Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “məyus yubilyarı” - HƏFTƏ REYTİNQ
Tarix: 15.12.2017 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin dekabrın 10-da 70 yaşı tamam oldu. O, “Yeni Müsavat”a müsahibəsində bunları deyib: “Ümumiyyətlə, mən nə Azərbaycanda, nə də Amerikada heç vaxt heç bir ad günü keçirmədiyimə görə, bu tarix mənim üçün hər yerdə eynidir. Yeganə bir hal olub ki, bir dəfə bir neçə yaxın dostumun xahişi ilə 50 yaşımı İstanbulda qeyd etmişəm, onu da təmtəraqsız. İştirak edən bir neçə nəfər məni yaxşı tanıdıqları üçün tərifli tostlar demədilər. Məni tərifləyəndə özümü pis hiss edirəm... Və bu 22 ildə Bakıda olduğu kimi, heç bir vaxt ad günü mərasimi keçirməmişəm, o cümlədən 70-i. Yeganə narahatlığım o oldu ki, 70 yaşın tamam olması ərəfəsində xalq üçün nələr edə bilərdim, ancaq edə bilmədim, təəssüf hissi daha qabarıq şəkildə üstümə gəldi...”.


Həftənin “ixtiraçı partiya lideri”


Milli Dövlətçilik Partiyasının sədri, milli-azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı son günlərdə icad etdiyi istilik sistemi ilə yenidən gündəmə gəldi. Partiya sədrinin son müsahibəsindən:“Türmədən çıxandan sonra evdəki problemlərin həlli ilə məşğul oluram. Özümün səhhətimlə bağlı da müəyyən problemlər oldu. Böyük oğlum universiteti bitirib, Türkiyədə magistraturaya qəbul olundu. Qızım magistraturada oxuyur, onun təhsil haqqını ödəyə bilmirəm. İkinci oğlum 501 balla ali məktəbə qəbul olundu. Kiçik övladlarım da Atatürk Liseyində oxuyurdu. Onların da təhsilini pullu etdilər. Məcburən ixtiraçı oldum... Elektrik qızdırıcılarının heç biri ixtira etdiyim bu soba ilə müqayisə edilə bilməz. Kim mənim evimdə bunu görübsə, şoka düşüb ki, illərlə istilik məsələsini həll edə bilməmişik, amma bu soba yaxşı bir şeydir. Açığı deyim ki, maddi durumum aşağı olduğu üçün indiyə qədər bundan 200-300 dənə satmışam... Yüzlərlə, minlərlə vətəndaş müraciət edib. İndi bunun müəlliflik hüququnu almaq istəyirəm...”.


Həftənin “polkovniki”


Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun rütbəsi artırıldı. Bu barədə sosial şəbəkədə paylaşım edilib. R.Səfərovun “Cənub” idman klubunun baş məşqçisi Samir Həsənovla fotosu paylaşılıb. Fotoda R.Səfərovun polkovnik-leytenant rütbəsində olduğu görünüb. Qeyd edək ki, Ramil Səfərov indiyə qədər mayor rütbəsi daşıyırdı.


Həftənin “sosial lifti”


“Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-i cəmiyyətdə ədalətli təhsil almaq hüququna şərait yaradan “sosial lift” adlandırdı: “Aparılan işlərin əsasında ölkədə bu gün “sosial lift” funksiyasını yerinə yetirən bir sistem fəaliyyət göstərir: “Hansı ailədə, şəhərdə, kənddə böyüyüb başa çatmasından asılı olmayaraq, hər bir gənc bacarığı və oxumaq istəyi varsa, bu sistem sayəsində müstəqil şəkildə imtahana hazırlaşa və ali məktəbə qəbul oluna bilər. Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, bütövlükdə, Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb...”.


Həftənin “işbirlikçisi”


Son aylarda Ukraynanı çalxalayan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı, prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovla işbirliyi barədə müdhiş iddialar meydana çıxdı.Virtualaz.org xəbər verib ki, bu iddianı ukraynalı bloqqerlərdən biri “Korrespondent” saytında yazıb. Qeyd edilir ki, bundan əvvəl Söyün Sadıqovun Ukraynanın Karpatyanı bölgəsində etnik macarlar arasında separatizmi qızışdırdığı haqda məlumatlar yayılmışdı. İndi isə iddia edilir ki, Kremlin agenti Söyün Sadıqov Mixail Saakaşvili ilə dəfələrlə gizli görüşüb. Jurnalistlərin S.Sadıqovun barəsindəki iddialarla bağlı mövqeyini öyrənmək cəhdi baş tutmayıb. İş adamına çoxsaylı zənglər edilsə və mesajlar yollansa da, suallara cavab verməyib və telefonu açmayıb...


Həftənin “yoxsulu”


Mərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanın insanlardan kömək istədiyi bəlli oldu. Evsiz və köməksiz olan aktyorun oğlu “Şərq” qəzetinə müsahibəsində xəstəlikdən və yoxsulluqdan əziyyət çəkdiyini deyib: “Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. Mənim vəziyyətim daha ağırdı. Ürəyimdə ciddi problemlər var. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min manat, min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram...”.


Həftənin “eynəyi”


Britaniyanın keçmiş baş naziri Uinston Çerçillə məxsus gözlüklər hərracda 6 min funt sterlinqə satıldı. Gözlüklərin start qiyməti 2 min funt sterlinq təyin olunubmuş. Qeyd olunur ki, U.Çerçillin müxtəlif ehtiyacları üçün 3 gözlüyü olub. Bu gözlükləri o, oxumaq üçün istifadə edirmiş. Xatırladaq ki, U.Çörçill ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.07.2018
16.07.2018
15.07.2018