Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
3 manatlıq meymun, 30 manatlıq viski, 300 dollarlıq ingilis – Bakıda yeni il gecəsi...
Tarix: 01.01.2018 | Saat: 22:36:00
Bölmə:Reportaj | çapa göndər

Yeni ilə saatlar qalmış paytaxtın mərkəzi küçə və meydanlarını dolaşaraq bayram ab-havası duymaq, insanların əhval-ruhiyyəsini yaxından görmək istədik. Bu minvalla yolumuzu “Tarqovı” adlanan Nizami küçəsindən saldıq. Burada şam ağacının oyuncağına bənzər “qumbara” düzəldilmişdi. Uşaqlar valideynlərinin ayağından yapışır, dəmir barmaqlıqlar arasından keçib həmin “iqruşka”nın içərisində şəkil çəkdirmək, oynamaq istədiklərini deyirdilər. Ağlayanları da olurdu, qorxa-qorxa və valideynlərinin təhriki ilə oraya daxil olmaq istəməyənləri də... Baxdım ki, bəzi uşaqların valideynləri nəzarətçiyə yaxınlaşıb geri qayıdır. “İqruşka” içərisində şəkil çəkdirməyin qiyməti üstündə mübahisə getdiyini, ağızların büzüldüyünü görüb mən də yaxınlaşdım. Nəzarətçidən qiyməti soruşdum. Uşaqlar 2, böyüklər 4 manatdır dedi. Nə başınızı ağrıdım, qiymətin bahalılığına ağız büzənlərdən də biri mən. Fəvvarələr meydanına doğru getdikcə, bayram əhval-ruhiyyəsi hiss olunurdu. Havanın rənginin dəyişməsi heç nəyə təsir göstərmirdi. Fəvvarələr Meydanından üzü Əlyazmalar İnstitutuna sarı insanların da təbii və “süni” rəngləri dəyişkəndi. Bir qədər aralıda musiqili meydan qurulmuşdu, “DJ” iş başında idi. Şən replikalar, xarici və yerli musiqilər... Əyləncə axşama doğru daha da artırdı.

 “Soyuq əllər – isti ürəklər” yarmarkasında da iynə atsan yerə düşməzdi. Bu gün də elədir. Əsasən ərəb və fars turistlər soyuq əllərini isti ürəklərinin başına qoyub bahalı menyuları, suvenirləri sifariş verirdilər.

Mərkəzi yolka ağacının yanında isə əsl izdiham var idi. İnsan sıxlığı ikitərəfli yolu da bağlamışdı. Hər kəs bir nəfərin başına toplaşmışdı. Telefonların işıqları açılmış, video-kameraları qoşulmuşdu. Mən də ayaq saxlamalı oldum. Yaxınlaşdım, baxdım ki, bir cavan oğlan balaca bir meymunu geyindirib, özü isə şaxta baba libasında. Adamlar da meymunla şəkil çəkdirmək üçün növbəyə düzülüb. Həvəsə düşüb mən də şəkil çəkdirmək istədim. Qardaş dedi ki, telefonla, ya foto aparatla? Açığı çaşıb qaldım bu nə deyir?

Başa düşmədiyimi bildirdim. Dedi ki, telefonla şəkil çəkdirmək üç manatdır, fotoaparatla 5 manat. Əlahəzrət meymunun sahibi onu da əlavə etdi ki, əgər meymun başınızdan tük qoparsa, bu ili xoşbəxt yola verəcəksiniz. Mən növbəmi bir ərəbə verəsi oldum. Ərəbin qıvırcıq saçlarından meymunun tük qoparıb-qoparmadığını görmədim. Ondan sonrakı adama etdiklərini isə gördüm. Deyəsən Finlandiyadan gələn turistlərdən idi. Üstündə finland bayrağı olan gödəkcəsi vardı. Keçəl başı, uzun boğazı vardı. Meymun bunun başına çıxan kimi başladı şillələməyə, hamı gülüşdü, fışqırıq çalan bir tərəfdə, qəşş edən o biri yanda... Axırda bizim bu finland meymunun əllərini tutub birtəhər şəkil çəkdirə bildi.

Bir az getmişdim ki, gördüm bir ərəb ər-arvad dalaşır. Dillərini anlamasam da, kişi külfəti yeməkxanaya (təxminən 6-7 nəfər idilər), arvad isə qadın alt paltarları satılan brend mağazaya “sürükləyirdi”. Qaraçı uşaqlar isə ağızlarında tütək, düşmüşdü bu füğara ərəblərin dalınca ki, bəlkə çörəkpulu qoparalar.

Axşam saat 10-da “Otto” əyləncə məkanına keçdik. Giriş on manat idi. Ayaq üstə durub oynayanlara baxacaqdıq. Stolların sifarişi 250-300 manatdan başlayırdı. Ona gücümüz çatmadığından ayaqüstü əyləncəni, oynamağı üstün tutduq. Dostum dedi ki, indi gör, sənin ölkənin qızları nə edəcək ərəblər üçün. Maraq məni götürdü. İndiyə qədər belə bahalı əyləncə məkanında olmamışdım. Dostumun “sponsurluğu” ilə və endirim kampaniyasına əsasən buraya girmək şansımız oldu. Girişdə polislər dayanmışdı. Üst-başımızı yoxlayırdılar. Giriş on manat idi, səhv etmirəmsə, yuxarıda qeyd etmişdim. İçəridə isə mühafizəçilər vardı. “Enlikürək qaqalar” ortalıqda gəzişir, narahatlıq olub-olmadığına nəzarət edirdilər.  

İstədim viski içəm, cibimdə də 12 manat pul var idi. Dedim uzaq başı beş manat olar, barmenə yaxınlaşdım. 30 manatdır dedi. Dodaqlarım qurudu. Pivənin qiymətini soruşdum, 6 manat. Özü də “Xırdalan” pivəsi. “Baltika”lar isə 9 manatdan başlayırdı. Mağaza qiymətlərindən üç-dörd dəfə baha təklif olunurdu. Dostum deyir ki, ona görə də hamı mağazadan alıb içir, bara kefli gəlirlər.

İçəri girəndə uğultudan qulaqlarım tutuldu. Ərəblər, ingilislər, türkiyəlilər... 10 metrlik zalda qlobusu fırla, hansı millətdən istəsən, tap. Bəh-bəh, bizim sinəsi açıq, yubkaları gödək “ayağı yüngül”, ağır çəkili qızlar isə ərəblərin qabağında striptiz və oriental oynayır, müştəri tutmağa çalışırdı. Bizimkilərin 50 manatlıq təklifinə ağız büzən yüngülxasiyyət qadınlar, ərəblərə 300 dollara “könül söhbəti”nə razılıq verməyə hazır idilər. Ərəblər də almanın tamına baxıb – bir dişlək alıb tullamaqla məşğul idi. Pul verənə oxşamırdılar.

Bir tərəfdə “dj”in uğultuları, digər tərəfdə yekə monitorlarda yerli televiziyalardakı səssiz yeni il şənlikləri... Sadəcə görüntü vardı.

Sonra dostum dedi ki, yaxınlıqda bir məkan var, səliqəlidir. Oraya da bir baş çəkək. Getmək istəmədim. Cansıxıcı idi. Həm də yük olmaq istəmirdim ona. Özü də bilirdi ki, üstümdə pul azdır. İsrar etdi, getdik. Eyni mənzərə ilə elə həmin məkanda qarşılaşdıq. Dostum əlinə viski alıb oynamağa getdi. Mənsə bizim qızların hoqqalarına tamaşa edirdim. Ərəblərin boynuna ilan kimi sarılmışdılar. İngilislər isə kef-damaqda... Gətir-götür idi.

Tək oturmuşdum, birdən bir xanım yaxınlaşdı. Mənə pivə ala bilərsənmi? – deyə soruşdu. "Piyan" olduğu ağzından və gözlərindən hiss olunurdu. Elə bir halda idi ki, bədənimdə ətim ürpəşdi. Ağzımı açana kimi dostum dedi ki, mənimlə oynasan bəlkə alaram. Bunlar aralaşdılar. Hoppanıb-düşmək üçün səhnənin ortasına tərəf getdilər. İngilislər isə onlarla oynamaq istəyən qadınlarla mazaqlaşırdılar.  Elə bu dəm tappıltı-guppultu düşdü. Baxdım ki, “bizim qaqalardan” biri ingilisi vurub aşırdı. Yerdə təpikləməyə başladı. Mühafizəçilər gəldi. Beş mühafizəçi bu bəstəboy, enlikürək dəliqanlını tutub saxlaya bilmirdilər. Polislər giriş qapısında olduğundan içəridəkilərdən xəbərsiz idi. Sonradan məlum oldu ki, ingilislərdən biri qaqaşın yanındakı xanıma viski almaq və onunla vaxt keçirmək istədiyini deyib. Qız da ingilisin təklifindən əsəbləşib və ingilisin dediklərini onu əyləncə məkanına gətirən oğlanın ovucuna qoyub. Oğlan da əsəbləşib, gəlib bu keçəlbaş ingilsin üstünə...

Saat on iki oldu. Hamı 10 saniyə qalmış geri saymağa başladı. Özü də xorla. Sonra adamlar bardan seçdikləri qızları götürüb getdilər. Biz də çıxdıq. Mən qızın yox, içkili dostumun qoluna girdim, bir filmdən bir epizodu xatırlatdım ona:

- Gəl ay yetim, gəl. Axırda mənə qalan sən oldun.

Bayırda isə maşınların siqnalları əsəbimə toxunurdu. Sanki şəhər sancı çəkirdi bu qədər adamın əlindən. Taksi tapmaq müşkülə dönmüşdü. Bütün xidmətlər məşğul idi. Saat yarım piyada gəzdikdən sonra, taksi ilə evə gələ bildik.

Bakı yeni ilin ilk gecəsini yorğun qarşıladı deyəsən. Səhər-səhər insanlar yenidən həmin məkanlara üz tutanda sanki Bakı axşamkı yorğunluğunu çıxarmamışdı, yatırdı. Paytaxt sönük görünürdü. O vaxta qədər ki, ərəb musiqiləri bizim kababların buğunda uğuldayana qədər...

Ən yaxşı əyləncə evdədir, televizorda konsert, rayondan gəlmiş dolma və doğma... Qızdırın, yeyin, yeni 2018-ci iliniz mübarək, dostlar...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018