Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Valyutadəyişmə məntəqələrinə Mərkəzi Bank nəzarət etməlidir” – Vüqar Bayramov
Tarix: 05.01.2018 | Saat: 16:38:00
Bölmə:İqtisadiyyat Müsahibə | çapa göndər

Azərbaycanda valyutadəyişmə məntəqələrinin bərpası ilə əlaqədar olaraq qanun layihəsi qəbul olunur. Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya  almış  şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydası”nı  təsdiq edib.

Qaydaya  əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz. Bir müştəridən  10 min dollardan artıq xarici valyutanın alınması şəxsiyyəti təsdiq edən sənədlə aparılacaq. Valyuta  mübadiləsi  məntəqəsi  köşk  formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda,  limanlarda  açıla  bilər.

Bəs yeni qaydalarda nə kimi dəyişikliklər var? Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti cəmiyyətdə bir sıra açıq sualları ortaya çıxarıb.

İqtisadçı alim Vüqar Bayramov hafta.az-a müsahibəsində məntəqələrlə və yeni qaydalarla bağlı yaranan sualları cavablandırıb:

- Vüqar müəllim, uzun müddətdən sonra valyutadəyişmə məntəqələrinin fəaliyyətinə ehtiyac varmı?

- Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasına ehtiyac var. Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin tərəfdarıyıq. Bununla bağlı təkliflərimizi hökümətə və Mərkəzi Banka vermişik. Düşünürük ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin ləğvi doğru addım deyildi. Çünki bu, beş mindən artıq iş yerinin bağlanmasına gətirib çıxardı. Məhz bu amili nəzərə aldıqda düşünürəm ki, valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlamasına ehtiyac var. Bu məntəqələr valyuta bazarında rəqabətin müdafiə edilməsi baxımından vacibdir.  Valyutadəyişmə məntəqələrinin həm bazara, həm də valyutaların alqı-satqısına müsbət təsirini qiymətləndirsək, deyə bilərik ki, bu məntəqələr imkan verəcək ki, bazarda rəqabəti müdafiə etmək mümkün olsun. Bu amil valyutanın alış və satış kursu arasındakı fərqin azalmasına gətirib çıxaracaq. Bildiyiniz kimi bəzi banklarda valyutanın alışı və satışı arasındakı fərq kifayət qədər böyükdür. Bunun nəticəsində vətəndaş valyutasını ucuz qiymətə satıb baha qiymətə almaq məcburiyyətində qalır. Amma rəqabətin genişlənməsi imkan verəcək ki, həmin fərqin minimuma endirilməsinə nail olmaq mümkün olsun. Bu da vətəndaşlara daha uyğun məzənnə ilə valyuta alış-satışına imkan verəcək.

-Bayram, şənbə və bazar günlərində bəzi bankların işləməməsi valyutanın alqı-satqısına, onlar arasında böyük fərqin yaranmasına səbəb olur. Valyutadəyişmə məntəqələri bunun öhdəsindən gələ biləcəkmi? Yaxud indiki şəraitdə məntəqələr vəziyyəti hansı istiqamətə dəyişəcək?

- Bayramlarda,  şənbə və bazar  günlərində fəaliyyət göstərən bankların və bank şöbələrinin sayı kifayət qədər azdır. Bu da müəyyən çətinliklər yaradır. Valyutadəyişmə məntəqələrinin yenidən faliyyətə başlaması xüsusən şənbə, bazar, eləcə də bayram günlərində valyuta dəyişmə ilə bağlı mövcud problemləri aradan qaldıracaq. Həmin günlərdə valyutaların məzənnələri banklarda dəyişir. Uyğun olmayan məzənnə ilə valyutanın alışını və satışını həyata keçirirlər. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bu qəbildən olan problemlərin də aradan qalxmasına səbəb olacaq. Vətəndaşlarımız, eləcə də turistlər tərəfindən valyutanın alqı-satqısı asanlaşacaq.

-Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlamasının başqa nə kimi xeyri olacaq?

- Valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi yeni iş yerlərinin yaradılması deməkdir. Çünki hər bir valyutadəyişmə məntəqəsi orada işləyənlərin maaşla təmin edilməsi deməkdir. Bu baxımdan da valyutyadəyişmə məntəqəsinin fəaliyyəti məqbuldur.

-Bəzi fikirlər var ki, valyutadəyişmə məntəqələri bu sahədə “qara bazar”ın formalaşmasına rəvac verir. Bu nə dərəcədə doğrudur?

-Valyutadəyişmə məntəqələri birmənalı şəkildə “qara bazar” formalaşdırmır. 2014-cü ildən sonra Azərbaycanda “qara bazar”ın inkişaf dövrünə diqqət yetirsək, görərik ki, valyutadəyişmə məntəqələri ləğv edildikdən sonra onlar inkişaf etməyə başladı. Məntəqələrin ləğvindən sonra “qara bazar” təbii proseslə formalaşdı. O baxımdan, valyutadəyişmə məntəqələri birmənalı şəkildə “qara bazar”ın deyil, rəqabətin genişlənməsinə yardım edir. Düşünürəm ki, bu məntəqələr rəqabətin müdafiəsinə imkan verəcək, bu da “qara bazar” xidmətinin aradan qaldırılmasına yardım edəcək. Məntəqələrin fəaliyyəti oturuşduqca bu xidmətə ehtiyac aradan qalxacaq.

-Valyutadəyişmə məntəqələrinə nəzarəti Mərkəzi Bank yoxsa palata həyata keçirməlidir?

-Qaydalara əsasən valyutadəyişmə məntəqələrinə lisenziya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən veriləcək. Düşünürəm ki, valyutadəyişmə məntəqələrinə Mərkəzi Bank tərəfindən nəzarət edilməsi daha məqəsədəuyğundur. Çünki məzənnə siyasətinə məsul olan qurum Mərkəzi Bankdır. Elə bu səbəbdən də valyutadəyişmə məntəqələrinə nəzarətin ölkənin əsas bankı tərəfindən aparılması daha məqəsəduyğun olardı. Məzənnənin ən yüksək olduğu dövrlər valyutadəyişmə məntəqələrinin ləğvindən sonrakı zamana təsadüf etdi. Həmin dövrlə müqayisədə indi məzənnə daha aşağıdır. Bu cür sui-istifadə hallarının aradan qaldırılmasına nəzarətin Mərkəzi Bank tərəfindən edilməsinə ehtiyac var. Nəticə etibarı ilə məntəqələr rəqabəti müdafiə edir. Bu da bazarda valyutanın kursuna təsir göstərir. Yəni, valyuta həm də bir məhsuldur. Bir məhsulu daha çox qurum və ya sahibkar alıb-satırsa, onun qiyməti, məzənnəsi daha məqbul olur. Çünki bazar mütəmadi tənzimlənir. Sözsüz ki, qiymətə ölkəyə daxil olan valyutalar – başqa faktorlar da təsir edir. Buna baxmayaraq bütün hallarda Mərkəzi Bank bu cür hallara nəzarəti özü həyata keçirməlidir. Bu cür xoşagəlməz hallar isə banklarda dollar, valyuta qıtlığı yarandıqda baş verir.

-Təklif edirdilər ki, valyutadəyişmə məntəqələrinə ayrı-ayrı banklar nəzarət etsin. Ehtiyac varmı?

-Xeyr, buna ehtiyac yoxdur. Müəyyən bankların prosesə nəzarəti yenə də monopoliyanın yaranmasına gətirib çıxaracaq.

-Əvvəllər ölkədə 5000-6000 arasında valyutadəyişmə məntəqəsi var idi. Bəs indi təxminən nə qədər valyutadəyişmə məntəqəsinə ehtiyac var?

-Onu bazar müəyyyənləşdirməlidir. İlkin olaraq inzibati şəkildə nə qədər məntəqinin fəaliyyətinə ehtiyac olduğunu qeyd etmək doğru olmaz. 6000 də şişirdilmiş bir rəqəm idi. Əslində 6000 min valyutadəyişmə məntəqəsinə ehtiyac yox idi. Bu qədər məntəqənin fəaliyyətə başlaması kifayət qədər böyük rəqəmdir. Güman etmirəm ki, indiki məqamda bu qədər valyutadəyişmə məntəqəsinə ehtiyac olacaq.  


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018