev şəxsən Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Məlumat üçün deyim ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarının 3-cü bəndinə əsasən Pirallahıda işləyən hər bir kəs daimi içməli su mənbəyindən 20 kilometrdən 40 kilometrədək uzaqda yerləşən müəssisə, idarə və təşkilatda çalışdığı üçün əməkhaqqını 1.2 əmsalla, yəni 20 faiz artımla alır. Bu barədə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 21.01.2014-cü il tarixli Q4 saylı Sərəncamı da mövcuddur. Və bu Sərəncam Nazirlər Kabinetinin 137 nömrəli Qərarının 8-ci bəndinə əsasən hər il yenilənir. 01 dekabr 2015-ci il tarixədək rayonun təhsil işçiləri, sayı 500 nəfərə çatan Pirallahı müəllimləri də bu əmsaldan yararlanırdılar və haqlı olaraq hesab edirdilər ki, bu imtiyaz dövlət başçısının, möhtərəm İlham Əliyevin müəllimlərin rifah halının yüksəldilməsinə yönəlmiş qayğısının daha bir bariz təzahürüdür. Təəssüflər olsun ki, 01 dekabr 2015-ci il tarixdən Təhsil Nazirliyi Pirallahı müəllimlərini dövlətin, ölkə başçısının onlara ünvanladığı bu qayğıdan məhrum etdi. Əsas da onu gətirdilər ki, “Azərsu” ASC-nin hansısa məmuru Təhsil Nazirliyinə məktub yazaraq, Pirallahı məktəblərinin keyfiyyətli su ilə təmin olunması barədə məlumat verib». Müraciətdə bildirilir ki, əslində, Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov Pirallahı Sukanal İdarəsinə zəng edərək, məktəblərin su təchizatı ilə maraqlanıb və onun bu şifahi sorğusuna yazılı olaraq cavab verilib ki, Pirallahı məktəbləri keyfiyyətli su ilə təmin olunur. Nə Nazirlər Kabinetinin 137 nömrəli Qərarı qüvvədən düşməyib, nə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 21.01.2014-cü il tarixli Q4 saylı Sərəncamı ləğv olunmayıb, nə Təhsil Nazirliyi üzrə əmr verilməyib ki, Pirallahı müəllimlərinin su pulu kəsilsin!”.
Şikayətçinin sözlərinə görə, Zirədəki quyulardan həftədə bir dəfə verilən texniki suyun tonuna Pirallahı sakinləri 17 qəpik ödəyirdi, indi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən alınan keyfiyyətli içməli suyun tonuna 32 qəpik ödənilir. Dəyişən ancaq bu faktdır. Nazirlər Kabinetinin 137 nömrəli Qərarında isə söhbət Pirallahının “daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda” yerləşməsindən gedir. Yəni Pirallahıya 1.2 əmsalı suyun keyfiyyətinə görə deyil, daimi içməli su mənbəyindən uzaq məsafədə yerləşdiyinə görə verilir. Onun sözlərinə görə, Təhsil Nazirliyi ETSN-dən Pirallahının adının artıq susuzluq zonası siyahısında olmadığına dair sənəd alıb. Əslində ETSN-də heç “susuzluq zonası” deyilən siyahı yoxdur. Burada qazılan quyulardan belə ancaq şor su çıxır. Hazırda Pirallahı üçün ən yaxın daimi içməli su mənbəyi Ceyranbatan gölü üzərində yerləşən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksidir. Sutəmizləyici qurğuları və nasosları olmayan Qala və Zirə su anbarları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən aldığı suyu sadəcə Pirallahıya və digər qəsəbələrə ötürməyə xidmət edirlər. Onlar sadəcə ötürücü bir anbardırlar, “daimi içməli su mənbəyi” deyillər: «Bir anlığa Zirə su anbarını “daimi içməli su mənbəyi” hesab edək və ondan soruşaq – bu halda bəs nə səbəbə Zirə su anbarının beş addımlığında yerləşən Zirə məktəblərinin müəllimlərinin Nazirlər Kabinetinin 137 nömrəli Qərarı əsasında aldıqları su pulu kəsilməyib?! Belə çıxır ki, Zirə su anbarı zirəlilər üçün sadəcə anbardır, pirallahılılar üçün su mənbəyi? Pirallahı rayonunda həkimlər, polislər, İcra Hakimiyyətinin işçiləri və digər sahələrdə çalışanlar bu gün də su pulunu alırlar. Tək bircə müəllimlərin su pulu kəsilib». Şikayətçinin sözlərinə görə, artıq indi də Pirallahıda şayiə gəzir ki, rayona keyfiyyətli içməli su verildiyindən, yanvarın 1-dən bütün işçilərin susuzluğa görə 1.2 əmsalı kəsiləcək. Bu səbəbdən sakinlər qeyd olunan problemin yerində araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarından kömək istəyirlər. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi