Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
Tarix: 13.12.2017 | Saat: 17:25:00
Bölmə:Siyasət | çapa göndər

Bu dəfə yolumuz Azərbaycan Dillər Universitetinin 3 №li tədris binasınadır. Eşitdik ki, bu gün tələbələr müəllimlərini – dekanı, müdirləri “taxtından salaraq” özlərini “bir günlük” xəlifə elan ediblər.

Hafta.az-ın obyektivini adıçəkilən məkana universitetin Təbriz küçəsində yerləşən korpusuna çevirdik. Bizi qapıda Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova qarşıladı. Qeyri-rəsmi, gündəlik  geyimdə idi. Açığını desək, Bənövşə xanımı bu libasda görmək bizi bir qədər təəccübləndirdi. Səbəbini soruşduq. Gülümsədi. Sağ əli ilə yol göstərib söhbətə başladı:

“Bu gün gündəlik geyimdəyəm. Özümü çox rahat hiss edirəm. Bu gün bu universitetdə heç bir səlahiyyətim yoxdur. Bütün səlahiyyət xəlifələrdədir. Adi bir müəllim kimi universitetə gəlmişəm. Əslində heç müəllim kimi yox, bəzi işlərim olduğu üçün buradayam. Bugünkü xəlifələrə - məni əvəz edən dekanlara və digər xəlifə tələbələrimizə çox güvənirəm. Altı xəlifənin hər biri tutduqları vəzifələrə layiqlidirlər. İnanıram ki, onlar gələcəkdə bir günlük yox, uzunmüddətli bu vəzifələrdə olacaqlar”.

Doğrusu, hələ ki, xəlifə tələbələri tanımırıq. Pillələri qalxıb dekanın otağına yaxınlaşırıq. Bənövşə xanım xəlifənin işinə qarışmamaq üçün tələsik otağı tərk edəcəyini deyir. Qalstuklu “xəlifə” bizi qarşılayır. Geriyə baxanda artıq dünənki və sabahkı dekanın otağı tərk etdiyini görürük.

Elgün Məmmədovla əl sıxışırıq. Dördüncü kurs tələbəsiyəm-deyir. “261 A” qrupunda təhsil alır.  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin birgünlük xəlifə dekanıdır. Yəni, üçüncü kursun birgünlük əlahəzrət sahibi bu gün odur.  Xəlifəliyin “devirmə” ilə yox, demokratik seçki üsulu ilə baş tutduğunu deyir. Gülərüz və qarşısındakı şəxsə müsbət enerji bəxş edən siması var Elgünün.  Xəlifəliyə gedə yolundan danışırıq:

“Bu günə hazırlıq noyabrın əvvəllərindən başlamışıq. İçimdə bir hiss var idi ki, dekan olmaya bilərəm. Çünki Salman adlı güclü rəqibim var idi. Demokratik yolla seçkilər keçirildi. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinə xəlifə dekan postuna beş nəfər namizədliyini irəli sürmüşdü. Onlardan biri də fransız dili və tərcüməçilik fakültəsində təhsil alan Salman adlı üçüncü kurs tələbəsi idi. Ən güclü rəqibim o idi. Tərcümə fakültəsi üzrə TGT sədridir. Fikirləşdirdim ki, o daha çox səs qazana bilər. Çünki TGT sədri olaraq universitetdə nüfuza malikdir. Bu işdə tələbələr arasında çox tanınmaq da mühüm rol oynayır. Hətta platforman nə qədər gözəl olsa belə, tələbələr arasında tanınmaq da vacibdir”.

Elgün Məmmədov dekan otağındakı lövhəyə yaxınlaşır. “Marker”i əlinə alıb plotfarmasında yer alan müddəalarla bizi tanış edir:

“Çox rəqabətçil bir platforma hazırlamışam. Platformanın əsasını “Mentology program”, “conversation clubs”lar, inşa müsabiqələri təşkil edir. “Mentology program”ı Amerikada təhsil alarkən ağlıma gəlmişdi. Bu proqramdan özüm də ispan dili üzrə yararlanmışam. Həmişə dostlarla görüşür, bilyard oynayır və ispan dili bilik səviyyəmizi inkişaf etdirirdik. Həm bilyard oynayır, həm də dil biliklərimizi artırırdıq. Eyni anda iki iş görmüş olurduq. Fikirləşdim ki, bunu öz universitetimizdə də tətbiq edə bilərik. Bunu layihə formasına saldım. “Xəlifə günü” layihəsinə namizədlik zamanı öz platformamda bunu qeyd etdim. Seçkilər gününə bir gün qalmış isə bunu təqdimat formasına saldım. Seçkidən əvvəlki gecəni yatmadım. Platformamı tam şəkildə hazırladım. Beş namizəd var idi. Sonda mən çıxış etdim. İlk səsvermədə 45 səs rəqibim Salmana, 15-20 səs üç namizəd qız arasında bölündü, yerdə qalan səsləri isə mən qazandım. “60+” səs çoxluğu ilə mən qalib gəldim. Seçkilərdə 125 tələbə səsvermə hüququna malikdir. Hər fakültədən 25 tələbə var idi. Təkrar səsverməyə ehtiyac qalmadı. Çünki yüksək faizlə qalib gəlmişdim”.

Elgün bəy bizi digər xəlifələrlə tanış etmək üçün öz iş otağını tərk edir. Dəhlizdə sakitlikdir. Səbəbini soruşuruq. Deyir ki, dərs vaxtıdır. Ona görə səs-küy yoxdur. Tənəffüsdə isə ağız deyəni qulaq eşitmir. Növbəti dekanın qapısını döyürük. Dekan-xəlifə bizi Nərmin xanıma tapşırıb otaqları gəzməyə, dərnəklərin, üçüncü korpusda fəaliyyət göstərən mərkəzlərin bugünkü fəaliyyəti ilə tanış olmağa yollanır.

Nərmin Məcidova – Filologiya və jurnalistika fakültəsinin birinci kurs tələbəsidir. İki namizəd arasından xəlifə postuna sahib çıxıb. 38 balla seçilib. Rəqibimin balı 10 səs məndən az idi-deyir. Sonra platformasından danışır. Xəlifə Nərmin Məmmədova birgünlük idarətmə formasını rəiyyətin – tələbələrin istəkləri üzərinə hazırladığını deyir. Yaxşısı odur, özü danışsın:

“Bu gün üçün platformamı müəyyənləşdirmək üçün tələbələrlə görüşdüm. Onların fikrini öyrəndim. Burada olan tələbələrin çoxu ailəlidir. Bəzi tələbələr deyir ki, bir illik ixtisasdəyişmə tədris ili müddətində əlavə tədirs materialları üçün verilən kitabları oxuyub çatdıra bilmirlər. Onlar əlavə oxu materiallarının ləğvini istəyirlər. Çünki ailəli tələbələr onları oxuyub çatdıra bilmirlər. Çalışacağam ki, onlar əsas ədəbiyyatlarla kifayətlənsinlər, əlavə ədəbiyyatları verməsinlər. Bugünkü platformamın əsas müddəalarından biri budur. Bəzi tələbələr “intermediate” (orta) səviyyəsində təhsil alırlar. Lakin onlara yüksək səviyyədə esselər verilir. Onlar da çatdıra bilmədiklərini deyirlər. Çünki o səviyyəyə çatmayıblar. Bu məsələni də bugünkü platformama daxil etmişəm. Bu gün altının yarısında iclasımız olacaq”.

Nərimə Məmmədovanın sözlərinə görə, iclasda rektor, prorektor və seçilən 32 xəlifə iştirak edəcək. O, hesab edir ki, bu gün qəbul edilmiş qərarların doxsan faizinin icrası mümkündür:

“Mənim qərarlarım məntiqə və tələbələrin istəklərinə əsaslanır. Ona görə də, rektorluq tərəfindən qəbul ediləcəyinə inanıram”.

Nərminə xanımın müşaiyəti ilə növbəti birgünlük  xəlifəyə - Kübra Qasımovaya baş çəkirik. O, ispan dili mərkəzinin xəlifə dekanıdır.  Deyir ki, birgünlük layihə sentyabr ayından bizə məlum idi. Kamal Abdullayevin layihəsidir:

“Seçkilər şəffaf şəkildə keçirildi. Bu gün həm əsas binada, həm də bizim korpusda iclaslarımız olacaq. Səfirliyin nümayəndəsi gələcək. Onu qarşılamalıyıq. Təchizatla bağlı təqdimatlar var. Onları yazacağıq”.

Qəbuluna yazıldığımız növbəti xəlifə Nihad Quliyevdir.  İtaliyan dili mərkəzinin xəlifə müdiridir. Bu gün adıçəkilən məkanda əlahəzrət söz sahibi odur. Bizi səmimi qarşılayır. Jurnalist olduğumuzu deyəndə bir az həyəcanlandı. Səmimi söhbətə başladıq. Rəhbərlik etdiyi mərkəz haqqında məlumat verdi. Bildirdi ki, mərkəz 2009-cu ildə açılıb. Universitetlə İtaliya səfirliyi arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərir:

“Mərkəzimizdə artıq 800-dən çox kitab var. Bir çox italyan şairlərinin əsərləri də tərcümə olunmuş variantdadır. Mərkəzdə əsasən birinci və ikinci kurslar, bəzi hallarda isə üçüncü kurslar dərs keçirlər. Mərkəz daha çox birinci kursları dil öyrənmək üçün yönləndirir. İtalyan dili üzrə beş fənn – yazı, oxu, tələffüz vərdişləri tədris olunur. Birinci kursda bizdə ancaq dil öyrətimidir. Başqa qeyri-ixtisas fənnləri burada tədris olunmur. Bu gün mənim xəlifəliyim altında uşaqlar italyan dilində filmə baxacaqlar. Burada əsas məqsəd film sayəsində dil vərdişlərini daha da təkmilləşdirməkdir. Saat 12:00-da Qabriel Salvatorresin “Aralıq dənizi” filmi baş tutacaq. Həmin kinoya birinci kurslarla yanaşı, digər kursların tələbələri də qatılacaq”.

Mərkəzə baxış keçiririk. Film nümayişinə hazırlıqlar davam edir. Xəlifə müdirin rəhbərliyində olan işçilərin hərəsi bir işin qulpundan yapışıb. Xəlifə də qolunu çırmalayıb onlara kömək edir. Əsas məqsəd film nümayişinin keyfiyyətli təqdim edilməsidir. Eyni zamanda otaqda dərs də keçirilir. İtalyan dili üzrə dərs saatıdır. Hardasa on – on beş tələbə var. Şəkillərini çəkmək istəyəndə hərə bir  tərəfə qaçmağa çalışır (gülüşürlər). Xəlifə deyir ki, kitablalara baxın, iş görürsünüzmüş kimi görünün- üzünüz görünməyək- bunu da biz əlavə edərək, otaqdan şəkil çəkməyə çalışırıq.

 Sonra xəlifə Nərmin Məmmədovanın müşaiyyəti ilə birgünlük həmkarı Şəfiqə Əlizadənin “iqamətgahının” qapısını döyürük. Şəfiqə xanım alman dili üzrə oxu zalının birgünlük xəlifəsidir. Üç nəfər namizəd arasından seçilib. Səsvermə prosesində əlli faiz səs topladığını söyləyir. Günün birinci yarısında zaldakı gündəlik işlərlə məşğul olmaqdır –deyir. Kitabların hazırlanması və işlənməsini həyata keçirəcəklər.

–  İkinci hissə isə daha çox təşkilati yönümlü olacaq- xəlifə xanım belə qeyd edir:

“Günün ikinci yarısında film nümayişi və alman dili üzrə söhbət nəzərdə tutulub. “Raphonzel” filmi nümayiş olunacaq. “conversation” isə yeni il mövzusundadır. Almanların keçirdiyi milad bayramı haqqında fikir mübadiləsi aparacağıq. Spikerimiz Avstriyadan gəlmiş müəllim Avstriyadan gəlmiş müəllim Ştefani Matser olacaq”.

Son olaraq tədris binasının sonuncu – altıncı xəlifəsi olan Nərminə Namazovanın rəhbərlik etdiyi mərkəzə doğru addımlayırıq. Tənəffüsdür. Ağız deyəni, qulaq eşitmir. Öz tələbəlik çağlarımı xatırlayıram.  Foyedə kantinin – bufetin yanındakı növbə, qayğısız gülüşlər, demokratik mühit... Yəqin, tələbələrin xəlifə hakimiyyətindən xəbəri yoxdur- deyə düşünürəm. Bənövşə Məmmədova kimi bir dekanı “devirərək” vəzifə səlahiyyətlərini “bölüşdürən” bu gənclər sabahın əsl idarəçiləri olacaq-deyə fikirləşirəm. Bir günlük xəlifəlik azdırmı görəsən? Özünü, idarəçilik baxışını universitet rəhbərliyinə sübut etmək üçün yeddi-səkkiz saatlıq rəhbər vəzifə kaş çox olaydı- götür-qoy edirəm...

Onu da qeyd edim ki, böyük təfəkkür sahibi Kamal Abdullayevin bu ideyası orta əsrlərin xəlifəlik məhvumunu günümüzə daşımaqla modern təhsilli gənclərin idarəçiliyik qabiliyətini üzə çıxarmaq baxımından uğurludur. Həm tələbələr arasındakı problemlər aşkarlanır, aradan qaldırılır. Həm də tələbələrin liderlik qabiliyyətləri qiymətləndirilir.

Nərminə Namazovanın otağına yaxınlaşırıq. O, Koreya dili üzrə mərkəzin xəlifə müdiridir. 2 namizəd bu posta iddialı idi. Mən 64 səs çoxluğu ilə qalib gəldim – deyir:

“Bu gün film nümayişi olacaq. “İris” adlı Korea filminə baxacağıq. Film Koreya dilində və alt yazılı təqdim olunacaq. Birinci və dördüncü kursların, yəni, digər tələbələrin də baxması üçün nəzərdə tutulub. 15-20 nəfərlik zalımız var. Biz Koreya dili öyrənirik. Filmə baxmaqla bizdə danışıq və qulaq vərdişləri daha da təkmilləşir. Ayda iki-üç dəfə bu cür film nümayişlərimiz olur.

Otaqda dərs gedir. Dərsi bölməmək üçün onunla foyedə söhbətləşirik. Xəlifə xanım deyir ki, dərsi bölməmək üçün şəkil çəkməyə də icazə yoxdur (gülür). Sonra tənəffüs vaxtı tələbələrdən xahiş edir ki, otaqda dərs müddətini oxuculara çatdıra biləcək poz versinlər. Şəkil çəkmək üçün. Otaqla tanış oluruq. Müasir avadanlıqlarla təchiz olunduğunu görürük.

Xəliflərlə sağollaşıb tədris binasının mərtəbələrindən aşağı düşə-düşə Bənövşə Məmmədova ilə - birgünlük vəzifəsindən uzaqlaşdırılmış dekanla əlaqə saxlayırıq. Uşaqların işinə qarışmamaq üçün universitetin həyətindəyəm – deyir. Sonra “birgünlük xəlifə” layihəsi haqqında özü də bir sıra məqamları açıqlayır. Dekanın sözlərinə görə, “Birgünlük xəlifə” layihəsinə artıq iki aydır ki, hazırlıq işləri görülüb:

“Tərcümə fakültəsinə birgünlük xəlifə postu üçün beş nəfər namizəd tələbəmiz var idi. Həmin beş nəfərin içərisindən tələbəmiz Elgün – Elgün müəllim seçildi. Ən çox rektor yerinə namizədlər olur. Bu il də elə idi, yetmişə yaxın namizəd var idi. Uşaqlar həmin posta seçilməsələr belə, namizəd tələbələrin hamısı özlərində məsuliyyət hiss edir. Əslində bu da böyük işdir. Ən azından, tələbə həmin işin  ağırlığını, məsuliyyətini hiss edir”.

-Xəlifələrin hər birinin öz platforması var. Bir gün ərzində reallaşdırağa çalışacaqlar. Hansı tələbə - xəlifələrin verdiyi tapşırıqların qüvvəyə minəcəyinə inanırsınız?

-Hansının keçib, hansının keçməyəcəyini deməyim düzgün olmaz. Ayrıseçkilik kimi başa düşülə bilər. Bu layihənin məqsədi ondan ibarətdir ki, dekan olaraq, rəhbərlik olaraq biz bir çox şeyləri görməyə bilərik. İşin içinə o qədər qapanırıq ki, ətrafda olan problemlərdən xəbərimiz olmur. Tələbələr də bir günlük xəlifə layihəsi ilə bizə imkan yaradır ki, həmin problemlərin yaxın gələcəkdə həlli yollarını araşdıraq, həll edək. Bir sözlə, bizə ipucları verirlər. Açığını deyim ki, onların qoyduqları məsələlərin hamısı aktualdır.

-Bir il üçün bir günlük xəlifə olmaq az deyil?

Bəsdi. Bəs edir... (gülür).

Beləcə Azərbaycan Dillər Universitetinin 3 №li tədris binasının rəhbər heyəti ilə sağollaşıb xoş təssüratlarla təhsil ocağından ayrılırıq.  Bu məqamda məşhur bir deyimin düzəliş edilmiş forması keçir ağlımdan: “qırx il qəddar şah olmaqdansa, bir gün elmə fayda verəcək “xəlifə” olmaq daha xeyirlidir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2018
22.04.2018