Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
Tarix: 17.12.2017 | Saat: 16:56:00
Bölmə:Müsahibə | çapa göndər

Bu gün İraqın İŞİD terror şəbəkəsininin və onun himayədarlarının fitnəsindən qoruyan, ölkə əhalisinin rifah və sabitliyə qovuşmasında əvəzsiz xidmətləri olan “Haşdi Şabi” daxilində Türkmən Gücləri komandanı Zəki Murad ilə görüşüb-söhbətləşəcəyimi biləndə çox sevindim. Həm təmsil etdiyi “Haşdi Şabi”, həm də türkmənlərin təhlükəsizlik güclərinə çevrilmiş Türkmən Gücləri hər kəsin dilinin əzbəri olmuşdu. Komandan müavinini zəhmli, sorulacaq suala qısa-konkret cavab verəcək biri kimi təsəvvür edirdim, amma yanılmışdım. Məni əziz qonağı kimi qarşıladı, hətta birlikdə nahar da etdik. Əlbəttə, fürsət bilib əziz oxucularımız üçün müsahibə də elədim...

Müsahibə demişkən, söhbətə başlar-başlamaz bildirdi ki, bizim orada olmağımız, İŞİD və digər cinayətkar-terrorçu qruplar üzərində əldə edilən uğurları görüb-qələmə alaraq, Azərbaycan ictimaiyyətinə çatdırmağımızı əvvəldən istəyirdilər. Hansı ki, bizim ora gəlişimiz bu istəkləri reallaşdırıb. İndi də görək dünyada hər kəsin maraqlandığı İraqdaxili münaqişədən qurtuluş yolunda göstərilən səylər barədə cənab müsahibimiz nə deyir.

- İŞİD-in İraq torpaqlarının bir qismində necə, hansı yolla yerləşdiyini siz də bilirsiniz. Onlar ABŞ və İsrailin, “Mason”un yaratdığı terror şəbəkəsidir. Məqsəd də bəllidir: İslam dünyasında terror əsdirərək dövlətləri parçalayıb-zəiflətmək, İsrailin maraqlarına uyğun olaraq Yaxın Şərqdə yeni xəritə cızmaqdır. Gördünüz, birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edən ABŞ sonunda öz gizli planlarını üzə çıxardı.

- Ən pisi odur ki, İslama qarşı yaradılan İŞİD-in sıralarını elə müsəlmanlar doldurub...

- 36 dövlətin vətəndaşları var... Çox təəssüf edirəm ki, bu qaniçən terror yığınında iraqlılar da var, azərbaycanlılar da, türklər də, ərəblər də... Ən dəhşətlisi isə budur ki, belinə bomba bağlayıb, özünü partladanların əksəriyyəti fələstinli uşaqlardır. Amma yenə də, Allaha şükürlər olsun ki, öhdəsindən gəldik, ölkəmizin və millətimizin asayişini bərpa edə bildik.

- Terrorla mübarizədə, ərazilərin İŞİD-dən azad olunmasında İraq ordusu uğurlar əldə etdiyi halda, “Haşdi Şabi”nin yaranma zərurəti necə ortaya çıxdı?

- Bu qanlı mübarizədə çox az sayda dövlət İraqa dəstək verib. Demək olar ki, bütün qələbələri xalqımız öz canı-qanı bahasına qazanıb. Allah başımızın üstündən əskik etməsin, ayətullah Seyid Əli Sistani 2014-cü ildə Nəcəfdəki qərargahında İŞİD-ə və onun himayədarlarına qarşı cihad elan etdi və bundan sonra “Haşdi Şabi”nin formalaşdırılmasına başlanıldı. Məhz onun fətvasından sonra İraqda yeddidən yetmiş yeddiyə hər hər kəs əlindəki-evindəki silahına sarılıb, gecə-gündüz, isti-soyuq bilmədən mübarizəyə ruhlandı.

- Türkmənlərin də bu mübarizədə rolu çox böyük olub...

- “Haşdi Şabi”də türkmən gücü böyük təsirə malikdir. 1920-ci ildən bu yana, çox təssüflər, türkmənin dövlətdə heç bir rolu olmayıb və ya buna imkan verilməyib. Türkmənə həmişə istər Bağdadda, istərsə də Şimali İraqda yuxarıdan aşağı baxılıb, onu sadəcə etnik qrup olaraq görüblər. Səddamın dövründə ziyalı türkmənlər hər zaman təqibə məruz qalıb, ya həpsxanalara salınıblar, ya da edam ediliblər. Səddam devriləndə düşündük ki, vəziyyət yaxşılaşacaq. Amma acı həqiqətdir ki, onun yerinə gələn yeni hökumət də türkmənə əvvəlki münasibəti göstərdi. Bizi Türkiyəyə, İrana, nə bilim Azərbaycana işləməkdə günahlandırıb, şübhəylə baxdılar. Nəticədə də İraqı vəhdət olaraq görmədilər, birləşdirə bilmədilər. Bu vəziyyət 2013-cü ilədək davam etdi və Allaha şükür ki, “Haşdi Şabi”nin yaranışından sonra – özümüzü bir güc olaraq isbatladığımız üçün vəziyyət yaxşılaşdıb.

- Türkmən gücü olaraq mübarizə aparmaq həm də şəhid verməkdir. Axı heç bir sülh itkisiz əldə edilmir. Bu baxımdan, türkmənlər nə itirib, nə qazanıb?

- İlk gündən indiyədək torpaqlarımızın və millətimizin azadlığı uğrunda türkmən gücü olaraq 206 şəhid vermişik, yüzlərlə yaralımız olub. Tək bununla da qurtarmayıb, yüzlərlə türkmən evi yandırılıb İŞİD terrorçuları tərəfindən, məktəblər, xəstəxanalar dağıdılıb, sosial-məişət obyektləri bombalanaraq havaya uçurulub, yollar, əkin sahələri minalanaraq, partladılıb və sair. Kəndimizə kimyəvi silahla atəş açdılar, nəticədə üç azyaşlı uşaq şəhid oldu, dörd yüzdən artıq günahsız sakin yaralandı ki, onların arasında uşaqlar, qadınlar, qocalar daha çox idi. Buna baxmayaraq, gördüyünüz bu kiçik türkmən kəndinin sakinləri ev-eşiklərini qoyub qaçmadılar. Hər kəs ölümün qarşısında qorxmadan, mətanətlə dayandı.Bu bir qaydadır ki, kimin gücü var, hamı tərəfindən sevilir, hörmət görür. Biz də güc formalaşdırdıqdan sonra gördüyünüz bu kənddən başlayaraq irəlilədik və şöhrətimizi şücaətimiz sayəsində bütün İraqa yaydıq.

- Doğrudur, müharibədə asanı-çətini olmaz, amma yenə də soruşmaq istərdim: sizin üçün faciəsi və miqyası ilə daha ağır keçən döyüşlər hansı ərazidə olub?

- Bura yaxın məsafədə Bəşir qəsəbəsi var, onu qurtarmaq üçün xeyli vaxt və güc sərf elədik. Çox sayda şəhidimiz oldu, insanlarımız yaralandı. Yerli camaatdan da çox sayda şəhid olanı, əsir aparılanı var. Amma şükür ki, sonda qəsəbəni azad elədik İŞİD-dən və bu gün insanlar tədricən ev-eşiklərinə qayıtmaqdadırlar.

- Bayaq qeyd etdniz ki, İŞİD-in sıralarında azərbaycanlılar da var. Heç olubmu döyüşlərdə onlardan birinin ölüsü və ya dirisi ilə rastlaşasınız?

- Diri və ya ölü, rastımıza çıxmayıb. Amma axı İŞİD-in içində öz adamlarımız da vardı, onlar bizə məlumatlar ötürürdülər ki, burda filan millətlərin nümayəndələri var, filan ölkədən gələnlər var və sair. Təlafər bölgəsində sırf türkmənlər yaşadığı üçün Türkiyə və Azərbaycandan gəlib, İŞİD-ə qoşulanlar məhz o tərəflərdə yerləşmişdilər. Bütün hallarda təəssüflənirik ki, nəynsə xatirinə İŞİD-ə qoşulub bizə - öz millətinin insanlarına və müsəlmanlara güllə atdılar. Düşünürəm ki, onları faciəvi sonluqla bitən bu yanlış yola çəkənlər var. İradəsi zəif insanlardır, seçib gətiriblər, şirnikləndiriblər, hətta aldadıblar. Bu da sonu...

- Yeri gəlmişkən, Azərbaycandan İŞİD-ə qatılmaq üçün gələnlər özləri ilə ailə-uşaqlarını da gətirmişdilər. Ərazilər azad olunarkən, həmin ailələrdən – qadın və uşaqlardan kimisə ələ keçirmisiniz?

- Bayaq dediyim ki, onlar əsasən Təlafər bölgəsində məskunlaşmışdılar. Amma antiterror əməliyyatları başlayan kimi, tutulanların bir hissəsi xüsusi mühafizə altında Bağdada göndərilib, qalan iki yüz ailə isə kürdlər tərəfindən Kürdüstana aparılıb. Bunların arasında əlbəttə, azərbaycanlılar da çox olub.

- Ümumiyyətlə, İŞİD silahlılarını tutub nə edirdiniz, hara göndərirdiniz?

- Çox olub ki, diri olaraq əsir götürmüşük, dindirib-danışdırırdıq, sonra da dövlətə təslim edirdik.

- Deyirsiniz ki, danışdırıb-istintaqa çəkirik, nə cavab verirdilər, niyə belə etdiklərini, insanları niyə öldürdüklərini necə əsaslandırıdılar?

- Hamısı ağlayıb, göz yaşı tökür. Birmənalı şəkildə peşman olduqlarını deyirlər. Hansından soruşuruq, deyir ki, aldadıblar, yalan söyləyiblər, nə bilim, nəsə vəd ediblər və sair. Bağışlanmalarını istəyirlər, amma dövlət özü baxacaq ki, onların fərdi olaraq günahı nədir, cinayətlərinin miqyası nə qədərdir.

- Sirr deyilsə, türkmən silahlı qüvvələrində neçə döyüşçünüz var?

- Belə cavab verim: İraqda türkmən əhalinin ümumi sayı üç milyondan çoxdur. “Haşdi Şabi”nin də ölkə üzrə silahlı qüvvələrinin sayı 150 min nəfərdir ki, bunun da 15 mindən artığı türkmənlərdir. Amma təəssüf edirəm ki, 15 mindən artıq türkmən gücü “Haşdi Şabi”də bir komandanlıqda birləşməyib. Onlara istər Mosulda, istər Təlafərdə, istər Bəşirdə, İstər Tuz Hurmatuda – ölkənin hər yerindəki “Haşdi Şabi” qüvvələrinin tərkibində rast gələ bilərsiniz. Təkcə Mosulda 2 minlik türkmən döyüşçü var, ancaq onlar türkmən gücü sayılmır. Yəni bir qismi “Haşdi Şabi”də, bir qismi “Bədr döyüşçüləri” sırasında və sair xidmət edir. Konkret türkmən gücü hesab olunan hissə bizim rəhbərlik etdiyimiz qüvvədir ki, siz onun baş qərargahında qonaqsınız. Bu qərargah isə Kərkük, Amirli və Tuz Hurmatunu əhatə edir. Bu gün komandanlığımızda xidmət keçən türkmən gücü beş minədək döyüşçüdən ibarətdir. Bundan iki dəfə çox sayda türkmən isə, bayaq dediyim kimi, “Haşdi Şabi”nin digər bölgələrdəki bölmələrində xidmətdədir.

- “Haşdi Şabi”yə silah-sursat, eləcə də maliyyə-texniki yardım hardan gəlir?

- Dövlətdən. Başqa kimsə bizə yardım etmir.

- Nəzərə alsaq ki, İŞİD məhv edilib, bundan sonra missiyanız necə olacaq? Məsələn, Fransa prezidenti Makron deyir ki, “Haşdi Şabi” buraxılmalıdır...

- “Haşdi Şabi” olaraq nə özümüz özümüzü buraxmağı düşünürük, nə də ki, dövlət. Hesab edirəm ki, bizə İraqın çox ehtiyacı olacaq bundan sonra da. “Haşdi Şabi” silahlı dəstə yox, dövlətə bağlı olan rəsmi silahlı qüvvədir və ölkənin daxili təhlükəsizliyini, ərazi bütövlüyünün keşiyindədir. Deyirsiniz İŞİD məhv edilib, xeyr, sadəcə bu terror yığnağının nəzarətindəki ərazilər geri alınıb, amma ayrı-ayrı İŞİD terrorçuları hələ də var. Onlar müxtəlif yerlərdə gizlənirlər, qəfil hardasa terror aktı törədirlər. Ona görə də hesab edirəm ki, İraq və onun ordusu var olduqca "Haşdi Şabi" də olacaq. Çünki bu gün İraqın dövlət ordusu ilə “Haşdi Şabi” bir-birindən ayrılmayan vəhdətə çevriliblər. Qısası, bizi yalnız mənəvi rəhbərimiz olan hörmətli Sistani buraxa bilər.

- Ara-sıra yolda-rizdə terror aktları törədilir. Məsələn, dünən biz gələndə Bağdad-Kərkük magistralında bir neçə neft daşıyan tanker-maşının yandırıldığını gördük. Dedilər İŞİD-çilər gecə saatında hücum edib, yandırıblar. Siz bu cür hallarla da mübarizə aparırsınız, yoxsa bu İraq polisinin funksiyasına aiddir?

- Yox, niyə ki, bizim işimiz həmin halların qarşısını almaqdır. Məsələn, dünən hadisə baş vermişdi, döyüşçülər göndərdik, bir İŞİD terrorçusunu da gətirmişdilər. Bundan əvvəl də səkkizini ölü ələ keçirmişdik.

- İŞİD məhv edilsə də, bizdəki məlumatlara görə, kürd silahlı dəstələri eyni cür terror hücumları həyata keçirir. Bu barədə nə deyərsiniz?

- Kürdlər hər zaman bizimlə birlikdə dövlətə xidmət ediblər. Amma bu gün Məsud Bərzaninin yanlış siyasəti kürdlər arasında radikallığı gücləndirib. Amma deməzdim ki, onlar hamısı eyni cür düşünür, dörd-beş hissəyə parçalanıblar. Təəssüf ki, böyük bir hissə kürd Bərzaninin tərəfində dayandı. Hansı ki, onlar bu gün İŞİD-lə əməkdaşlıq etməkdədir.

- Yəni İŞİD terrorçuları təqibdən qaçaraq Kürdüstan ərazisinə sığınıblar?

- ABŞ və İsrail İŞİD-i dəstəkləməkdən vaz keçdilər, ona görə də pərən-pərən düşən terrorçular Kürdüstana qaçaraq peşmərgənin nəzarətinə sığınıblar. Bizdəki məlumata görə, onların sayı beş mindən çoxdur. Bunlar da əsasən əslən iraqlı olan İŞİD-çilərdir. Onlar demək olar ki, Bərzaninin qarşısında qul kimi, nə deyilsə yerinə yetirəcək vəziyyətdədirlər. Bu gün Kərkükdə və digər yerlərdə terror törətmək üçün kürdlər məhz həmin İŞİD-çilərdən istifadə eləməkdədir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018