Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İraq: nağıla dönən 7 günüm - I yazı
Tarix: 18.12.2017 | Saat: 16:50:00
Bölmə:Reportaj | çapa göndər

Təyyarənin kapitanı enişə start verildiyini elan edən kimi salonda ani canlanma yarandı: kimi yolda çıxardığı ayaqqabısını ayağına keçirməyə, kimisi üst geyimini geynməyə, kimisi də, daha səbrsiz olduğundan çantasını yük yerindən qamarlamağa başladı. Amma məni sol cərgədə oturan orta yaşlı kişinin türkmən dilində yanındakı yoldaşına nəsə deməsi cəlb elədi. Fürsəti fövdə vermədən “türkmənsiniz”, - soruşdum. O da sanki türkcə danışan biri üçün darıxırmış kimi, mənimlə söhbətə girişdi. Soruşdu ki, hara gedirəm, qarşılayan olacaq, ya yox. “Hə, amma Abbas bin Firnas adlı yerə getməliyəm, orada gözləyirlər” dedim. Adı İbrahim olan bu şəxs Abbas bin Firnas eşidən kimi, “Bizim hava limanı sizinki kimi deyil, ora xeyli aralıdır, mən sizi apararam” deyib enərkən ondan aralanmamağı tapşırdı. 

Dost qayğısı 

Təyyarədən enər-enməz nəzarət-buraxılış məntəqəsindən keçib, küçədə ard-arda sıralanan taksilərdən birinə oturub, Abbas bin Firnasa səmt aldıq. Yol hamar, gediş-dönüş olmaqla ikitərəfli idi. İki yolun arasındakı boş zolaqda isə ağaclar əkilib, ara sıra ağaclar arasında da rəngli işıqların boyadığı fəvvarələr püskürürdü. Qısası, son 40 ildir başı müharibələrdən açılmayan bu ecazkar ölkə hələ də turistləri heyrətləndirə bilirdi.


Taksi Abbas bin Firnasa çatanda Türkməneli Partiyasının Kərkük şəhər bürosunun rəhbəri Əli Qaryağdı gecənin bu soyuğunda bizi qarşılamaq üçün oradaydı. Orta yaşlı, ixtisasca bioloq olan bu mülayim xasiyyətli insan hal-əhval tutub dedi ki, birbaşa Kərbəla şəhərinə gedirik.

Sən demə, iki il əvvəl İraqa ilk gəldiyimdə müqəddəs şəhərlərə gedə bilmədiyimi nəzərə alan Türkməneli Partiyasının sədri, İraq türkmənlərinin müqayisəolunmaz lideri Riyaz Sarıkahya xüsusi plan-proqram hazırlayıb. Həmin plana əsasən mən Kərbəla və Nəcəfdə, daha sonra isə paytaxt Bağdadda müqəddəs məscidləri ziyarət etməli, sonra türk yurdu Kərkükə gəlməliyəmmiş. Belə də elədik: maşına oturub dünya şiələrinin mənəvi paytaxtı Kərbəlaya səmt aldıq.

 Kərbəla – şəhidlər şəhəri

Bağdaddan Kərbəlaya təxminən bir saatdan bir az artıq məsafə var. Yollar hər biri üçzolaqlı olmaqla birtərəfli, üstəlik, uzun illərdir burada müharibə getdiyni nəzərə alsaq, hamar və keyfiyyətli asvaltla örtülüdür. Sərnişini ləngidən yeganə səbəb hərbi polisin addımbaşı yollarda qurduğu nəzarət-buraxılış postlarıdır. Əslində qınanmalı deyil, onlar mülki insanları hər an törədilə bilən mümkün terror aktlarından qorumaq üçün bu addımı atırlar. Amma insafən, postda dayanan hərbçilər və polislər də sağ olsunlar, Azərbaycandan gəldiyimi eşidəndə mehribanlıq göstərir, səfər boyu uğurlar arzulayırdılar. Beləliklə, artıq 14 əsrdir İslam hümmətini içindən yaralayıb-qanadan müsibətlərin yaşandığı torpağa – Kərbəlaya çatıb, otelə yerləşdim...

Küləkli, bir az da soyuq Bakı səhərlərindən fərqli olaraq Kərbəlada sanki oktyabr ayı indi girmişdi – havası xeyli mülayim idi. Gödəkçəmi çiynimə atıb, Əli bəyin müşayiəti ilə yavaş-yavaş oyanmaqda olan şəhərin dar və xeyli əskimiş küçələrini dolaşmağa başladım. Əli bəy dəfələrlə ziyarətinə gəldiyi şəhərə yaxşı bələd olsa da, İmam Hüseyn və Həzrəti Abbas məscidlərinə tez yetişmək üçün daha kəsə yollar axtarırdı. Ona görə də ətrafda tək-tük gözə çarpan sakinlərin birindən - əynində ərəb milli qiyafəti olan orta yaşlı kişidən yol göstərməsini xahiş elədik. O da İmamların əbədi uyuduğu müqəddəs məbədlərə gedən yolu bizə elə ətraflı və səbrlə başa saldı ki, sanki bunu özünə mənəvi borc bilirdi.

Ümumiyyətlə, şəhərdə hamı bir-biri ilə mehriban, hörmətlə davranırdı. Bəlkə də Kərbəlada yerlilərlə gəlmələri birləşdirən ən böyük xüsusiyyət məzhəbçilikdən daha çox elə bir-birilərinə göstərməyə çalışdıqları qayğıdır.

Nəhayət, avtomobillərin girməsi yasaq edilmiş (eynən Bakıdakı Tarqovıy adlanan bölgə kimi – V.T.) küçəyə burulub, bir-birinin ardınca nəzarət-buraxılış postlarından keçərək müqəddəs məscidlərə yaxınlaşdıq.

Dini əşyalar, suvenir, ərzaq, geyim-kecimin və daha nələrin satıldığı dükanlarla əhatələnmiş meydana sarı irəlilədikcə, bayaqkı sükut izdihamlı qələbəlikdə əriyib yox olurdu. İnsan əlindən tərpənmək mümkün deyildi. Əksəriyyəti İrandan, hətta Azərbaycandan gəlmiş zəvvarlar uca səslə qurandan surələr, mərsiyyələr oxuyaraq ağır-ağır irəliləyirdilər.

 Qüdrətin simvolu – Həzrət Abbas

Burada olduqca böyük ərazidə üz-üzə iki məscid var: birincidə Həzrət Abbasın, ikincisində isə İmam Hüseynin mübarək məzarları yerləşir. İki məscidi bir-biri ilə isə hər iki kənarında cərgə ilə uca xurma ağacları və elektirik dirəkləri sıraralanan, həmişə zəvvarlarla dolub daşan meydan uzanır.

Yeri gəlmişkən, Həzrət Abbas məscidinin yaxınlığında – küçənin solunda balaca türbə də var. Orada Həzrət Abbasın qılıncla kəsilmiş qolu dəfn olunub. Ona görə də, zəvvarlar iki müqəddəs məscidə girmədən öncə həmin türbəni ziyarət edir.

Məscidlər çox ciddi mühafizə olunurlar. Özü də iş saysız-hesabsız yoxlama postlarından keçməklə yekunlaşmır, məscidlərə girmədən öncə zəvvarlar telefon, fotoaparat və başqa əşyalarını xüsusi əmanət saxlanan seyflərə təhvil verməli, ayaqqabılarını da çıxarıb çox sayda saxlanğaclardan birində yerləşdirməlidir. Təbii ki, mən də qaydalar üzrə bunu edib içəri keçdim.

Döşəməsi başdan-başa qiymətli İran xalıları ilə örtülü olan Həzrət Abbas məscidinin iç divarları, bayır hissəsi kimi, tamamilə zəngin nəqqaşlıq nümunələri ilə bəzədilib. Tavan və hündür tağları örtən büllur şüşə örtük isə məscidin olduqca geniş salonlarına əlavə nur saçır. Üstəlik, günbəzin çölü və içi xalis qızılla örtülüb deyə, bura gələn zəvvara elə gəlir ki, günəşin içindədir. Həzrət Abbasın salonun mərkəzində yerləşən məzarı üzərindəki sərdabə isə xalis ağ qızıldan tikilib.

Tədqiqatçılar hesab edir ki, Həzrət Abbas məscidi dünyanın ən zəngin dini mərkəzlərindən biridir.

Hər il milyonlarla insanın ziyarət etdiyi bu məscidə müxtəlif sülalərdən olan hökmdarlar zaman-zaman qiymətli hədiyyələr, ləl-cəvahiratlar bağışlayıb, tikilinin təmir-bərpasına fikir veriblər. İran və Mərkəzi Asiya memarları tərəfindən dizayn edilən məscidin mərkəzində armud formalı, dəbdəbəli bəzəkləri ilə göz qamaşdıran günbəz, kənarlarında isə iki minarə ucaldılıb.

Qurani Kərimdən iki dua oxuyub, necə deyərlər, dörd gözlə divarlara-tavanına baxa-baxa bayıra çıxdım. Ayağım yalın olduğundan daş plitələrlə örtülmüş həyət boyunca döşənmiş xalçaların üstü ilə addmlayaraq əmanətlər bazasından teleonumu və ayaqqabımı götürdüm.

 

Ali şəhid...

 

Artıq üzbəüzdə - meydanın o başında yerləşən İmam Hüseyn məscidinə açıq könüllə gedə bilərdim. Bəlkə yenidən bu müqəddəs yerləri görə bilməyəcəyimi düşünüb 3-4 xatirə şəkli çəkdirməyi də unutmadım. 

İmam Hüseyn məscidi Həzrət Abbas məscidindən sahəsinə görə daha böyük olsa da, divarlarını daha az ləl-cəvahirat süstləyirdi. Amma Həzrət Abbas məscidində olduğu kimi burada da imamın müqəddəs məzarı üzərində xalis qızıldan türbə tikilib, ziyarətə gələn izdihamın gurultusundan da qulaq tutulurdu. Əli bəy dedi ki, Həzrət Abbas məscidinin daha zəngin bəzənməsinin səbəbi oranı şiələrlə yanaşı sünni dünyasının da maddi baxımdan himayə etməsidir. Yəni ora ayrılan vəsaitin həcmi buradakına nüsbətdə daha çoxdur. Buna baxmayaraq, Əli bəy əlavə elədi ki, hər iki məscid vəhdət təşkil elədiyindən müsəlmanların nəzərində biri digərindən seçilmir.

Xatırladım ki, digər Kərbəla şəhidlərinin məzarları da 680-ci ildə tikilmiş İmam Hüseyn məscidindədir.

Ziyarətimizi tamamlayıb məsciddən ayrıldıq. Bir saat əvvələ nisbətən indi küçələrdə daha sıx izdiham vardı. Qaraya bürübmüş qadınlar, üzü tüklü kişilər, ana-atasının yanında imamların məzarını ziyarətə gəlmiş azyaşlı uşaqlar – məqsədi-məramı eyni olan hər kəs burada bərabər idi.

Nəcəfə getməliydik. Ona görə də kafelərdən birinə burulub nəfis İraq mətbəxinin təamları ilə qarnımızı doyurub, iki tin irəlidə gözləyən avtomobilə sarı getdik...

 

Həzrət Əli ədalətin özüdür

 

Kərbəladan Nəcəfə təxminən bir saatlıq yol olardı. Amma təktərəfli, geniş və hamar yolda avtomobil sürətlə şütüdüyündən sanki məsafə anbaan qısalırdı. Arabir maşını saxlayan postları ötüb, ətrafını başı göylərə ucalan xurma ağacları saran yolu, beləcə, başa vurduq.
Nəcəf keçmişlə müasirliyi özündə birləşdirən şəhərdir. Kərbəla ilə müqayisədə burada küçələr daha enli, tikililər daha yeniydi. Avtomobili Həzrət Əli məscidinə gedən səmtdə bir yerdə saxlayıb üz tutduq ziyarətgaha.

Əvvəlki məscidlərdə olduğu kimi, əşya və ayaqqabılarımızı xüsusi saxlanğaclarda yerləşdirib içəri keçdik. Məscidin daxili də çölü kimi olduqca möhtəşəmdir. Zərif naxışlarla süstlənmiş divarlar, bahalı çilçıraqların işıqlandırdığı tavan, İran və ərəb xalıları döşənmiş döşəmə bu müqəddəs məscidin mənəvi zənginliyi önündə solğun görünsə də, yenə də zəvvarları heyran etməkdəydi. Tən ortada Əli əleyhissalamın məzar-sərdabəsi yerləşirdi. Məzarı əhatələyən sərdabənin qızıldan hörülmüş divarlarına toxunmaq üçün insanlar fürsət axtarırdı. Mən də onlar kimi, niyyətimi-duamı edib ziyarətimi başa vurdum.

Qeyd edim ki, hər il milyonlarla şiənin ziyarət etdiyi bu məsciddə İslamın yayılmasında və möhkəmlənməsində xidməti olan bir sıra başqa görkəmli şəxslərin də qəbirləri var...

Beləcə, Həzrət Əlinin məzarını ziyarət edəndən sonra yolüstü ən müasir geyim-kecimin, digər əşyaların satıldığı bazara baş çəkdim. Qəribəydi, dedilər ki, burada İraqı və ümumiyyətlə, yerli tarixi, adət-ənənələri tərənnüm edən heç nə tapmaq mümkün deyil. Onlar xüsusi ənənəvi dükanlarda olur, burada isə dünyanın hər yerindən gətirilmiş mallar satılır. Özü də ən ucuz qiymətlərə təklif edilir. Hətta bazarda bir neçə yerdə geyinilmiş paltarların satıldığını da gördüm. Hansı ki, onların alıcısı təzə mallarla maraqlananlardan heç də az deyildi.

Günorta saatlarında Nəcəfdən ayrıldıq. Bizi aparan avtomobil Fərat çayı üzərindəki körpüdən keçib hər iki tərəfini ucsuz-bucaqsız xurma bağlarının sardığı magistral yolla şimala – paytaxt Bağdada doğru irəlilədikcə, gözlərim pəncərə şüşəsindən bayırda qalmışdı. Xurma bağlarını magistral yoldan tipik İraq kəndlərinin özünəməxsus dizaynlı evləri ayırır. Özündən az qala dörd-beş dəfə hündür olan xurma ağaclarının kölgəsinə sığınmış bu evlərə baxdıqca xəyal məni keçmişə - qızmar səhralarda insanı günəşdən qoryan əfsanəvi vahələrə götürdü. Xəyaldan ayılanda isə artıq “Min bir gecə” nağıllarının məkanı olan Bağdaddaydım...

 

Bakı-Bağdad-Kərbəla-Bakı


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018