Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kərkük: dünəni və bu günü III yazı
Tarix: 22.12.2017 | Saat: 16:55:00
Bölmə:Reportaj | çapa göndər

Səhər Kərkükə gedəcəyik deyə, axşamdan İmam Kazımın mübarək məzarını ziyarət etmək məqsədilə Bağdaddakı möhtəşəm məscidə baş çəkmişdik. Doğrudan da, şəhərin ən yaxşı yerində yerləşən məscidə gecənin qaranlığında dörd göz lazım idi ki, baxsın. Günbəzləri günəş kimi yanırdı. İçi də ki, axşam saat 9-u keçməsinə baxmayaraq, zəvvarla dolub daşırdı.

Məsciddən çıxıb sağını-solunu şıdırğı alver gedən kiçik dükanlar saran küçəni o başa - bu başa gəzib, dolaşdıq. Artıq gec idi, 14 milyon nəfər əhalisi olan Bağdadı gəzib görməyi Kərkükdən qayıdan başa saxlayıb, ötelə döndüm...

 

Dostlara doğru

 

... Avtomobil üzü quzeyə şütüdükcə içimdə heç vaxt anlamayacağım, sevincə bürünmüş həyəcan aşıb-daşır, əziz dostlarımın görüşünə yetişmək üçün səbrsizlənirdim. Bu hislər o vaxtadək davam etdi ki, avtomobil Tavuk qəsəbəsinin yanından ötürdü. Bəlkə ona görəydi ki, bu yerlərin sakinləri tək-tük ərəb və kürdlər istisna olmaqla, əksərən türkmənlər idi. Yəni dil və adət-ənənə baxımından buralar elə Azərbaycanı xatırladırdı.

İki il öncə keçdiyim bu yol mənə tanış idi – Kərkükü quzeydən günəyə doğru ikiyə ayıran Bağdad prospektiydi. Avtomobil şəhər daxilində bir qədər irəlilədikdən sonra sola burulub balaca həyəti olan iki qatlı binanın qarşısında dayananda bildim ki, bura iki gündür bizə bələdçilik edərək, müqəddəs məkanları gəzdirən Əli bəyin rəhbərlik elədiyi Türkməneli Partiyası Kərkük şəhər şöbəsinin ofisi idi.

Azərbaycandan qonaq gələcəyini bilən hər kəs ordaydı. Hamısı da bir-birindən doğma, bir-birindən əziz. Hələ Yılmazı demirəm, əla insandır - səmimi, mehriban, mərd. İki il əvvəlki səfərim zamanı da çox zəhmətimi çəkib, qayğı göstərmişdi. Hansı ki, bu böyük zəhmətin əvəzini qaytarmaq heç nəylə mümkün deyil. Görüşüb hal-əhval tutan kimi “qalxın, bizə gedirik” deyərək çantamı öz maşınına apardı...

 

Heyrətləndirən dəyişiklik

 

Kərkük iki il əvvəl gördüyümdən çox fərqlənirdi. Küçələrində maşın əlindən tərpənmək olmurdu. Hara baxırsan insanlar ora-bura tələsir, yolların kənarlarında iri dükanlar sıralanmışdı. Hansı ki, iki il əvvəl küçələrdə beton istehkamları, tikanlı məftillərlə sarılan keçidləri görmək olardı. Bu tarixi şəhərin küçələrindəki elektrik dirəklərində, evlərin damlarında, bütün idarə və təşkilatların qarşısında İraqın dövlət bayrağı dalğalanırdı. Hansı ki, iki il öncə hər yeri kürd bayrağı zəbt eləmişdi.

İlk gördüyüm Kərküklə müqayisədə bu gün şəhərdə az-çox tikinti-quruculuq işləri də gedir. İnsanlar sərbəst gəzib-dolaşır, daha nə terror törədilir, nə adam oğurlanır, nə də kimisə evində qətlə yetirirlər. “Haşdi Şabi”nin və federal polisin səyi nəticəsində Kərkük rifahına qovuşmaqdadır.

 

Türkmənin əzəmət rəmzi

 

Şəhərlə növbəti tanışlığım heç vaxt unutmayacağım saf xatirələr yazdı ürəyimə. İki il öncə gələrkən tarixin minillərinə bələdçilik etmiş Kərkük qalasını görə bilməmişdim. Səbəbi vardı: qalanın bürcündə dalğalanan türkmən bayrağını endirən kürdlər onu yandıraraq yerinə öz bayraqlarını sancmışdılar. Buna görə orada qarşıdurma da yaranmışdı. Nə yazıq ki, o vaxt çevrəsini İŞİD təhlükəsi saran Kərkükü içindən də kürd separatçıları söküb dağıdırdı. Hökumət isə sadəcə, bu vəhşəti seyr edirdi...

Kərkük qalası çox da hündür olmayan təpələrin üstündə tikilib, ətəyini isə Hasa çayınının yatağı yuyur. Şəhərin ən qədim bölgəsi buradır. 1863-cü ildə Osmanlı dövləti qalanın ətraf divarlarında və içindəki tikililərdə bir sıra bərpa-təmir işləri aparıb. Tarixi eramızdan əvvəl 3-cü minilliyin ortalarına qədər uzanan qala dörd məhəllədən ibarətdir: Ağalıq, Hamam, Meydan və Zindan. Bura giriş-çıxış 4 qapı vasitəsilə edilir ki, bunlar da Topqapı, Daşqapı, Yeddi qız və Halvaçılar qapılarıdır. Bundan əlavə, qalaya aparan bir geçid isə Seyid Nəcib təkkəsindən keçən pilləkənli yoldur.

1990-1995-cı illərdə İraqın o vaxtkı prezidenti Səddam Hüseynin göstərişi ilə Kərkük qalasını təmir etmək adı ilə, orada yaşayan əhalini bilərəkdən köçürüblər və qalanı söküb, dağıdıblar. 1997-ci ildən 2003-cü ilə qədər yüzlərlə ənənəvi türk tarixi evləri və əsərləri uçurularaq məhv edilib. Hesab edilir ki, bu illərdə qaladakı dörd məhəllədə mövcud olan, hamısında türkmənlərin yaşadığı 740 ev, hətta məzar daşları belə dağıdılıb. Bu isə Kərkükdə türkmən tarixini silərək, bölgənin guya ərəb və kürdlərə aid olduğunu isbatlamağa xidmət edirdi.

 

Peyğəmbərlərin məzarı qorunur

 

Bu gün qalada qorunub saxlanılan tək-tük abidələr qalıb. Bunlar arasında dörd peyğəmbərin – Daniel, Üzeyir, Mikayıl və Hunain peyğəmbərlərin məzarları olan qədim yəhudi məbədi, sonradan məscidə çevrilmiş Daniel peyğəmbər məscidi, Göy günbəz abidəsi və sairi adını çəkə bilərik.

Genişliyi 820 kvadratmetr, hündürlüyü 17 metr olan Göy günbəz 1361-ci ildə, Cəlayirlər dövründə tikilib. Bu, qalada günümüzədək qalan əsas qədim türk əsəridir. Üstündəki kitabədə yazılıb ki, abidə 14-cü əsrdə Səlcuq sülalərindən olan Buğday Xatunun şərəfinə tikilib. Buğday Xatun Həccə gedib və qayıdarkən yolda xəstələnib, vəfat edib.

Həftənin şənbə günləri qala şəhər camaatının ən sevimli istirahət yeridir, qalan vaxtlarda isə ora giriş yasaqdır.

 

Kərkükün keçmişinə səyahət

 

Kərkükdə gəzib dolaşdığım unudulmaz məkanlardan biri də Osmanlı Kışlasıdır (Osmanlı kazarması). Bina Osmanlı dövlətinin Bağdad valisi olmuş Məhməd Namık Paşa tərəfindən 1863-cü ildə tikdirilib. Kışla 1985-ci ilədək İraq ordusu tərəfindən hərbi hissə olaraq istifadə edilsə də, 1985-ci ildə Müdafiə Nazirliyinin balansından çıxarılaraq Mədəniyyət Nazirliyinin sərəncamına verilib. Mədəniyyət Nazirliyi orada təmir-bərpa işlərinə başlayıb, amma Səddam Hüseyn devrilən kimi burada iş də dayandırılıb. Kışlanın bir hissəsi ötən il yağan güclü yağışlar zamanı uçub-dağılıb.

İnsanlar ümidsiz deyillər, düşünürlər ki, bundan sonra təşkil olunacaq yerli hakimiyyət bütün mədəni irsin bərpasına diqqət ayıracaq.

Kışlanın həyətindəki bir qatlı muzey binasında əvvəllər Kərkükün tarixini əks etdirən qədim eksponatlar sərgilənib. Amma Peşmərgə və PKK birlikləri şəhərdə olarkən buranı çapıb-talayaraq, bir-neçə iri küpdən başqa hər şeyi Kürdüstana aparıblar. Ona görə də rəfləri boş qalan muzeyin əvəzinə kışlanın əskidən kazarma kimi istifadə olunan binasının ikinci qatında yeni muzey təsis olunmaqdadır. Burada Kərkükün keçmişdən bəri milli adət-ənənələrini özündə əks etdirən bölmələr yaradılıb. Hələlik, tərtibatı tam başa çatmayan muzeyə daxil olan adama elə gəlir ki, əsrlərlə öncəki Kərkükdədir: bir tərəfdə dulusçular, o tərəfdə dəmirçilər, başqa bir yanda dərzilər öz işlərini görürlər. Burada ictimai hamamdan sünnət məclisinə, toy səhnəsindən bərbərxanayadək hər şey mumfiqurlar vasitəsilə obrazlaşdırılıb. Hətta salonun yuxarı başındakı guşədə əsrlər boyu Kərkükdə bir arada yaşayan türkmən, ərəb və kürd ziyalılarının hərəsindən birinin mumfiqur obrazı yaradılıb və baxan adama elə gəlir ki, onlar guya hansısa məsələni müzakirə edirlər.

Fürsətdən yararlanaraq kışlanın muzeyə çevrilmiş salonlarında Osmanlı əsgərlərinin obrazını əks etdirən guşənin yaradılmasını da təklif elədim və əlbəttə, muzey rəhbərliyi tərəfindən maraqla qarşılandı.

 

Şərqin tarixi ənənəsi - bazarlar

 

Kərkükə gələsən, çarşılarını gəzib-görmədən gedəsən, mümkün deyil. Yol aldıq Kərkük qalasının aşağısında salınmış qədim bazara.

Bura Böyük Bazar adlanır. Əsas hissəsi qala divarları ilə çay dərəsinin arasında olsa da, bu gün piştaxtalar demək olar ki, çayın digər sahilinə də yayılıb. Satlıq məhsullar əsasən Türkiyə və Çindən gətirilir. Bundan başqa, bazarda alıcıya cürbəcür ərzaq məhsulları, elektirk malları, əl işi olan əsərlər təklif olunur. Özü də çox ucuzluqdur. Hətta adını çəkməsəm də, elə məhsullar gördüm ki, qiyməti Azərbaycanda satılandan 3-4 dəfə aşağıdır. Üstünü piştaxtalar dolduran Şəhidlər körpüsünü (1959-cu ildə baş verən aksiyalarda öldürülən türkmənlərin xatirəsinə belə adlandırılıb – V.T.) addayıb bazarın əsas bölməsinə gəldim. Buranın tarixi xeyli qədimdir. Üstü qapalı olan bazarın (yerlilər Kayseri bazarı da deyirlər) içindən qalaya qalxan pulləkənli yol da var, hansı ki, sonradan onu bağlayıblar. Ümiumiyyətlə, axşamdan xeyli keçənədək açıq olan Böyük Bazarda qədim şərq memarlıq ənənələrinə uyğun olaraq hamamdan yeməkxanalara,dərzidən dəmirçiyədək nəyi desən tapmaq mümkündür. Satıcılarının əksəriyyəti də bölgənin yerli sakinləri olan türkmənlərdir.   

 

Sonuncu anlar...

 

Kərkükdə demək olar ki, hər kəsin həyətində qəribə bir sitrus meyvəsinin ağacı var, üstü də sarı rəngli meyvələrlə dolu. Bir az limona bənzəyir, amma oval formalıdır. Nə badə dadına baxsan, o qədər turşdur ki... Bilmirəm bu səbəbdəndir, yoxsa başqa bir məqsəd var, meyvələr necə yetişibsə, eləcə də budaqlarda qalır, adamlar dərib yeməyə tələsmirlər. Türkməneli Partiyasının Kərkük şəhər bürosunun ofisində olarkən, həyətdəki həmin meyvədən üç dənəsini dərib Bakıya da gətirmişəm...    

Kərkükə səfərimin son günü axşam “Al Turkmania” TV-yə dəvət edilmişdim. Canlı yayımlanan “Qırmızı masa” proqramında 1 saat ərzində İraqa və xüsusilə Kərkükə səfərim və burada gördüklərimlə bağlı diskussiyada iştirak elədim, fikir və görüşlərimi açıqladım. Bununla da Kərkükdə keçirdiyim işgüzar səfərimi yekunlaşdırdım. Amma sabah günortayadək iki əziz dostumuzun, iki əsl türkmən ailəsinin qonağı olacaqdım. Səhər əvvəl İraq Türkmən Qadınlar Birliyinin sədri, keçmiş millət vəkili, xanım Feyha Bayatlı, günorta isə Türkmən hərəkatının tanınmışlarından olan xanım Məlahət Kassabla süfrə araxasında bir araya gəldik. Olduqca maraqlı söhbətlərimiz, fikir mübadiləmiz oldu. Və beləcə, Kərkükdə keçən günlərim başa çatdı...

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018
14.01.2018