Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Trampın Qüds bəyanatı heç nəyi dəyişməyəcək” – Məlahət Həsənova
Tarix: 07.12.2017 | Saat: 16:47:00
Bölmə:Müsahibə | çapa göndər

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ötən gün bəyanat verərək “Qüdsü İsrailin paytaxtı gördüyünü” bəyan etdi. Bunun ardınca Yaxın Şərq ölkələri Trampa qarşı od püskürdü. Hətta İran və Türkiyə də məsələyə ən ali səviyyədə mənfi münasibət sərgilədi. Bundan hiddətlənən Tramp sosial şəbəkədə ikinci bəyanatını verdi: “Bu məsələdə ABŞ hələ gecikib”.

Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan səfəri öncəsi münasibəti sərtliyi ilə seçildi. Ərdoğan Fələstin dövlətinin müdafiəçisi olduğunu gizlətmədi. Ərdoğan Trampın bu bəyanatla bölgəni “barıt çəlləyi”nə döndərə biləcəyini bildirdi. Türkiyə prezidenti onu da vurğuladı ki, Donald Tramp bu bəyanatla Birləşmiş Millətlər Təşkilatının 1980-ci il qərarını “çeynəyib”.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin münasibəti çox gecikmədi. XİN açıqlama yayaraq bildirdi ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Rəsmi Bakının məsələyə son dərəcə açıq mövqe sərgiləməsi maraqla qarşılandı. Əsasən də ölkə cəmiyyətində. Qarabağ məsələsinin indiyə qədər öz həllini tapmaması son illər dövlətin bir sıra hadisələrə “ölçülü-biçili” yanaşma sərgiləməyə təhrik edirdi. İsraillə hərbi əməkdaşlıq, islam dünyasında aparıcı mövqe Azərbaycanın hüququn aliliyi prinsipinə sadiqliyini kölgə altında qoya bilmədi.

Millət vəkili Məlahət Həsənova hafta.az-a müsahibəsində rəsmi Bakının Trampın bəyanatına münasibətinə, bu bəyanat fonunda bölgədə baş verəcək hadisələrə toxunub:

- Məlahət xanım rəsmi Bakının Trampın bəyanatına sərgilədiyi münasibəti necə qiymətləndirirsiniz? Qarabağ münaqişəsi fonunda İsrail və İslam dünyası ilə paralel müstəvidəki əməkdaşlıq bu bəyanatdan sonra hansı formada dəyişə bilər?

- Yaxın Şərq məsələsində və ABŞ prezidenti Donald Trampın “Qüdsü İsrailin paytaxtı görürəm” bəyanatına Xarici İşlər Nazirliyinin mövqeyi bizim üçün “nə şiş, nə kabab” məsələsi deyil. Bu tamamilə başqa məsələdir. Burada əsas məsələ beynəlxalq hüququn aliliyi prinsipləridir. Bizim prezidentimiz də, dövlətimiz də beynəlxalq hüququn aliliyinə əsaslanan siyasət həyata keçirib. Rəsmi Bakı həmişə siyasətini də bunun üzərində qurub. Birləşmiş Millətlər Təşkilatına üzv olan iki yüzdən artıq dövlət var. Biz Ermənistandan başqa bütün dövlətlərlə etibarlı, ədalətli tərəfdaş kimi münasibətlər qurumuşuq. Əməkdaşlıq etdiyimiz bütün dövlətlərlə beynəlxalq hüququn aliliyinə əsaslanan bərəbartərəfli münasibətlərimiz mövcuddur. Mən bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin Trampın Qüdslə bağlı bəyanatına dövlətimizin adına sərgilədiyi mövqeyini çox yüksək dəyərləndirirəm. Dəstəkləyirəm. Belə də gözləyirdim.

- Trampın “Qüds baxışı”na Azərbaycanın münasibəti islam faktorundan qaynaqlanmır ki?

- Burada söhbət bizim müsəlman dövlət olub-olmamağımızdan getmir. Söhbət ondan gedir ki, beynəlxalq hüquq deyilən anlayış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş ədalət prinsipləri var. Həm İsrail, həm də Fələstin beynəlxalq dünya birliyinin üzvüdür. BMT daxilində 200-dən artıq dövlət var. Onların hamısı bərabərhüquqlu üzvdür. Çin də BMT-də bərabərhüquqlu üzv kimi bir səsə malikdir, 500-600 min əhalisi olan Cibuti də. Burada beynəlxalq hüquq prinsiplərinə əməl olunmasa, dünya xaosa gedər. Aydındır ki, bəzi güclər, dövlətlər dünyanı həmin xaosa sürükləməyə çalışır. Məsələ ondan ibarətdir ki, 1967-ci ildən bu yana BMT Qüdsün Fələsitinin paytaxtı olması ilə bağlı onlarla sənəd qəbul edib. Ayrı–ayrı qətnamələri də buraya aid etmək lazımdır. Bütün bu sənədlərə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri səs verib. Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən biri hər hansı məsələyə səs verməsə, veto sayılır və həmin sənəd qəbul olunmur. Həmin sənədlərə Amerika Birləşmiş Ştatları da səs verib. ABŞ həmin sənədlərdə Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyıb. Fələstinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Vaşinqton Yaxın Şərq məsələsi ilə bağlı bütün sənədlərə Fələstinin xeyrinə səs verib. Məlum bəyanatla 50 il ərzində qəbul olunan sənədlərin üzərindən xətt çəkilə bilməz. Kiminsə istəyinin bu məsələlərə aidiyyatı yoxdur. Bu, qətiyyən qəbul olunmazdır.

- Sizcə, Trampın timsalında ABŞ-ın ikili standartlarla problemlərə yanaşması bölgəni və dünyanı nələrə sürükləyə bilər?

- Dünyada ədalət prinsiplərini pozmaq istəyənlər hər şeyi Kataloniyada gördülər. Son on illiklərdə ikili standartlarla siyasət yürüdənlər, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayanlar, ədalət prinsiplərini “ədalətsizlik” kimi qəbul edənlər Kataloniya hadisələrini yadlarına salsınlar. 25 ildir Dağlıq Qarabağ münaqişəsinə də eyni münasibət sərgilənir. Əgər ədalət prinsipləri bu qədər ucuzlaşıbsa, o zaman Tramp bir dəfə də Ağ Evdə mətbuat konfransı keçirib desin ki, İrəvan Azərbaycanın qədim paytaxtıdır. Biz də bunu məmnuniyyətlə, sevə-sevə alqışlayarıq. Möhtərəm prezidentimiz də dəfələrlə bəyan edib ki, İrəvan qədim Azərbaycan torpağıdır. Yəni, Qərbi Azərbaycanda artıq bir dəfə erməni dövləti qurulub. Birləşmiş Millətlər Təşkilatında bütün dövlətlərin sərhədləri müəyyənləşdikdən sonra, dövlətlərin ərazi bütövlüyü hər bir ölkə tərəfindən tanındı. Ona görə də, hər kəs BMT-nin qərarlarına, hüququn aliliyinə hörmətlə yanaşmalıdırlar. 

- ABŞ prezidentinin “Qüdsü İsrailin paytaxtı görürəm” bəyanatı bölgədə, xüsusən də Yaxın Şərqdə nələri dəyişəcək?

- Donald Trampın timsalında Amerika Birləşmiş Ştatlarının Qüdsü tanıması heç nəyi dəyişməyəcək. Əksinə, vəziyyəti daha da ağırlaşdıracaq. “Qüdsü İsrailin paytaxtı kimi görürəm” – bəyanatı ilə Yaxın Şərqdə sanki ocağa neft tökdülər. Bu bəyanat Amerika xalqının rəyi deyil. Bu məsələ gündəmə gələndə sadə amerikalılar prezidentin bu bəyanatına etiraz etdilər. Mitinqlər keçirdilər. Sosial şəbəkələrdə etiraz aksiyalarına başladılar. Həmin aksiyaları müsəlmanlar təşkil etməmişdi. Bütün millətlərin nümayəndələri vardı. Bu bəyanat ABŞ prezidentinin islama münasibəti idi. Yəhudi tanışlarım var. Onlar da bu məsələni dəstəkləmirlər. Bu vəziyyət – həmin bəyanat İsrail-Fələstin münasibətlərinin tənzimlənməsini daha da mürəkkəbləşdirəcək. Bölgədə sülhə aparan yolun qarşısına əngəl qoyacaq. Bu mənada dövlətimizin Qüds məsələsində sərgilədiyi siyasəti dəstəkləyirəm. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.07.2018
16.07.2018
15.07.2018