Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnklüziv təhsillə bağlı mühüm addım
Tarix: 18.12.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Yeni Dövlət Proqramına əsasən, gələn ildən ölkəmizdə təhsilin bu istiqamətində ciddi addımların atılması planlaşdırılıb

Azərbaycanda inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması nəzərdə tutulub. Qeyd edək ki, bu məsələ ölkə prezidenti İlham Əliyevin bir neçə gün öncə təsdiqlədiyi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda öz əksini tapıb. Sənəddə bu məsələnin həlli Təhsil Nazirliyinə həvalə olunub. Sözügedən qurum 2018–2020-ci illər ərzində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaratmalıdır. Bundan başqa proqramda nəzərdə tutulub ki, Təhsil Nazirliyi mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasını və nəşr edilməsini təmin etməlidir.
Dövlət Proqramında o da qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair müddəalar yer almayıb. Qeyd olunan qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunub. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir.
Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsil alırlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdiriliblər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəif eşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar.
Sənəddə bildirilir ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilib.
Məlumat üçün qeyd edək ki, hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub.
Yeri gəlmişkən, ölkə başçısının təsdiqlədiyi sözügedən Dövlət Proqramından gözləntilər böyükdür. Ekspertlər hesab edirlər ki, bu sənəd sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilə cəlb olunması imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, sözügedən şəxslərin cəmiyyətə ataptasiya olunmasına töhvələr verəcək.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Məlahət Mürşüdlü qeyd edib ki, Təhsil Nazirliyi bu günə kimi inklüziv təhsilin inkişafı və mövcud problemlərin həlli ilə bağlı bir sıra layihələr icra edib: “Amma prezident tərəfindən belə bir sərəncamın verilməsi və bu yöndə konsepsiyanın hazırlanması sağlamlığı məhdud uşaqlara bütövlükdə cəmiyyətin diqqətini cəlb etmiş olacaq. Düşünürəm ki, bu sənəd uşaqların təhsili, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində böyük rol oynayacaq”.
Qeyd edək ki, UNICEF təşkilatı da prezident İlham Əliyev tərəfindən "2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini alqışlayır. Qurumun mətbuat üçün yaydığı açıqlamada vurğulanıb ki, Dövlət Proqramı ölkədəki hər bir uşağın təhsil və öyrənmə imkanı ilə təmin edilməsi istiqamətində mühüm addımdır. Belə ki, Dövlət Proqramında əlilliyi olan uşaqların əsas təhsil müəssisələri və sinif otaqlarına çıxışını təmin etməyi nəzərdə tutan tələblər, eləcə də müəllimlərin hazırlanması və təlim-tədris resurslarına sərmayənin qoyulması, əlilliyi olan uşaqlar üzrə disaqreqasiya edilmiş (parçalanmış) məlumatın hazırlanması və əlilliyi olan uşaqların əsas təhsilə çıxış hüquqlarına dair ictimai məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi daşıyan təşəbbüslər təyin edilir.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Azərbaycan regionda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olub. Yeni Dövlət Proqramının imzalanması əlilliyi olan uşaqların hüquqlarının təmin edilməsi istiqamətində ölkənin qətiyyətini nümayiş etdirir.
O əlavə edib ki, əlilliyi olan uşaqların cəmiyyətin bütün aspektlərinə, xüsusilə də təhsilə daxil edilməsi milli prioritet təşkil etməlidir: "Mən ümid edirəm ki, inklüziv təhsil üzrə Dövlət Proqramının işə salınması inklüziv təhsilə daha çox sərmayənin qoyulması və əlilliyi olan uşaqların gündəlik həyatın bütün aspektlərinə tam sosial inklüziyasını təşviq edən fəaliyyətlə dəstəklənəcək. Rəsmi statistikaya əsasən, 2016-cı ildə Azərbaycanda əlilliyi olan şəxs kimi qeydiyyata alınmış uşaqların sayı təqribən 67 min olub, lakin onlar arasında təqribən yalnız 12 400 uşaq ya evdə, ya da xüsusi müəssisələrdə təhsil alır. Əlilliyi olan uşaqların cəmiyyətə daxil edilməsinin dəstəklənməsi UNICEF-in Azərbaycanda gördüyü işlərin mərkəzi komponentlərindən birini təşkil edir. Bu iş yalnız inklüziv təhsil sahəsini deyil, həmçinin gənc uşaqlar arasında əlillik hallarının erkən aşkarlanması və idman oyunları və rekreasiya fəaliyyətlərində iştirak etmələri üçün əlilliyi olan uşaqlar üçün bərabər imkanların yaradılması kimi sahələri də əhatə edir. Əgər biz diqqətimizi yalnız uşağın əlillik halına yox, həm də onun bacarıq və potensialına cəmləsək, o zaman uşağa yaşadığı cəmiyyətə həm bu gün, həm də gələcək üçün mənalı və dəyərli töhfə verməkdə kömək edərik. Məktəblərə, müəllimlər və məktəb rəhbərliklərinin təliminə və daha yaxşı kurikuluma sərmayə qoymaqla və əlilliyi olan uşaqlara qarşı ictimai münasibətləri dəyişməklə biz əlilliyi olan uşaqlara dəyərli bacarıqlar əldə etmək və layiqli iş tapmaq və beləliklə, dövlətdən asılılığı azaltmaq imkanı veririk”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018