Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İraqda qalan xatirələrim - IV yazı
Tarix: 25.12.2017 | Saat: 13:47:00
Bölmə:Reportaj | çapa göndər

… Günortaüstü Nəcəfdə Həzrət Əli əleyhissalamın məzarını ziyarətdən qayıdırdıq. Yolüstü bir-iki yüngülvari alış-veriş edib, avtomobilə tərəf gedirdik ki, Əli bəyin (Əli Karyağdı) telefonuna zəng gəldi. Qısa, amma çox isti söhbət edib sağollaşdı. Maşına oturanda “bizi qonaq çağırıblar, yolüstü onlara getməsək, inciyərlər” dedi. Sürücü də, mən də sanki sual verirmişik kimi ona zilləndik. “Ailə dostlarımdır, Mosulda yaşayırdılar, amma İŞİD oranı işğal edərkən canlarını götürüb qaçıblar bura” – üzümüzdəki marağı oxuyan Əli bəy dedi. 

- Nəcəfdə qalırlar? – sorşdum.

- Nəcəfdə deyillər, amma bura yaxındadır. Kufənin Həvatim kəndində məskunlaşıblar. Elə gözəl yerdir… Kənd Fərat çayının sol sahilindədir, başdan-başa xurma bağlarına bürünüb. Onsuz da yolumuz həmin kəndin yaxınlığından keçir, - Əli bəy ətraflı məlumat verdi.

 

Fəratın sahilində…

 

Beləcə, maşınımız Nəcəf şəhərindən ayrılıb, birtərəfli, enli asfalt magistralla üzüşimala şütüməyə başladı. Doğrudan da, bu yerlərdə torpaqların, hər tərəfi bürüyən yaşıllıqlarından məhsuldar olduğu görünürdü. Hara baxırdım, başındakı bir topa yarpağı ilə göylərə ucalan xurma ağacları məni valeh edirdi. Kəndlər də burada bir-birinə çox yaxın yerləşmişdi. Demək olar ki, evlər xurma bağlarının içində tikilmişdi.
Kəndlərin ərazilərində magistral yolun kənarında çox sayda pərakəndə piştaxtalar düzülmüşdü, üstü də xurma, banan, pomidor, soğan, kartof – hər cür meyvə-tərəvəzlə dolu. Özü də burdakı meyvələr, tərəvəzlər, necə deyərlər, tam orqanik idi, birbaşa tarladan dərilib satıcıya təqdim olunudu. Həm də ucuz – su qiymətinə.

Maşınımız sola burulub yarıtozlu yolla Fərat sahilini örtən ucsuz-bucaqsız xurma bağlarına sarı səmt aldı. Amma çox da getmədən birmərtəbəli evin qarşısında dayandı. Qonaq gəldiyimiz evə çatmışdıq.

 

Doğmalarımın yanında

 

Həyətdə bizi ilk olaraq gənc oğlan – Nəbil qarşıladı, Əli bəyə əmi dediyi üçün çox yaxın dost olduqları anlaşılırdı. Arxasınca da yarımilli qiyafətdə kişi gəldi – evin sahibiydi. Azərbaycanlı jurnalist olaraq elə isti münasibət gördüm ki… Əziz qonaqları kimi hörmət göstərdilər.

Əksər İraq kənd ailələrində olduğu, burada da masa gözə çarpmıdrı. Daş döşəməyə xalça-palaz döşənmişdi. Divar boyunca isə döşəkçələr, mütəkkələr düzülmüşdü və biz də elə həmin döşəkçələrin üstündə bardaş qurub oturduq.

Süfrə ətrafında xeyli söhbət elədik. Məlum oldu ki, evin sahibi Qanim Cəmil Bayatlı Mosulun Qarayataq kəndində yaşayırmış. İŞİD-in hücumları zamanı, hamı kimi o da ev-eşiyini qoyub, ailəsini də götürüb kənddən çıxıb. Əvvəl Kərkükə yerləşmək istəsələr də, imkan olmayıb, məcburiyyətdən üz tutublar ölkənin güneyinə. Nəhayət ki, Kufənin Həvatim kəndində, indi gördüyüm Hüseyniyyədə yerləşiblər.

 

“Evimizi dağıdıblar…”

 

Müsahibium dedi ki, müharibəyədək kənddə 5 min sakin vardı. Bu gün isə onlar İraqın güneyində yerləşən beş vilayətin ərazisinə səpələniblər. “2014-cü il avqustun 18-də kənddən çıxmışıq. İndi İŞİD yoxdur, ordu azad edib kəndimizi. Bildiyimə görə, sakinlərimizin 60 faizi evlərinə qayıdıb. Amma orda vəziyyət çox pisdir. Nə su var, nə işıq, məktəb. xəstəxana dağıdılıb. Bu səbəbdən biz də daxil olmaqla, sakinlərin yarısı geri qayıda bilmir” deyən Qanim Cəmil Bayatlı əlavə etdi ki, burda birtəhər başlarını saxlayırlar. Məktəb var, qızı da xəstəxanada çalışır, əgər kəndə qayıtsalar, qızı işdın çıxacaq və yeganə dolanışıq yerini də itirəcəklər.

“Əslində Mosulla əlaqələrimiz tam kəsilməyib. Hazırda Əli adlı oğlum “Haşdi Şabi”nin Mosuldakı birliklərində qulluq edir. Bir dəfə imkan tapıb Qarayataq kəndinə baş çəkib. Deyir evimizi uçurub-dağıdıblar. Tutaq ki, bütün çətinlikləri gözə alıb qayıtdıq, harda yaşayacağıq? Qışın günüdür, insanın daldalanacağı bir evi olmalıdır. Hökumət də dəstək vermir evi yenidən tikməyə. Deyirlər öz hesabınıza bərpa edin, bizimsə imkanımız yoxdur” deyən müsahibim əlavə etdi ki, 8 baş ailədirlər, evdə qadın-qız, körpə uşaq var, ona görə narahatlıqları ikiqat artır.

Həmsöhbətim onu da dedi ki, dövlət söz verib, bir-iki aya qızını Mosulda müvafiq işlə təmin edəndən sonra onlar da birdəfəlik öz kəndlərinə dönəcəklər.

Azərbaycanda bir məsəl var: kasıb comərd olar. Qaçqınlıq həyatı yaşayan bu gözəl ailə bir tikə çörəyini bizimlə bölüşməklə qurtarmadı, israrla xahiş etdilər ki, gecəni onlarda qonaq qalaq. Xüsusilə də ailənin oğlu Nəbil bizdən ayrılmaq istəmirdi. Amma əlbəttə, yolumuz uzaqdır və bu səbəbdən də sağollaşıb yola çıxdıq…

 

Bəşir kəndi yenidən canlanır

 

İraqda olarkən baş çəkdiyimiz daha bir yer vardı – Kərkük ətrafında yerləşən Bəşir kəndi. Hansı ki, oranın hamısı türkmən olan sakinləri də Qarayataq kəndinin camaatı kimi ev-eşiklərini atıb, quru canlarını götürüb haralarasa pənah aparmışdılar.

Yeri gəlmişkən, iki il əvvəl İraqda olarkən bu kənd İŞİD-in nəzarətindəydi, İraq ordusu isə onu azad eləmək üçün mübarizə aparırdı. Bu dəfə qismət varmış, “Haşdi Şabi” Türkmən qüvvələrinin komandanı Zəki Muradla görüş zamanı Bəşirə getmək istədiyimi dedikdə, 2-3 əsgərini də mənə qoşub kəndə göndərdi.

Bəşir kəndi 35 mindən çox əhalisi olan, türkmən şəhəri Təzə Hurmatunun demək olar ikiaddımlığında yerləşir. Barlı-bərəkətli tarlaların arasında salınmış, amma İŞİD terrorçularının yararsız hala saldığı asfalt yolla şütüyən maşınımız 10 dəqiqədən sonra Bəşir kəndinə çatdı. Olduqca böyük kənddir, amma nə yazıq ki, evlərin çoxu daş qalağına çevrilib. Kənddə yalnız yaşayış evləri deyil, məscid, bütün sosial təyinatlı tikililər dağıdılıb, Həzrət Əlinin məkamı (İmam Əlinin vaxtilə burada qaldığı güman edilən ev), qəbiristanlıqdakı başdaşları belə uçurulub. Amma torpağa bağlı insanlar – Bəşir əhli tədricən geri qayıtmaqdadır. Kimin ki evi dağıdılmayıb qayıdıb, qalanlar da min cür çətinlik bahasına ev-eşiyini bərpa eləməyə çalışır. Özü də insanlar tikinti-bərpan işlərini öz hesablarına görürlər, çünki Bağdad hökuməti hələlik yardım göstərmir. Kəndin mərkəzində yerləşən, İŞİD tərəfindən yandırılmış məktəb binası kosmetik təmir edilib və hazırda məktəb fəaliyyət göstərir. Amma onun lap yanında Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən yeni məktəb binası tikilməkdədir. Tədricən su, işıq da bərpa edilməkdədir. Qısası, 5-6 min əhalisi ola Bəşir kəndində həyat normal axarına qayıtmaqdadır.

 

P.S.  İki il öncə Kərkükə şimaldan – Ərbil yolu ilə gəlmişdim. O vaxt Türkmənelinin böyük hissəsi İŞİD tərəfindən zəbt edilmişdi, Kərkük isə kürd bayraqlarının kölgəsində qalmışdı. Bu dəfə Kərkükə cənubdan – Bağdad yolu ilə getdim. Türkməneli İŞİD-dən azad edilib, xarabazara çevrilmiş türkmən şəhər və kəndlərində canlanma başlayıb, türkmənlər ev-eşiklərinə dönür, Türkməneli yenidən əsl sakinləri olan türkmənləri təkrar qoynuna alır. Kərkük isə tamam dəyişib, təhlükəsiz, sürətlə yeniləşən şəhərə çevrilməkdədir. Türkmənlər öz tarixi qalasına ürək açıqlığı ilə gedir, öz kimliyini və mədəniyyətini daha əzmlə nümayiş etdirir. Hələ bu harasıdır, türkmənlər Kərkükə öz aralarından vali də seçməkdə israrlıdırlar. Bütün bunlar çox əla, Allah türkmən xalqına güc və böyük səbr versin…

 

Bakı-Bağdad-Nəcəf-Bakı

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018