Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İranda iğtişaş, yoxsa xaricdən idarə edilən teatr?
Tarix: 05.01.2018 | Saat: 17:44:00
Bölmə:Gündəm | çapa göndər

Bu gün İranda dövlət müstəvisində və sıravi vətəndaşların evində danışılan əsas mövzu neçə gündür dünyanın diqqətini özünə çəkən etiraz aksiyalarıdır. Hadisələri müşahidə edənlərin böyük qismi İrandakı mövcud daxili iqtisadi-sosial problemləri əsas göstərir və xalqın da, şüarlarda bildirdikləri kimi, guya mövcud hökumətin və ya quruluşun həmin problemlərin öhdəsindən gələ bilməməsinə etiraz etdiyini deyir.

Çox kiçik qruplar var ki, burada az qala 100 faiz xarici təxribatın olduğunu bildirir. Hansı düzdür, hansı səhvdir, bunu anlamaq üçün baş verənlərin tarixinə nəzər salmaq kifayətdir. Özü də, məsələn, biz azərbaycanlıların nəzərində, hadisələrə millətçilik müstəvisində deyil, real gözlə baxmaq vacibdir. Bəziləri bilərəkdən millətçi şərhlər verməklə və baş verənləri milli-azadlıq iğtişaşları kimi dəyərləndirənlər yanılırlar və ya bunu məqsədli şəkildə, kor-koranə yazırlar, deyirlər. Niyə belə düşünürəm: Hadisələr demək olar ki, milli bölgələrdən kənarda - əsasən farsların yaşadığı vilayətlərdə baş verir. Azərbaycan vilayətlərində demək olar ki, bu cür kütləvi çıxış qeydə alınmayıb. Ona görə ki, İranın şimal-qərbində yerləşən Azərbaycan vilayətləri baş verənlərin düşünülmüş plan olduğunu və heç də bu dövlətin və onun ümumi əhalisinin maraqlarını güdmədiyini dərk edir. Xüsusilə də Türkiyənin birmənalı şəkildə hadisələrdə ABŞ, İsrail və onlara arxa duran bir sıra ölkələrin barmağının olduğunu bildirməsi, üstəlik, iranlıları soyuqqanlı olmağa səsləməsi eyni soy-kökdən olan 35-40 milyonluq İran azərbaycanlılarını ehtiyatlı olmağa sövq edib. 

Məncə də, İranda yaşanan olaylar tam dəqiqliyi ilə xaricdən idarə olunur və onu idarə edənlər ABŞ, İsrail, Avropa və onların Yaxın Şərqdəki “dostlarıdır”. Burada məqsəd heç də İrandakı xalqlara nəsə qazandırmaq deyil və heç vaxt da həmin qüvvələr bunu etməyəcəklər. Əsl məqsəd Suriya və İraqdan sonra İranı daxildən zəiflətmək və sonda onu öz istəklərinin əsiri etməkdir. Fikir verin: Suriya məsələsində birləşən İran, Türkiyə və Rusiya ABŞ-ın bölgədə hörmətini heçə endirib və onun silah gücünə işğalçı imicini formalaşdırıb. Bu üçlük həm də Vaşinqtonun Qüds qərarına zərbə endirib, onu müsəlmanların düşməninə çevirib. ABŞ-da hazırlanan proqrama əsasən İrandakı onlarla xalqı ayağa qaldırmaq, onlara daha çox haqq-hüquq vermək, ümumiyyətlə, insanlara daha yüksək sosial-iqtisadi imkanlar vəd etmək nəzərdə tutulur. Yəni insanların həssas yerindən tuturlar. Bu plana əsasən İranın başını qatmaqla onu öz iç problemlərinin əsiri etmək, Türkiyə və Rusiyanın da daxil olduğu birliyi parçalamaq nəzərdə tutulur. Rusiyaya qarşı onsuz da sanksiyalar qüvvədədir və gündə də yeni bir sanksiya tətbiq edilir. Türkiyənin isə başı daxildə PKK, xaricində də PYD terror şəbəkəsi ilə mübarizəyə qatılıb və gələcəkdə daha ağır vəziyyətin yaranacağı qaçılmazdır. İran isə iç siyasi sabitlik baxımından ən mükəmməl olanı idi ki, hücum onun sakitliyinə edildi.

Bundan əlavə, təxribat üçün İranın seçilməsi bir güllə ilə iki quş vurmaq kimi bir şeydir. Ssenariyə əsasən İranda iğtişaşlar bütün ölkəni bürüsəydi və bu qarşısıalınmaz olsaydı, yəqin ki, Tehran sərt tədbirlərə əl atacaqdı. Bu da, məsələn, Azərbaycan viləyətlərində edildiyi halda Türkiyə və Azərbaycan Respublikasında, cənub-qərbdəki ərəblərin sıx məskunlaşdığı bölgələrdə edildiyi halda ərəb dünyasında və sair Tehrana qarşı etirazın yaranması ilə nəticələnəcəkdi. Beləliklə, İran daxildən zəifləməklə yanaşı ətrafdan da təcrid olunacaqdı ki, bu da dövlətin Qərbin qarşısında güzəştə getməsinə yol açacaqdı. Amma yenə deyirəm, Ankaranın açıq-aşkar bu planlara qarşı çıxaraq azərbaycanlıları sakitliyə dəvət etməsi və hadisələrin xaricdən idarə edildiyini bildirməsi, üstəlik, Azərbaycan dövlətinin də qonşu İranda baş verənlərə təəssüflə yanaşması 35 milyonluq azərbaycanlı əhalini sakitlıəşdirdi, təxribata uymaqdan çəkindirdi.

Konkret olaraq, etiraz aksiyalarının əsasında iqtisadi-sosial problemlərin olduğunu göstərənlərə bir cavab verərdim ki, Yaxın Şərqin indiki hərbi-siyasi vəziyyətində nə İran dövləti, nə də ki, xalqı bu addımın atılmasına səbəb verməzdi. Çünki 80 milyonluq İran əhalisi ətraf dünyada nələrin yaşandığını və öz ölkələrinə münasibətin necə olduğunu görür, bilir. Onlara o da məlumdur ki, yaratdıqları daxili sabitsizlik düşmənlərinə güc verəcək və sabah İraqın, Suriyanın vəziyyətinə düşəcəkləri halda dilə gətirdikləri işsizlikdən yüz dəfə ağır vəziyyətlə üzləşəcəklər.

Hə, onu da deyim ki, dırnaqarası iğtişaşların məhz fars bölgələrində təşkil olunması və mühafizəkarların da bu aksiyalarda iştirakı sadəcə, iz azdırmaqdır. Çox təəssüf ki, iki dönəm ölkəyə rəhbərlik etmiş Mahmud Əhmədinejad bu vəziyyətdə aksiyalara tərəf çıxıb və guya vəziyyətdən öz xeyrinə yararlanmaq istəyib. Hansı ki, Əhmədinejadın hakimiyyəti dövründə İranda sosial durum heç də indikindən yaxşı deyildi və üstəlik, o, Qərbi ən çox hədəf alan dövlət başçısı kimi gündəmdə olub. Məhz bu cür insanları seçib ssenariyə ortaq eləmək şübhə yeri qoymamaq üçün ən yaxşı üsuldur...

Türk Dünyası İnsan Haqları Dərnəyinin sədri Abdullah Buksurun fikrincə də hadisələrdə ABŞ-ın izi açıq görünür və Ağ Ev İrana qarşı günümüzdə yaşananlardan və ya keçmişdə olduğu iddia edilən hər şeydən yararlanır. Xüsusi olaraq hədəfi isə birbaşa İran İnqilab Keşikçiləri təşkilatıdır. “ABŞ İran İnqilab Keşikçiləri Təşkilatının İraq, Suriya və Yəməndəki fəaliyyətləri, Səudiyyə Ərəbistanının səfiri Adil Cübeyrin 2011-ci ildə öldürülməsi kimi ittihamları əlində bayraq edərək bölgədəki ortaqlarını bu təşkilatla mübarizəyə təhrik edir. Üstəlik, bu halda guya bölgədə və dünyada sülhü qoruyacaq, təhlükəsizliyi təmin edəcək kimi görüntü yaratmağa çalışır. Həm də bu təşkilatın olmamasını İran xalqına xeyir gətirəcəyini də iranlıların beyninə yeritməkdədir” deyir A.Buksur.

A.Buksur deyir ki, ABŞ dünyaya İranın İraq, Suriya, Yəmənlə yanaşı hətta Livan və Fələstində də qeyri-sabitlik yaratdığını diqtə edir.
Bu yerdə, ölkələrdəki vəziyyətə nəzər yetirsək onların bu gün tam Vaşinqtona xidmət etmədiyini görürük. ABŞ uzun illərdir İranın bu ölkələrdə təsirini azalda bilmir. Ona görə də həmin təsirə məhz İranın öz xalqı tərəfindən son qoyulmasına çalışır. Bugünki iğtişaşlarda edilən çağırışlar da bunu göstərir. Guya İran əhli “Suriyanı kənara qoyun, bizi düşünün”, “Həyatımız Qəzzə, Livan üçün deyil, İran üçündür” və sair şüarlar irəli sürür. Bütün bunlar ABŞ-ın yerli əhalinin əliylə Terana təzyiq etməsi üçün lazımdır.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin İran üzrə mütəxəssisi Kərim Əsgəri isə İranda baş verənlərin iqtisadi problemlərlə bağlı olduğunu deyir. O, sözünə haqq qazandırmaq üçün səslənən şüarları göstərir. Amma onun hadisələrə dair ikinci fikri də var. Deyir ki, bunlar siyasi hakimiyyətdə qarşıdurma da ola bilər. Yəni mühafizəkarların öz namizədini iqtidara gətirmək istəyi.

"Türkiyədəki dövlət quruluşu ilə İrandakı idarəetməni müqayisə eləmək çətindir, çünki fərqlidirlər. Amma Türkiyədəki Gəzi hadisələrinə xaricdən müdaxilə edildiyini yada salsaq, İrandakı hadisələrin də genişlənəcəyi və kənardan müdaxilənin mövcudluğunu nəzərə alsaq, bənzərlik var. Hadisələrin üçüncü günündən başlayaraq İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanını proseslərə müdaxilədə günahlandırıb. Məncə, yaxın günlərdə də aksiyalar davam edərsə, o zaman həqiqətən də prosesin xaricdən idarə olunmasına inana bilərəm” deyir Əsgəri.

K.Əsgəri İranda yaşayan azərbaycanlıların aksiyalara münasibətinə də toxunub. Bildirib ki, 35-40 milyon civarında azərbaycanlı əhali hadisələrin fəal üzvünə çevrilmədi. Amma bu nisbidir və gələcəkdə onların da proseslərə cəlb ediləcəyi təhlükəsi var.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018