Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
Tarix: 07.12.2017 | Saat: 14:39:00
Bölmə:Müsahibə | çapa göndər

Kosta Rikanın ölkəmizə təyin olunmuş müvəqqəti işlər vəkili Xayro Lopes Bolanyos bir neçə ay əvvəl tanış olmuşam. Müsahibə istəmişdim, cavab vermişdi ki, səfirlik açılan kimi ilk səninlə görüşəcəm. Dedi və sözünün üstündə dayandı. Olduqca mədəni, səmimi və mehribandır. Onunla heç kim darıxmaz, əksinə, özünü doğmasının yanındakı kimi hiss edər. Tərcüməçisi Afaq Əzizova da mehriban, həm də işgüzardır...

Müsahibənin əvvəlində özünü – şəxsi avtobioqrafiyasını tanımaq istədim. Şəxsi haqqında danışmaq istəməsə də, məni cavabsız da buraxmadı. Özünü də tanıtdı, siyasətdən, iqtisadiyyatdan ta mədəniyyətə, incəsənətədək hər sahədə sualları da cavabladı. Nə dediyini isə, oxucularımız zərif misraları oxumaqla öyrənə bilərlər...

- Artıq dörd aydır müvəqqəti işlər vəkili olaraq Azərbaycandayam. İxtisasca hüquqşünasam. 23 illik iş həyatımın 10 ilini Hökumət Evində hüquqşünas olaraq keçirmişəm, qalan 13 ildə isə xarici ölkələrdə diplomatik vəzifələrdə çalışmışam.

- Diplomatik karyeranıza ilk olaraq hansı ölkədə başlamısnız?

- İlk təyinat aldığım ölkə İsraildir. Hardasa 6 il orada işləmişəm: 3 il Yerusəlimdəki (Qüdsdə - V.T.) səfirliyimizdə, qalan 3 il isə səfirlik iqamətgahını köçürdüyü üçün başqa şəhərdə. İsraildə fəaliyyətim başa çatandan sonra ölkəmizə qayıtdım. Amma orda az işlədim - Kosta Rikanın Dominikandakı səfirliyinə təyinat aldım. Dominikandan sonra Koreya Respublikasına təyin olundum və 5 il yarım orada çalışdım. Korayada fəaliyyət müddətim başa çatandan sonra yenidən vətənə qayıtdım və orada 1 il ərzində çoxtərəfli əlaqələr üzrə insan hüquqlarının müdafiəçisi olaraq işlədim. Nəhayət, gördüyünüz kimi, Azərbaycandayam.

- Diplomatiyaya maraq hardan gəlir, bəlkə ailənizdən kimsə məsləhət görüb?

- Bu suala cavab olaraq uşaqlıq illərimin xatirəsinə qayıtmaq istərdim. 11 yaşımdaydım, dövlət məktəbində oxuyurdum. Amma imtahan verib özəl məktəblərdən birinə qabul olundum. Bir problem vardı ki, həmin məktəbə getmək üçün iki avtobus dəyişirdim. Səhər anam yola salsa da, qayıdanda o işdə olduğu üçün nənəmgilə düşürdüm. Nənəm demək olar bütün xəbərlərə qulaq asardı. Düşünürəm ki, yanında çox vaxt keçirdiyim üçün onun bu sahəyə gəlməyimə böyük təsiri olub. Uşaq olsam da, mən də xəbərləri, xüsusilə beynəlxalq xəbərləri izləyirdim. Bəlkə də bu səbəbdəndir ki, o vaxtdan İsrailin mərhum prezidenti Şimon Peresi çox seməyə başlamışdım və necə deyərlər, ondan ilham alırdım. O vaxt bir arzum da vardı: istəyirdim ki, sevdiyim teleaparıcılar prezident olsun.

- Oldular?

- Universitetdə təhsil alarkən dost münasibətlər qurduğum tələbə yoldaşım bir gün birlikdə dərsə hazırlaşmaq üçün məni evlərinə dəvət etdi. Qəribədir: dostumun anası nazir müavi, nənəsi isə uşaqlıq illərimdə sevdiyim teleaparıcılardan biri idi... Anası məndən soruşdu ki, nə əcəb ixtisasıma uyğun olaraq hökumət işlərinə maraq göstərmirəm. Elə oldu ki, həmin il Kosta Rikada hökumət dəyişdi, iqtidara başqa partiya gəldi və mən həmin hökumətdə ictimaiyyətlə əlaqələr şöbəsinə işə düzəldim. Təsadüfə baxın: yeni seçilmiş prezident də vaxtilə efirdə gördüyüm aparıcılardan biri idi. Mən də xarici siyasət sahəsində fəaliyyətə elə bu prezidentin iqtidarı zamanı başlamışam. Təsadüflər gerçəyə çevrilməkdə davam edirdi. İsrailə təyin olunduğum zaman pərəstişkarı olduğum Şimon Peres də bu ölkənin prezidenti seçildi və mən də onun andiçmə mərasimində iştirak etdim. O vaxt mənə qismət oldu ki, Şimon Pereslə şəkil çəkdirim və onu indiyədək saxlayıram (əli ilə divardan asılan portreti göstərir).

- Belə başa düşdüm ki, arzularınız çin çıxıb. Azərbaycana təyinatınız da arzulardandır, yoxsa təsadüf?

- Azərbaycana təyinatım təsadüfi deyil. Çünki Koreyada işlədiyim dövrdə Azərbaycanın ordakı səfiri ilə dost münasibətim olub. Fəaliyyət müddətim bitsə də, vətənə geri qayıtmamışdım. Azərbaycan səfiri bir gün mənə yaxınlaşıb dedi ki, Kosta Rikanın Bakıda səfirliyi açılmalıdır və ola bilsin səni təyin edəcəklər. Əvvəl inanmaq istəmədim. Çünki Koreyada fəaliyyətim yenicə başa çatdığı üçün, qaydalara əsasən hələ bir müddət Kosta Rikada qalmalıydım. Amma doğrudan da, Kosta Rikanın xarici işlər və etiqad naziri mənə zəng vurub dedi ki, Azərbaycana getməliyəm.

- İlk dəfə çox-çox uzaqda yerləşən fərqli bir dövlətə gedəcəyinizi düşünəndə nələr gəldi ürəyinizə, nələr fikirləşdiniz bura haqqında?

- Məncə hansısa dövləti tanımaq üçün onun insanlarını tanımaq kifayətdir. Koreyada işlədiyim müddətdə, bayaq dediyim kimi, oradakı yaxşı münasibətlər qurduğum azərbaycanlı diplomatlar məndə xoş təəssüratlar yaratmışdı. Bu isə məndəki Azərbaycanla bağlı az məlumatı daha da genişləndirməyə imkan verdi.

- Tək gəlmisiniz, yoxsa ailəniz də burdadır?

- Tək gəlmişəm...

- Xoşunuza gəldimi Azərbaycanda gördükləriniz?

- Hə, əlbəttə. Hətta buradakı Latın Amerikası ölkələrinin diplomatları ilk gündən tanışlıq və ölkəniz barədə daha geniş məlumat almaqda köməklik göstəriblər. Ümumilikdə yanaşsaq, Azərbaycan çox gözəl, qonaqpərvər ölkədir, Bakı da əsrarəngiz, hər bir əcnəbinin asanlıqla uyğunlaşa biləcəyi şəhərdir. Mən idmanı sevdiyim üçün, Bakının demək olar artıq hər yerini tanıyıram.

- Bölgəmizə getdinizmi və ya getmək fikriniz varmı?

- İşim çox olsa da, bölgələrə getməyə imkan tapmışam. Xarici işlər nazirimiz burda olanda birlikdə Qobustan tarixi abidəsinə baş çəkdik – olduqca möhtəşəmdir. Bundan başqa, Peru səfirinin dəvəti ilə Naxçıvana getmək şansım da olub. Oranı gəzdik, dağa çıxıb şəhəri oradan seyr etdik. Çox xoşuma gəldi, dağların təmiz havası məni heyran elədi. Bu yaxınlarda da Şirvan qoruğunda olmuşam. Orada flaminqo və sair kimi müxtəlif quşları görmək məni sevindirdi. Üstəlik, istirahət edib, dincəlmək üçün də münasib yerdir.

- Quşlardan söz düşmüşkən, ləziz mətbəximiz var. Bəyəndinizmi, daha çox hansı yeməklər sizi maraqlandırdı?

- Doğru deyirsiniz, yeməklərinizi dadmışam, çox xoşuma gəlib. Amma təəssüf ki, məndə şəkərli diabet olduğundan dieta gözləməyə məcburam. Yəni bir sıra yeməkləri məcburən özümdən uzaq tuturam. Xüsusilə də düyü, şirniyyat və bu kimi yeməkləri. Amma yenə də tam imtina etmirəm, yeri gələndə az da olsa dadına baxıram. Azərbaycanda istehsal olunan şərabların da dadına baxmışam və çox bəyənmişəm.

- Burdakı diplomatlardan soruşanda ilk növbədə kabab növlərinin və dolmanın adını çəkirlər, siz isə ilk müsahibsiz ki, bu yeməklərdən bəhs etmədiniz...

- Əlbəttə, əgər iki yeməyin adını çəksəydim qalan təamlara sayğısızlıq eləmiş olardım. Hər bir yemək dadlıdır və hərəsinin öz yeri var. Mən şəxsən tərəvəzli yeməkləri sevirəm. Eyni zamanda, meyvələr xoşuma gəlir

- Bir az işinizlə bağlı danışaq. Uzaq ölkəyə gəlmisiniz. Hansı hansı plan-proqramlarınız var icra ediləsi?

- Çox planım var. Amma kiminləsə rəqabətə girməkdənsə, “güc birlikdədir” deyiminə inanmışam. Latın Amerikası ölkələrinin Bakıdakı səfirləri ilə birlikdə ümumi tədbirlərin keçirilməsini qərara almışıq. Hətta düşünürəm ki, Prtuqaliya və İspaniya səfirləri də bu ümumi proqramda iştirak edəcəklər. Məncə biz birlikdə daha çox iş görə, xalqlarımızın mədəniyyətini, məişətini, incəsənətini tanıda bilərik. Əvvəlcədən haqqında geniş məlumat vermək istəmirəm, ancaq bunu deyim ki, universitet rəhbərləri ilə müzakirələr aparacağıq və razılıq versələr, gələcəkdə müəllimlərin təcrübə xarakterli qarşılıqlı mübadiləsini həyata keçirmək fikrimiz var.

- Kosta Rika – Azərbaycan iqtisadi-ticari münasibətlərini irəli aparmaq üçün nələr edəcəksiniz? Balaca, amma ecazkar təbiətə malik Kosta Rikada nələrə ehtiyac duyulur ki, onları Azərbaycanda görürsünüz və siz ölkənizin bu sahədə Bakı ilə əməkdaşlığını genişləndirmək istərdiniz? Əlbəttə, ölkələrimizin coğrafi baxımdan bir-birindən çox uzaqda yerləşdiyini də nəzərə alaq...

- Hər şeyi yavaş-yavaş eləmək lazımdır. Azərbaycanda yeniyik, öncə yerli şəraiti öyrənməliyik. Artıq insanlarla münasibət qururuq. Cənab nazirimiz də burada xoş rəftarla qarşılandı və yüksək təəssüratlarla qayıtdı Kosta Rikaya. Konkret iqtisadi əlaqələrə gəldikdə, Azərbaycan iqtisadiyyatı bir sahə, Kosta Rika iqtisadiyyatı isə başqa bir sahə üzərində qurulub. Amma Kosta Rikada bir qayda var: bir sahə inkişaf edibsə onu mütləq digər sahələrdə də tətbiq edirlər ki, iqtisadiyyat şaxələnsin. Azərbaycanda da inkişaf özünü neft-qaz sahəsində göstərir. Bakı-Tiflis-Qars dəmir yolu, bir sıra neft və təbii qaz kəmərlərini tikən Azərbaycan bütün bunlarla isbat edir ki, sahibi olduğu sərvətini digər ölkələrlə bölüşür. Kosta Rika da belədir...

- Dünyanın 13-cü kofe istehsalçısısınız. Azərbaycan bazarına çıxa bilərsiniz bu məhsulla. Siqar da gətirə bilərsiniz, ekzotik meyvələr də...

- Kosta Rika kofesi dünyada məşhurdur. Bizdə kofenin 8 növü yetişdirilir ki, bunların arasında ən keyfiyyətlisi “Arabika kofe”dir. Bu kofe digərlərindən tünd ətri, dadı ilə seçilir. Məsələn, Kosta Rika kafelərində hazırlanan kofenin 90 faizi daha ucuz başa gələn “Robusta”, yalnız 10 faizi “Arabika kofe”dir. Hətta inanıram ki, bu 10 faizə də digər kofelərdən qarışdırırlar. Biz Azərbaycan bazarına Kosta Rikanın çox məşhur, olduqca keyfiyyətli banan, ananas, portağalını da çıxara bilərik. Əlbəttə, bu meyvələr çox ölkədə yetişir, amma dadına-tamına görə Kosta Rikada becərilən meyvələr daha keyfiyyətlidir. Biz onu da bilirik ki, Azərbaycan əhalisinin menyusunda ətdən istifadə geniş yer tutur və o da məlumdur ki, ölkəniz bu məhsulun bir hissəsini xaricdən alır. Kosta Rika beynəlxalq normalara uyğun keyfiyyətdə mal – dana əti ixracatçısıdır. Hesab edirəm ki, biz bu qida məhsulunu da Azərbaycan bazarına çıxara bilərik. Kofe ixracına gəldikdə, Azərbaycanda çaya daha çox üstünlük verilir. Buna baxmayaraq düşündürücüdür: Azərbaycandan çay alıb, əvəzində kofe sata bilərik.

- Kosta Rika füsunkar təbiətə malik turizm ölkəsi olsa da, eşitdiyimə görə orada dincəlmək çox ucuz başa gəlir turistlərə. Buna necə nail olmusunuz? Məncə bu daha çox əcnəbi turist cəlbi üçün yaxşı haldır...

- Hesab eləmirəm ki, bizdə turizm sektorunda qiymətlər aşağıdır. Sadəcə, bizdə belədir ki, bir dəfə gələn turist yenidən gəlmək istəyir. Məncə turistləri ölkəmizə fərqlilik cəlb edir. Bizdə, məsələn, ekoloji turizm, çimərlik turizmi, vulkanlar, dağ-meşə, tibbi turizm və sair var. Hər sahənin isə öz turistləri mövcuddur. Bu səbəbdəndir ki, dünyada ciddi böhran getdiyi zamanda Kosta Rikaya gələn əcnəbi turistlərin sayında azalma hiss olunmadı. Hesab edirəm Kosta Rikada turistlərə göstərilən xidmətin səviyyəsi də yüksəkdir deyə, insanlar ölkəmizə can atırlar. Bizdə bir fərq də var ki, turistləri yerləşdikləri otellərə həps etmirlər, əksinə, şərait yaradırlar ki, insanlarla qaynayıb-qarışsınlar. Hətta onlar evlərə də dəvət olunurlar.

- İldə nə qədər əcnəbi turist qəbul edir ölkəniz və onlardan nə qədər qazanc götürür?

- Səhv etmirəmsə, keçən il Kosta Rikaya 3 milyon nəfər əcnəbi turist gəlib. Amma hesablamalar göstərir ki, bu il turistlərin sayında daha 5 faiz artım var. Cəmi 5 milyona yaxın əhalisi olan Kosta Rika üçün ildə 3 milyondan çox turist qəbul eləmək böyük uğurdur. Bu, təxminən ölkə əhalisinin sayına bərabərdir. Turistlərin ölkədə gündəlik xərci ortalama 100 dollardır. Nəzərə alsaq ki, onlar ölkəmizdə hər səfərdə 10 gün qalırlar, deməli, min dollar xərcləyirlər. Həm də bizdə turistlər sadəcə, paytaxtda gəzdirilmir, ölkənin hər yerinə aparılır. Arzu edərdim ki, bu təcrübə Azərbaycanda da tətbiq olunsun. Kosta Rikada turizmin inkişafı məqsədilə təbiət maksimum səviyyədə qorunur. Bu gün ölkə ərazisinin 25 faizi qoruqların payına düşür. Kosta Rika ərazisi dünyanın 0,03 fazini təşkil etməsinə baxmayaraq, dünya heyvan və bitki növlərinin 5-6 faizi ölkəmizin kiçik ərazisində mövcuddur.

- Azərbaycan da son vaxtlar turizm sahəsində uğurlar qazanmaqdadır. Bu sahədə nə cür əməkdaşlıq etmək, bir-birimizin təcrübəsindən yararlana blərik?

- Böyük potensial var turizmi gücləndirmək üçün Azərbaycanda. Təbiətiniz gözəldir, tarixi abidələriniz boldur. Amma təklif edərdim ki, turizmin inkişafını Bakı şəhəri və ətrafı ilə məhdudlaşdırmayasınız. Əyalətləri, hər bir kəndi inkişaf etdirmək və turistləri həmin yerlərə yönləndirmək lazımdır.

- İl ərzində Kosta Rikadan Bakıya və ya əksinə nə qədər insan səyahət edir?

- Bu barədə dəqiq məlumatım yoxdur. Amma səfirlik açılıb və biz məhz insanlar arasında gediş-gəlişin artması üçün çalışacağıq. Qeyd edim ki, hər hansı Azərbaycan vətəndaşı ABŞ və ya Avropa Birliyinin vizasını əldə edibsə, həmin sənədlə Kosta-Rika ərazisinə də səfər edə bilərlər. Çünki həmin vətəndaşa sözügedən viza 6 aylıq verilir. Vətəndaş isə bu müddətdə ABŞ və ya “Şengen” ölkələrinə bir dəfə səyahət edə bilər. Qalan vaxt ərzində isə həmin viza ilə Kosta Rikaya də gəlib, xidmətlərimizdən faydalanmaq mümkündür.

- Kosta Rikada təhsilin səviyyəsi də yüksəkdir və əhali 100 faiz təhsillidir. Üstəlik, dövlət radiolarından biri gün ərzində mütəmadi olaraq təhsildən bəhs edir. Azərbaycana nə verə bilər sizin təhsildən yararlanmaq?

- Ona görə də çalışırıq ki, ilk olaraq Azərbaycan müəllimlərindən bir qrupu Kosta Rikaya təcrübə toplamağa göndərək. Onlar bizim ancaq məktəblərimizdə olmayacaq, həm də insanlarla ünsiyyətə girəcək, evlərdə, ictimai yerlərdə əhalinin yaşayışını, yerli adət-ənənələri öyrənəcək və beləliklə, Kosta Rika mədəniyyətini Azərbaycana gətirəcəklər. Eynən də Kosta Rika müəllimlərindən ibarət heyəti Azərbaycana gətirmək, buranın təhsili və mədəniyyəti ilə tanış eləmək niyyətimiz var.

- Mədəniyyətdən söz düşmüşkən, Azərbaycanda mədəniyyət günləri, kino həftəsi və sair keçirmək fikriniz varmı? Biz indiyədək Kosta Rikadan bir müğənnini, kino aktyorunu tanımırıq, bir filminizə baxmamışıq...

- Gələn il Latın Amerikası ölkələrinin səfirlikləri olaraq bir sıra birgə mədəniyyət tədbirləri keçirməyi planlaşdırırıq. Burada kinolarımız, musiqilərimiz, mətbəximiz və sair mədəni nümunələrimizlə Azərbaycan insanları tanış ola biləcəklər. Yaxşı musiçilərimiz, xüsusilə pianoçularımız var. Sadəcə, yol uzaqdır deyə musiqi alətlərini daşımaq bir az problemlidir...

- Sizdə “Marimba” milli musiqi aləti də var, onu Bakıda görmək maraqlı olardı...

- “Marimba” çox böyük musiqi alətidir və hətta o qədər böyük ki, bəzən onu üç nəfər eyni vaxtda ifa edir. Bu musiqi aləti əksər Mərkəzi Amerika ölkələrində mövcuddur, sadəcə, onda ifa tərzləri ölkələrdə fərqlidir. Yenə deyirəm, onları bu uzaq yolda daşımaq çətinliyi var. Amma yenə də çalışacağıq ki, milli mədəniyyətimizi Azərbaycan xalqına tanıdaq.

- Kosta Rika XİN başçısını gördük, mediaya açıq və mədəni naziriniz var. Bəs hökumət başçınızı və prezidentinizi də Bakıda görmək qismət olacaqmı bizə?

- Bizdə baş nazir vəzifəsi mövcud olmadığı üçün hökumətə də prezident rəhbərlik edir. Xarici işlər nazirimizin Bakıda cənab prezidentlə görüşündə də vurğulanıb ki, iki ölkənin dövlət başçıları qarşılıqlı səfər eləmək istəyirlər. Amma bir az vaxt məhdudiyyəti var deyə dəqiq tarixi açıqlamaq mümkün deyil.

- Sonda, turizmi ucuz, özü zəngin, ispanların “qızıl sahil” adlandırdığı ölkənizə bizdən 5-6 nəfərlik reportyor heyəti göndərə, eləcə də Kosta Rikadan reportyorları Azərbaycana gətirə bilərsinizmi?

- Əlbəttə, bu baxıla bilən məsələdir. Kosta Rikada siz jurnalistləri yerləşdirmək asandır. Amma kiçik problem var ki, o da yol məsrəflərinin ödənilməsidir. Güman edirəm ki, hansısa turizm operatoru dəstək versə, məmnuniyyətlə, Azərbaycandan 5-6 nəfərlik reportyor qrupunu göndərə bilərik.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi