Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Tarix: 11.12.2017 | Saat: 17:35:00
Bölmə:Sosial | çapa göndər

Son vaxtlar mətbuatda, sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tez-tez tənqid olunur, qurum ixtisaslı kadrlar yetişdirməməkdə günahlandırılır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Tarix İnstitutunun elmi katibi Zaur Əliyev deyir ki, bu gün AMEA-da görülən işlərdən çoxunun xəbəri yoxdur: “Ona görə də hər hansısa bir yazı gedən kimi dərhal qurumdan xəbəri olmayan şəxslər başlayırlar ki, akademiyada iş getmir, məlumatlı-məlumatsız şərhlər verirlər. Bunun bir günahını mediada görürəm. Milli Elmlər Akademiyası ilə bağlı cəmiyyətdə mənfi fikrin formalaşmasına səbəb bizim nailiyyətlərimizin sayt, qəzet və jurnallarda çap olunmamasıdır. Akademiyanın uğurları yalnız xüsusi mətbu orqanlarda yayımlanır. Bizim media və televiziya kanalları tez-tez AMEA-nın qonaqları olsalar qurum barədə daha dolğun və düzgün məlumatları vətəndaşlar öyrənə bilərlər”.

“Akademiyada işçilərin qalma səbəbi yalnız elmə olan sevgidəndir”

Müsahibimiz deyir ki, Azərbaycanda ən aşağı əmək haqqı olan bir qurumda işçilərin qalma səbəbi yalnız elmə olan sevgidəndir: “Akademiyada çalışan elmi işçilərin və gənc alimlərin bir sıra problemləri də var. Bu problemlər güzəştli kreditlərdən, ipotekadan yararlana bilməmək, gənc alimlərə uzun müddətə kreditli evlərin verilməməsidir. Buna baxmayaraq, maksimum 280-300 manat maaş alan alimlər tədqiqatlarını davam etdirilər.

Bu gün xarici ölkələrdə AMEA-nın elə yetirmələri var ki, dünya elminə töhfələr verirlər. Elmlər Akademiyası ilk növbədə, dünya praktikasına uyğun olaraq bütün elm sahələrində ən yüksək nailiyyətlər əldə etmiş böyük alimlərin – akademiklərin ictimai birliyidir. Bu yüksək nüfuzlu təşkilat ölkəmizdə təkcə elmin yox, ümumiyyətlə mədəniyyətin, təhsilin, mənəviyyatın inkişafı naminə öz sanballı sözünü deməli, dövlətimizin apardığı böyük quruculuq işinə, həyata keçirdiyi strateji xəttə dəstək verməlidir. Və ümid edirik ki, Akademiyanın nüfuzu hər mənada artacaq və o digər akademiyalarla tədqiqat sahələrini bölüşməyə çalışmayaraq, bir növ onların fövqündə duran quruma çevriləcək”.

Dəqiq elmlər sahəsində ciddi addımlar atılıb

Keçmiş təhsil naziri, hazırda isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışan Misir Mərdanov xüsusən də dəqiq elmlər sahəsində ciddi addımlar atıldığını deyərək, səslənən iradların heç biri ilə razılaşmadığını bildirib: “Hazırda institumuzda 230-a yaxın əməkdaş çalışır. Onların 100 nəfərinin elmi dərəcəsi var. Azərbaycan riyaziyyatçıları tək ölkəmizdə yox, o cümlədən, ABŞ-da, Yaponiyada, Almaniyada, Böyük Britaniyada Fransada, Meksika kimi ölkələrdə çalışaraq Azərbaycanın adını şərəflə daşıyırlar. Qardaş Türkiyədə xeyli sayda Azərbaycan riyaziyyatçıları çalışır və orada riyaziyyat elminin inkişafında Azərbaycan alimlərinin böyük rolu vardır. Bizim institumuz yetişdirdiyi tədqiqatçılar, çap etdirdiyi elmi əsərlər və kitablarla öyünə bilər. İnstitumuz fəxr edə bilər ki, onun yetişdirdiyi tədqiqatçılar dünyanın bütün ölkələrində Azərbaycanı uğurla təmsil edir. Hər il dünyanın ən prestijli elmi-kütləvi jurnallarında Azərbaycan riyaziyyatçılarının məqalələri dərc olunur. Bizim institut hazırda azərbaycan, rus və ingilis dillərində olmaqla 4 jurnal buraxır. Bəzi jurnallarımız “Thomson Reuters” agentliyinin ilkin siyahısına düşüb. Bunlar çox ciddi uğurlardır”.

“Elmin məqsədi yazdığını texnilogiyada tətbiq etməkdir”

Fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əskərov isə AMEA-ya edilən ittihamların əsaslı olduğunu deyir: “Mahiyyət etibarı ilə Elmlər Akademiyası ali təhsil müəssisəsindən yüksəkdə dayanmalıdır. Çünki təhsil müəssisələri savadlı kadrlar hazırlayırsa, Elmlər Akademiyası həmin kadrları elmi işlərə cəlb edir, onların biliklərinin istifadəsini təmin edir. Ümumi götürsək, ali məktəblərimiz kifayət qədər normal təhsil müəssisələridir və buranı bitirənlər akademiyaya gedir, elmi məqalə yazır, həmin məqaləni xaricdə çap etdirir, sonra həmin məqalələri toplayıb monoqrafiya da yazır, monoqrafiya hörmətlə qarşılanır, amma bu yazılanlarda toplanmış nəticələr həyatda tətbiq olunmur. Məqalə, monqrafiya yazmaq elmin işidir, amma elmin məqsədi məqalə yazmaq deyil, yazdığını texnilogiyada tətbiq etməkdir. Bizdə bu mərhələnin texnologiya hissəsi anlaşılmır.
Akademiyada yazdığımız məqalələr texnoloji səviyyəni fəth edə bilmir. Məsələn, qızlgülü gedib Hollnadiyadan alırıq, amma halbuki qızılgül Mərdəkanda da bitir. Pomidorun bir kolundan 3 kilo məhsul alırıq, amma xaricdə tətbiq olunan texnologiya nəticəsində bir koldan 30 kilo pomidor əldə olunur. Tenxnologiyanın tətbiqi budur. Elmi nəticələri tətbiq edə bilmirik, dərk olunmur, dərk edə bilmiriksə necə tətbiq edək? Akademiya özündə magistratura yaradıb, axı akademiya magistraturadan yüksək bir qurumdur necə magistratura səviyyəsinə enə bilər?”

“İradlar, ittihamlar haqlı yerədir”

Şahlar Əskərov deyir ki, keçmiş ittifaq ölkələrinin bir çoxunda akademiyanı ləğv edib Təhsil Nazirliyi ilə birləşdiriblər, bununla da müəyyən qədər uğur qazana biliblər: “Əsas odur ki, sistemli iş ortaya qoydular. Qonşu ölkələrin çoxunda belədir. Mərkəzləşdirilmiş idarəetmə həm də texnologiyanın ayrı-ayrı sahələr üzrə tətbiqinə də yardım etmiş olur. Elmlə təhsil bir yerdə olmalıdır, yəni, akademiyanın bütün institutları uyğun profil üzrə ali məktəblərə verilməlidir. Akademiya Avropadakı kimi formal qurum olmalı, orada da dünya elmində sözünü demiş insanlar təmsil olunmalıdır.

İndiyə kimi yarıtmaz təhsilinə görə heç bir valideyn nə orta, nə da ali məktəbi məhkəməyə verməyib. Bunu etmirlərsə, deməli dərk etmirlər. Eləcə də bu tələblə akademiya qarşısında məsələ qaldırmamışıq. Biz də öz növbəmizdə Elmlər Akademiyasından tələb etməliyik ki, üzərində “Made in Azerbaijan” yazılan məhsullar niyə azdır? Soruşmuruq! Ancaq tərif, tərif, tərif... Bununla elmdə uğur qazanmaq olmaz...
İndi də alimlərə ev tikməklə öyünürlər. Akademiya alimə əməyinə, gördüyü işlərinə görə maaş verməli, alim də gedib maaşı ilə ev almalıdır. Bu və ya digər işlərə görə akademiyanın fəaliyyəti həmişə tənqid olunub. Səbəblər çoxdur və quruma olan iradlar, ittihamlar haqlı yerədir”.
Qeyd edək ki, hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var. Qurumun fizika-riyaziyyat və texnika, kimya, Yer, biologiya və tibb, humanitar, ictimai elmlər olmaqla 6 bölməsi var. Həmçinin 2 regional bölmə və 2 regional elmi mərkəz fəaliyyət göstərir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018