Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beynəlxalq fənn olimpiadalarının qalibləri
Tarix: 15.12.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələcəkdə bu statusu qazanan gənclər ali məktəblərə imtahansız qəbul oluna bilərlər

"Təhsil Nazirliyi tərəfindən Beynəlxalq olimpiadaların qaliblərinin dövlət sifarişli ixtisaslara müsabiqədənkənar qəbul olunması barədə təkliflər hazırlanıb". Bunu Azərbaycanın gənc alimlərinin I qurultayında təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, sözügedən təkliflər yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq: "Dövlət istedadlı gənclərin aşkarlanması üçün tədbirlər həyata keçirir. Hazırda respublikanın orta ümumtəhsil məktəblərində Kiçik Akademiyaların fəaliyyət göstərir. Həmin akademiyalar alimlərlə əlaqələrinin yaradılması, şagirdlərlə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, şagirdlər üçün konfrans və müsabiqələrin təşkil edilməsində xüsusi əhəmiyyətə malikdir. Müşahidələr onu göstərir ki, istedadlı şagirdlərin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Bundan başqa bəzi təmayüllü liseylərdə beynlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb. 2013-cü illə müqayisədə 2017-ci ildə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb”.
Yeri gəlmişkən, 2016-2017-ci tədris ilində azərbaycanlı məktəblilər müxtəlif beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc olmaqla 28 medal qazanıblar. Belə ki, məktəblilərimiz dünyanın nüfuzlu riyaziyyat, fizika, kimya, informatika və digər fənlər üzrə bilik olimpiadalarında iştirak ediblər. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub. Təbii ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Çünki nazirlik tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə eynəlxalq beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb və il ərzində 200-ə yaxın şagird olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
Məlumat üçün onu da bildirək ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında respublika üzrə keçirilən fənn olimpiadalarının da müstəsna rolu var. Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanıb. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar. Qaydalara görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər. Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək məqsədilə yerli və respublika təşkilat komitələri və hər fənni əhatə etməklə apelyasiya komissiyaları yaradılır. Təşkilat komitələri fənn olimpiadalarının bu əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görürlər. Yerli təşkilat komitəsinin tərkibi rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müvafiq məsul işçiləri, qabaqcıl müəllimlər, valideynlərin nümayəndələrindən ibarət olur. Yerli təşkilat komitəsi 5 nəfərdən ibarət olmaqla yaradılır. Yerli təşkilat komitəsinin sədri rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri olur. Respublika təşkilat komitəsi isə Təhsil Nazirliyinin məsul əməkdaşlarından ibarət tərkibdə formalaşır. Respublika təşkilat komitəsinin səlahiyyət müddəti 1 il, tərkibi isə 7 nəfərdən ibarət olmaqla Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılır. Respublika təşkilat komitəsinə təhsil nazirinin müavini sədrlik edir.
Eyni zamanda, olimpiadaların yekun nəticələrindən narazı qalmış şagirdlərin yazı işlərinə yenidən baxılması üçün respublika təşkilat komitəsi tərəfindən hər fənn üzrə 3 nəfər mütəxəssisdən ibarət apelyasiya komissiyası yaradılır. Fənn olimpiadalarının keçirilməsinə gəlincə, ümumi təhsil müəssisələrində fənn olimpiadalarına hazırlıq dərs ili ərzində aparılır və müntəzəm olaraq sınaq yoxlamaları keçirilir. Fənn olimpiadaları 2 mərhələdən – rayon (şəhər) və respublika mərhələlərindən ibarətdir. Respublika mərhələsi öz növbəsində iki turdan – yarımfinal və finaldan ibarət olmaqla keçirilir. Bu mərhələdə suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test formatında hazırlanır. Rayon (şəhər) mərhələsində şagirdlərə fənlərdən və siniflərdən asılı olaraq 30-50 sual təqdim edilir və imtahan üçün 3 saat vaxt ayrılır. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu isə mart ayının 2-ci bazar günü respublika təşkilat komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələrindən seçilir. Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər) mərhələlərində hər bir fəndən sualların ən azı 60 faizinə düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Bu mərhələnin yarımfinal turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 saat vaxt ayrılır. Respublika mərhələsinin final turu iki yaş qrupu üzrə - aşağı yaş qrupu ( IX siniflər və aşağı) və yuxarı yaş qrupunda (X-XI siniflər) keçirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70 faizinə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edir.
Məsələyə münasibət bildirən təhsil eksperti Əjdər Ağayev hesab edir ki, bu kimi yarışlar istedadların meydana çıxmasına şərait yaradır. Onun sözlərinə görə, əsas məsələ nəticələrin şəffaf olmasıdır: “Əslində olimpiadaların nəticələri şagirdlərin ali məktəbə qəbul olunmağına, hətta onların pulsuz oxumasına da kömək etməlidir. «Təhsil haqqında» qanun hazırlananda belə bir təklif var idi. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında buna qarşı müəyyən fikirlər yarandı. Onlar əsas gətirdilər ki, olimpiadada yer tutanlar imtahanda yer tuta bilmirlər. Deməli, bu yarışmada hansısa neqativ hallar var idi. Bu halda onlar necə imtahansız universitetə qəbul olsunlar. Yəni, burada əsas məsələ nəticələrin şəffaf olmasıdır. Təbii ki, nəticələrin şəffaf olması istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcəkdə öz biliklərini beynəlxalq səviyyədə nümayiş etdirməsinə şərait yaradır. Əgər şagird beynəlxalq səviyyədə uğur qazanıbsa, onun nəticəsini şübhə altına almaq olmaz. Ona görə də beynəlxalq olimpiad¬aların qaliblərinin dövlət sif-arişli ixtisaslara müsabiqədənkənar qə¬bul olunması barədə tək¬liflər müsbət bir addımdır və bu şagirdlərin fəaliyyətinin daha da stimullaşdırılmasına təkan verə bilər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018