Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təlafər: insan fəryadının yüksəldiyi şəhər II yazı
Tarix: 21.12.2017 | Saat: 16:16:00
Bölmə:Reportaj | çapa göndər

Mosulun cənub qərbində - Suriya sərhədləri ilə hüdudlanan, hər bir azərbaycanlı üçün doğma olan bir yer var – Təlafər. Əhalisinin tamamı türkmənlərdir. Həm də danışıqları az qala Azərbaycan türkcəsi ilə eynidir. Nə yazıq ki, İŞİD bu doğma türk yurdunu viran qoyub, evlər daş yığını kimi qalaqlanıb, nə məktəb qalıb, nə xəstəxana, yollarında o qədər mərmi partladılıb ki, çala-çökək görüntüsü ilə adamı dəhşətə gətirir.

 Daş yığınına çevrilmiş şəhər

 

İraq ordusu və “Haşdi Şabi”nin birgə əməliyyatları nəticəsində Təlafər İŞİD-dən geri alınsa da, ölkənin dörd tərəfinə səpələnmiş türkmənlər ömür boyu min əziyyətlə tikib qurduqları evlərinə dönə bilmirlər. Axı gəlib harda yaşayacaqlar, uşaqlarını harda oxudacaqlar, birinin bir yeri ağrıyanda xəstəxanası olmayan bölgədə kimin qapısını döyəcəklər, gündüzü birtəhər keçirsələr də, soyuq qış gecəsində enerji sistemi dağıdılan Təfarin xarabazara çevrilmiş evlərində ayaqlarının altını nə ilə işıqlandıracaq, nə ilə isinəcəklər? Üstəlik, İŞİD rejim olaraq məhv edilsə də, qruplar şəklində hər yerdə mövcuddur, hətta yeraltı quyularda, hardan başlayıb, harda bitdiyi bilinməyən tunellərdə gizlənirlər və vaxtaşırı insan qanına susayan bu yırtıcılar günahsız yerə qan tökürlər.

Soruşdum, dedilər Təlafərin mərkəzində 200 min, bütün rayonda isə yarım milyonadək türkmən əhali yaşayıb. Amma onlar İŞİD-lə savaş zamanı bölgəni tərk ediblər. Bütün çətinliklərə rəğmən, evi-eşiyi salamat qalmış bəzi sakinlər tədricən geri dönməkdədirlər. Hardasa əhalinin 30 faizi evlərinə qayıdıb, amma dörddən üçü gəlməyə tələsmir. Çünki onlar əvvəlcə təhlükəsizliyin tam qorunduğuna əmin olmaq, sonra isə sosial problemlərin həllinə çözüm istəyirlər. Bu da ki, indiki şəraitdə çox ləng gedən bərpa-təmizləmə prosesinin timsalında çətin görünür. Üstəlik, görüşüb danışdığım hər bir sakin deyir ki, geri qayıdan insan evini dağılmış görür, amma cibində kifayət qədər pulu yoxdur ki, yenidən tikib, təmir eləsin. Dövlət isə bu işdə ziyan çəkmiş vətəndaşına qətiyyən yardım göstərmir. Yəni kimin pulu varsa tikib yaşasın, pulu olmayan oturub qalsın çadırlarda.

 

“Ölülərimiz yolun ortasında qaldı...”

Təlafər sakinlərindən olan Rafı Təlafərli də Ayaziyyə kəndində yaşayıb, amma İŞİD-in hücumundan sonra ailəsini də götürüb Kərkük ətrafındakı Leylan qaçqın düşərgəsinə yerləşib. Onun dediklərindən: “İŞİD kəndə doğru iki istiqamətdən irəliləyirdi. Hər an kütləvi qırğın başlaya bilərdi deyə, bizi nisbətən təhlükəsiz yol tapıb ərazidən çıxardılar. Hamı canını götürüb qaçırdı, qadın, uşaq, xəstə və qocalar payi-piyada düşmüşdülər yola. İnsanlarımız o qədər ağır şəraitdə qaçırdılar ki... Yolda neçə nəfər dünyasını dəyişdi, hətta dayanmağa vaxt yox idi deyə meyitləri qaldı orda, basdıra bilmədik. Nəhayət, gəlib Kərkükə yetişdik, bizi düşərgəyə yerləşdirdilər”.

R.Təlafərli deyir ki, hazırda məskunlaşdıqları düşərgədə 758 təlafərli türkmən ailəsi var. O bildirir ki, İŞİD ev-eşiklərini, dəyərli-dəyərsiz nələri vardısa çalıb-çapdı, yandırıb viran qoydu. Amma onlar yenə də qışın soyuğunda üşüyüb, yayın istisində qovrulduqları çadırlarda evlərinə dönəcəkləri günü gözləyirlər. “Düzdür, bizə hər ay müəyyən ərzaq məhsulları yardım edilir, hətta 50-100 min dinar (40-80 dollar – V.T.) məbləğində pul da verilir. Amma bunlar uşaqlarımızı xəstəlikdən qoruya bilmir. Çox əziyyət çəkirik. Türkiyədən həkimlər gəlmişdi, düşərgə əhlinə dava-dərman yardımı da gətirdilər. Amma biz əminik ki, ancaq öz evimizdə rahat ola bilərik” – deyir R.Təlafərli.

Yeri gəlmişkən, Ayaziyyə kəndi Təlafərin Suriya sərhədlərində yerləşir və demək olar ki, İŞİD-in bölgədəki son istehkamı olub. Terrorçulardan azad edilən kənd bu gün də qapalı zona olaraq qalmaqdadır. İŞİD gələndə 6-7 min insanın yaşadığı Ayaziyyədəki evlərin 80 faizdən çoxunu darmadağın edib. Heç bir mülki şəxsin girmədiyi kənddə indi ancaq əskərlər dolaşır.

 

Bir evdə 15 meyit


Yenə R.Təlafərlinin dediklərindən sitat: “Ayaziyyəyə getdim ki, evimizə baxım, görüm salamatdırsa geri qayıdaq. Təəssüf, evi partladıb daş qalağına çeviriblər. Kənd məni dəhşətə gətirdi, hər yer viran olmuşdu. Dağıdılmamış bir evin qapısını açdıq, içəridə 15 meyit vardı – bütöv bir ailəni qırmışdılar. Orda 8 gün qaldım, hərbi geyimdəydim, üstəlik. Mənə silah da vermişdilər. Əskərlərlə bir yeyib, bir gəzib-dolaşırdım. Tək gəzmək həyat üçün təhlükəliydi. Adi mülki geyimdə Ayaziyyəyə girmək olmaz, çünki terrorçuların hücumu bir yana, əskər də belə halda İŞİD-çi zənn edib atəş aça bilər”.

R.Təlafərli deyir ki, ailəsi böyükdür. Şükür ki, müharibədə itki verməyib. Bu gün iki oğlu əskərdir, vətənə xidmət edirlər, bir oğlu da savaşda yaralanıb. Amma bunun qarşılığında hələ də çadırda yaşayırlar, hökumət evlərini bərpa eləməyə yardım göstərmir. “Hara gedirik, kimin qapısını döyürük, deyirlər yardım edə bilmərik, gedin özünüz tikin evinizi. Belə etinasızlıq olar? Yeganə köməkliyi “Haşdi Şabi”dən görürük. Nəsə bir problemimiz olanda, harasa getmək istəyəndə, məsələn, Ayaziyyəyə gələndə “Haşdi Şabi” təhlükəsizliyimizi təmin edir, imkanı daxilində texniki dəstək verir. Amma hökumət də öz üzərinə düşənləri eləməlidir” deyir R.Təlafərli.

 

 

Quyu xofu

 

Müsahibim olan sakinlər deyir ki, kənddə evlərin, infrastrukturun dağılması bir yana, oradakı terror təhlükəsi daha vahiməlidir. Yelilərin quyu adlandırdıqları tunellər aşkarlanıb ki, istənilən an onlardan yeni bir İŞİD ordusu da çıxa bilər. Əlbəttə, bu camaatın ehtimalı olsa da, hər halda, bir çoxu bombalanaraq partladılan 70-dən çox quyu – tunel hələ də insanlar üçün xof mənbəyi olaraq qalır.

Əslində, girişləri bəlli olan bu tunellərin dağıdılması ordu üçün çətin deyil, sadəcə əskərlər orada İŞİD-in əsiri olan mülki insanların olmasından narahatdırlar. Həmsöhbət olduğum “Haşdi Şabi”li yüksək çinli hərbçi deyir ki, tunellərin yerin altı ilə kilometrlərlə uzandığı və haradansa mütləq bayıra çıxdığı ehtimal olunur. Amma həm minaya düşmək, həm də mülki insanların qətlinə bais olmaq ehtimalı onları hələlik, bu tunelləri təmizləmək qərarından döndərir.

 Torpaqdan qalxan ölüm

 Söhbətləşdiyim hərbçilərdən biri deyir ki, gündüzlər “Haşdi Şabi”nin qorxusundan torpağın altında gizlənən terrorçular əsasən gecələr insan ovuna çıxırlar. Müsahibim əlavə edir ki, bu yaxınlarda həmin tunellərin birindən çıxan İŞİD terrorçusu ərazidə təhlükəsizliyi qoruyan “Haşdi Şabi” hərbçisinin üzərinə atılaraq, onu qucaqlayıb və özünü partladıb. Nəticədə hər ikisi parça-parça olub. “Başqa bir quyuya yoxlamaq üçün enən daha üç hərbçi də İŞİD-in hücumuna məruz qalıb. Terrorçu əskərlə qarşılaşan kimi özünü partladıb, nəticədə daha irəlidəki iki hərbçi şəhid olub, arxada qalan bir əskər isə təsadüf sonu sağ qalıb".

Bu gün Ayaziyyə güllədən, terrordan daha qorxulu olan xəstəliklərin yayılma meydanına çevrilməkdədir. Çünki dağıdılmış evlərin qalıqları altında, hətta açıq-aşkar yerlərdə öldürülmüş sakinlərin cəsədləri dəfn olunmamış qalır. Artıq onlar çürüyüb iylənir ki, bu da infeksiyanın yayılmasını sürətləndirir. Elə bu səbəbdəndir ki, hətta əskərlər də mümkün yoluxmadan qorunmaq üçün kənddə meyitlər olan yerə yaxınlaşmırlar.

 

Azərbaycandan kömək gözləyirlər

 

 

Ümumiyyətlə, Təlafərdə vəziyyət son dərəcə ağırdır. Görüşüb-danışdığım hər kəs düşünür ki, Təlafərin bərpasına, işlər indiki sürətlə görülərsə, azından 2 il lazımdır. Həyat üçün lazım olan hər cür sosial mənbənin yıxıldığı bölgənin qaçqın düşən yarım milyon insanından 42 min ailə geri qayıdıb ki, bu da ortalama 250 min nəfər deməkdir. Qalanları isə ya evləri dağıdıldığı üçün, ya da iş yerləri və sair olmadığından qayıtmır. Hətta salamat qalmış evinə dönən ailələr də bir çox halda faciəyə tuş gəlirlər. Məsələn, evinə qayıdandan sonra təsadüfən minaya düşüb həlak olan təlafərlilərin sayı 50-dən çoxdur.

Hərbçilər deyirlər ki, işlərin ləng getməsinə səbəb həm mina axtaran mütəxəssislərin sayının az, həm də bu prosesdə istifadə edilən texnika və elektron cihazların qıt olmasıdır. Yeri gəlmişkən, cəmi 7 nəfər mina axtarışı ilə məşğul olub ki, onun da üçü partlayış zamanı dünyasını dəyişib. Ona görə də ev-eşiyinin həsrətini çəkən insanlar bu məsələdə qonşu ölkələrdən, o cümlədən. minaların tapılaraq zərərsizləşdirilməsi prosesində böyük təcrübə və imkanları olan Azərbaycandan kömək gözləyirlər.

Bu arada qeyd edək ki, söhbət zamanı eşitdiklərimə görə, İraq minaların zərərsizləşdirilməsi məsələsinə kömək göstərməsi üçün Azərbaycana müraciət ünvanlayacaq.

Bu gün minlərlə şəhid vermiş Təlafərin çevrəsində çox sayda kütləvi məzarlıqların olduğu ehtimal edilir. Çünki insanların ölüsündən-dirisindən xəbər yoxdur, amma güman ki, öldürülüblər. Meyitlərin isə Əbu Antar adlanan ərazidəki təxminən 100 metr dərinliyi olan, keçmişdənqalma quyuya atıldığı düşünülür. Amma hökumətin, ola bilsin ki, imkansızlığı səbəbindən, hələlik, nə quyu yoxlanılır, nə də şübhəli ərazilərə baxış keçirilir. Əzizlərini itirmiş təlafərlilərə isə sadəcə, acılarına qərq olub gözləmək qalır...

 

Bakı-Bağdad-Kərkük-Bakı



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti